Məhkəmə qərarları › İş №e-2(060)-1766/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-1766/2022

29.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-1766/2022 29.06.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi, İddiaçının nümayəndəsi X3, Cavabdehlərin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı LPO "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ipoteka predmetinə yönəldilməsi və ipoteka ilə yüklü edilmiş əmlakın açıq hərracda satılaraq əldə olunmuş vəsait hesabına borcun ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı LPO "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ipoteka predmetinə yönəldilməsi və ipoteka ilə yüklü edilmiş əmlakın açıq hərracda satılaraq əldə olunmuş vəsait hesabına borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 5790,89 manat əsas, 3452,75 manat faiz, kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-in 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış 1854,40 manat (5%) borcu, 2323,71 cərimə borcu, cəmi 13421,75 manat kredit borcunun və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 131 manat dövlət rüsumunun tutularaq Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi, ipoteka qoyulmuş, xüsusi mülkiyyət hüququ ilə Cavabdeh2 mülkiyyətində olan Sumqayıt şəhəri, məhəllə 7-8-12, ev 78A, 24 nömrəli mənzilə tutmanın yönəldilməsi, həmin evin açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait Cavabdeh1 borcunun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin Cavabdeh1 tutularaq Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2013-cü il tarixli 268 saylı kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə, illik 15 faiz ödənilmək şərtilə 25.000 manat məbləğində kredit vəsaiti verilmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq, Cavabdeh2 ilə xx.xx.2014-cü il tarixli 321 saylı ipoteka müqaviləsi bağlanmış və həmin ipoteka müqaviləsinə əsasən, xüsusi mülkiyyət hüququ ilə Cavabdeh2 mülkiyyətində olan Sumqayıt şəhəri, məhəllə 7-8-12, ev 78A, 24 nömrəli mənzil İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Kredit müqaviləsinə əsasən, borcalan bankdan aldığı krediti və ona hesablanmış faiz borcunu bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öz üzərinə götürmüşdür. Müqaviləyə əsasən borclu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi ilə əlaqədar borcun məcburi qaydada alınmasına yönəlmiş məhkəmə qətnaməsi tam icra olunub başa çatanadək hesablanmış faizləri Banka ödəməlidir. Lakin buna baxmayaraq borclu Cavabdeh1 kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə olunmuş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir. Hazırda borclunun Banka ödənilməmiş 5790.89 manat əsas, 3452.75 manat faiz, kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış 1854,40 manat faiz (5%) borcu, 2323,71 cərimə borcu, cəmi 13421,75 manat məbləğində kredit borcu mövcuddur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək ərizənin şərh olunan məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehlərin nümayəndəsi X2 öz izahatında bildirdi ki, iddianı qismən qəbul edir. Əsas borcu qaytarmaqdan imtina etmir. Faiz və cərimə borcunu qəbul etmir, silinməsini xahiş edir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Mülki işin materiallarında olan: Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanılmış 12 fevral 2013-cü il tarixli, 268 saylı kredit müqaviləsinə əsasən kreditverən kreditalana 24 ay müddətinə, illik 15 faiz ödəmək şərti ilə 25000 manat məbləğində kredit verməyi, kreditalan öz növbəsində həmin kredit müqaviləsi üzrə borcu və ona əlavə olunmuş faizləri qaytarmağı öhdəsinə götürmüşdür. xx.xx.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2021-ci il tarixinə banka olan əsas borcu 5790,89 manat, müqavilə müddətinə hesablanmış faiz borcu 3452,75 manat, 2323,71 manat cərimə, gecikdirilmiş müddətə görə illik 5 (beş) faizlə hesablanmış 1854,40 manat faiz borcu olmaqla, cəmi borcu 13421,75 manat təşkil edir. Xəbərdarlıq məktublarından görünür ki, iddiaçı tərəfindən pretenziya qaydasına əməl edilmişdir. Beləliklə, məhkəmədə işin faktiki halları ilə müəyyən olundu ki, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmişdir, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini cavabdehə vermiş, lakin cavabdeh kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi lazımi qaydada və vaxtında yerinə yetirməmiş, hər ay ödəniş cədvəlinə uyğun olaraq ödənişləri ödəməmişdir. Nəticədə cavabdehin iddiaçının qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. Məhkəmə işin hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 445, 448.1, 739.1, 739.2-ci maddələrinə istinadən qiymət verərək hesab edir ki, iddiaçının tələbi əsaslıdır, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün iddiaçı qarşısında cavabdehdir və mülki məsuliyyət daşıyır. Bununla yanaşı məhkəmə hesab edir ki, dəbbə pulu tənasübsüz surətdə yüksəkdir. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehin üzərində əsas borcu olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsini onun vəziyyətini daha da ağırlaşdırdığını, habelə cavabdehin əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, 2323,71 manat məbləğində cərimə azaldılaraq 200 manat müəyyən edilməlidir. Mülki Məcəllənin 445-ci maddəsinə müvafiq olaraq icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üsün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Qanunun mənasına görə kreditor icranın gecikdirilməsinə görə kredit müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqaviləyə uyğun hesablanmış faizləri və dəbbə pulunu, müqavilə müddəti bitdikdən sonrakı dövr üçün isə gecikdirilmiş vaxta görə illik beş faiz, yaxud ona əlavə zərərin vurulduğunu sübut edə bilərsə daha artıq məbləğ tələb edə bilər. Məhkəmə şərh olunan hüqun normalarına istinadən hesab edir ki, tərəflər arasında kredit müqaviləsinin bitdiyi xx.xx.2015-ci il tarixdən sonrakı dövr nəzər alınmaqla xx.xx.2021-ci il tarixədək ödənilməmiş 5790,89 manat əsas borc məbləğinə illik 5% hesablanmaqla gecikdirilmiş müddət üçün 1854,40 manat ödənilməsi barədə iddiaçının tələbi əsaslı olduğundan təmin edilməlidir. Cavabdeh2 ilə İddiaçı ASC arasında bağlanılmış 12 fevral 2013-cü il tarixli, ipoteka müqaviləsinə əsasən, 12 fevral 2013-cü il tarixli Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh2 məxsus Sumqayıt şəhəri, 7-8-12-ci məhəllə, 78 A nömrəli evin 24 saylı mənzili ipoteka ilə yüklü edilmişdir. İpoteka predmeti 42.000 manat məbləğində qiymətləndirilmişdir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı № ******* Çıxarışın surətindən görünür ki, Cavabdeh2 məxsus Sumqayıt şəhəri, 7- 8-12-ci məhəllə, 78 A nömrəli evin 24 saylı mənzilinə dair ipoteka yüklülüyü Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində 58 nömrəli reyestr kitabının 8 nömrəli vərəqində xx.xx.2013-cü il tarixində qeydə alınmışdır. xx.xx.2021-ci il tarixli ərizədən görünür ki, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən qeydə alınmışdır. Bildirişlərdən görünür ki, Bank tərəfindən cavabdeh “İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında” xəbərdar edilmişdir. "xxxx" MMC-nin ekspert rəyindən görünür ki, Cavabdeh2 məxsus Sumqayıt şəhəri, 7-8-12-ci məhəllə, 78 A nömrəli evin 24 saylı mənzilinin satış (likvid) dəyəri 57.000 manat təşkil edir. Tədqiqatın dəyəri 200 manat təşkil edir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76 və 88-ci maddələrinə müvafiq olaraq ekspert rəyini sübut növü kimi qəbul edir. Məhkəmə Mülki Məcəllənin 269.1, 269.4, 319-cu maddələrinin və «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 33, 34.1 8.1, 34.1.2, 39.3, 39.3.3, 59-cu maddələrinin göstərişlərinə əsasən tələbin ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsini qanununun tələblərinə uyğun hesab edir. İş materiallarına əlavə edilmiş ödəniş qəbzlərindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırılması üçün 131 manat və bildirişin DƏDRX-də qeydə alınması üçün 15 manat dövlət rüsumu, 30 manat xidmət haqqı ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. İddia qismən təmin edildiyindən ödənilmiş məhkəmə xərclərinin 28 manat iddiaçıya aid edilməli, 148 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, bu nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə 5790,89 manat əsas, 3452,75 manat faiz borcu, gecikdirilmiş müddətə görə illik 5 (beş) faizlə hesablanmış 1854,40 manat faiz borcu, 200 manat cərimə borcu, cəmi 11298,04 manat və ödənilmiş məhkəmə xərclərinin əvəzi olaraq cəmi 148 manat tutulmalı, tələb Cavabdeh2 məxsus olan Sumqayıt şəhəri, 7-8-12-ci məhəllə, 78 A nömrəli evin 24 saylı mənzilinə yönəldilməli, həmin əmlak açıq hərracdan satılmalı, ipoteka predmetinin ilkin satış qiyməti 57.000 (əlli yeddi min) manat müəyyən edilməli, bankın iddia tələbi satılmış əmlak hesabına ödənilməli, iddiaçının tələbləri ödənildikdən sonra qalan məbləğ Cavabdeh2 qaytarılmalı, ipoteka predmetinin satışından əldə olunan vəsait iddiaçının tələbinin ödənilməsi üçün kifayət etmədikdə qalan məbləğ Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Mülki iş üzrə aparılmış məhkəmə–əmtəəşünaslıq tədqiqatının dəyərinin əvəzi olaraq 31,6 (otuz bir manat altmış qəpik) manat İddiaçı ASC-dən, 168,40 (bir yüz altmış səkkiz manat, qırx qəpik) manat Cavabdeh1 tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə 5790,89 manat əsas, 3452,75 manat faiz borcu, gecikdirilmiş müddətə görə illik 5(beş) faizlə hesablanmış 1854,40 manat faiz borcu, 200 manat cərimə, cəmi 11298,04 (on bir min iki yüz doxsan səkkiz manat, dörd qəpik) manat və ödənilmiş məhkəmə xərclərinin əvəzi olaraq cəmi 148 (bir yüz qırx səkkiz) manat İddiaçı ASC-nin xeyrinə tutulsun. Tələb Cavabdeh2 məxsus olan Sumqayıt şəhəri, 7-8-12-ci məhəllə, 78 A nömrəli evin 24 saylı mənzilə yönəldilsin. Həmin mənzil açıq hərracdan satılsın. İpoteka predmetinin ilkin satış qiyməti 57.000 (əlli yeddi min) manat müəyyən edilsin. Bankın iddia tələbi satılmış əmlak hesabına ödənilsin. İddiaçının tələbləri ödənildikdən sonra qalan məbləğ Cavabdeh2 qaytarılsın. İpoteka predmetinin satışından əldə olunan vəsait İddiaçı ASC-nin tələbinin ödənilməsi üçün kifayət etmədikdə qalan məbləğ Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Mülki iş üzrə aparılmış məhkəmə–əmtəəşünaslıq tədqiqatının dəyərinin əvəzi olaraq 31,6 (otuz bir manat altmış qəpik) manat İddiaçı ASC-dən, 168,4 (bir yüz altmış səkkiz manat, qırx qəpik) manat Cavabdeh1 tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar