Məhkəmə qərarları › İş №e-2(060)-1931/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-1931/2024

06.06.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-1931/2024 06.06.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi, İddiaçı və onun etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil1, Cavabdeh “X3 Şirkəti” MMC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh “X3 Şirkəti” MMC-yə qarşı vurulmuş maddi ziyan tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh “X3 Şirkəti” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh «X3 Şirkəti» MMC-dən onun işçisi olmuş Bayramov İsməli Həmid oğlunun törətdiyi əmələ görə dəymiş zərərin əvəzi kimi 55 000 (əlli beş min) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 255 manat, cəmi 55 255 (əlli beş min iki yüz əlli beş) manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1971-ci il tarixdə anadan olub. Onunla Cavabdeh arasında 01 oktyabr 2006-cı il tarixli, 154 nömrəli icarə müqaviləsi bağlanmışdır. Onunla cavabdeh MMC arasında bağlanan 01 oktyabr 2006-cı il tarixli, 154 nömrəli icarə müqaviləsinə əsasən o, Sumqayıt şəhəri, 32-ci məhəllədə yerləşən Karvan Ticarət Mərkəzində 154 saylı mağazanın ümumi sahəsi 15 kv.m olan əmlakı ticarət fəaliyyəti üçün – kişi ayaqqabılarının pərakəndə satışı üçün icarəyə götürüb. İcarə sahəsinin yerləşdiyi ticarət mərkəzinin yanğın təhlükəsizliyinə və s. icarəyə verənin təyin etdiyi məsu lşəxslər cavabdehlik daşımışdır. Cavabdeh MMC-nin direktoru X1 verdiyi 02 mart 2010-cu il tarixli, 05 saylı əmrə əsasən ticarət mərkəzində yanğın təhlükəsizliyinə riayət edilməsi üçün cavabdehlik daşıyan şəxslərdən biri də Bayramov İsməli Həmid oğlu olmuşdur. Bayramov İsməli Həmid oğlu ticarət mərkəzində cavabdehlik daşıdığı 3-cü mərtəbədə yerləşən ayaqqabı sahəsində yanğın təhlükəsizliyinə riayət etməmiş, nəticədə baş vermiş hadisəyə görə bir çox sahibkara (icarəçilərə) ziyan dəymişdir. Bayramov İsməli Həmid oğlu barəsində Azərbaycan Respublikası CM-nin 225.2-ci maddəsi ilə cinayət işi başlanmış və həmin maddə ilə təqsirli bilinmişdir. Bayramov İsməli Həmid oğluna iş üzrə qəbul edilmiş yekun və qanuni qüvvəyə minmiş AR Ali Məhkəməsinin Cinayət Kollegiyasının 16 fevral 2017-ci il tarixli 1(102)-171/2017 saylı qərarı ilə 4 il 7 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Bütün bu faktlar sözügedən cinayət işi üzrə qəbul edilən Məhkəmə aktlarından da açıq şəkildə görünür. Qanuni qüvvəyə minmiş Sumqayıt şəhər məhkəməsinin 1(060)-9/2015 saylı, 27 aprel 2015-ci il tarixli hökmündən görünür ki, xx.xx.2013-cü il tarixdə Sumqayıt şəhəri, 32-ci məhəllədə fəaliyyət göstərən “X3 Şirkəti” MMC-yə məxsus ticarət mərkəzində yanğın baş vermiş və 19615 kv.metr sahədə yerləşən 360 sahibkarın ticarətlə məşğul olduğu mağaza və piştaxtalar içərisindəki əmlakla birlikdə yanaraq məhv olmuşdur. Karvan Ticarət Mərkəzində üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş Bayramov İsməli Həmid oğlu baş vermiş yanğın hadisəsi ilə əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 225.2-ci maddəsi ilə təqsirli bilinib 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, onun əməllərinin nəticəsində ehtiyatsızlıqdan “X3 Şirkəti” MMC-yə məxsus ticarət mərkəzinə 3 432 625 manat ziyan dəyməklə yanaşı digər zərərçəkmiş şəxslərə müxtəlif məbləğdə ziyan dəymişdir. Cinayət işi üzrə birinci instansiya məhkəməsində icraat zamanı təyin edilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının 30 iyun 2014-cü il tarixli, 18338 saylı rəyinə əsasən ona ticarət mərkəzində baş vermiş yanğına görə 55 000 (əlli beş min) manat maddi zərərin dəyməsi müəyyən edilmişdir. Bu məbləğdə zərərin vurulması məhkəmənin qanuni qüvvəyə minmiş qərarları ilə təsdiq olunmuşdur. Bu qərarları da o, sübut olaraq Məhkəməyə göndərəcək. Bayramov İsməli cavabdeh MMC-nin işçisi olduğundan və yanğın baş verən zaman MMC-nin işçisi kimi əmək fəaliyyətini davam etdirdiyindən, yanğın təhlükəsizliyinə məsul şəxs kimi vəzifə başında olmasına görə hazırda ona vurulan zərərə görə cavabdeh MMC məsuliyyət daşıyır. Həmçinin qeyd edir ki, Cinayət Prosessual Məcəllənin 183.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. Qanunvericiliyin mənasına görə iddia tələbi yalnız təqsirləndirilən şəxsə qarşı deyil, onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə də qarşı qaldırıla bilər, yəni təqsirləndirilən şəxsin əməlinə görə dəymiş ziyana görə onun işçisi olduğu hüquqi şəxs məsuliyyət daşıya bilər. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. İşçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099.1., 1099.2-ci maddələri). Bu maddələrin məzmunundan göründüyü kimi hüquqi şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək vəzifələrinin icrası zamanı onun vurduğu zərərin əvəzini ödəməlidir. İşçi dedikdə isə əmək müqaviləsi əsasında, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxs başa düşülür. İşəgötürənin sözügedən maddə ilə nəzərdə tutulmuş məsuliyyətinin yaranması üçün mülki hüquq pozuntusu törədən şəxs hüquqişəxsin işçisi olmalı, hüquqişəxsin işçisimülki hüquq pozuntusunu əmək (qulluq, mənsəb) vəzifələrinin icrasızamanı törətməlidir. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir (Mülki Prosessual Məcəllənin 82.4. maddəsi). Bu məsələ üzrə Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-9/2015 saylı, 27 aprel 2015-ci il tarixli hökmü, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(105)-117/2016 saylı, 20 may 2016-cı il tarixli qərarı və AR Ali Məhkəməsinin Cinayət Kollegiyasının 16 fevral 2017-ci il tarixli 1(102)-171/2017 saylı qərarı mövcuddur. Bu Məhkəmə aktları ilə qeyd etdiyi bütün hallar sübut olunur. Bütün bunlara əsasən qeyd etmək lazımdır ki, İsməli Bayramov cavabdeh “X3 Şirkəti” MMC-nin işçisi olmuş və üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs kimi bu qaydalara riayət etməmiş, bu səbəbdən də xx.xx.2013-cü il tarixdə saat 19:26 radələrində ticarət mərkəzinin 2-ci binasının 3-cü mərtəbəsində yanğın hadisəsi baş vermiş və 19615 kv.metr sahədə yerləşən 360 sahibkarın ticarətlə məşğul olduğu mağaza və piştaxtalar içərisindəki əmlakla birlikdə yanaraq məhv olmuşdur. Bu baxımdan hesab edir ki, o, “X3 Şirkəti” MMCyə qarşı iddia qaldırmaqda haqlıdır və bu iş üzrə ona dəymiş 55 000 (əlli beş min) manat məbləğində maddi zərər cavabdeh “X3 Şirkəti” MMC tərəfindən ödənilməlidir. Cinayət işi üzrə keçirilmiş Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə əmtəəşünaslıq ekspertizasının xx.xx.2014-cü il tarixli, 18338 saylı rəyinə əsasən aparılmış tədqiqat nəticəsində Bakı şəhərində yerləşən ticarət mərkəzlərində, mağazalarında modelinə, texniki göstəricilərinə görə mövcud olan analoji malların qiymətlərinə əsasən Sumqayıt şəhəri, 32-ci məhəllədə fəaliyyət göstərən “X3 Şirkəti” MMC-yə məxsus ticarət mərkəzində yanğın baş verməsi nəticəsində təqdim olunan siyahılara əsasən faktiki ortada olmayan müxtəlif adlı məhv olmuş malların texniki göstəricilərinə uyğun olaraq, istintaq tərəfindən onların mövcudluğu qəbule dildikdə respublika daxili orta bazar pərakəndə satış qiymətləri, nəzəri hesablama yolu ilə şərti olaraq X4 məxsus müxtəlif qiymətlərdə təzə əmlakın dəyəri cəmi 170.000 manat təşkil edir. Həmçinin bu barədə olan Məhkəmə təcrübəsi də bunu göstərir ki, hazırki iddia Sumqayıt Şəhər Məhkəməsində baxılmalıdır. Belə ki, sözügedən hadisədə zərərçəkən şəxslərdən bəziləri artıq iddia ərizəsi ilə Məhkəməyə müraciət etmiş və dəymiş zərəri tələb etmişlər. Bu zaman onlar da ümumi mülki Məhkəmələrə (Məsələn: Sumqayıt Şəhər Məhkəməsi) müraciət etmişlər. Buna misal olaraq iddiaçı X5 cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək cavabdeh “X3 Şirkəti” MMC-dən işçisi olmuş Bayramov İsməli Həmid oğlunun törətdiyi əmələ görə dəymiş zərərin əvəzi kimi 170.000 (yüz yetmiş min) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat, cəmi 170.030 (yüz yetmiş min otuz) manat pulun tutularaq X4 ödənilməsi barədə qətnamə qəbuledilməsini xahiş etmişdir. Bunun nəticəsində Sumqayıt şəhər məhkəməsinin 01 noyabr 2019-cu il tarixli qətnaməsi (hakimG.Tanrıverdiyeva), Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03 mart 2020-ci il tarixli qətnaməsi (hakimlər L.Məmmədova (sədrlik edən və məruzəçi), A.Abbasov və G.Tağızadə), Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 11 sentyabr 2020-ci il tarixli qərarı (hakimlər V.Həsənov (sədrlik edən və məruzəçi), Ə.Əhmədov və İ.Dəmirov), Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-380/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi (hakimlər Səyyad Qafari (sədrlik edən və məruzəçi), X7, X10) və Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-9/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarları (hakimlər Abiddin Hüseynov (sədrlik edən və məruzəçi), Zaur Əliyev və Əhməd Nurməmmədov) qəbul edilmişdir. Son nəticədə isə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-380/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-9/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddiaçı X2 iddiası təmin edilmişdir. Buna əsasən hesab edir ki, sözügedən hadisə nəticəsində də ona da maddi ziyan dəymişdir. Buna görə də hesab edir ki, məhkəmə qeyd etdiyi bu aktları nəzərə almalı və Azərbaycan Respublikası Məhkəmələrinin mövcud praktikasına əsasən onun iddiası da təmin edilməlidir. Bu Məhkəmə aktlarını da sübut olaraq Məhkəməyə göndərir. Göstərilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh "xxxx" MMC məhkəməyə etiraz ərizəsi ünvanlayaraq bildirmişdir ki, İddiaçı cavabdeh “X3 Şirkəti” MMC qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh “X3 Şirkəti” MMC ilə arasında 154 saylı, xx.xx.2006-cı il tarixli icarə müqaviləsi bağlanmışdır. Həmin müqavilə əsasında Sumqayıt şəhəri 32-ci məhəllədə yerləşən Karvan Ticarət Mərkəzində 154 saylı mağazanın ümumi sahəsi 15 kv.m olan əmlakı ticarət fəaliyyəti üçün- kişi ayaqqabılarının pərakəndə satışı üçün icarəyə götürmüş, icarə sahəsinin yerləşdiyi ticarət mərkəzinin yanğın təhlükəsizliyinə və s. icarəyə verənin təyin etdiyi məsul şəxslər cavabdehlik daşımışdır. Cavabdeh MMC-nin direktoru X1 verdiyi 02 mart 2010-cu il tarixli, 05 saylı əmrə əsasən ticarət mərkəzində yanğın təhlükəsizliyinə riayət edilməsi üçün cavabdehlik daşıyan şəxslərdən biri də Bayramov İsməli Həmid oğlu olmuşdur. Sonuncu ticarət mərkəzində cavabdehlik daşıdığı 3-cü mərtəbədə yerləşən ayaqqabı sahəsində yanğın təhlükəsizliyinə riayət etməmiş, nəticədə baş vermiş hadisəyə görə bir çox sahibkara (icarəçilərə) ziyan dəymişdir. Bayramov İsməli Həmid oğlu barəsində Azərbaycan Respublikası CM-nin 225.2-ci maddəsi ilə cinayət işi başlanmış və həmin maddə ilə təqsirli bilinmişdir. Bayramov İsməli Həmid oğluna iş üzrə qəbul edilmiş yekun və qanuni qüvvəyə minmiş AR Ali Məhkəməsinin Cinayət Kollegiyasının 16 fevral 2017-ci il tarixli 1(102)-171/2017 saylı qərarı ilə 4 il 7 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Qanuni qüvvəyə minmiş Sumqayıt şəhər Məhkəməsinin 1(060)-9/2015 saylı, xx.xx.2015-ci il tarixli hökmündən görünür ki, xx.xx.2023-cü il tarixində Sumqayıt şəhəri, 32-ci məhəllədə fəaliyyət göstərən “X3 Şirkəti” MMC-yə məxsus ticarət mərkəzində yanğın baş vermiş və 19615 kv.metr sahədə yerləşən 360 sahibkarın ticarətlə məşğul olduğu mağazalar və piştaxtalar içərisindəki əmlakla birlikdə yanaraq məhv olmuşdur. Karvan Ticarət Mərkəzində üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş Bayramov İsməli Həmid oğlu baş vermiş yanğın hadisəsi ilə əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 225.2-ci maddəsi ilə təqsirli bilinərək 4 il 6 ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, onun əməlləri nəticəsində “X3 Şirkəti” MMC-yə məxsus ticarət mərkəzinə 3 432 625 manat ziyan dəyməklə yanaşı digər zərərçəkmiş şəxslərə müxtəlif məbləğdə ziyan dəymşdir. Cinayət işi üzrə birinci instansiya məhkəməində icraat zamanı təyin edilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının 30 iyun 2014-cü il tarixli, 18338 saylı rəyinə əsasən ona ticarət mərkəzində baş vermiş yanğına görə 55000 (əlli beş min) manat məbləğində zərərin dəyməsi müəyyən edilmişdir. Bu məbləğdə zərərin vurulması məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqdiq olunmuşdur. Hazırda qeyd olunanları əsas gətirməklə cavabdeh “X3 Şirkəti” MMCdən vurulmuş zərərin əvəzi olaraq 55000 manat məbləğində pul vəsaitini tələb edir. Bildirirlər ki, iddianı qəbul etmirlər, qeyd olunan hallara və iddiaçının əsaslandırmasına etiraz edirlər. Belə ki, hazırki iş üzrə iddiaçının iddiası tamamilə əsassızdır və qanunvericiliyin müddəalarını isə öz xeyrinə təhrif etməklə iddia qaldırılmışdir. İlk növbədə məhkəmənin diqqətinə çatdırmaq istərdilər ki, xx.xx.2013-cü il tarixində həmin ticarət mərkəzində baş vermiş yanğın nəticəsində yalnız cavabdehə deyil eyni zamanda “X3 Şirkəti” MMC-yə də xüsusilə küllü miqdarda zərər dəymiş və zərərin məbləği 3.432.625 (üç milyon dörd yüz otuz iki min altı yüz iyirmi beş) manat müəyyən edilmişdir. Yəni cavabdeh özü belə zərərçəkmiş kimi tanınmışdır. Daha sonra qeyd edək ki, Sumqayıt Şəhər Məhkəməsinin 27 aprel 2015-ci il tarixli, 1(060)-9/2015 saylı hökmündən görünür ki, xx.xx.2013-cü il tarixində Sumqayıt şəhəri, 32-ci məhəllədə fəaliyyət göstərən “X3 Şirkəti” MMC-yə məxsus ticarət mərkəzində yanğın baş vermiş və 19615 kv.metr sahədə yerləşən 360 sahibkarın ticarətlə məşğul olduğu mağaza və piştaxtalar içərisindəki əmlakla birlikdə yanaraq məhv olmuşdur. Karvan Ticarət Mərkəzində üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş Bayramov İsməli Həmid oğlu baş vermiş yanğın hadisəsi ilə əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 225.2-ci maddəsi ilə təqsirli bilinib 04 il 06 ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, onun əməlləri nəticəsində “X3 Şirkəti” MMC-yə məxsus ticarət mərkəzinə 3.432.625 (üç milyon dörd yüz otuz iki min altı yüz iyirmi beş) ziyan dəyməklə yanaşı digər zərərçəkmişlərə müxtəlif məbləğdə o cümlədən cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmış İddiaçı 55.000 manat məbləğində ziyan dəyməsi qeyd edilsədə həmin məbləğin necə müəyyən olunduğu günü bu gündə sual altındadır. Belə ki, əgər məhkəmə əmtəəşünaslıq ekspertizasının 30 iyun 2014-cü il tarixli, 18338 saylı rəyinə nəzər yetirilsə görünər ki, həmin rəydə ümumilikdə İddiaçı adı qeyd olunmamışdır. Hazırkı iş üzrə cavabdeh “X3 Şirkəti” MMC cinayət işi üzrə zərərçəkmiş şəxs olduğundan İddiaçı dəymiş ziyanı mübahisələndirmək imkanında olmamışdır. İddiaçı hazırda iddianı AR MPM-nin 82.4-cü maddəsinə istinadən əsaslandırmışdır. Həmin maddəyə nəzər yetirdikdə qeyd olunur ki, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Göründüyü kimi qanunvericilik yalnız baş vermiş hadisənin olub-olmaması hissəsində və şəxsin hadisəyə aidiyyəti hissəsində məcburi olması qeyd olunmuşdur. Təbii ki hadisənin baş verməsi işin mübahisəsiz halıdır. Lakin iddiaçıya dəymiş ziyanın hansı məbləğdə olması mübahisəlidir və nə ekspert rəyində həmin məbləğ göstərilməmiş, nə də cinayət işi üzrə zərərçəkmiş şəxs məhkəməyə mötəbər sənəd təqdim etmişdir. Ona görə də İddiaçı tərəfindən cinayət işi üzrə mülki iddia qaldırdıqda məhkəmə tərəfindən mülki iddia baxılmamış saxlanılmışdır. Məhz yuxarıda sadalanan səbəblərdən hesab edirlər ki, iddiaçı tərəfindən şişirdilmiş məbləğlər tələb olunur və ona görə də iddia rədd olunmalıdır. Yuxarıda göstərilən əsasları nəzərə alaraq, məhkəmədən, İddiaçı cavabdeh “X3 Şirkəti” MMC qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, hadisə baş verən zaman onun obyekti 15 kv metr olmuşdur və orada təxminən 900-ə qədər ayaqqabı olmuşdur. Ümumilikdə isə 1500 civarında ayaqqabısı olmuşdur. Ayaqqabıların 600 cütünü başqa yerdə saxlamışdır. Ayaqqabıları sırf dəri materialından olsa da, ona dəymiş ziyanı istədikdə rəhbərlik onun guya “kiloluq” ayaqqabı satdığını bildirmişdir. Halbuki, elə rəhbərliyin özü onun satdığı ayaqqabılardan alıb, geyinmişdir. Onu da qeyd edir ki, ayaqqabıları Türkiyə və Pekin istehsalı olub. Hadisə zamanı həmçinin onun mebel, televizor, kassa aparatı, “Rolex” markalı saatı da mağaza olmuş və yanmışdır. Bundan başqa onun haqq-hesab sənədləri, dəftərləri də yanmışdır. Belə ki, o həmin sənədləri hər gün evə gətirməmiş, mağazada saxlamışdır. Bu səbəbdən hazırda məhkəməyə yalnız onda qalan qaimələri təqdim edə bilmişdir. Məhkəməyə digər zərərçəkənlərə nisbətən gec müraciət etməsinin səbəbi isə səhhətində olan problemlər və əməliyyat olunması ilə bağlı olmuşdur. Göstərilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, 19 oktyabr 2013-cü ildə bütün ölkəyə məlum olan yanğın hadisəsi baş vermişdir. İddiaçıya bu hadisədə külli miqdarda ziyan dəymişdir. Həmçinin hadisə zamanı onun sənədləri, dəftərləri də yanmışdır. İddiaçının cavabdeh tərəflə arasında icarə müqaviləsi olmuşdur. Əllərində sənədləri və sübutları qalmış şəxslər dəymiş zərərlərinin qarşılığını ala bilmişdilər. İddiaçının isə həmin hadisə zamanı zəruri sənədləri də obyektdə yanmışdır. Bu səbəbdən hazırda həmin sənədlərin nə məhkəməyə, nə də ekspertizaya təqdim edilməsi mümkün deyil. Qeyd edir ki, tərəfinə hadisə zamanı 55000 manat ziyan dəyib. Hadisə cavabdehin əməkdaşının təqsiri nəticəsində baş vermişdi ki, bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı vardır. Bu qərar çıxdıqdan sonra cavabdehə qarşı iddia tələbinin irəli sürülməsi üçün əsas yaranmışdır. Bundan başqa hesab edir ki, iddia müddətini ötürməyiblər, bu barədə cavabdeh tərəfindən verilmiş ərizə əsassızdır və buna görə də təmin edilməməlidir. Belə ki, hadisə 2013-cü ildə olsa da, hökm 2015-ci ildə qəbul edilmiş və həmin hökmlə iddiaçıya iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Bu dəymiş ziyanın ödənilməsi barədə iddia tələbidir. Bu səbəbdən hazırki iddiaya 3 illik deyil, 10 illik iddia müddəti tətbiq edilə bilər. Bundan başqa məhkəmənin nəzərinə çatdırır ki, cinayət işinin materiallarından görünür ki, ekspert iddiaçıya münasibətdə rəy verə bilməsə də, təqsirləndirilən şəxs 55000 manat ziyan dəydiyini qəbul etmiş və buna etiraz etməmişdir. Hazırki iş üzrə cavabdeh də hökmü həmin hissədə mübahisələndirməmişdir. Hesab edir ki, belə olan halda iş üzrə üzrə ekspertiza təyin edilməsinə ehtiyac yoxdur. Məhkəməyə cavabdeh tərəfindən təqdim edilmiş mütəxəssis rəyi ilə razı deyil. Həmin rəydə qeyd edilir ki, 15 m2 olan bir mağazaya 450 (dörd yüz əlli) ayaqqabı yerləşdirmək olar. Lakin, rəydə qeyd edilən bu say mütləq deyil. Ayaqqabıların hamısı vitrinə düzülmür. Ayaqqabıların oxşarları qablaşdırılmaqla başqa yerlərdə saxlanılır. Ayaqqabıların maya dəyəri rəydə 7-28 manat arasında müəyyən edilmişdir. Ancaq bu qiymət çox aşağıdır. Bundan başqa iddiaçıda olan və məhkəməyə təqdim edilən qaimələrdən belə görünür ki, iddiaçının satdığı ayaqqabılar daha bahalı olmuşdur. Bundan başqa məlumdur ki, mağazalarda malın hər qiymətə olan çeşidləri olur. Eyni zamanda keçmiş dövriyyə ilə indiki dövriyyə də eyni deyil və o vaxtki malların qiyməti ilə indiki qiymət də eyni deyil. Hesab edir ki, iddia tələbləri tam qanunidir və həqiqəti əks etdirir. Göstərilənlərə əsasən nümayəndə iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh “X3 Şirkəti” MMC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil2 iddia tələbinə dir izahat verərək bildirdi ki, 2013-cü il tarixdə məlum yanğın hadisəsi baş vermişdir və bu hadisədə İddiaçı zərər dəyməsi istisna edilmir. Hal hazırda baş vermiş hadisədən 10 il 4 ay və hökmdən isə 8 il vaxt keçmişdir. MMC zərər görmüş 358 nəfərdən 354 nəfər ilə razılıq əldə etmişdir. İddiaçı tərəf də daxil olmaqla 4 nəfərlə isə razılıq əldə edilə bilməyiblər. Qeyd edir ki, tərəflər arasında icarə müqaviləsi olmuşdur. Bu halda müqavilə münasibətlərindən irəli gələn hallarda 3 illik iddia müddətinin tətbiq edilməsi halı nəzərə alınmalıdır və ya işlə bağlı ümumiyyətlə 10 illik ümumi iddia müddəti tətbiq edilməlidir. Bu halda tərəf iddia müddətini ötürmüş hesab edilir. İddiaçının ona dəymiş ziyanın məbləği ilə baölı ərizəsi də vardır. Lakin, ərizə mücərrəddir. Digər şəxslərin ərizələrində konkret siyahı vardır. Həmçinin şəxsin ilkin ifadəsində satdığı bütün malları mağazada saxladığı və saxlanc yerinin olmadığı bildirilir. Tərəfin hazırki ifadəsi ilə beləcə ziddiyyət yaranır. Tərəflər ekspert rəyinə istinad etsələr də, rəydə iddiaçının adı yoxdur. Hal hazırda hadisənin baş verib-verməməsi və ya hadisəyə aidiyyatı mübahisələndirilmir. Onu da qeyd edir ki, mövcud hadisə nəticəsində elə Karvan MMC-nin özünə 3,5 milyon manat ziyan dəymişdir. MMC özü də elə hadisədə zərərçəkmiş tərəfdir. Bir halı da qeyd edir ki, cinayət icraatı zamanı Karvan MMC iddiaçıya dəymiş ziyanın məbləğini mübahisələndirə bilməzdi. Bundan başqa iddiaçı tərəfindən məhkəməyə ziyan dəymiş və məhv olmuş əmlakların siyahısı və adları təqdim olunmamışdır. Zərərçəkmiş şəxs qismində tanmmış İddiaçı 55.000 manat məbləqində ziyan dəyməsi qeyd edilmişdir. Lakin, həmin məbləğin necə müəyyən olunduğu günü bu gündə sual altındadır. Belə ki, əgər cinayət işi üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 30 iyun 2014-cü il tarixli, 18338 saylı rəyinə nəzər yetirilsə, görünər ki, həmin rəydə ümumilikdə İddiaçı adı qeyd olunmamışdır. Cinayət işi materiallarında yalnız iddiaçının xx.xx.2014-cü il tarixli ərizəsi mövcuddur ki, həmin ərizədə nə əmlakların dəqiq siyahısı, nə sayı, nədə hansı çeşiddə və hansı ölkəyə məxsus olması tam olaraq göstərilməmişdir. Cinayət işi üzrə dəymiş ziyan məbləği təqsirləndirilən şəxs tərəfindən mübahisələndirilməmiş, hazırki iş üzrə cavabdeh “X3 Şirkəti” MMC isə zərərçəkmiş şəxs statusunda olduğundan İddiaçı dəymiş ziyanı mübahisələndirmək hüququ və imkanı olmamışdır. Ona görə də hesab edir ki, hazırkı iddia “X3 Şirkəti” MMC-yə qarşı dəymiş ziyanın ödənilməsinə dair iddia qaldırıldığından məhkəmə həmin hissədə araşdırma aparmalı və məhkəməəmtəəşünaslıq ekspertizası təyin etməli idi. Lakin onların bu barədə vəsatəti məhkəmə tərəfindən təmin edilməmişdir. İddiaçı hazırda iddianı AR MPM-nin 82.4-cü maddəsinə istinadən əsaslandırmışdır. Həmin maddəyə nəzər yetirdikdə qeyd olunur ki, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olubolmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Göründüyü kimi qanunvericilikdə yalnız baş vermiş hadisənin olub-olmaması hissəsində və şəxsin hadisəyə aidiyyəti hissəsində məcburi olması qeyd olunmuşdur. Təbii ki, hadisənin baş verməsi işin mübahisəsiz halıdır. Lakin iddiaçıya dəymiş ziyanın hansı məbləğdə olması mübahisəlidir və nə ekspert rəyində həmin məbləğ göstərilməmiş, nə də cinayət işi üzrə zərərçəkmiş şəxs məhkəməyə mötəbər sənəd təqdim etmişdir. Məbləğ yalnız İddiaçı təqdim etdiyi ərizə və mülahizə ilə müəyyən edilmişdir. Bundan başqa bildirir ki, məhkəməyə iş üzrə ekspertiza təyin edilməsinə dair təqdim etdikləri vəsatətlərinin təmin edilməməsi səbəbilə mütəxəssis rəyi almalı olmuşlar. Mütəxəssislərin iştirakı ilə ümumi sahəsi 12-25 m2 olan analoji obyeklərə baxış keçirilmiş, həmin obyektlərdə faktiki olaraq satışda olan ayaqqabıların sayı və maya dəyəri qeydə alınmışdır. Eyni zamanda tərəflərindən aparılan araşdırma zamanı dükanlarda satışda olan ayaqqabıların müəyyən say daxilində hansı həcm və m2 sahəni tutduğu müəyyən edilmişdir. Müxtəlif dükan sahibləri ilə aparılan şifahi sorğu zamanı hal-hazırda satışda olan ayaqqabıların maya dəyərinin 7-28 manat aralığında dəyişdiyi bildirilmişdir. Anoloji obyektlərdə aparılan araşdırma zamanı heç bir dükanda televizor, kondisioner və digər avadanlıqların olmadığı da müəyyən edilmişdir. Qeyd olunanlar nəzərə alınaraq 15 m2 ümumi sahədən ibarət ayaqqabı dükanına fiziki olaraq maya dəyəri (orta dəyər 16 manat götürülməklə) 7200 - 8000 manat olmaqla 450 cüt ayaqqabı yerləşdirilə bilər. Bildirir ki, cavabdeh də iş üzrə zərərçəkmiş tərəfdir. Həmçinin qarşı tərəfin onun obyektində 900 ədəd ayaqqabı yerləşdiyini bildirməsi real deyil və iddiada qeyd edilən məbləğdə ziyan tələbi ədalətli bir tələb deyildir. Mütəxəssis iş üzrə obyektiv rəy vermişdir. Məhkəməyə təqdim etdikləri heç bir sübut yalan və ya şər xarakteri daşımır. “Rolex” saatı ilə bağlı tələb də dəqiq deyil və ümumiyyətlə məhkəməyə saatla bağlı heç bir mötəbər sübut təqdim edilməmişdir. 450 ayaqqabı ilə 1500 ayaqqabı arasında 3 dəfədən çox fərq var. Analoji işlərdə tələbkarlar onlara fəymiş ziyanla bağlı məhkəməyə konkret siyahı tərtib edərək təqdim etmişlər. Bu işdə isə iddiaçı tərəf sadəcə olaraq 55000 manat pul tələb etdiklərini bildirirlər. Dəymiş ziyanın olması mübahisəsizdir, lakin ziyanın məbləği mübahisəlidir. Eyni zamanda hesab edir ki, hazırki işə kommersiya məhkəməsində baxılmalı idi, lakin onlar işin lüzumsuz uzanmasının qarşısını almaq üçün məhkəməyə belə bir tələb irəli sürməyiblər. Nümayəndə qərar qəbul edilərkən qeyd edilənləri və iddia müddətinin keçdiyini nəzərə alaraq iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur. Sumqayıt şəhər Məhkəməsinin 27 aprel 2015-ci il tarixli hökmü ilə Bayramov İsməli Həmid oğlu Azərbaycan Respublikası CM-nin 225.2-ci maddəsi ilə təqsirli bilinərək 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edilmiş, iş üzrə verilmiş mülki iddialar baxılmamış saxlanılmış, zərərçəkmiş və mülki iddiaçılara həmin iddia ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 20 may 2016-cı il tarixli qərarı ilə Bayramov İsməli Həmid oğluna Sumqayıt şəhər Məhkəməsinin 27 aprel 2015-ci il tarixli hökmü dəyişdirilmiş, həmin hökmlə təyin edilmiş 04 (dörd) il 06 (altı) ay azadlıqdan məhrum etmə cəzası 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir. İşdə olan 154 nömrəli, xx.xx.2006-cı il tarixli icarə müqaviləsindən görünür ki, “X3 Şirkəti” MMC tərəfindən 15 kv/m sahə aylıq 45 (qırx beş) manat olmaq şərtilə İddiaçı icarəyə verilmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, qanuni qüvvəyə minmiş Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-9/2015 saylı, 27 aprel 2015-ci il tarixli hökmündən görünür ki, Bayramov İsməli Həmid oğlu Sumqayıt şəhəri, 32-ci məhəllədə fəaliyyət göstərən “X3 Şirkəti” MMC-nin direktoru X6 tərəfindən verilmiş xx.xx.2004-cü il tarixli 03 saylı əmrlə nəzarətçi-rüsumçu vəzifəsində işləyən zaman üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulan şəxs kimi «Azərbaycan Respublikası Yanğın Təhlükəsizliyi Qaydaları»nın 6.1, 6.5, «Ticarət və ictimai iaşə müəssisələri, yarmarkaları, baza və anbarları üçün yanğın təhlükəsizliyi qaydaları»nın 3.19.1, 3.19.15, 3.19.18 və «Elektrik enerjisindən istifadə qaydaları»nın 9.3.7-ci bəndlərinin tələblərini kobud surətdə pozaraq, “X3 Şirkəti” MMC-nin direktoru X6 tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli 05 saylı əmrə əsasən ticarət mərkəzində yanğın təhlükəsizliyinə cavabdeh şəxs olduğu halda ticarət mərkəzinin cavabdehlik daşıdığı 3-cü mərtəbəsində, ayaqqabı sahəsində yanğın təhlükəsizliyinə riayət etməmiş, ticarət mərkəzində sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin yanğın təhlükəsizliyinə görə təlimatlandırılmasına və istifadə edilən elektrik şəbəkələri və elektrik avadanlıqlarının qüvvədə olan qanunvericiliyin tələblərinə cavab verməsini təmin etməmiş, eləcə də ticarət obyektlərində elektrik qızdırıcılarından, cihazlardan və elektrik uzadıcılarından istifadə olunmasının qarşısını almamışdır. Bu səbəbdən də xx.xx.2013-cü il tarixdə saat 19.26 radələrində ticarət mərkəzinin 2-ci binasının 3-cü mərtəbəsində pilləkən qəfəsinə yaxın olan 121 saylı ticarət obyektinin içərisində elektrik şəbəkəyə nəzarətsiz qoşulu qalmış elektrik xəttində (elektrik uzadıcısında) əmələ gəlmiş elektrik təyinatlı qəza halının nəticəsində yaxınlıqda yerləşən yanar materialların alışmasından yanğın baş vermişdir. Nəticədə 19615 kv.metr sahədə yerləşən 360 sahibkarın ticarətlə məşğul olduğu mağaza və piştaxtalar içərisindəki əmlakla birlikdə yanaraq məhv olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər,bu şərtlə ki,qanunda və müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - 21.3-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin ,onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. - 1099.1-ci maddəsinə görə, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. - 1099.2-ci maddəsinə müvafiq olaraq, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarının nəticəvi hissəsinin 1-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Qeyd edilən maddələrin məzmunundan göründüyü kimi, hüquqi şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək vəzifələrinin icrası zamanı onun vurduğu zərərin əvəzini ödəməlidir. İşçi dedikdə isə əmək müqaviləsi əsasında, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxs başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099-cu maddəsinin məzmununa əsasən işəgötürənin sözügedən maddə ilə nəzərdə tutulmuş məsuliyyətinin yaranması üçün aşağıdakı şərtlər məcmu şəkildə mövcud olmalıdır: mülki hüquq pozuntusu törədən şəxs hüquqi şəxsin işçisi olmalıdır; hüquqi şəxsin işçisi mülki hüquq pozuntusunu əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı törətməlidir. Nəzərə alınmalıdır ki, cinayət qanunda nəzərdə tutulmuş əməlin törədilməsi ilə bağlı vurulmuş zərər mülki qanunvericiliyin tələbləri baxımından qanundan irəli gələn öhdəliyin yaranma əsaslardan biridir. Bu halda vurulmuş zərərə görə məsuliyyətin müəyyən olunması üçün və zərərvuran müəyyən şəxslə əmək münasibətlərində olmuşdursa və ya xidmət müqaviləsi ilə birgə fəaliyyət göstərilmişdirsə bunların müəyyən olunması vacibdir. Bundan sonra vurulmuş zərərə görə kimin məsuliyyət daşımasının müəyyən olunması mümkün ola bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qanuni qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılakən məhkəmə üçün hadisənin olubolmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir Göründüyü kimi qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə zərərin vurulmasına əsas olan hadisəni törətməkdə təqsirli hesab edilmiş Bayramov İsməli Həmid oğlunun “X3 Şirkəti” MMC-nin direktoru X6 tərəfindən verilmiş xx.xx.2004-cü il tarixli 03 saylı əmr ilə nəzarətçi-rüsumçu vəzifəsində işlədiyi müəyyən edilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, İddiaçı “X3 Şirkəti” MMC-yə qarşı iddia qaldırmaqda haqlı olmuşdur. Vurulmuş ziyanın məbləğinə gəldikdə isə məhkəmə qeyd edir ki, qanuni qüvvəyə minmiş Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-9/2015 saylı, 27 aprel 2015-ci il tarixli hökmün məzmunundan görünür ki, İ.H.Bayramovun bu əməllərinin nəticəsində ehtiyatsızlıqdan F.Quliyevə 55000 manat ziyan dəymişdir. Məhkəmə cavabdehin dəymiş ziyanın məbləğinin ekspertiza təyin edilməklə araşdırılmalı olması barədə iddiaya etirazının dəlilləri, o cümlədən cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli mütəxəssis rəyi ilə razılaşmayaraq qeyd edir ki, iddiaçıya dəymiş ziyanın məbləği onun zərərçəkmiş kimi iştirak etdiyi cinayət işi üzrə müəyyən edilmişdir və məhz hər bir zərərçəkmiş şəxsə dəymiş zərər məbləği təqsirləndirilən şəxs İ.Bayramova qarşı irəli sürülmüş ittihamın əsasını təşkil etmişdir. Başqa sözlə qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə iddiaçıya İ.Bayramov tərəfindən məhz 55000 manat ziyan vurulduğu müəyyən edilmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, hökm həmin hissədə də hazırki iş üzrə preyudisial əhəmiyyət kəsb edir. Bu səbəbdən məhkəmə cavabdehin iddiaçıya vurulmuş zərərin məbləğinin 55000 manat məbləğində olmaması barədə etirazının dəlilləri ilə razılaşmır. Bundan başqa cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, İddiaçı cavabdeh “X3 Şirkəti” MMC qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmiş, məhkəmənin növbəti hazırlıq iclası xx.xx.2024-cü il saat 14:30-a təyin olunmuşdur. Hazırki iş üzrə iddiaçının iddiası tamamilə əsassızdır və iddia müddəti tətbiq edilməklə iddiadan imtina edilməlidir. Belə ki, hadisə xx.xx.2013-cü il tarixində baş vermiş, Sumqayıt Şəhər Məhkəməsinin 27 aprel 2015-ci il tarixli hökmü ilə zərərçəkmiş şəxslərə vurulmuş ziyanla bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. İddia isə hadisə baş verdiyi gündən təxminən 10 il, 4 ay sonra, hüquqları izah edildikdən isə 8 il 10 ay sonra qaldırılmışdır ki, buda anlaşılan deyil. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 384.-cü maddəsində iddia müddətinin şamil edilmədiyi tələblər açıq aydın göstərilmşdir. Həmin tələblər aşağıdakılardır; şəxsi qeyri-əmlak hüquqlarının və digər qeyri-maddi nemətlərin müdafiəsi haqqında tələblər; əmanətlərin verilməsi haqqında əmanətçilərin banka tələbləri; fiziki şəxsin həyatına və ya sağlamlığına vurulmuş zərərin əvəzinin ödənilməsi haqqında tələblər. Lakin bu cür zərərin əvəzinin ödənilməsi hüququnun əmələ gəldiyi andan üç il bitdikdən sonra irəli sürülmüş tələblər ən çoxu iddia irəli sürülməzdən əvvəlki üç il üçün ödənilir; mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə; dövlət və ya bələdiyyə orqanının və ya onların vəzifəli şəxslərinin əmlaka sahiblik, ondan istifadə və ya ona dair sərəncam üzrə mülkiyyətçinin hüquqlarını pozmuş aktının etibarsız sayılması haqqında mülkiyyətçinin tələbləri; bu Məcəllə ilə müəyyənləşdirilmiş hallarda digər tələblər. Həmin tələblər siyahısında iddiaçının istinad etdiyi tələb göstərilməmişdir. Belə olan halda hesab edilir ki, iddia müddəti tədbiq edilməklə iddia təmin olunmamalıdır. İddiaçı öz iddia ərizəsində icarə müqaviləsinə istinad etmiş, orada fəaliyyət göstərdiyini bildirmişdir. Qeyd olunur ki, cavabdeh “X3 Şirkəti” MMC (icarəyə verən) İddiaçı orasında arasında bağlanmış 154 saylı, xx.xx.2006-cı il tarixli icrarə müqaviləsinə əsasən “icarəyə verən” mülkiyyətində olan Sumqayıt şəhəri 32-ci məhəllədə yerləşən ticarət mərkəzində yerləşən 154 saylı mağazanın ümumi sahəsi 15 kv.m olan əmlakı ticarət fəaliyyəti üçün “icarəçiyə” verməyi, “icarəçi” isə qeyd olunan əmlakı təhvil almağı öhdəsinə götürmüşdür. Müqavilənin 7-ci maddəsinə əsasən tərəflər arasındakı mübahisələr məhkəmə qaydasında həll edilir. Hesab edirik ki, belə olan halda müqavilə münasibətlərindən irəli gələn 3 illik iddia müddəti, eləcə də 10 illik ümumi iddia müddəti tətbiq edilməklə iddiadan imtina edilməlidir. Belə ki, hadisə baş verəndən 10 il, eləcə də müqavilə münasibətlərinə uyğun olaraq 3 illik iddia müddəti ötürülmüşdür. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 2001-ci il 27 dekabr tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarlar). Ona görə də yuxarıda göstərilən əsasları nəzərə alaraq, məhkəmədən, İddiaçı cavabdeh “X3 Şirkəti” MMC-yə qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə iddiadan imtina edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsində qeyd edilənlərlə razılaşmayaraq hesab edir ki, hazırki iddia tələbi üzrə iddia müddəti ötürülməmişdir. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 dekabr 2001-ci il tarixli Qərarında iddia müddəti anlayışının tətbiqi ilə bağlı qeyd edilir ki, “iddia müddətinin əhəmiyyəti bunlardır: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyrimümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır (377.1). İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır (377.2). İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır (377.3). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə ilk növbədə qeyd edir ki, hazırki iddia tələbinə müqavilə münasibətlərindən irəli gələn tələblər üzrə müəyyən edilmiş 3 illik iddia müddəti tətbiq edilə bilməz. Belə ki, hazırki tələb hüquqi şəxsin işçisinin vurduğu ziyanın ödənilməsi barədədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.1-ci maddəsinə əsasən isə ümumi iddia müddəti on ildir. Bu səbəbdən məhkəmə hesab edir ki, hazırki münasibətlərə yalnız 10 illik iddia müddəti tətbiq oluna bilər. İddia müddətinin axımının başlanması ilə bağlı isə məhkəmə qeyd edir ki, Sumqayıt şəhər Məhkəməsinin 27 aprel 2015-ci il tarixli hökmünün məzmunundan görünür ki, Bayramov İsməli Həmid oğlunun Azərbaycan Respublikası CM-nin 225.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair keçirilmiş məhkəmə iclasında zərərçəkmiş şəxs-mülki iddiaçı qismində iştirak etmiş İddiaçı ifadəsində xx.xx.2013-cü il tarixdə “X3 Şirkəti” MMC-yə məxsus ticarət mərkəzində baş vermiş yanğın nəticəsində ona 55000 manat ziyan dəydiyini, həmin ziyanın təqsirkar şəxslər tərəfindən ona ödənilməsini bildirərək bu barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Həmçinin Sumqayıt şəhər Məhkəməsinin 27 aprel 2015-ci il tarixli hökmü ilə iş üzrə verilmiş mülki iddia baxılmamış saxlanılmış, zərərçəkmiş və mülki iddiaçılara həmin iddia ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Göründüyü kimi iddiaçı hələ cinayət işinə baxılarkən məhkəmədə mülki iddia qaldırmış, ona vurulmuş ziyanın ödənilməsini tələb etmişdir. Lakin onun mülki iddiası baxılmamış saxlanmış, ona ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Beləliklə, Sumqayıt şəhər Məhkəməsinin 27 aprel 2015-ci il tarixli hökmü ilə cavabdeh “X3 Şirkəti” MMC-nin işçisi Bayramov İsməli Həmid oğlunun Azərbaycan Respublikası CM-nin 225.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması təsdiqini tapmışdır. Bu səbəbdən iddia müddətinin axımının başlanğıcı hələ hökmün qəbul edildiyi (qanuni qüvvəyə mindiyi tarix nəzərə alınmadan) tarixdən hesablandıqda belə iddiaçı tərəfindən 10 illik iddia müddəti ötürülməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsi təmin edilməməlidir. Məhkəmə onu da qeyd edir ki, cavabdehin nümayəndəsi son çıxışında işin kommersiya məhkəməsində baxılmalı olduğunu bildirsə də, işin gedişində aidiyyət məsələsini mübahisələndirməmiş, bununla bağlı hər hansı vəsatətlə məhkəməyə müraciət etməmişdir. Buna baxmayaraq məhkəmə hesab edir ki, hazırki mübahisə hüquqi şəxsin işçisinin törətdiyi hüquq pozuntusu (delikt) üçün qaldırılmış zərərin əvəzinin ödənilməsi barədə olmaqla ümumi məhkəməyə aiddir. Məhkəmə bu nəticəyə gələrkən hazırki işlər üzrə formalaşmış ümumi məhkəmə təcrübəsini də nəzərə almışdır (oxşar hüquq münasibətləri ilə bağlı məhkəmə təcrübəsini nəzərdə tutan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının qərarları: 2(102)-9/2022, 2(102)-1663/2024). Beləliklə məhkəmə hesab edir ki, iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut etdiyindən iddia tələbi təmin edilməli, cavabdeh «X3 Şirkəti» MMC-dən 55000 (əlli beş min) manat pul tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddia təmin edildiyindən iddiaçının məhkəməyə müraciət etmək üçün ödədiyi 255 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh «X3 Şirkəti» MMC-dən 55000 (əlli beş min) manat pul və ödənilmiş 255 (iki yüz əlli beş) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar