Məhkəmə qərarları › İş №e-2(060)-1751/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-1751/2024

01.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-1751/2024 01.04.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi vəkil Nümayəndə1, Cavabdeh etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(060)5181/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilərək xx.xx.2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün məhkəməyə müraciət etdikləri xx.xx.2024-cü il tarixdən hesablanılmaqla hər ay 300 (üç yüz) manat məbləğində alimentin, mediatora ödənilmiş 50 (əlli) manat rüsumun, hüquqi yardım üçün vəkilə ödənilmiş 120 (bir yüz iyirmi) manat vəsaitin, vəkilə etibarnamələrin verilməsi üçün ödənilmiş 35 (otuz beş) manatın Cavabdeh tutularaq İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(060)1186/2011 saylı qətnaməsinə əsasən Cavabdeh ilə İddiaçı arasında qeydə edilmiş nikah pozulmuş, xx.xx.2010-cu il təvəllüdlü X3 İddiaçı yanında saxlanılması, xx.xx.2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün alimentin Cavabdeh tutularaq İddiaçı verilməsi qət edilmişdir. Daha sonra Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(060)1105/2017 saylı qətnaməsinə əsasən Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(060)1186/2011 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilərək xx.xx.2010-cu il təvəllüdlü X1yetkinlik yaşına çatanadək hər ay 117 manat məbləğinin alimentin Cavabdeh tutularaq İddiaçı verilməsi qət edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(060)5181/2018 saylı qətnaməsinə əsasən Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(060)1105/2017 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilərək xx.xx.2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək 154 manat olmaqla aliment Cavabdehtutularaq İddiaçı verilməsi qət edilmişdir. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Göründüyü kimi alimentin artırılması ilə bağlı son müraciəti 2018-ci il tarixdə olmuş, həmin vaxtdan indiyədən 6 il müddət keçmişdir. Hazırda uşağın saxlanılması üçün aylıq 154 manat aliment yetərli deyil, mövcud vəziyyətdə uşağın tələbatlarının ödənilməsinə daha çox vəsait tələb olunur. Təsadüfi deyil ki, qanunvericilikdə bununla bağlı yəni, yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Lakin buna baxmayaraq cavabdeh ilkin mediasiya sessiyasında iştirak etsə də, alimentin artırılması ilə bağlı mübahisənin məhkəmədənkənar həllində maraqlı olmamaışdır. Halbuki, uşaqların saxlanılması, uşaqların nəinki, minumum yaşayış səviyyəsi, hətta yüksək yaşayış səviyyəsini təmin etmək valideyinin birbaşa vəzifəsidir. Cavabdeh etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə2 məhkəməyə iddia tələbinə etiraz təqdim edərək bildirmişdir ki, tələbkar İddiaçı gəlini olmuşdur. Nümayəndəsi olduğu oğlu Rəsulun həyat yoldaşı olmuşdur. Onların nikahlarından nəvəsi X4 anadan olmuşdur. 2010-cu il tarixdə onlar məhkəmə yolu ilə ayrılmışlar. Məhkəmə azyaşlı nəvəsini anasının himayəsinə vermiş və onun həddi-büluğa çatmasına qədər oğlu Rəsulun iddiaçının xeyrinə 130 manat məbləğində alment ödəməsi öhdəliyini qoymuşdur. Sonradan iddiaçının müraciəti ilə məhkəmə alimentin məbləğini artıraraq 154 manat müəyyən etmişdir. Hazırda iddiaçı yenidən məhkəməyə iddia ərizəsi ilə müraciət edərək alimentin məbləğini 235 manat müəyyən edilməsini xahiş etmişdir. Bunu hazırda 2024-cü il üçün bir uşağın minimum dolanışığının 235 manat müəyyən edilməsi ilə əsaslandırmışdır. Bu tələbə etiraz edərək göstərir ki, hazırda oğlu Rəsul ailə həyatı qurmuş, iki övladı var. Birinin 11 yaşı, digərinin 5 yaşı var. Ailəsi ilə Almaniyada yaşayır. Orada təhsil alır. Yoldaşı işləmir. Rəsul ailəsini Almaniyada çox çətinliklə dolandırır. Odur ki, hesab edir k, tələbkar İddiaçı alimentin məbləğini atırılması ilə bağlı iddiası təmin olunmamalıdır. Çünki bu aliment müəyyən olunandan sonra cavabdehin ailə həyatında dəyişiklik olmuş, yeni ailəsindən iki övladı olmuş, həmçinin ölkədən gedərək Almaniyada ailəliklə yaşamaqdadır. Öncəki maddi vəziyyəti daha da ağırlaşmışdır. Həmçinin cavabdehin İddiaçı 12 min manatdan artıq aliment borcu yaranmışdır. Odur ki, alimentin məbləğinin yenidən artırılması durumu dahada çətinləşdirər. Məhkəməyə onu da bildirir ki, oğlu Rəsul ona demişdi ki, Ulduzla razılığa gələk aliment borcundan 3 min manat birdəfəlik ödəniş etsin, hər ayda 154 manat alimenti ödəsin, borcundan da 100 manat hər ay alimentlə birlikdə ödəsin. Təəssüf ki,tələbkar bu təklif ilə razılaşmayaraq bütün borcu ödəməsini tələb edir. Tələbkar İddiaçı razılaşarsa indidə ona birdəfəlik 3 min manat ödəməklə, hər ay 154 manatı və 100 manat da borcdan ödəyərlər,b u şərtlə ki, o, Rəsulun ölkəyə saxlanılmadan gəlib getməsinə razı olsun, uşağı Rəsula göstərsin, barəsində axtarış verdirməsin. Yuxarıdakılara əsaslanaraq hesab edir ki, oğlu Rəsulun ailə dolanışığı ağırdır, aliment ödədiyi övladından başqa yeni ailəsindən iki övladı da var. Onların da dolanışığı nəzərə alınmalıdır. Belə bir durumda iddianın məbləğinin dahada artırılması hesab edir ki, məqsədəuyğun deyildir. Odur ki, iddianın məbləğinin artırılması tələbinə etiraz edir və məhkəmədən bu etirazı nəzərə almasını, iddianın məbləğini hazırkı məbləğində 154 manat məbləğində saxlamasını xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi vəkil Nümayəndə1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, cavabdeh hazırda Almaniyada yaşayır və ayda təxminən 2000 avro məbləğində maaş alır. Belə ki, internetdə olan məlumatlardan görünür ki, həmin ölkədə bir saatlıq əmək haqqı 12.84 avro dəyərindədir. Bu hesabla cavabdeh təxminən 2000 avro əmək haqqı alır. Bunun dörddə bir hissəsi isə 500 avro eliyir. Bu səbəbdən də onların tələb etdiyi 300 manat aliment məbləğ böyük məbləğdə deyil. Son 6 il ərzində cavabdeh uşağı, onun tələbatları, problemləri ilə maraqlanmayıb. Əlavə olaraq onu da bildirir ki, cavabdehin nümayəndəsinin etirazda qeyd etdikləri tamamilə əsassızdır. Belə ki, şəxsin yenidən ailə qurması, başqa övladlarının olması onu uşağına görə aliment ödəmək öhdəliyindən azad edə bilməz. Nümayəndə qeyd etdiklərinə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə2 iddia tələbinə dair izahat verərək bildirdi ki, iddiaçının nümayəndəsinin cavabdehin ayda 2000 avro əmək haqqı alması barədə fikri yalandır. Əgər belə bir hal varsa, onda iddiaçı bununla bağlı məhkəməyə hər hansı bir sübut təqdim etməlidir. Məhkəmənin nəzərinə çatdırır ki, oğlu ikinci dəfə ailə həyatı qurub və hazırda iki uşağı var və ailəsi ilə birlikdə Almaniyada yaşayır. Oğlunun maddi vəziyyəti yaxşı deyil. Hesab edir ki, etirazda qeyd etdiyi hallar məhkəmə tərəfindən nəzərə alınmalıdır. Əlavə olaraq qeyd edir ki, oğlu övladı ilə maraqlanmaq istədikdə iddiaçı buna mane olmuş, oğlu hər dəfə gedəndə polis çağırmış, oğlunun aldığı bütün hədiyyələri çölə atmışdır. İddiaçı tərəf oğlu ikinci dəfə ailə qurduğu üçün problem yaradır. Nümayəndə qərar qəbul edilərkən qeyd edilənlərin nəzərə alınmasını və iddia tələbinin təmin edilməməsini, oğlunun maddi vəziyyətinin nəzərə alınmasını xahiş etdi. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur. İşdə olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, ilkin məcburi mediasiya sessiyası üçün 50 manat məbləğində mediasiya xərci İddiaçı tərəfindən ödənilmişdir. İşdə olan Sumqayıt şəhər Məhkəməsinin 2(060)-5181/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsindən görünür ki, həmin qətnamə ilə ddia tələbi qismən təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 2 (060)-1105/2017 saylı, xx.xx.2017-ci il tarixli qəmaməsi ilə müəyyən edilmiş sabit pul məbləğində alimentin miqdarı dəyişdirilmiş, Cavabdeh iddiaçı İsmayılova (Məmmədova) Ulduz Hamlet qızının xeyrinə xx.xx.2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 154 manat sabit pul məbləğində alimentin tutulması, sabit pul məbləğində alimentin artırılma tarixinin xx.xx.2018-ci il tarixdən hesablanması qət edilmişdir. Elektron məhkəmə informasiya sistemindən əldə edilmiş qohumluq məlumatlarından (eyni zamanda AZ-İİİ, 420443 saylı doğum haqqında şəhadətnamənin surətinə əsasən) görünür ki, Cavabdeh xx.xx.2013-cü il təvəllüdlü X6 adlı daha bir övladı var. İşdə olan AZ-İ seriyalı 797211 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh X7 ilə xx.xx.2012-ci il tarixdə nikaha daxil olmuşdur. İşdə olan doğum haqqında şəhadətnamənin (Geburtsurkunde) surətindən görünür ki, xx.xx.2019-cu il təvəllüdlü X2 atası Cavabdeh, anası X5r. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə görə, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. - 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. - 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa…habelə alimentin valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Göründüyü kimi, qanunverici uşaqların saxlanmasını, onların maddi-məişət tələbatının ödənilməsini uşaqla birgə yaşayıb-yaşamamasından asılı olmayaraq uşağın hər iki valideyninin üzərinə bir vəzifə olaraq qoymuşdur. Uşaqların saxlanılmasından boyun qaçıran valideynlər bu vəzifəni həyata keçirməyə məhkəmə qaydasında məcbur edilə bilərlər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Qanunverici bu maddədə alimentin miqdarı müəyyən olunarkən məhkəmənin üzərinə bir sıra məsələlərin araşdırılması vəzifəsini qoymuşdur: tərəflərin maddi və ailə vəziyyəti; diqqətəlayiq digər hallar; uşağın əvvəlki təminatının səviyyəsi. Məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olubolmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir (“Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli qərarı). “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərarında göstərilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə qeyd edir ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-5181/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə alimentin miqdarı müəyyən edildikdən sonra yaşayış minimumu haqqında qanunvericiliyin tələbləri dəyişmiş və uşaqların saxlanılması üçün tələb olunan məbləğ artmışdır. Lakin məhkəmə uşaqları saxlamaq vəzifəsinin hər iki valideynin üzərinə düşdüyünü, cavabdehin hazırda başqa şəxslə nikahda olmaqla həmin nikahdan daha iki övladının olmasını nəzərə alaraq hesab edir ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-5181/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilərək, hər ay 185 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə qeyd edir ki, iddiaçı müəyyən edilmiş alimentin xx.xx.2024-cü il tarixdən hesablanılmaqla tutulmasını xahiş etsə də, məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən qərarında həmçinin göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Bu səbəbdən məhkəmə hesab edir ki, hazırki iş üzrə alimentin artırılmış məbləğinin tutulmasının əvvəli qətnamə qanuni qüvvəsini aldığı gündən hesablanmalıdır. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Hazırda iddiaçı cavabdehdən alimentin məbləğinin artırılaraq 154 manatdan 300 manata dəyişdirilməsini xahiş etmişdir. Beləliklə iddianın qiyməti ən çoxu 1752 ((300-154) x 12 ay) manatdır. Belə iddiaya görə isə dövlət büdcəsinə 37,52 manat dövlət rüsumu ödənilməli idi. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə görə aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. İş materiallarında olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərci ödəmişdir. Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Məhkəmə qeyd edir ki, ödənilmiş mediasiya xərci (50 manat) ödənilməli olan dövlət rüsumundan (37,52 manat) çoxdur. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 50 manat mediasiya xərci Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İş materillarına əlavə edilmiş 27342 nömrəli, 29 yanvar 2024-cü il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən Bakı şəhəri 19 saylı Vəkil Bürosunun hesabına 120 manat pul köçürülmüşdür. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən (təxminin 60% həcmində) vəkilə hüquqi yardıma görə ödənilən xərclərə görə cavabdehdən 72 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya verilməlidir. Bundan əlavə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən etibarnamənin verilməsi üçün ödənilmiş pulun cavabdehdən tutulması hissəsində də iddia qismən təmin edilməldiir. Belə ki, iş materiallarına əlavə edilmiş AR-İİİ 205545 nörməli xx.xx.2023-cü il tarixli və AR-İİİ 205544 nörməli xx.xx.2023-cü il tarixli etibarnamələrdən görünür ki, həmin etibarnamələrin təsdiq edilməsi üçün notariat orqanına ümumilikdə 34.5 (17.25+17.25) manat pul ödənilmişdir. Məhkəmə qeyd edir ki, qeyd edilmiş etibarnamələrdən yalnız AR-İİİ 205545 nörməli xx.xx.2023-cü il tarixli etibarnamə hazırkı mülki işlə əlaqədardır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən (təxminin 60% həcmində) AR-İİİ 205545 nörməli xx.xx.2023-cü il tarixli etibarnamənin təsdiq edilməsi üçün ödənilmiş xərcin 10.35 manat hissəsi cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Sumqayıt şəhər Məhkəməsinin 22(060)-5181/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, xx.xx.2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh hər ay 185 (bir yüz səksən beş) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı tutularaq İddiaçı ödənilsin. Miqdarı dəyişdirilmiş alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Cavabdeh 50 (əlli) manat mediasiya xərci, vəkilə hüquqi yardıma görə ödənilən xərcin 72 (yetmiş iki) manat hissəsi və AR-İİİ 205545 nörməli xx.xx.2023-cü il tarixli etibarnamənin təsdiq edilməsi üçün notariat orqanına ödənilmiş xərcin 10,35 (on manat otuz beş qəpik) manat hissəsi, ümumilikdə 132,35 (bir yüz otuz iki manat otuz beş qəpik) manat pul tutularaq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar