Məhkəmə qərarları › İş №e-2(060)-2004/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-2004/2024

31.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-2004/2024 31.10.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi Bəhramlı Ümid Fəxri oğlunun katibliyi, Tərəflərin iştrakı olmadan, İddiaçı ASC-nin Cavabdeh qarşı borcun tutulmasına dair iddiası üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5923,83 manat əsas bоrc və 2928,41 manat faiz borcu оlmaqla, cəmi 8852,24 manat borcun və 108,53 manat dövlət rüsumunun əvəzinin tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tariхli, 200804-409417/1 nömrəli krеdit müqaviləsinə əsasən borcluya 36 ay müddətinə, illik 18,5 faiz dərəcəsi ilə 7200 manat məbləğində krеdit vеrilmişdir. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və krеditin təsdiq оlunmuş hissə-hissə ödəmə qrafikini pоzmuşdur. Cavabdehə dəfələrlə şifahi və yazılı хəbərdarlıq olunsa da, o Banka olan borcunu ödəməmişdir. xx.xx.2024-cü il tarixinə cavabdehin kredit müqaviləsi üzrə 5923,83 manat əsas bоrc və 2928,41 manat faiz borcu оlmaqla, ümumilikdə 8852,24 manat məbləğində kredit bоrcu yaranmışdır. Krеdit müqaviləsinin şərtlərinə əsasən Borcalan müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, habelə Bankın xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqlarının Banka ödənilməsini öhdəsinə götürür. Eyni zamanda həmin müqaviləyə əsasən ödəniş cədvəlində müəyyən edilən hissə-hissə ödəniş (icra) müddətlərində, habelə kredit müddətində öhdəliklər vaxtında tamamən icra edilmədikdə gecikdirilmiş kredit yaranır. Belə ki, Borcalan krediti vaxtında ödəməmiş və nəticədə gecikdirilmiş kredit yaranmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmişdir. gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda məhkəmə mülki işə MPM-nin 185-ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmişdir, gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda məhkəmə mülki işə MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsindən görünür ki, borcluya 36 ay müddətinə, illik 18,5 faiz dərəcəsi ilə, 7200 manat kredit verilmişdir. - xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, borcalanın xx.xx.2022-ci il tarixli, 200804-409417/1 saylı kredit müqaviləsi üzrə banka 5923,83 manat əsas borc və 2928,41 manat faiz borcu olmaqla, ümumilikdə 8852,24 borcu vardır. - 18 sentyabr 2024-cü il tarixli 9/3337 №-li ekspert rəyindən görünür ki, 17 may 2022ci il tarixdə bağlanmış 200804-409417/1 saylı kredit müqaviləsində qeyd olunan şərtlər nəzərə alınmaqla Cavabdeh İddiaçı ASC-yə olan borcu xx.xx.2024-cü il tarixinə əsas borc 5992,5 manat, faiz borcu 1147,4 manat olmaqla, ümumilikdə 7139,9 manat təşkil edir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən borclu götürdüyü kredit borcunu, faiz dərəcələri ilə birlikdə 36 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Cavabdehin xx.xx.2022-ci il tarixli, 200804-409417/1 saylı saylı kredit müqaviləsi üzrə banka borcu yaranmışdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, cavabdeh X2 iddiaçıdan aldığı kredit üzrə əsas borcu və müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur, lakin cavabdeh xx.xx.2022-ci il tarixli kredit müqaviləsini pozaraq, iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Məhkəmə-Mühasibatlıq ekspertizasının rəyindən göründüyü kimi xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə əsas borc məbləği iddiaçının tələb etdiyi məbləğdən yüksəkdir. Belə ki, ekspert rəyində əsas borcun məbləği 5992,5 manat, iddia tələbində isə 5923,83 manatdır. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbinin təmin edilən hissəsi iddiaçının tələb etdiyi məbləğdən artıq müəyyən edilə bilməz. Ona görə də iddia tələbi əsas borcun ödənilməsinə dair hissədə təmin edilməli, məhkəmə-mühasibatlıq ekspertizasının rəyi nəzərə alınmamalıdır. Bununla yanaşı iddia tələbi faiz borcuna münasibətdə qismən (yəni məhkəməmühasibatlıq ekspertizanın rəyi nəzərə alınmaqla) təmin olunmalıdır. Məhkəmə iddia tələbinin ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli, iddianın qiyməti 1000 manatdan 10000 manatadək olduqda məhkəməyə ödənilməli olan dövlət rüsumunun məbləği 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 %-i qədər olmalıdır. (“Dövlət Rüsumu” haqqında Azərbaycan Respublikası qanununun 8.1.2-ci maddəsi) Hazırda iddia tələbinin təmin edilən hissəsi 7071,23 manat olduğundan (5923,83 manat əsas+ 1147,4 manat faiz = 7071,23) iddiaçı tərəfindən ödənilmiş 90,71 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Ödənilmiş 17,82 manat məbləğində dövlət rüsumu İddiaçı Açıq Səhmdar Cəmiyyətinə aid edilməlidir Ekspertiza tədqiqatının dəyəri olan 100 manatın əvəzi Cavabdeh tutularaq X1 ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 5923,83 manat məbləğində əsas borc, 1147,4 manat məbləğində faiz borcu olmaqla, cəmi 7071,23 manat borc və 90,71 manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ASC-yə ödənilməli, ekspertiza tədqiqatının dəyəri olan 100 manat Cavabdeh tutularaq X1 (Müxbir hesab: AZ34CTRE**********00003944, kod:210005, VÖEN:**********) ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1.-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 5923,83 manat əsas borc, 1147,4 manat faiz borcu olmaqla, cəmi 7071,23 manat borc və 90,71 manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ASC-yə ödənilsin. Ödənilmiş 17,82 manat məbləğində dövlət rüsumu İddiaçı Açıq Səhmdar Cəmiyyətinə aid edilsin. Ekspertiza tədqiqatının dəyəri olan 100 manat Cavabdeh tutularaq X1 (Müxbir hesab: AZ34CTRE**********00003944, kod:210005, VÖEN:**********) ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar