Məhkəmə qərarları › İş №e-2(060)-1878/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-1878/2023

11.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-1878/2023 11.04.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment miqdarının dəyişdirilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-13680/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının dəyişdirilərək, cavabdehdən xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında alimentin tutulması qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 117 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Cavabdehlə ayrılmışdır. Cavabdeh uşağı ilə görüşmür, uşağın saxlanılmasına köməklik göstərmir, hal-hazırda X6 Yardım Stansiyasında çalışır. Aylıq maaşı 1400 manat təşkil edir, yaxşı qazanc əldə edir. Yaxşı gəlir əldə etsə də, uşaqların saxlanılmasına köməklik göstərmir. Hazırda müəyyən olunmuş aliment miqdarı indiki reallıqda uşağın saxlanılması üçün kifayət deyildir. Belə ki, təyin olunmuş məbləğ uşağın geyimi, qidalanması təhsili və s. bu kimi işlərin görülməsi üçün faktiki olaraq kifayət etmir. Hazırda sabit pul məbləğində müəyyən edilmiş aliment miqdarının artırılmasına zərurət yaranmışdır və ona görə də məhkəməyə müraciət etmək məcburiyyətindədir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, ərizə ilə eyni məzmunlu izahat verdi və onun təmin olunmasını xahiş etdi. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbi ilə razı olduğunu və heç bir etirazı olmadığını bildirmiş və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyərək, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-13680/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsindən görünür ki, Cavabdeh xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 117 manat sabit pul məbləğində alimentin xx.xx.2016-cı il tarixdən başlayaraq tutulub X1 verilməsi qət edilmişdir. - Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2014-cü il təvəllüdlü X3 adlı övladları vardır. - İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, iddiaçı ilkin məcburi mediasiya sessiyasında iştirak etmiş və mediasiyaya dair 50 manat xərci ödəmişdir, lakin cavabdeh iştirak etməmişdir. - Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatlardan görünür ki, iddiaçı 600 manat pensiya alır. - Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatlardan görünür ki, cavabdeh “X8” X7 həkim işləyir, aylıq əmək haqqı 1464.4 manat təşkil edir. Beləliklə, araşdırma zamanı müəyyən olunmuşdur ki, tərəflərin birgə nikahından bir uşaq dünyaya gəlmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə uşağın saxlanılması üçün atadan aliment tutulmuşdur. Hazırda iddiaçı aliment məbləğinin dəyişdirilərək, cavabdehin qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında alimentin ödənilməsini xahiş edir. Cavabdeh iddia ilə razıdır. İddiaçı 600 manat pensiya alır. Cavabdeh həkim işləyir və əmək haqqı 1464.4 manat təşkil edir. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci və 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1 və 76.1.1-ci maddəsinin məzmunundan görünür ki, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə-qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. İşin məhkəmə iclasında araşdırılan hallarına əsasən Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-13680/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsinə əsasən müəyyən olunmuş aliment miqdarı hazırda uşağın saxlanılması üçün kifayət etmir. Belə ki, uşağın böyüməsi ilə əlaqədar onun maddi tələbatları getdikcə artır, iddiaçı isə, övladının saxlamaqda maddi baxımdan çətinlik çəkir. Bu halda məhkəmə hesab edir ki, iddiaçının marağı əhəmiyyətli dərəcədə pozulur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə görə, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinə görə, hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən 2023-cü il uşaqlar üçün yaşayış minimumu 220 manat məbləğində müəyyən edilmişdir. Beləliklə, məhkəmə tərəflərin maddi və ailə vəziyyətlərini, yetkinlik yaşına çatmayan uşağın yaşını, qida və digər zəruri xərclərə tələbatlarını, qanunvericiliyin tələbinə görə hər iki valideynin uşaqları saxlamağa borclu olduqlarını, iddiaçının pensiya almasını və cavabdehin müntəzəm gəlirinin olmasını, cavabdehin razılığını nəzərə alaraq hesab edir ki, iddia təmin olunmalı, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-13680/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilməli, cavabdehdən hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay cavabdehin qazancının və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment iddiaçının xeyrinə tutulmalıdır. AR MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.1-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Həmin Qanunun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumundan azad edilir. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Məhkəmə qeyd edir ki, bir il ərzində alimentin artırılmış hissənin ödənilməli məcmu məbləği 1000 manatdan az olduğu üçün qanunvericiliyin tələbinə əsasən 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-13680/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilsin, hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay Cavabdeh qazancının və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutularaq İddiaçı verilsin. İddianın verilməsinə görə 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar