Məhkəmə qərarları › İş №e-2(060)-19/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-19/2024

12.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-19/2024 12.01.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçının vəkili Vəkil, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh elektrik enerjisindən istifadəyə görə 1574 manat, qaz təchizatı ilə bağlı isə 24 manat qalıq borc və ümumi təmir bərpa işləri üçün 4793 manat olmaqla, ümumilikdə 6391 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi Vəkil dəqiqləşmə verərək, iddia tələbinin “icarəyə verilmiş əmlakın dəyişməsi və pisləşməsi nəticəsində zərərin əvəzinin ödənilməsi” kimi qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, daşınmaz əmlakın dövlət reyestrinin ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli çıxarışına əsasən, Sumqayıt şəhəri, 10-cu məhəllə ərazisində (AZ5000, Sumqayıt şəhəri, Heydər Əliyev prospekti, 19A) yerləşən ümumi sahəsi 118.6 kv.metr olan qeyriyaşayış binası ona məxsusdur. Əvvəllər nə özü, nə də başqa şəxslər tərəfindən istifadə olunmamışdır. Belə ki, ilk dəfə xx.xx.2019-cu il tarixli icarə müqaviləsinə əsasən həmin qeyri-yaşayış binasını 300 manat icarə haqqı ödəməklə Cavabdeh icarəyə vermişdir. Həmin müqaviləyə əsasən cavabdeh aylıq ödənişlərini ödəməklə həmin qeyri-yaşayış binasından istifadə etmişdir. Cavabdeh öz istəyi ilə 2022-ci ilin oktyabr ayında özünə məxsus əşya və əmlaklar ilə oradan çıxartmış və açarları ona təhvil verərək, icarə münasibətlərini davam etdirmək istəmədiyini bildirmişdir. O da cavabdehlə razılaşmışdır. Lakin, cavabdeh onun əmlakından 3 il ərzində istifadə edərkən, həmin qeyri-yaşayış sahəsini çox bərbad vəziyyətə gətirmiş, əmlakdan səliqəsiz istifadə etdiyi üçün binanın təmirinə çox ciddi ziyan vurmuşdur. Ziyan ilə bağlı cavabdehə iradını bildirdikdə isə ona hər hansı məbləğ ödəməkdən imtina etmişdir. Həmçinin cavabdehin əmlakdan istifadəsi nəticəsində kommunal borclar yaranmışdır. Belə ki, halhazırda elektrik enerjisindən istifadəyə görə 1574 manat, qaz təchizatı ilə bağlı isə 24 manat qalıq borc yaranmışdır. Bu məbləğlər də cavabdeh tərəfindən ödənilməmişdir. Bütün bu səbəblərdən o, əmlakını yenidən icarəyə verə bilmir. Əmlakını yenidən təmir etməklə bağlı təmir bərpa işlərinin görülməsi üçün müvafiq təşkilata müraciət etmiş və ümumi təmir bərpa işləri üçün 4793 manat məbləğində pul lazım olduğundan məhkəməyə müraciət etməyə məcbur olmuşdur. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddianı müdafiə etdiyini bildirdi və onun təmin olunmasını xahiş etdi. O, eyni zamanda qeyd etdi ki, kommunal və obyektin təmir-bərpa işləri xərcləri iddiaçı tərəfindən ödənilmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddianı qismən, yalnız kommunal borclar hissəsində qəbul etdiyini bildirdi. Əvvəlki məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə2 izahatında göstərdi ki, xx.xx.2019-cu il tarixli icarə müqaviləsinə əsasən sözügedən qeyri-yaşayış binası 300 manat icarə haqqı ödəməklə Cavabdeh icarəyə verilmişdir. Cavabdeh öz istəyi ilə 2022-ci ilin oktyabr ayında özünə məxsus əşya əmlakı oradan çıxrtmış və açarları ona təhvil verərək, icarə münasibətlərini davam etdirmək istəmədiyini bildirmişdir. O da onunla razılaşmışdır. Lakin, cavabdeh əmlakdan 3 il ərzində istifadə edərkən, həmin qeyri-yaşayış sahəsini çox bərbad vəziyyətə gətirmiş, əmlakdan səliqəsiz istifadə etdiyi üçün binanın təmirinə çox ciddi ziyan vurmuşdur. Ziyanla bağlı cavabdehə irad bildirdikdə nə vaxtsa obyekti tərk edərsə təmir edəcəyini bildirmiş, lakin sonra ödəməkdən imtina etmişdir. Həmçinin, cavabdehin əmlakdan istifadəsi nəticəsində kommunal borclar yaranmışdır. Belə ki, hal-hazırda elektrik enerjisindən istifadəyə görə 1574 manat, qaz təchizatı ilə bağlı isə 24 manat qalıq borc yaranmışdır. Bu məbləğlər də cavabdeh tərəfindən ödənilməmişdir. Bütün bu səbəblərdən əmlakı yenidən icarəyə verə bilmirlər. Əmlakın yenidən təmir edilməsi ilə bağlı təmir bərpa işlərinin görülməsi üçün müvafiq təşkilata müraciət edilmiş və ümumi təmir bərpa işlərinə 4793 manat məbləğində pul sərf olunmuşdur. Məhkəmə, tərəflərin nümayəndələrinin izahatını, iddiaçının vəkilini dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Daşınmaz əmlakın dövlət reyestrinin verdiyi çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, 10-cu məhəllə ərazisində (AZ5000, Sumqayıt şəhəri, Heydər Əliyev prospekti, 19A) yerləşən ümumi sahəsi 118.6 kv.metr olan qeyri-yaşayış binasının mülkiyyətçisi İddiaçıdır və daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində ********** nömrəsi ilə xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmışdır. - "xxxx" ASC-nin hesab ödəniş vərəqindən görünür ki, abonent kodu **********0 olan ünvana xx.xx.2022-ci il tarixinə 1574.04 manat borc hesablanmışdır. - Sumqayıt Qaz İstismar Sahəsinin xx.xx.2022-ci il tarixli aktından və əmlaka dair abonentin saldosundan görünür ki, abonent kodu **********00100 olan ünvana 24.75 manat borc hesablanmışdır. - Tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli icarə müqaviləsindən görünür ki, icarəyə verən İddiaçı Sumqayıt şəhəri, 10-cu məhəllə ərazisi, AZ5000, Sumqayıt şəhəri, Heydər Əliyev prospekti istifadədə olan 0.0072 ha torpaq sahəsində 19A ünvanında yerləşən ümumi sahəsi 118.6 kv.metr olan digər daşınmaz əmlakın (qeyri-yaşayış binası) tam mülkiyyət üzrə ona məxsus hissəsindən 60 kv.metr ərazini icarəçi Cavabdeh aylıq 300 manat olmaq şərtilə xx.xx.2024-cü il tarixinədək icarəyə vermişdir. - Həmin müqavilənin 11-ci bəndindən görünür ki, kommunal xidmətlərdən (elektrik, qaz, su, istilik, kanalizasiya və telefon abunə) istifadə edilməsinə görə haqqlar, habelə şəhərlərarası və ödənişli telefon danışıqları haqqı, o cümlədən vergi haqqları “İcarəçi” lər tərəfindən ödənilir. - "xxxx" MMC-nin ünvan 3 ünvanında yerləşən ictimai iaşə xidməti təyinatlı qeyri-yaşayış binasında yerinə yetirilməsi nəzərdə tutulan təmir-bərpa işlərinin bazar qiymətləri ilə smetasından görünür ki, smeta dəyəri 4793 manatdır. - Sifarişçi Nümayəndə2 və icraçi tərəfdən "xxxx" MMC-nin nümayəndəsi X2 tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli aktın surətindən görünür ki, ünvan 4 ünvanında yerləşən ictimai iaşə xidməti təyinatlı qeyri-yaşayış binasında Forma-2 üzrə yerinə yetirilmiş təmir-bərpa işlərinin qəbulu haqqında aktda adları qeyd edilən işlər görülmüş, təhvil verilmiş və bu işlərin dəyəri 4793.40 manat pul vəsaiti olaraq icraçıya nəğd şəkildə ödənilmişdir. - İş üzrə xx.xx.2023-cü il tarixli, 10/4075 saylı ekspert rəyinə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdə iş üzrə ekspertiza tədqiqatının dəyərinin 50 manat təşkil etdiyi göstərilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər xx.xx.2019-cu il tarixdə beş illik icarə müqaviləsi bağlamış, lakin həmin müddət başa çatmamış 2022-ci ilin noyabrında kirayə münasibətlərinə son vermişlər. Cavabdehin həmin obyektdə fəaliyyəti dövrünə aid 1574 manat elektrik enerjisinin, 24 manat isə təbii qazın istehlakına dair borc yaranmışdır. Bundan əlavə icarəyə götürülmüş tikiliyə ziyan vurulmuşdur. İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli, 10/4075 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə, o cümlədən baxış zamanı əldə olunmuş və mülki iş materiallarında olan məlumatlara əsasən, Sumqayıt şəhəri, 10-cu məhəllə ərazisində (AZ5000, Sumqayıt şəhəri, Heydər Əliyev prospekti, 19A) yerləşən qeyri-yaşayış binasında mövcud olmuş qüsurların aradan qaldırılması üçün çəkilməli xərc orta bazar qiymətlərinə uyğun təqribən 4909 manat məbləğində müəyyən olunur. İsti döşəməsinin ziyan dəymiş hissələrinin bərpası üçün çəkilməli xərc orta bazar qiymətlərinə uyğun təqribən 200 manat məbləğində müəyyən olunur. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Bu Məcəllənin 682-ci maddəsinə əsasən kirayəçi kirayəyə götürdüyü əşyanın müqavilə üzrə istifadəsi nəticəsində dəyişməsi və ya pisləşməsi üçün məsuliyyət daşımır. Həmin Məcəllənin 697.2-ci maddəsinə əsasən əgər kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra kirayəçi kirayəyə götürdüyü əşyanı qaytarmırsa, kirayəyə verən kompensasiya olaraq əşyanın saxlandığı müddət üçün müəyyənləşdirilmiş kirayə haqqının verilməsini tələb edə bilər; otaqların kirayəsi üzrə hüquq münasibətlərində bunun əvəzinə kompensasiya kimi o, həmin ərazidə bu cür otaqların kirayəsi üçün adətən tutulan məbləğdə kirayə haqqı verilməsini tələb edə bilər. Digər zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ da istisna edilmir. Lakin yaşayış otaqlarını kirayəyə verən digər zərərin əvəzinin ödənilməsini yalnız o halda tələb edə bilər ki, əşya kirayəçinin cavabdeh olduğu halların nəticəsində qaytarılmasın; zərərin əvəzi yalnız həmin şəraitdə haqq-ədalətin tələb etdiyi dərəcədə ödənilir. Əgər kirayəçi ləğvetməyə dair bildiriş verərsə, bu müddəa tətbiq edilmir. Bu Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 700.3-cü maddəsinə əsasən əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Bu Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Bu Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, tərəflər arasında bağlanmış icarə müqaviləsinə əsasən kommunal xidmətlərdən (elektrik, qaz, su və s.) istifadəyə görə ödənişləri etmək vəzifəsini cavabdeh daşıdığından, eləcə də sonuncu iddianı bu hissədə qəbul etdiyindən, həmçinin Cavabdeh tərəfindən iddiaçıya maddi ziyan vurulması və buna gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməli, habelə dəymiş zərərin məbləğinin tələb həddində olması iş materialları ilə təsdiqləndiyindən, iddia əsaslıdır. Belə ki, icarəyə götürülmüş tikiliyə ziyan, əmlakın tərəflər arasında bağlanmış müqavilə üzrə istifadəsi nəticəsində deyil, cavabdehin həmin sazişdən kənar əməli nəticəsində vurulmuşdur. Çünki, divarlarda müxtəlif diametrli dəliklərin açılması, reklam xarakterli quş, heyvan şəkillərinin çəkilməsi, habelə isti döşəmənin, ümumilikdə bütün döşəmənin sıradan çıxarılması müqavilə üzrə istifadədən irəli gələn deyil, bu anlayışın sərhədlərini aşan hərəkətin nəticəsidir. Məhkəmə hesab edir ki, qanunvericilik “müqavilə üzrə istifadə nəticəsində dəyişmə və ya pisləşmə” dedikdə, əşyanın müvafiq fəaliyyətə bağlı aşınmasını nəzərdə tutmuşdur. Odur ki, reklam işləri, binaya bilavasitə, fəaliyyət nəticəsində olmayan ziyan vurulması hüquqa zidd əməl kimi qiymətləndirilməlidir. İddiaçının nümayəndəsi Nümayəndə2 məhkəmə araşdırması zamanı verdiyi izahatından da görünür ki, cavabdehə vurulmuş ziyanla bağlı irad bildirildikdə, sonuncu obyekti təhvil verdikdə təmir edəcəyini demiş, lakin bunu etməmişdir. Cavabdehin nümayəndəsi bu dəlili qəbul etməsə də, məhkəmə, hər hansı mülkiyyətçinin onun əmlakının yararsız hala salınması ilə razılaşmasını və təmirini tələb etməməsini ağlabatan hesab etmir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, sözügedən əmlakın təmir-bərpa işlərinə görə ödənilmiş pulun cavabdeh tərəfindən iddiaçıya qaytarılması öhdəliyinin əsasını delikt təşkil edir. Cavabdehin bu öhdəliyi zərər vurulma nəticəsində əmələ gəlmişdir. Ona görə də iddia bu hissədə tələbin maddi hüquqi əsasına uyğun olaraq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096, 1097.1 və 1115-ci maddələrinin tələbləri çərçivəsində həll edilməlidir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən məhkəmə ekspertizası tədqiqatının dəyərinin əvəzi olaraq Cavabdeh 50 manat tutularaq X1 hesabına ödənilməlidir. Belə ki, AR MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh elektrik enerjisindən istifadəyə görə 1574 manat, qaz təchizatı ilə bağlı 24 manat borc və ümumi təmir bərpa işləri üçün 4793 manat olmaqla, ümumilikdə 6391 manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Məhkəmə ekspertizası tədqiqatının dəyəri olaraq Cavabdeh 50 manat tutularaq X1 müxbir hesabına köçürülsün. (Kod:210005,VÖEN:**********, Müxbir hesab:AZ41NABZ********************) Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar