Məhkəmə qərarları › İş №e-2(060)-1971/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-1971/2023

11.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-1971/2023 11.04.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X9 oğlunun katibliyi, İddiaçı, Cavabdeh və onun nümayəndəsi, anası X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehdən tutulan alimentin miqdarını dəyişərək, ondan hər ay hər uşaq üçün 220 manat sabit pul məbləğində alimentin alınaraq tərəflərin birgə nikahlarından olan 29 avqust 2012-ci il təvəllüdlü X3 və 15 dekabr 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdeh ilə 04 noyabr 2011-ci ildə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Tərəflərin birgə nikahlarından 29 avqust 2012-ci il təvəllüdlü X3 və 15 dekabr 2015-ci il təvəllüdlü X4 anadan olmuşdur. İddiaçı cavabdehlə bir müddət mehriban yaşasa da, sonradan münasibətləri pozulmuş və bu səbəbdən də Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(060)-5143/2019 saylı qətnaməsi ilə tərəflər arasındakı nikahın pozulması, tərəflərin birgə nikahlarından olan uşaqların iddiaçının yanında qalması və cavabdehdən uşaqların saxlanmaları üçün hər ay hər uşağa görə 160 manat olmaqla, cəmi 320 manat sabit pul məbləğində alimentin tutulub iddiaçıya ödənilməsi qət edilmişdir. İddiaçı hazırda övladarının maddi ehtiyaclarını ödəməkdə çətinlik çəkir. Uşaqların böyüməsi ilə əlaqədar onların ehtiyaclarını ödəmək üçün bir uşağa 160 manat aliment kifayət etmir. Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında olan rəsmi razılığa əsasən 27 aprel 2022-ci il tarixdə Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsində yerləşən 1009 saylı fərdi həyət evinə dair olan mülki mübahisə üzrə cavabdeh iddiadan iddiaçının xeyrinə imtina etmiş, əvəzində isə iddiaçı məhkəməyə eyni tarixdə notarial qaydada təsdiq olunmuş ərizə verərək, onların birgə nikahlarından olan uşaqların yetkinlik yaşına çatanadək onlara təyin olunmuş alimentdən imtina etdiyini bildirmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin 27 aprel 2022-ci il tarixli, 2(105)-699/2022 nömrəli qərardadına əsasən iş üzrə icraata xitam verilmişdir. Bu səbəbdən iddia təmin olunmamalıdır. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi və həmçinin bildirdi ki, cavabdehin qeyd etdiyi Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsində yerləşən 1009 saylı fərdi ev onun anasına məxsusdur. Cavabdehin həmin evə heç bir aidiyyəti yoxdur. Özü heç bir yerdə işləmir. Cavabdehin iş yeri və gəliri barədə məlumatı yoxdur. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında bildirdi ki, iddia tələbini qəbul etmir. Cavabdehə 3800 manat məbləğində aliment borcu var. Rəsmi iş yeri olmadığı üçün borcunu ödəyə bilmir. İş olanda bəzən fəhlə kimi işləyir. Elektron sistemdən çıxarışda göstərilən iş yerində işləmir və bu barədə məlumatı yoxdur. O, yeni nikaha daxil olmamışdır. Qeyd edilənlərə əsasən cavabdeh iddianın rədd olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi, anası X5 iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İşdən göründüyü kimi iddiaçı xx.xx.1989-cu ildə anadan olmuşdur. O, ünvan 1 ünvanında qeydiyyatdadır. Cavabdeh isə xx.xx.1988-ci ildə anadan olmuşdur. O, ünvan 2 ünvanında qeydiyyatdadır. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(060)-5143/2019 saylı qətnaməsi ilə tərəflər arasındakı nikahın pozulması, tərəflərin birgə nikahından olan 29 avqust 2012-ci il təvəllüdlü X3 və 15 dekabr 2015-ci il təvəllüdlü X2 iddiaçının yanında qalması və cavabdehdən uşaqların saxlanılması üçün hər ay hər uşağa görə 160 manat olmaqla, cəmi 320 manat sabit pul məbləğində alimentin tutulub iddiaçıya ödənilməsi qət edilmişdir. Nikahın pozulması haqqında şəhadətnamənin surətinə əsasən tərəflər arasındakı nikahın ləğv edilməsi barədə akt qeydi xx.xx.2019-cu ildə, 307 nömrə ilə qeyd edilmişdir. Doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, X3 xx.xx.2012-ci ildə, X4 isə xx.xx.2015-ci ildə anadan olmuşlar. Uşaqların atası Cavabdeh, anası isə İddiaçıdır. Elektron məhkəmə informasiya sistemindən çıxarışda göstərilmişdir ki, cavabdeh "xxxx" MMC-də fəhlə işləyir və aylıq əmək haqqı 300 manatdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinə (bundan sonra – Ailə Məcəlləsi) əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar (75.1.). Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur (75.4.). Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər (78.1.). Ailə Məcəlləsində həmçinin nəzərdə tutulmuşdur ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər (112.1.). Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən uşaqlarını saxlamaq valideynlərin vəzifəsidir. Valideynlərdən aliment uşaqların mənafeyi üçün tutulur. Alimentin tutulmasında məqsəd valideynlərin öz vəzifələrini yerinə yetirməsi və uşaqların normal həyat səviyyəsinin təmin edilməsidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarının 8.2-ci bəndində göstərilmişdir ki, “məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir”. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 220 manat müəyyən edilsə də, bu vəsaitin ödənilməsi öhdəliyinin bunun üçün zəruri vəsaitə malik olub-olmaması aydınlaşdırılmadan yalnız bir tərəfin üzərinə qoymaq olmaz. İddiaçı uşaqları üçün 440 manat aliment tələb etsə də, cavabdehin həmin məbləğdə aliment ödəməyə malik olması barədə sübut təqdim edə bilməmişdir. Bu səbəbdən məhkəmə tərəflərin maddi vəziyyətləri, diqqətəlayiq hallar, yetkinlik yaşına çatmayan uşaqların mənafeləri nəzərə alınmaqla uşaqların yetkinlik yaşına çatana qədər saxlanması üçün Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(060)- 5143/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq hər ay hər uşaq üçün 190 manat olmaqla, ümumilikdə 380 manat məbləğində müəyyən edilməlidir. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 29 avqust 2012-ci il təvəllüdlü X3 və 15 dekabr 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(060)-5143/2019 saylı qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə tutulmuş alimentin miqdarı artırılaraq, hər ay hər uşaq üçün 190 manat olmaqla, cəmi 380 (üç yüz səksən) manat məbləğində müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar