Məhkəmə qərarları › İş №e-2(060)-1868/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-1868/2022

27.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-1868/2022 27.05.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, İddiaçı "xxxx" MMC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə 27 may 2022-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 15.02.2021-ci il tarixli ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 17.01.2022-ci il tarixinə yaranmış 94 manat manat əsas borc, 14.1 manat cərimə borcu olmaqla, ümumilikdə 108.1 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq "xxxx" MMCyə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMC iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 22.05.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alqısatqı müqaviləsinə əsasən, sonuncu, aldığı “DELONGHİ” markalı kofe üyüdənə görə 12 ay ödəniş cədvəli üzrə hər ay 8 manat olmaqla cəmi 94 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilələrin şərtlərini pozaraq, heç bir ödəniş etməmiş və qalıq qalmış 94 manat borcu qaytarmamışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borclu borcu ödəməkdən boyun qaçırır. Nisyə alqı-satqı müqaviləsinin №1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1(bir) % dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və Alıcı tərəfindən Satıcıya ödənilir. Bildirilir ki, cavabdehin gecikdirdiyi günlərin faktiki cərimə borcu 141 manat təşkil edir. Cavabdehin müqavilə üzrə hər bir günə görə hesablanmış cərimə məbləğinin miqdarı 141 manat təşkil etdiyi halda, humanizm prinsipinə əsaslanaraq həmin cərimə məbləğinin 90%-i tərəfllərindən güzəşt edilmişdir və cavabdeh tərəfindən cərimə məbləğinin 10%-i, yəni 14.1 manat İddiaçı MMC-yə ödənilməlidir. Beləliklə, cavabdeh 17.01.2022-ci il tarixədək "xxxx" MMC-nə olan borcu 94 manat əsas, 14.1 manat cərimə, cəmi 108.1 manat təşkil etmişdir. Ona görə də iddiaçı, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəməyə etiraz ünvanlayaraq bildirmişdir ki, 15.02.2021-ci il tarixdə "xxxx" mağazasından 12 ay müddətinə hər ay 8 manat ödəmək şərtilə, cəmi 94 manata bir ədəd kofe üyüdən almışdır. 19.02.2021-ci il tarixdə elə birinci istifadədə məhsulun zədəli olduğu ortaya çıxmışdır. Elə həmin gün mağazaya məhsulun xarab olduğunu bildirmişdir. Bu zaman onu servisə göndərmişlər. 19.02.2021-ci il tarixdə malı servisə vermiş və ona bildirmişlər ki, 45 gün ərzində ona xəbər verəcəklər. Aradan 2 ay keçmiş, bir xəbər çıxmamışdır. Nəhayət o servisə getmiş və ona təmir üçün 20 manat ödəniş etməsi bildirilmişdir. Onlara bu malın 1 il zəmanəti olduğunu bildirmişdir. Onlar isə *0171 nömrəsi ilə əlaqə saxlamasını bildirmişlər. Dəfələrlə həmin nömrəyə zəng etmiş, bir dəfə ona cavab verən olmuş, dərdini dedikdən sonra araşdırıb ona geri dönəcəklərini bildirmişlər. Amma ona zəng edən olmamışdır. O dəfələrlə mağaza müdirinin yanında olmuş, o isə ona gözləməsini demişdir. 5-6 ay sonra müdirə bu alqı-satqı müqaviləsinin pozulmalı olmasını bildirmiş, o isə baş idarəyə yazılı şəkildə müraciət etməsini bildirmişdir. O, 27.06.2021-ci il tarixdə baş idarəyə məktub yazmış, lakin məktubuna cavab verilməmişdir. Dəfələrlə *0171 nömrəsinə zəng etmişdir. Bir dəfə ona hüquqşünas zəng etmiş, niyə ödəniş etmədiyini soruşmuş, o isə vəziyyəti ona izah etmişdir. Daha sonra isə o, məhkəməyə verildiyindən xəbər tutmuşdur. Cavabdeh məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" MMC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, məhsul hazırda iddiaçı şirkətə məxsus anbardadır. Bununla bağlı aktı tərtib olunmuş və həmin aktın bir surəti də cavabdehə təqdim edilmişdir. Məhsul alqı-satqı zamanı alıcıya təhvil verildiyi anda nəsə problemi olsaydı cavabdeh onu qaytara bilərdi. Bu kofe üyüdəndir. Bütünlüklə kofe üyütmək üçün nəzərdə tutulmuşdur. Təyinatına uyğun olmayaraq başqa bir şey üyütməyə çalışanda qırılmışdır. Malın hər hansı istehsal qüsuru olsaydı cavabdeh haqlı olardı. Amma cavabdeh düzgün istifadə etməyərək sındırmışdırsa, bu istehsalçının qüsuru sayıla bilməz. Bundan başqa məhsulun xarab olan hissəsi, yəni bıçağı onun aksessuarıdır. Məhsulun aksessuarı isə zəmanət şərtlərinə aid deyil. Hətta bu məsələ tərəflər arasında bağlanmış müqavilədə, o cümlədən zəmanət talonunda da nəzərdə tutulmuşdur. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinə dair izahat verərək bildirdi ki, iddia tələbini qəbul etmir. Fevral ayında hər ay 8 manat ödəniş etmək şərti ilə 94 manat məbləğində kofe üyüdən almışdır. 4 gün sonra yoldaşı qara istiot üyütmək istədikdə birinci istifadədən kofe üyüdənin bıçağı qırılmışdır. Məsələ ilə əlaqədar mağazaya getdikdə ona servisə getməli olduğu bildirilmişdir. Məhsul 2 ay servisdə qalmış, dəfələrlə müraciət etsə də nəticəsi olmamışdır. Məhsullun düzəldilməsi üçün ondan 20 manat ödəniş etməsi tələb olunmuşdur. O isə bundan imtina etmişdir. Belə ki, birincisi məhsulun zəmanət talonu olmuşdur. Digər tərəfdən eşitdiyinə görə həmin bıçağın bazarda qiyməti 5 manatdır. Bu səbəbdən də müqavilə üzrə ödəniş də etməmişdir. Sonra bir nəfər şəxs ona zəng edərək hüquqşünas olduğunu və ödəniş etməli olduğunu bildirmişdir. Məhsul onda olsaydı, ödəniş edərdi. Bundan başqa idarəyə gedərək müqavilənin ləğv olunmasını istəsə də, lakin iddiaçı tərəfdən xəbər çıxmamışdır. Mağazada məhsulu verdikləri təqdirdə ödəniş edəcəyini bildirmişdir. Cavabdeh əlavə olaraq qeyd etdi ki, məhsulun kitabçasında şəkillər var. Belə ki, üstündə olan şəkillərə görə kofe üyüdənlə sarıkök, həmçinin zəncəfil də üyüdülə bilər. Hesab edir ki, yoldaşının üyütdüyü qara istiot sözügedən məhsullardan dəfələrlə yumşaqdır. Mağazadan üçüncü dəfədir ki, məişət avadanlığı alır. İndiyə kimi heç vaxt problemi olmamışdır. Həmin əşyalara görə həmişə vaxtında ödəniş etmişdir. Hazırda ona ya məhsulun təmir olunub təhvil verilməsini, ya da əvəzinə başqa məhsulun verilməsini istəyir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İş materiallarında olan iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 15.02.2021-ci il tarixli ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən “DELONGHİ” markalı kofe üyüdən almışdır. İşdə olan 17.01.2021-ci il tarixli maliyyə arayışından görünür ki, 15.02.2021-ci il tarixli ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə Cavabdeh "xxxx" MMC-yə 94 manat əsas borc, 141 manat cərimə, ümumilikdə 235 manat məbləğində borcu vardır. İş materiallarında olan xəbərdarlıqdan görünür ki, yaranmış borcunu ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh yazılı bildiriş ünvanlanmışdır. İşdə olan ********* saylı müştəri müraciətindən görünür ki, Cavabdeh 19.02.2021-ci il tarixdə “DELONGHİ” markalı kofe üyüdəni “İç hissəsindəki fırlanan dəmiri sınıb” defekti ilə "xxxx" MMC-nin texniki servis mərkəzinə təhvil vermişdir. İş materiallarına əlavə edilmiş 17.05.2022-ci il tarixli texniki rəydən görünür ki, “DELONGHİ” markalı kofe üyüdən - adlı cihazda qüsur aşkar olunmamışdır. Yaranan qüsur aksessuardadır (bıçaq sınmışdır və dəyişilməsi ödənişlidir). Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında 15.02.2021-ci il tarixli Müddətli (Nisyə) alqı-satqı müqaviləsi bağlanmış, iddiaçı tərəf müqavilə üzrə üzərinə düşən öhdəliklərini yerinə yetirsə də, cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş, nəticədə iddiaçıya borcu yaranmışdır. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. İşdən görünür ki, nisyə alqı-satqı müqaviləsi üzrə yaranmış borcun ödənilməsi barədə iddiaçı tərəfindən cavabdehə bildiriş göndərilmiş, lakin qanunda müəyyən edilmiş müddətin keçməsinə baxmayaraq cavabdeh borcun ödənilməsini təmin etməmişdir. Azərbaycan Respublikası MM-nin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Mülki Məcəllənin öhdəliklərin icra edilməməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyən normalarına görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (442). Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (443.1). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır (445.2.1). Belə olan halda, məhkəmə hesab edir ki, Cavabdeh alqı-satqı müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri lazımi qaydada icra etməməklə alqı-satqı müqaviləsinin şərtlərini əhəmiyyətli dərəcədə pozmuşdur. Belə olan halda, məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi üzrə yaranmış 94 manat borcun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində iddia tələbi əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehin müqavilə öhdəliklərini yerinə yetirməməsinə görə hesablanmış 14,1 manat məbləğində dəbbə pulu tənasübsüz surətdə yüksəkdir. Bu səbəbdən iddia həmin hissədə qismən təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə dəbbə pulu qismində 1 manat pul tutulmalıdır. Məhkəmə cavabdehin məhsulun qüsurlu olması, sözügedən qüsurun zəmanət talonuna əsasən iddiaçı tərəfindən aradan qaldırılmalı olduğu halda ondan qanunsuz olaraq ödəniş tələb edilməsi barədə dəlilləri ilə razılaşmır. Belə ki, "xxxx" MMC tərəfindən “DELONGHİ” markalı kofe üyüdənə görə Cavabdeh verilmiş 15.02.2021-ci il tarixli 419889 saylı məişət zəmanət talonunun şərtlərinə görə zəmanətli təmir yalnız istehsalçının günahından baş vermiş qüsurlara aid edilir. Zəmanət talonunun 6-cı bəndindən görünür ki, məhsulun çıxan, dönən aksessuarlarının və sərfiyyat materiallarının təmiri məhsulun təmirinə aid olunmur: pult, kabel, klaviatura, korpus, ötürücülər, qulaqcıq, adaptor, mikrafon, kompakt-disklər, çexollar, çantalar, filtr, tor, torba, şlanq, bıçaq, kartric və s. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, cavabdehin aldığı məhsulun istifadə zamanı bıçağı qırılmışdır. Bunu cavabdeh özü də izahatında təsdiq etmişdir. Zəmanət talonunun şərtlərinə görə isə məhsulun aksessuarı, hazırki halda bıçağı zəmanətlə əhatə olunmur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə dövlət rüsumu ilə bağlı hesab edir ki, iddia qismən (təxminən 87% həcmində) təmin edildiyindən iddiaçı tərəfindən ödənilən 30 manat dövlət rusumunun 26 manatı cavabdehdən tutulmalı, 4 manatı isə iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. 15.02.2021-ci il tarixli ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 17.01.2022-ci il tarixinə yaranmış 94 (doxsan dörd) manat əsas borc və 1 (bir) manat cərimə borcu olmaqla, ümumilikdə 95 (doxsan beş) manat borc və ödənilmiş dövlət rüsumunun 26 (iyirmi altı) manat hissəsi Cavabdeh tutularaq "xxxx" MMC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar