Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-1918/2022 05.05.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, İddiaçı «X1» Bakı filialının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə, İddiaçı «X1» Bakı filialının cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı kredit və kredit borcuna görə hesablanmış faizlərin ödənilməsi tələbinə dair mülki işə 05 may 2022-ci il tarixdə Sumqayıt şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı «X1» Bakı filialı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 3.035,15 manat (bundan 2.826,31 manat əsas borc və 208,84 manat faiz borcu təşkil edir) məbləğində 07 fevral 2022-ci il tarixinə olan kredit borcunun və ödənilmiş 50,35 manat dövlət rüsumunun tutularaq «X1» Bakı filialına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı «X1» Bakı filialı iddia tələbini onunla əsaslandırmışdır ki, «X1» Bakı filialı ilə Cavabdeh2 arasında imzalanmış «27» iyul 2020-ci il tarixli 359 nömrəli Kredit müqaviləsinə əsasən sonuncuya illik kreditdən istifadə haqqı 19% olmaqla 18 ay müddətinə 5.000 manat məbləğində kredit verilmişdir. Həmən tarixdə verilmiş kreditin qaytarılmasının təminatı kimi «X1» Bakı filialı ilə Cavabdeh3 arasında 559 saylı və Cavabdeh1 arasında 560 saylı Zaminlik müqaviləsi imzalanmışdır. Kredit müqaviləsinin 4.1-ci maddəsinə əsasən «Borcalan» ssuda hesabında qalıq əmələ gəldiyi gündən 1 ay sonradan başlayaraq hər ayın həmin günü Banka ssuda borcu ssuda hesabının qalığına hesablanmış faizlərdə daxil olmaqla 321.42 manat ödəməli idi. Bu müqavilənin 2.2-ci bəndinə görə «Borcalan» tərəfindən «Kredit müqaviləsi»nin hər hansı bir şərti pozulduqda «Bank» verilmiş krediti hesablanmış faizlərlə birlikdə vaxtından əvvəl ödənilməsini tələb etmək hüququ vardır. Müqavilə şərtlərinə uyğun olaraq «Borcalan» 07 Fevral 2022-ci il tarixə «Bank»a kredit borcu üzrə 6226.15 manat ödəniş yerinə yetirməli idi. Lakin 07.02.2022-ci il tarixə kimi «Borcalan» tərəfindən «Banka»a 3191,00 manat ödəniş həyata keçirilmişdir. Tərəflərindən borcalana kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməsi üçün dəfələrlə yazılı və şifahi xəbərdarlıqlar olunmuşdur. Lakin borcalan kredit borcunu yerinə yetirməmişdir. Kredit müqaviləsinin 5.1-ci bəndinə əsasən kredit vaxtında ödənilmədikdə gecikdirilmiş hər bir gün üçün, «Borcalan» «Bank»a illik 29% ödəməlidir. 07 Fevral 2022-ci il tarixə cavabdehin «Bank»a olan borcu müqavilə şərtlərinə əsasən hesablamış faizlərlə birlikdə 3.035,15 manat təşkil edir. Bundan 2.826,31 manat əsas borc və 208,84 manat faiz borcu təşkil edir. Cavabdehə dəfələrlə şifahi və yazılı müraciət edilərək, kredit müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsi tələb olunsa da, onun tərəfindən bu öhdəliklərin yerinə yetirilməsi üçün heç bir tədbir göstərilməmişdir. Cavabdeh2 ilə bağlanmış 27 iyul 2020-ci il tarixli, 359 saylı Kredit müqaviləsinin təminatı olaraq həmin tarixdə Cavabdeh3 arasında 559 saylı və Cavabdeh1 arasında 560 saylı Zaminlik müqaviləsi imzalanmışdır. Zaminlik müqaviləsinin 1.1-ci bəndinə görə Zamin borcalan bank qarşısında öz öhdəliyini yerinə yetirənədək bank qarşısında borcalanla birlikdə məsuliyyət daşıyır. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı «X1» Bakı filialının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Qanuni nümayəndə iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. 13.04.2022-ci il tarixli məhkəmə hazırlıq iclasında iştirak edən Cavabdeh2 iddia tələbini qəbul edərək bildirmişdir ki, iddia tələbini qəbul edir, həqiqətən də iddiaçı bankdan kredit götürmüş, bir müddət ödəniş etsə də, sonradan müəyyən səbəblərə görə ödəniş edə bilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada (məhkəmə bildirişinin kötüyünə imza etməklə və SMS xəbərdarlığın AZEMİS vasitəsi ilə göndərilməsinə dair bildirişə əsasən) xəbərdar edilməsinə baxmayaraq iş üzrə cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə heç bir məlumat verməmişdirlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İş materiallarında olan iddiaçı «X1» Bakı filialı ilə Cavabdeh2 arasında bağlanılmış 27 iyul 2020-ci il tarixli 359 nömrəli Kredit müqaviləsindən görünür ki, Cavabdeh2 istehlak məqsədilə illik 19 faiz hesablanması şərti ilə 18 ay müddətinə 5000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 27.07.2020-ci il tarixli 559 saylı və 27.07.2020-ci il tarixli 560 saylı zaminlik müqavilələrinə əsasən, Cavabdeh3 və Cavabdeh1 kreditor qarşısında borclu Cavabdeh2 27 iyul 2020-ci il tarixli 359 nömrəli Kredit müqaviləsi üzrə öhdəliklərini tamamilə icra etməsi üçün məsuliyyəti tam olaraq üzərinə götürmüşdürlər. İş materiallarında olan 27.07.2020-ci il tarixli məxaric orderindən görünür ki, Cavabdeh2 5000 manat məbləğində pulu «X1» Bakı filialından qəbul etmişdir. İş materiallarında olan 07.02.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 «X1» Bakı filialına 27 iyul 2020-ci il tarixli 359 nömrəli Kredit müqaviləsi üzrə 07.02.2022-ci il tarixinə 2826,31 AZN məbləğində əsas borc, 208,84 AZN məbləğində faiz borcu, ümumilikdə isə 3035,15 AZN pul borcu vardır. İşdə olan 04.02.2021-ci il traixli və 05.02.2021-ci il tarixli məktublardan görünür ki, yaranmış borcunu ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 yazılı bildirişlər ünvanlanmışdır. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında 27 iyul 2020-ci il tarixli 359 nömrəli Kredit müqaviləsi imzalanmışdır. İddiaçı Bank sözügedən müqavilə üzrə üzərinə düşən öhdəliyini yerinə yetirsə də, borclu Cavabdeh2 öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş, nəticədə banka borcu yaranmışdır. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Borc müqaviləsinin anlayışına aydınlıq gətirən Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Mülki Məcəllənin öhdəliklərin icra edilməməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyən normalarına görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (442). Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (443.1). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır (445.2.1). Mülki Məcəllənin 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Hazırki iş üzrə zaminlik müqavilələrində borclunun kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zaminlərin Bank qarşısında məsuliyyəti tam olaraq öz üzərinə götürdüyü və Borclu ilə birlikdə Bank qarşısında məsuliyyət daşıdığı nəzərdə tutulmuşdur. Belə olan halda, məhkəmə hesab edir ki, müqavilə üzrə yaranmış 2826,31 manat əsas borc və 208,84 manat faiz borcunun əsas borclu və zamin olan cavabdehlərdən iddiaçının xeyrinə tutulması barədə iddia tələbi əsaslıdır. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 50,35 manat da cavabdehdən alınmalı və iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 07 fevral 2022-ci il tarixə olan 2.826,31 (iki min səkkiz yüz iyirmi altı manat otuz bir qəpik) manat əsas borc və 208,84 (iki yüz səkkiz manat səksən dörd qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 3.035,15 (üç min otuz beş manat on beş qəpik) manat məbləğində kredit borcu və ödənilmiş 50,35 (əlli manat otuz beş qəpik) manat ödənilmiş dövlət rüsumu tutularaq «X1» Bakı filialına ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №e-2(060)-1918/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-1918/2022
05.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver