Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-1721/2025 15.08.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, Quliyeva Günay Tahir qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, İddia tələbi:
1. İddiaçı Cavabdeh qarşı iddia qaldıraraq, Cavabdeh tərəfindən X2 vurulmuş 20000 manat məbləğində zərərin və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçı X2 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
2. İddia onunla əsaslandırılmışdır ki, X3 Əhmədov Orxan ilə sosial şəbəkədə tanış olmuş və ondan "xxxx" barəsində məlumat əldə etmişdir. Bundan sonra isə o, "xxxx"dan françayz almaq və Bakı şəhərində kafenin başqa bir filialını açmaq istədiyini bildirmiş və tərəflər bu barədə razılığa gəldikdən sonra isə onlar arasında 2022-ci ilin martın 3-də françayz müqaviləsi bağlanmış, X4 tərəfindən Əhmədov Orxana 7500 avro məbləğində vəsait ödənilmişdir. X3 "xxxx"-un yeni bir filialını açmaq istəsə də, Əhmədov Orxan bunun ona ziyan verdiyini bildirmiş və "xxxx"-un ünvan 1 ünvanında yerləşən filialını biznes kimi Cavabdeh alaraq oranı işlətməyi məsləhət görmüşdür və daha sonra iddiaçı Cavabdeh ilə tanış olmuşdur. Nicat ona biznesi aldığı təqdirdə yaxşı gəlir əldə edəcəyini söz vermiş, Amirhossein isə ona inandıqdan sonra 20000 manat ödəniş etmiş və obyektin mülkiyyətçisi ilə də icarə müqaviləsi bağlayaraq obyekti işlətməyə başlamışdır. Lakin heç nə onun dediyi kimi olmamış, obyekt ziyana işləmiş, bundan sonra Asadifard Nicatla danışaraq obyektin işləmədiyini bildirərək ona verdiyi 20000 manat pulu geri istəmişdir. Buna baxmayaraq Nicat pulu xərclədiyini bildirərək onu geri qaytarmaqdan imtina etmişdir. Cavabdeh etdikləri bununla da qalmamışdır. O, Amirhosseinə hazır biznes verəcəyini vəd etsə də, bu öhdəliyini də yerinə yetirməmişdir. Cavabdeh verməyi vəd etdiyi hazır biznes həm təşkilati, həm də maddi-texniki, eləcə də hüquqi tələblərə cavab verməli olsa da, bu belə olmamış, vergi orqanları tərəfindən obyektdə mövcud olan və obyektin iddiaçı tərəfindən təhvil alınmasından əvvəl yaranmış vergi qanunvericiliyinin pozulması hallarına görə vergi orqanı tərəfindən onun fəaliyyətinə müdaxilə olunmuş, bu barədə müvafiq akt və bildirişlər təqdim olunmuşdur. Ən əsası isə qüvvədə olan icarə müqaviləsi olduğu halda onun mülkiyyət hüquqları Nicat tərəfindən kobud şəkildə pozulmuşdur. Belə ki, Amirhossein obyektin meneceri olan X5 obyektin açarını etibar etmiş, lakin o və obyektdə ofisiant işləyən X6 Cavabdeh bu barədə məlumat verdikdən sonra Nicatın təşəbbüsü ilə Amirhosseinin heç bir razılığı və məlumatı olmadan obyektinin açarını dəyişdirmiş və bununla da qüvvədə olan icarə müqaviləsinin mövcudluğuna baxmayaraq iddiaçının obyektə daxil olması və gəlir götürməsi imkanı əlindən alınmışdır. Bununla da cavabdeh tərəfindən iddiaçıya həm 20000 manat məbləğində zərər vurulmuş və onun tərəfindən bu zərərin aradan qaldırılması ilə bağlı heç bir tədbir görülməmişdir.
Tərəflərin mövqeləri:
3. Məhkəmənin hazırlıq iclaslarında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirdi ki, iddiaçı ilə cavabdeh arasında "xxxx" barəsində biznes müasibətləri yaranmış və tərəflər françayzinq müqaviləsi bağlamışlar. İddiaçı Bakı şəhərində yerləşən bir ərazini almaq istəmiş, buna görə də Elxan Əhmədova 7500 avro pul ödəmişdir. X3 "xxxx"-un yeni bir filialını açmaq istəsə də, Orxan Əhmədov bunun ona ziyan verdiyini bildirmiş və "xxxx"-un ünvan 1 ünvanında yerləşən filialını biznes kimi Cavabdeh alaraq oranı işlətməyi məsləhət görmüşdür və daha sonra iddiaçı Cavabdeh ilə tanış olmuşdur. Cavabdeh ona biznesi aldığı təqdirdə yaxşı gəlir əldə edəcəyini söz vermiş, Amirhossein isə ona inandıqdan sonra 20000 manat ödəniş etmişdir. Pulun ödənilməsini təsdiq edən yazışmalar mövcuddur. xx.xx.2022-ci il tarixli invoys ilə 7500 avro və xx.xx.2022-ci il tarixli invoys ilə 5360 avro ödənildiyi görünür. İddiaçının götürdüyü obyekt 1 ay sonra bağlanmışdır. İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş sənədlərdən aydın olur ki, obyekt iddiaçıya tam verilməmişdir. İddiaçı polisə müraciət etmiş, cavabdeh polisə izahat verməkdən imtina etmişdir. İddiaçı orada fəaliyyət göstərə bilməmişdir. İcarəyə götürmüşdür. İşlətməyə başlayandan sonra vergilərdən nümayəndə gəlmiş və postterminal olmadığını bildirmişdir. Açar iddiaçıya təhvil verilməmişdir. İddiaçı obyekti təhvil aldıqdan sonra İqtisadiyyat Nazirliyi tərəfindən fəaliyyətə icazə verilməmiş, sənədlərin tam düzəldilməsi təklif olunmuşdur. Bundan sonra obyektdə iddiaçının fəaliyyət göstrərməsinə imkan verilməmişdir. 20000 manatın ödənilməsini yazışmalar təsdiq edir.
4. Məhkəmə hazırlıq iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirdi ki, Kanadadan biznesə başlamaq üçün Azərbaycana gəlmişdir. Sossal şəbəkə vasitəsilə Orxan Əhmədovla tanış olmuşdur. Məqsədi cofeshop açmaq idi. Onu cavabdehlə tanış etmiş və bildirmişdir ki, bu biznesi alsa, böyük gəlir əldə edəcəkdir. Lakin nəticə cavabdehin dediyi kimi olmamışdır. Marketinqə və reklama xeyli xərc qoyulmuşdur. Bir neçə ay sonra iki işçi gələrək obyektin açarını dəyişmişdir. Beləliklə icra müqaviləsinin şərtləri pozulmuşdur. Cavabdehə biznesi və əlavə dəstəyi verməsi məqsədilə 20000 manat vermişdir. İlk aydan aydın olmuşdur ki, bu səmərəsiz biznesdir.
5. İddiaçı və onun nümayəndəsi və vəkili məhkəmənin baxış iclasında iştirak etməmiş, cavabdeh işə mahiyyəti üzrə baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
6. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh izahatında bildirdi ki, iddiaçı 2-3 il əvvəl guya ondan pul aldığını və qaytarmadığını iddia edərək barəsində polis bölməsinə şikayət etmişdir. Daha sonra iş Bakı Şəhəri Baş Polis İdarəsinə göndərilmişdir. Onu idarəyə dəvət etmişdirlər. Orada izahatını vermişdir. İzahatı alındıqdan sonra iş bağlanmışdır. Bakı şəhərində "xxxx" restoranı açmışdır. Şirkətin qurucusu Orxan adlı şəxs idi. Restoranı Orxanla birlikdə açmışdırlar. Bir müddət sonra Orxan bir nəfər şəxsin biznes qurmaq istədiyini bildirmişdir. Həmin vaxt Almaniyada biznesini davam etdirmək istəyirdi. Orxan həmin şəxsin biznesi davam etdirmək istədiyini bildirmişdir. İddiaçının özü və atası ilə tanış olmuşdur. İddiaçı 2 ay ərzində restoranı izləmişdir. Ona işlə bağlı məlumat vermişdir. İddiaçıya biznesin dəyərinin 80000 manat olduğunu bildirmişdir. İddiaçının atası ilə danışmış, onlar biznesə başlamaq istəmişdirlər. Bir müddət sonra iddiaçı pul vəsaitini verə bilməyəcəyini, İran İslam Respublikasında olan əmlaklarını satışa çıxardığını və satışdan sonra ödənişlər edəcəyini bildirmişdir. Hətta iddiaçı Azərbaycan Respublikasında yaşamaq üçün icazə müddətini uzatmaq istədiyini, aktiv biznesi olarsa, ödəniş etmədən bunu edəcəyini, aktiv biznesi olmadığı halda isə əlavə ödəniş edəcəyini və sənədlər təqdim etməli olduğunu demişdir. Daha sonra Orxan biznesi iddiaçıya təhvil verməyi, ona zamin olduğunu bildirmişdir. Biznesi iddiaçıya pulsuz şəkildə təhvil vermişdir. Notarial qaydada təsdiq etmişdirlər. 1 ay restoranı idarə etdikdən sonra işlədə bilmədiyini, qazanc əldə etmədiyini bildirmişdir. Restoranın işləməsi üçün məşhur şəxslərlə işləmiş, reklam çəkilişləri etmişdir. İddiaçıya restoranın işləməsi üçün bunları etməli olduğunu da bildirmişdir. Daha sonra iddiaçı restoranı bağlamışdır. Orxan isə restoranın bağlanmaması üçün mübahisələrə qoşulmuşdur. İddiaçıdan pulunu tələb etsə də, iddiaçı pulu verməmişdir. İddiaçının vəkili restorana gəlmiş, notariusa yaxınlaşıb müqaviləni rəsmiləşdirməyi təklif etmişdir. Bu təkliflə razı olmuşdur. Bir müddət sonra iddiaçı restoranı qaytarmaq istəmişdir. 27 may tarixində restoranı iddiaçıya təhvil vermişdir. 8 iyun tarixində vergilər idarəsinin nümayəndəsi restorana gəlmişdir. Restorandan alış olmuş, lakin qəbz təqdim olunmamışdır. İddiaçı ona məxsus olan kassadan qəbz verdiyi üçün 1000 manat məbləğində cərimə hesablanmışdır. İddiaçı tərəfindən ona heç bir ödəniş olunmamışdır.
Tədqiq olunan sübutlar:
7. X7 LTD-ni təmsil edən Orxan Əhmədov ilə Amirhossein Asadifard və Mojtaba Asadifard arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 007 saylı françayzinq müqaviləsindən görünür ki, ilk müəssisənin açılması məqsədi ilə müstəsna hüquqlar kompleksindən istifadə etmək hüququ üçün birinci müəssisənin faktiki açılmasından asılı olmayaraq istifadəçi bu müqaviləni imzaladığı tarixdən etibarən 10 iş günü ərzində müəllif hüququ sahibinin hesablaşma hesabına müəllif hüququ sahibinə 7500 avro məbləğində françayzinq haqqı ödəməyi öhdəsinə götürmüşdür.
Tətbiq edilən hüquq:
8. Mülki Prosessual Məcəllənin:
- 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -50.0.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. -54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. -54.2-ci maddəsinə əsasən iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
9. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. -560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. -1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
10. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 30 iyul 2008-ci il tarixli qərarı
Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
11. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək, tərəfləri dinləyərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi təmin edilməməlidir.
12. Belə ki, iş materialları ilə müəyyən olunur ki, hazırki iş üzrə iddiaçı X3 Ormado House LTD şirkəti ilə 03 mart 2022-ci il tarixdə 007 saylı françayzinq müqaviləsi bağlanmışdır. Həmin müqavilənin şərtlərinə görə müəllif hüququ sahibi istifadəçiyə müəllif hüquq sahibinə məxsus Müstəsna Hüquqlar Dəstindən Ərazidə istifadə etmək üçün müstəsna hüquq verməyi öhdəsinə götürmüşdür. Qeyd edilən müqavilə münasibətləri çərçivəsində hazırki iş üzrə cavabdeh onun istifadəsində olan “Ormado kafehouse” kafesini iddiaçının rəhbəri olduğu "xxxx" MMC-nin istifadəsinə vermişdir. İddiaçının bildirməsinə görə həmin biznesin ona ötürülməsinin qarşılığında cavabdehə 20000 manat məbləğində pul vəsaiti verilmişdir. Lakin biznesin işləmədiyini, ziyana məruz qaldığını buna görə də 20000 manat məbləğində pul vəsaitinin ona geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh isə ona məxsus hazır biznesi iddiaçıya satdığını, bunun qarşılığında ona 75000 manat pul verməli olduğunu, lakin ona hər hansı məbləğdə pul verilmədiyini bildirmişdir.
13. Beləliklə iddiaçı artıq fəaliyyətdə olan biznesin ona satılması nəticəsində ziyana məruz qaldığını iddia edərək, həmin biznesin alınması üçün cavabdehə verdiyini iddia etdiyi pul vəsaitinin geri qaytarılmasını məhkəmədən xahiş edir.
14. Məhkəmə ilk öncə mübahisənin aidiyyəti ilə bağlı məsələyə münasibət bildirməyi vacib sayır. Çünki mübahisə ilk baxışdan kommersiya mübahisəsi kimi görünsə də, yəni tərəflər arasında həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəlsə də, mübahisəyə kommersiya məhkəməsində baxılması üçün zəruri olan şərtlərdən biri, yəni tərəflərin hər iksinin də sahibkarlıq fəaliyyətini həyata keçirməsi halı müəyyən edilməmişdir. Belə ki, elektron məhkəmə informasiya sistemindən əldə edilmiş məlumatlar əsasında iddiaçı X1 vergi ödəyicisi olmadığı müəyyən edilmişdir.
15. Mübahisənin mahiyyətinə gəldikdə isə məhkəmə qeyd edir ki, hazırki halda tərəflərin arasında hazır biznesin ötürülməsi ilə bağlı şifahi razılaşmanın olması, cavabdehin özünə məxsus fəaliyyəti digər şəxsə ötürməsi işin mübahisə edilməyən halıdır. Belə ki, hər iki tərəf məhkəmə iclasında verdikləri izahatlarında bu halı təsdiq etmişlər.
16. Biznesin hansı şəxsə ötürülməsinə gəlincə isə məhkəmə qeyd edir ki, iddiaçının fərdi sahibkarlıq fəaliyyətini həyata keçirən vergi ödəyicisi olmaması yuxarıda da qeyd olunduğu kimi elektron məhkəmə informasiya sistemindən əldə edilmiş məlumatlar əsasında öz təsdiqini tapmışdır. Məlumdur ki, vergi ödəyicisi olmayan fiziki şəxslərin sahibkarlıq fəaliyyətini həyata keçirməsinə qanun yol vermir.
17. Belə olan halda məhkəmə hesab edir ki, ilk növbədə məhkəmə tərəfindən iddiaçının hazırki iddianı irəli sürməkdə müvafiq subyektiv hüquqa malik olub-olmaması yoxlanılmalıdır.
18. Hazırki halda iş materiallarına əlavə edilmiş Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında DVX seriyalı, 014422 saylı, 27 iyul 2022-ci il tarixli aktdan görünür ki, "xxxx" MMC-yə məxsus olan “Ormado Kafehaus”a əhali ilə pul hesablaşmalarının aparılmasında NKA quraşdırılmaması, 27 iyul 2022-ci il tarixdə saat 14:25-də keçirilən operativ vergi nəzarəti tədbiri zamanı ictimai iaşə xidmətinə görə nağd şəkildə ödənilmiş 28,98 manat pulun müqabilində müştəriyə çek verilməməsi barədə akt tərtib edilmiş və buna görə MMC-nin rəhbəri Amirhossein Asadifard barəsində Vergi Məcəlləsinin 597-ci maddəsinə əsasən maliyyə sanskiyasının tətbiq edilməsi təklif olunmuşdur.
19. Beləliklə məhkəmə tərəfindən müəyyən olunur ki, cavabdeh tərəfindən hazır biznes iddiaçıya deyil onun rəhbəri olduğu hüquqi şəxs "xxxx" MMC-yə ötürülmüşdür. İddiaçı məhz öz adından çıxış edərək biznes fəaliyyətinin ötürülməsi nəticəsində zərərə məruz qaldığını, biznesin özünü doğrultmadığını, buna görə 20000 (iyirmi min manat) məbləğində pul vəsaiti ödədiyini qeyd edərək həmin vəsaitin geri qaytarılmasını tələb edir.
20. Hazırki halda biznesin ötürülməsi nəticəsində biznesin ötürüldüyü şəxsə zərər vurulub-vurulmamasının müəyyən edilməsi zərurəti yaranmışdır ki, biznesin ötürüldüyü şəxsin iddiaçı olmadığı nəzərə alınaraq məhkəmə hesab edir ki, Asadifard Amirhossein hazırki iddianı qaldırmağa subyektiv hüququ mövcud deyildir.
21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 43.1-ci maddəsinə əsasən hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır.
22. Göründüyü kimi hüquqi şəxs iştirak etdiyi hüquq münasibətinin (mülkiyyət münasibəti, öhdəlik münasibəti və s.) müstəqil subyektidir. O, öz adından iddia qaldırmaq, cavabdeh olmaq və s hüquqlara malikdir.
23. Belə olan halda biznesin ötürülməsi nəticəsində ziyana məruz qalması ilə bağlı məhkəmədə məhz həmin hüquqi şəxsin adından iddia irəli sürülə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı hazırki iddianı qaldırmaqda subyektiv hüquqa malik deyildir.
24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda adı qeyd edilən 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
25. Məhkəmə qeyd edir ki, Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarilə mütləq hüquq olmayıb, müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqların məhkəmə vasitəsilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib etməməsi məsələləri araşdırılmalıdır.
26. İddianın əsaslılığı məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, iddia subyektiv hüquqa malik şəxs tərəfindən irəli sürüldüyü halda, iddianın əsaslı olub-olmaması məsələsinə hüquqi qiymət verilə bilər.
27. Məhkəmə eyni zamanda qeyd edir ki, iddiaçı hazırki iddianı irəli sürməyə subyektiv hüququ olan şəxs olsa belə qeyd etdiyi hallar ona münasibətdə iddianın təmin edilməsinə əsas ola bilməz. Çünki iddiaçı ziyana məruz qalmasını və ziyana məruz qalmasının məhz cavabdehin təqsirli hərəkəti nəticəsində baş verdiyini sübuta yetirə bilməmişdir. Halbuki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
28. Sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olubolmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Məlum olduğu kimi hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur.
29. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin yuxarıda məzmunu qeyd olunmuş 1096.1-ci maddəsinin tələbinə görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: - zərərin mövcud olması, - zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, -zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan iddiaçıdan zərərin ödənilməsi tələb oluna bilməz.
30. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
31. Qanunvericiliyin tələbinə görə zərər vurulmasına gətirib çıxaran hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməl (hərəkət və ya hərəkətsizlik) təqsirdə ifadə olunur. Başqa sözlə, hüquqa zidd əməl təqsirli olaraq törədilməli, vurulmuş ziyanla hüquqa zidd əməl arasında səbəbli əlaqə olmalıdır.
32. Hazırki halda cavabdeh tərəfindən iddiaçıya zərər vurulduğu müəyyən olunmur.
33. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı Cavabdeh tərəfindən X2 vurulmuş 20000 manat məbləğində zərərin və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçı X2 ödənilməsi tələbinə dair iddiası təmin edilməsin.
34. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
35. Məhkəmə xərcləri ilə bağlı məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumu ona aid olunmalıdır.
Nəticə:
36. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddiaçı Cavabdeh qarşı Cavabdeh 20000 manat məbləğində pul vəsaitinin alınaraq ona verilməsi və iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun tutularaq ona ödənilməsinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vəfa Şirəliyeva