Məhkəmə qərarları › İş №e-2(060)-1912/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-1912/2022

14.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-1912/2022 14.03.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X1 oğlunun katibliyi ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 oğluna qarşı borcun tutulması tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı QSC (bundan sonra - iddiaçı) Cavabdeh1 və Cavabdeh2 oğluna (bundan sonra – cavabdehlər) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 909,37 manat məbləğində kredit borcu, 126,80 manat faiz borcu və 273,71 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə, 1309,88 manat məbləğində borcun və ödənilmiş 33,1 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 iddiaçı ilə bağladığı 28.02.2020-ci il tarixli, 003L**********95 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 ay müddətinə 300000 manat məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət avrıcə olaraq kredit razılaşması ilə müəyyən olunur. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh2 iddiaçı ilə bağladığı 28.02.2020-ci il tarixli 003R********** saylı kredit razılaşması əsasında 18 ay müddətinə, aylıq faiz dərəcəsi 2.0833% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 1500 manat məbləğində kredit götürmüşdür. Cavabdeh2 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 03.12.2020-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh2 götürdüyü kredit borcundan 590,63 manat ödəmiş, onun 909,37 manat məbləğində kredit borcu qalmışdır. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh1 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. O, zaminlik müqaviləsinin 1.1 bəndinə əsasən uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh2 ilə birgə məsuliyyət daşıyır və uzunmüddətli kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə (bundan sonra - MPM) əsasən Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir (284-1). Ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. (284-5.1.). Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər (284-5.2.). Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır (284-5.3.). İddia ərizəsi 09.02.2022-ci il tarixində məhkəməyə daxil olmuşdur. Ərizə məhkəməyə daxil olduqdan sonra icraata qəbul edilmiş, cavabdehlərə bildiriş göndərilmiş və iddiaya dair yazılı etirazını və əlavə edilmiş sənədləri 10 iş günü müddətində məhkəməyə təqdim etməsi təklif edilmişdir. Cavabdehlərin iddia tələbi ilə bağlı etirazları məhkəməyə daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materialları ilə müəyyən edilir ki, Cavabdeh2 xx.xx.1978-ci ildə ünvan 1 ünvanında qeydiyyatdadır. Digər Cavabdeh1 isə xx.xx.1979-cu ildə, Sumqayıt şəhərində anadan olmuşdur. O, Sumqayıt şəhəri, Corat bağlar ərazisi ünvanında qeydiyyatdadır. Cavabdeh2 ilə iddiaçı arasında bağlanan 28.02.2020-ci il tarixli, 003L**********95 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən cavabdehə 120 ay müddətinə, illik 28 faiz dərəcəsilə 300000 manat məbləğində kredit xətti açılmışdır. Cavabdeh2 ilə iddiaçı arasında bağlanan 28.02.2020-ci il tarixli, 003R********** saylı kredit razılaşmasına əsasən iddiaçı tərəfindən Cavabdeh2 18 ay müddətinə 1500 manat məbləğində kredit verilmişdir. İşdə olan 28.02.2020-ci il tarixli köçürmə barədə qəbz bunu təsdiq edir. Kredit müqaviləsi üzrə ödəniş planına əsasən Cavabdeh2 18 ay müddətinə hər ay 101 manat, sonuncu ay isə 110,12 manat ödəniş etməli idi. İddiaçı ilə bağlanmış 28.02.2020-ci il tarixli, 003S**********01 nömrəli zaminlik müqaviləsinə əsasən kredit müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh1 iddiaçı qarşısında zamin olmuşdur. İşdə olan maliyyə arayışına əsasən Cavabdeh2 30.09.2021-ci il tarixə əsas borc üzrə 909,37 manat, faiz borcu üzrə 126,80 manat, cərimə borcu üzrə 273,71 manat olmaqla, cəmi 1309,88 manat borcu vardır. İş materiallarında olan 12.03.2021-ci il tarixli mədaxil qəbzindən müəyyən olunur ki, iddiaçı iddia ərizəsinin verilməsi ilə bağlı 33,1 manat dövlət rüsumu ödəmişdir. İşdən göründüyü kimi iddiaçı tərəfindən cavabdehlərə borcun qaytarılması haqqında pretenziya məktubları (xəbərdarlıqlar) göndərilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (739.1). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (739.2). Göründüyü kimi iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış kredit razılaşmasına əsasən o, 18 ay müddətinə, aylıq faiz dərəcəsi 2,0833 faiz olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 1500 manat məbləğində kredit götürmüşdür. Mülki Məcəllədə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (442). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (445.2.1). Göründüyü kimi Cavabdeh2 kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirmədiyi üçün iddiaçı müqavilə üzrə əsas və faiz borcunun tutulması tələbi ilə çıxış etməkdə haqlı olmuşdur. Məhkəmə hesab edir ki, maliyyə arayışında göstərilən məbləğdə əsas borc və faiz borcu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə dəbbə pulu ilə bağlı aşağıdakıları qeyd edir. Mülki Məcəlləyə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir (462.1.). Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir (467). Məhkəmə hesab edir ki, 909,37 manat əsas borc məbləğinə 273,71 manat cərimənin hesablanaraq tələb edilməsi zamanı iddiaçı tərəfindən əsas borcla cərimə məbləği arasında tənasüb gözlənməmişdir. Bu səbəbdən məhkəmə cərimə məbləğinin azaldılaraq 50 manat məbləğində müəyyən edilməsini daha ədalətli hesab edir. Mülki Məcəlləyə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür (470.1.). Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar (472.1.). Göründüyü kimi Cavabdeh1 zaminlik müqaviləsinə əsasən Cavabdeh2 iddiaçı qarşısında kredit öhdəliyi üzrə zamin olmuşdur. Zaminlik müqaviləsinə əsasən o iddiaçı qarşısında kredit müqaviləsi üzrə Cavabdeh2la birgə məsuliyyət daşıyır. Bu səbəbdən Cavabdeh2un kredit müqaviləsinə əsasən yaranmış borcu onunla birlikdə Cavabdeh1 dən müştərək qaydada tutulmalıdır. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 33,1 manat dövlət rüsumunun 15 manatı cavabdehlərə aid edilməlidir. Yuxarıdakılara əsasən və MPM-in 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Əsas borc üzrə 909,37 manat, faiz borcu üzrə 126,80 manat, cərimə üzrə 50 manat olmaqla, cəmi 1086 (min səksən altı) manat 17 (on yeddi) qəpik məbləğində pul və iddia ərizəsi verilməsi üçün ödənilmiş 33,1 manat dövlət rüsumundan 15 manat cavabdehlər Cavabdeh2 oğlundan və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar