Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-1688/2024 18.09.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Məhkəmə iclas katibi Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə2, müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı LPO İddiaçı ASC-nin Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3) «kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı LPO İddiaçı ASC Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən Cavabdeh 38898.55 (otuz səkkiz min səkkiz yüz doxsan səkkiz manat, 55 qəpik) manas əsas, 26976.25 (iyirmi altı min doqquz yüz yetmiş altı manat, 25 qəpik) manat faiz olmaqla, cəmi 65874.80 (altmış beş min səkkiz yüz yetmiş dörd manat, 80 qəpik) manat məbləğində kredt borcunun və dövlət rüsumu kimi ödənilən 288 (iki yüz səksən səkkiz) manat məbləğində dövlət rüsumunun tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra “Bank”) ilə Cavabdeh (bundan sonra “Cavabdeh”) arasında bağlanmış xx.xx.2011-ci il tarixli, 301/ZB saylı kredit müqaviləsinə əsasən, cavabdehə 300 (üç yüz) ay müddətinə, illik 8% (səkkiz faiz) ödənilmək şərtilə mənzil alınması məqsədi ilə 41000 (qırx bir min) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən, borcalan bankdan aldığı krediti və ona hesablanmış faiz borcunu ödəməyi öz üzərinə götürmüşdür. Lakin buna baxmayaraq Cavabdeh kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə olunmuş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir. Hazırda cavabdehin banka ödənilməmiş 38898.55 (otuz səkkiz min səkkiz yüz doxsan səkkiz manat, 55 qəpik) manat əsas, 26976.25 (iyirmi altı min doqquz yüz yetmiş altı manat, 25 qəpik) manat faiz olmaqla, cəmi 65874.80 (altmış beş min səkkiz yüz yetmiş dörd manat, 80 qəpik) manat borcu mövcuddur. Onlar tərəfindən cavabdehə xx.xx.2011-ci il tarixli, 301/ZB saylı kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin geri qaytarılması bildirilmişdir. İddiaçı LPO İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə1 elektron kabinet vasitəsi ilə elektron ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, cavabdehin etibarnamə üzrə nümayəndəsi arasında barışıq sazişi bağlanmışdır. Qeyd olunanlara əsasən, barışıq sazişinin təsdiq edilməsini xahiş etmişdir. X3 xx.xx.2024-cü il tarixdə məhkəməyə vəsatət ilə müraciət edərək, məhkəmədən onu, yəni X2 2(060)- 2923/2024 saylı iş üzrə marağına toxunan şəxs qismində işə cəlb edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-1688/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçı LPO İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə işin baxılma müddətinin 2 ay uzadılması qərara alınmışdır. Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-1688/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə ərizənin (vəsatət) təmin edilməsi, X2 maraqlı şəxs qismində işə cəlb edilməsi, onun e-2(060)-1688/2024 saylı mülki iş üzrə xx.xx.2024- cü ildə saat 15:30-da keçiriləcək məhkəmə iclasına dəvət edilməsi qərara alınmışdır. Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-1688/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçı LPO İddiaçı ASC-nin Cavabdeh qarşı «kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi» tələbinə dair mübahisə üzrə tərəflər arasında bağlanmış barışıq sazişinin təsdiq edilməməsi və işə mahiyyəti üzrə baxılmasının davam etdirilməsi qərara alınmışdır. İddiaçı LPO İddiaçı ASC-nin nümayəndəsi və vəkili Nümayəndə2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Ekspert rəyi ilə də razıdırlar. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi və vəkili Vəkil izahatında qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin, müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi və vəkilinin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2011-ci il tarixli ******************** saylı kredit müqaviləsi üzrə Cavabdeh banka olan borcu xx.xx.2023-cü il tarixə 38898.55 manat əsas və 26976.25 manat faiz borcu olmaqla, cəmi 65874.80 manat təşkil edir. İş materiallarında olan LPO İddiaçı ASC tərəfindən Cavabdeh ünvanlanmış bildirişdən görünür ki, göstərilənlərə əsasən və tərəflər arasında olan münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə borcun üç gün ərzində təmin edilməsi bildirilmiş, əks təqdirdə bankın öz mülki hüquqlarının müdafiəsi məqsədi ilə kredit müqaviləsi üzrə bu müqaviləyə vaxtından əvvəl xitam verilməsi, ümumi kredit borcun və hesablanmış faizlərin ödənilməsi tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarından görünür ki, xx.xx.2011-ci il tarixli 301/ZB saylı kredit müqaviləsinə əsasən kreditor bu müqavilənin şərtlərinə uyğun olaraq borcalana/borcalanlara məqsədli istifadə, qaytarılmaq, müəyyən müddətə, faizlər ödənilmək və təminatlılıq əsasında 41 000 manat məbləğində 300 ay müddətinə verir. Borcalan kredit üzrə əsas borcun və hesablanmış faizlərin ödənilməsini bu müqavilədə göstərilmiş qaydada həyata keçirir. Kredit borcalana ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinin alınmasına verilir. Bu müqavilə üzrə borcalanın öhdəliklərinin icrasının təminatı borcalana və ya bu müqavilə üzrə borclu olmayan şəxsə məxsus olan yaşayış sahəsinin qanunvericiliklə müəyyən edilmiş qaydada ipoteka ilə yüklü edilməsi, ipoteka ilə yüklü edilmiş daşınmaz əmlakın məhv olma və zədələnməsi riskinin sığortasıdır. Bu zaman kreditor faydalanan şəxsdir. İddiaçı borcalana 300 ay müddətinə illik 8 faiz dərəcəsi ilə 41000 (qırx bir min) manat kredit verilmiş, borcalan isə verilmiş krediti qəbul edib, müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada kreditdən istifadə etməyi və krediti qaytarmağı, habelə faizləri ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 17 iyul 2024-cü il tarixli, 9/5028 saylı ekspert rəyindən görünür ki, LPO İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2011-ci il tarixli 301/ZB saylı kredit müqaviləsinin şərtlərinə müvafiq olaraq Cavabdeh xx.xx.2023-cü il tarixə (maliyyə arayışında göstərilən tarixə) LPO İddiaçı ASC-yə olan borcu 65424.41 manat məbləğində müəyyən edilmişdir. O cümlədən əsas borc üzrə 38324.95 manat, faiz borcu üzrə isə 27099.46 manat təşkil etmişdir. İddia tələbində isə cəmi 65874.80 manat, bundan 38898.55 manat əsas borcun və 26976.25 manat pulun Cavabdeh iddiaçının xeyrinə tutulması xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin Məcəllənin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.7-ci maddəsinə əsasən girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. Konstitusiya Məhkəməsi Plenumunun X5 şikayəti üzrə 2017-ci il 26 may tarixli Qərarında mütənasiblik prinsipinə kifayət qədər aydınlıq gətirilmiş, məhdudiyyətlər tətbiq edilərkən nəzərə alınmalı olan qanunvericilik normaları açıqlanmış və belə məhdudiyyətlərin tətbiq edilməsi zamanı mütənasiblik, qanuni məqsədə uyğunluq prinsiplərinə riayət edilməsinin vacibliyi vurğulanmışdır. Qərarda göstərilmişdir ki, mütənasiblik prinsipinə riayət olunmasını təmin etmək üçün məhkəmə qanunvericiliyə uyğun olaraq işə baxarkən, hər bir konkret halda məhdudiyyətin müəyyən olunmasının əsaslarını, borclunun buna qarşı etirazlarını öz daxili inamına görə qiymətləndirməli, işi hərtərəfli, tam və obyektiv araşdırmalı, məsələ ilə bağlı öz nəticələrini müvafiq məhkəmə aktında əsaslandırmalıdır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum qərarına əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Konstitusiya məhkəməsi Plenumunun Qərarında qeyd edilmişdir ki, sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil. Mülki Prosessual Məcəllənin 76, 77, 88 və 89-cu maddələrinə uyğun olaraq, məhkəmə, işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunvericilik aktlarını qətnamədə göstərməklə, onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 17 iyul 2024-cü il tarixli, 9/5028 saylı ekspert rəyi və işin məhkəmə tərəfindən araşdırılan hallarına əsasən iddia tələbi qismən təmin edilməli, iddiaçı LPO İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2011-ci il tarixli 301/ZB saylı kredit müqaviləsindən irəli gələn 38324.95 manat əsas və 27099.46 manat faiz borcu olmaqla, cəmi 65424.41 manat borc və iddianın qaldırılması üçün ödənilmiş 288 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən dövlət rüsumu məhkəmə xərclərinə aid edilmişdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən isə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri 150 manat məbləğində müəyyən edilir. Odur ki, məhkəmə həmin məbləğin Cavabdeh X1 (kod:210005, VÖEN **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT - CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE ********************) xeyrinə tutulmasını qanuni hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 222, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 38324.95 manat əsas və 27099.46 manat faiz borcu olmaqla, cəmi 65424.41 manat və iddianın qaldırılması üçün ödənilmiş 288 manat dövlət rüsumu tutularaq LPO İddiaçı ASC-nin xeyrinə ödənilsin. Cavabdeh iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri qismində 150 manat alınaraq X1 (kod:210005, VÖEN **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK-CTREAZ22) xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Sumqayıt Apellyasiya Məhkəməsinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Behbudova
Məhkəmə qərarları › İş №e-2(060)-1688/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-1688/2024
18.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver