Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-1820/2024 04.09.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Sumqayıt Şəhər Məhkəməsi Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, İbrahimzadə Zəhra Şahverdi qızının katibliyi, İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X2 iştirakı ilə İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «kredit borcunun qaytarılması tələbi»nə dair iddia ərizəsi üzrə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «kredit borcunun qaytarılması tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Sumqayıt filialı ilə Cavabdeh3 arasında bağlanmış ********* nömrəli, xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən Dövriyyə vəsaitinin artırılması məqsədilə cavabdehə illik 27% dərəcəsi ilə, 30 ay müddətinə 12700 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh3 kredit verilərkən Cavabdeh2 və Cavabdeh1 ilə Bank arasında ZM-110008364 nömrəli, xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.2-ci bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin və ya zaminlər kreditor qarşısında borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin müqaviləyə əsasən kredit borcalana “Dövriyyə vəsaiti” məqsədi ilə verilsə də, vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumat əldə etmək üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsində fiziki şəxslər üzrə ada görə “Cavabdeh3” vergi ödəyicisi kimi axtarılmış, lakin buna baxmayaraq, həmin ada uyğun VÖEN müəyyən edilməmişdir (İnternet Vergi İdarəsinin portalından çıxarış qoşmaya əlavə edilmişdir). Kredit və zaminlik müqavilələri üzrə bağlanmış 01 saylı, xx.xx.2015-ci il tarixli əlavə sazişlərə əsasən borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 12394,07 ABŞ dolları müəyyən edilmişdir. Kreditin müddəti 14 ay uzadılaraq, xx.xx.2018-ci il tarixədək müəyyənləşdirmişdir. Kredit və zaminlik müqavilələri üzrə bağlanmış 02 saylı, xx.xx.2017ci il tarixli əlavə sazişlərə əsasən borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı olan 7620,62 ABŞ dolları konvertasiya edilməklə (1USD = 1.40 manat) 10668,87 manat təşkil etmişdir. Kreditin müddəti xx.xx.2021-ci il tarixədək uzadılmışdır. Kredit üzrə Borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 15% ödənilməli idi. Müqavilənin müvafiq bəndinə əsasən Borcalan ödəniş qrafikində nəzərdə tutulmuş müddətlərdə kredit üzrə hesablanmış faizləri və cərimələri, habelə tariflərə uyğun olaraq komissiya haqlarını, çıxarış və arayışların Borcalana verilməsi və ya Borcalanın adından göndərilməsi üzrə xərcləri Kreditora vaxtında və tam olaraq ödəməyi öhdəliyinə götürmüşdür. Müqavilədən irəli gələn öhdəliyin vaxtında və lazımi qaydada icra edilməməsi ilə əlaqədar krediti hesablanmış faizlər, cərimə və bu Müqavilə əsasən ödənilməsi nəzərdə tutulan digər məbləğlər ilə birlikdə qaytarılmasını, dəymiş zərərin, o cümlədən əldən çıxmış faydanın ödənilməsini tələb etməyə Bankın hüququ vardır. xx.xx.2023-cü il tarixə Cavabdeh3 cəmi borcu 13650,36 manat təşkil edir. Bundan 4923,88 manat əsas, 2738,86 manat faiz, 5269,54 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 718,08 manat faiz borcu təşkil edir. Göstərilənlərə əsasən cəmi borcu 13650,36 manat - bundan 4923,88 manat əsas, 2738,86 manat faiz, 5269,54 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 718,08 manat faiz borcu və iş üzrə ödənilmiş 130,95 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Məhkəmə iclasında iddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X3 iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.
4. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh3 izahat verərək bildirmişdir ki, 2015-ci il tarixində dollar məzənnəsi ilə bankdan pul götürmüşdür. 2015-ci il tarixindən 2019-cu il tarixinə qədər ödənişlər etmişdir. Bundan sonra, dollarla əlaqədar olaraq Prezident Fərman imzalamışdır. Həmin vaxtdan sonra, ödənişlər etməmişdir. 3 ilə yaxın ödəniş etmədi, lakin bu müddət ərzində bankın əməkdaşları ödəniş etməklə bağlı heç bir məlumat verməmişlər. 2022-ci ilin yay aylarında bankın əməkdaşı zəng edib borcu ödəməli olduğunu bildirdi. Onun 6000 manatdan çox ödənişi qalmışdı. Son bir ildə ödənişlər etdi. Bankın əməkdaşları ödənişlərdən narazı olduqları üçün məhkəməyə müraciət etmişlər. Borcla bağlı 4 il ödənişlər etmişdir. Sonuncu dəfə son bir ildə ödənişlər etmişdir. Məbləğlə razı deyildir, faiz və cərimə məbləğləri şişirdilmişdir. Məbləğ dollar məzənnəsindən sonra, 2 il müddətində manat məzənnəsinə çevrilmişdir. 2015-ci ildən 2017-ci il tarixinə kimi ödənişlər etmişdir. 2017-ci ildən isə 2019-cu il tarixinə kimi 1,40 manat dollar məzənnəsi ilə ödənişlər etmişdir. Belə ki, o, borc məbləğini 0,78 dollar məzənnəsi ilə götürmüşdü. Müqavilə ilə iki müddətində 1,40 manat dollar məzənnəsi ilə ödənişlər etmişdir. 2019-cu il tarixindən sonra həm maddi imkanı olmadığı üçün, həm də Prezidentin Fərmanının ona da şamil ediləcəyini düşündüyü üçün ödənişlər etməmişdir. Fərmanda çıxarış olmuşdur ki, 5200 manatdan çox onun hesabına pul qaytarılmışdır, lakin həmin məbləğ ona deyil, bankın hesabına qaytarılmışdır. Borcdan silinmələr olmamışdır. Cavabdehlərdən Cavabdeh2 bacısıdır. Onlar məhkəmə proseslərindən xəbərdardırlar. Digər cavabdehlərdən tutulmalar olmamışdır.
5. Sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.
6. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.
7. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir.
Əsaslandırıcı hissə:
8. Belə ki, iş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, ********* saylı kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh3 30 ay müddətinə, illik 27% ödəmək şərtilə 12700 ABŞ dolları məbləğində kredit verilmişdir.
9. İş materiallarında "xxxx" ASC ilə Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 110008364/ZM saylı zaminlik müqaviləsinə əsasən zaminlər Cavabdeh1 və Cavabdeh2 borclu Cavabdeh3 bank qarşısında kredit müqaviləsi üzrə öz öhdəliklərini vaxtında və lazımınca icra etmədikdə öhdəliklərin icrası üçün borclu ilə birgə məsuliyyət daşımaları barədə öz üzərinə öhdəlik götürmüşlər.
10. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh3 arasında xx.xx.2015-ci il tarixdə bağlanmış xx.xx.2015-ci il tarixli, ********* saylı kredit müqaviləsinə əlavə sazişə əsasən kreditorun borcalana 12700 ABŞ dolları məbləğdə verdiyi kreditin qalıq məbləği 12394,07 ABŞ dolları təşkil edir. Kreditin müddəti bu əlavə saziş imzalandığı tarixdən xx.xx.2018-ci il tarixədək uzadılır.
11. İş materiallarında olan İddiaçı ASC Cavabdeh1 və Cavabdeh2 oğlu arasında xx.xx.2015-ci il tarixdə bağlanmış 110008364/ZM saylı zaminlik müqaviləsi üzrə 1 № əlavə sazişə əsasən kreditin müddəti bu əlavə saziş imzalandığı tarixdən xx.xx.2018-ci il tarixədək uzadılır.
12. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh3 arasında xx.xx.2017-ci il tarixdə bağlanmış xx.xx.2015-ci il tarixli, ********* saylı kredit müqaviləsinə əlavə sazişə əsasən kreditorun borcalana verdiyi kreditin qalıq məbləği 10668,87 manat təşkil edir. Kreditin müddəti bu əlavə saziş imzalandığı tarixdən xx.xx.2021-ci il tarixədək uzadılır.
13. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh3 və Cavabdeh1 arasında xx.xx.2017-ci il tarixdə bağlanmış 110008364/ZM saylı zaminlik müqaviləsi üzrə 2 № əlavə sazişə əsasən kreditin müddəti bu əlavə saziş imzalandığı tarixdən xx.xx.2021-ci il tarixədək uzadılır.
14. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh3 və Cavabdeh2 arasında xx.xx.2017-ci il tarixdə bağlanmış 110008364/ZM saylı zaminlik müqaviləsi üzrə 2 № əlavə sazişə əsasən kreditin müddəti bu əlavə saziş imzalandığı tarixdən xx.xx.2021-ci il tarixədək uzadılır.
15. İş materiallarında olan ləğv prosesində olan İddiaçı ASC-nin xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh3 banka 4923,88 manat əsas, 2738,86 manat faiz, 5269,54 manat cərimə, illik 5%-lə hesablanmış 718,08 manat faiz borcu olmaqla, cəmi 13650,36 manat məbləğində borcu mövcuddur.
16. İş materiallarında olan LPO İddiaçı ASC-nin Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ünvanladığı xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 borcun ödənilməsi ilə bağlı xəbərdar olunmuşdur.
17. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/2514 saylı, xx.xx.2024-cü il tarixli məhkəmə-mühasibatlıq ekspertizasının rəyindən görünür ki, iş materiallarında olan cari hesabdan çıxarış məlumatları, tərəflər arasında bağlanmış 03 fevral 2017-ci il tarixli, 02 saylı razılaşma müqaviləsində qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh3 xx.xx.2023-cü il tarixə 9142,01 manat olmaqla, ondan əsas borc üzrə 4785,55 manat, faiz borcu üzrə 4356,46 manat məbləğində müəyyən edilir. Qeyd edilir ki, 03 fevral 2017-ci il tarixli, 02 saylı razılaşma müqaviləsi üzrə hesabdan çıxarış məlumatlarında cərimənin hesablanması göstərilmədiyindən Cavabdeh3 cərimə borcu hesablanmadı. Ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat təşkil edir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
18. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ASC ilə Cavabdeh3 arasında xx.xx.2015-ci il tarixli, ********* saylı kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh3 30 ay müddətinə, illik 27% ödəmək şərtilə 12700 USD kredit verilmişdir. Eyni zamanda,həmin kredit müqaviləsinin təminatı kimi Cavabdeh1 və Cavabdeh2 ilə bank arasında zaminlik müqaviləsi bağlanmışdır. Sonra iddiaçı ilə cavabdehlər arasında 03 fevral 2017-ci il tarixli Əlavə Saziş və zaminlik müqaviləsi üzrə əlavələr bağlanmış, kreditin qalıq məbləği 10668,87 manat, müddəti isə 03 fevral 2021-ci il tarixədək uzadılmışdır. Hazırda cavabdehlərə xəbərdarlıq edilməsinə baxmayaraq, onlar kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri tam icra etməmiş və nəticədə banka borcları yaranmışdır.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
20. Eyni Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
21. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.
22. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
23. Eyni Məcəllənin 449.1-ci maddəsinin tələbinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda, məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər.
24. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
25. Məhkəmə qeyd edir ki, Cavabdeh3 kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyindən, bank kredit müqaviləsi üzrə yaranmış borcun tutulması ilə əlaqədar məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur.
26. Məhkəmə tərəfindən təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, cavabdehin kredit müqaviləsi üzrə əsas borcu 4785,55 manat təşkil edir.
27. Məhkəmə qeyd edir ki, iş üzrə təyin edilmiş ekspertiza rəyi ilə cavabdehin kredit müqaviləsi üzrə müqavilə müddəti üçün əsas borcun 4785,55 manat olması müəyyən edildiyindən, ekspert rəyi sübut növü kimi qəbul edilməlidir.
28. «Dövlət ekspertiza fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən məhkəmə eksperti (ekspert) - məhkəmə ekspertizasının aparılması həvalə olunmuş, məhkəmə ekspertizasının predmetinə aid olan xüsusi məsələlərə dair zəruri biliyə malik olan və işin nəticəsində marağı olmayan şəxsdir.
29. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.
30. Digər tərəfdən məhkəmə qeyd edir ki, araşdırma zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, həmin rəy hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilməlidir.
31. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
32. Göstərilən Məcəllənin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.
33. Həmin Məcəllənin 103.1-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
34. İş materiallarından göründüyü kimi ekspert rəyində cavabdehin banka 4356,46 manat faiz borcu qeyd olunduğu halda, iddia ərizəsində 2738,86 manat faiz borcu tələb edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbindən kənara çıxmayaraq, iddia ərizəsində göstərilən məbləğdə, yəni 2738,86 manat faiz borcu tutulmalıdır.
35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə müvafiq olaraq hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
36. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
37. Hazırkı halda məhkəmə hesab edir ki, iddia cərimə məbləği ilə bağlı hissədə qismən təmin edilərək cərimə məbləği azaldılaraq, 400 (dörd yüz) manat məbləğində müəyyən edilməlidir.
38. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddəti ayırd edilməklə qeyd edilmişdir ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və faizlər) müddəti isə kreditin alınmasını və müvafıq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə isə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtı tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir.
39. Qərarda həmçinin göstərilmişdir ki, kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər.
40. Göründüyü kimi, Konstitusiya Məhkəməsi Plenumunun qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddətini ayırd edilərək, kredit müqaviləsinin qüvvədə olduğu halda belə kredit müddətinin bitməsindən sonra da eyni faiz dərəcəsi ilə gecikdirilmiş faizlərin hesablanması imkanını yalnız müqavilədə bu şəkildə şərtin nəzərdə tutulması ilə şərtləndirilmişdir.
41. Konstitusiya Məhkəməsi qərarında müqavilədə bu kimi şərtin nəzərdə tutulmadığı halda isə, bu şəkildə faizlərin, buna dair zəruri sübutların təqdim edildiyi halda, yalnız öhdəliklərin icra edilməməsinə görə kreditora vurulmuş zərər qismində tutulmasını mümkün hesab etmişdir.
42. Belə ki, Qərarda göstərilmişdir ki, müqavilənin qüvvədə olma müddətinin bitməsinə baxmayaraq, müqavilə tərəflərin qarşılıqlı hüquqi bağlılığı davam edir və Mülki Məcəllənin 339.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Bu isə Mülki Məcəllənin «Öhdəliklərin icra edilməməsi» adlanan 22-ci fəslində və «Öhdəliklərin icra edilməməsi üçün məsuliyyət» adlanan 23-cü fəslində müəyyən edilmiş müddəaların tətbiq edilməsini tələb edir.
43. İstinad olunmuş qərarda belə nəticəyə gəlinmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfındən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır.
44. Göstərilən normaların dispozitiv şərtlərindən də göründüyü kimi, gecikdirilmiş vaxt üçün faiz tələb etmə yalnız kredit müqaviləsindən irəli gələn öhdəliyin icra edilməməsi, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) halında mümkündür.
45. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq iddiaçı cavabdehdən gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malik olduğundan hesablanmış 718,08 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
46. Məhkəmə iddia tələbinin kredit müqaviləsi üzrə yaranmış borcun eyni zamanda cavabdeh olan zaminlər Cavabdeh1 və Cavabdeh2 da müştərək qaydada tutulması hissəsi üzrə qeyd edir ki, həmin hissədə tələb təmin edilməməlidir.
47. Belə ki, Mülki Məcəllənin 470.1-ci və 472.1-ci maddələrinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
48. Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir.
49. Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir.
50. Zaminliyin bağlı olduğu əsas öhdəliyin icrası vaxtının çatdığı gündən bir il və ya əsas öhdəliyin icrası müddəti göstərilmədiyi, müəyyənləşdirilə bilmədiyi, yaxud tələbetmə məqamı ilə müəyyənləşdirildiyi halda zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi dövrdür. Həmin müddətlər keçdikdə zaminliyə qanuna əsasən avtomatik xitam verilir. Bunun üçün ayrıca iddia qaldırılmasına və məhkəmə qərarının çıxarılmasına gərək yoxdur.
51. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırki halda tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli zaminlik müqavilələrində onun verilmə müddəti konkret təyin edildiyindən, həmin müddət qurtardıqda zaminlik müqaviləsinə xitam verilməlidir.
52. Bundan əlavə, Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddiaçı tərəfindən ödənilmiş 130,95 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutulmalıdır.
53. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh3 4785,55 (dörd min yeddi yüz səksən beş manat, əlli beş qəpik) manat əsas, 2738,86 (iki min yeddi yüz otuz səkkiz manat, səksən altı qəpik) manat faiz, 400 (dörd yüz) manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 718,08 (yeddi yüz on səkkiz manat, səkkiz qəpik) faiz, ümumilikdə 8642,49 (səkkiz min altı yüz qırx iki manat, qırx doqquz qəpik) manat məbləğində pul və 130,95 (bir yüz otuz manat, doxsan beş qəpik) ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.
54. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
55. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
56. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
57. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
58. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
59. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
60. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat Cavabdeh3 tutulub Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülməlidir.
Nəticə hissəsi:
61. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh3 4785,55 (dörd min yeddi yüz səksən beş manat, əlli beş qəpik) manat əsas, 2738,86 (iki min yeddi yüz otuz səkkiz manat, səksən altı qəpik) manat faiz, 400 (dörd yüz) manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 718,08 (yeddi yüz on səkkiz manat, səkkiz qəpik) faiz, ümumilikdə 8642,49 (səkkiz min altı yüz qırx iki manat, qırx doqquz qəpik) manat məbləğində pul və 130,95 (bir yüz otuz manat, doxsan beş qəpik) ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat Cavabdeh3 tutulub Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Şəbnəm Həxiyeva