Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-202/2024 16.08.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı “borcun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:
1. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı iddia qaldıraraq 28540,32 manat əsas, 12505,23 manat faiz olmaqla, cəmi 41045,55 manat pulun və iş üzrə ödənilmiş 214 manat dövlət rüsumunun cavabdehdən tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, cavabdehin sərəncamında olan ünvan 1 ünvanında yerləşən 4 mərtəbəli, 2 bloklu binanın 1-ci blokunda, 4-cü mərtəbəsində, 2 otaqlı, ümumi sahəsi 50,54 kv.m, o cümlədən yaşayış sahəsi 32,5 kv.m və köməkçi sahəsi 18,04 kv.m olan 12 saylı mənzilə yönəlməsi, əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi, əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin cavabdehdən tutulması və ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin yaşayış sahəsinin boşaldılaraq alıcıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
2. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2011-ci il tarixli, 292/ZB saylı kredit müqaviləsinə əsasən cavabdehə 300 ay müddətinə illik 8 faiz dərəcəsi ilə 33000 manat məbləğində kredit verilmişdir. Tərəflərin razılığına əsasən verilmiş kreditin təminatı kimi ünvan 1 ünvanında yerləşən 4 mərtəbəli, 2 bloklu binanın 1-ci blokunda, 4-cü mərtəbəsində, 2 otaqlı, ümumi sahəsi 50.54 kv.m, o cümlədən yaşayış sahəsi 32.5 kv.m və köməkçi sahəsi 18.04 kv.m olan 12 saylı mənzil ipotekaya qoyulmuşdur. ünvan 1 ünvanında yerləşən 4 mərtəbəli, 2 bloklu binanın 1-ci blokunda, 4-cü mərtəbəsində, 2 otaqlı, ümumi sahəsi 50.54 kv.m, o cümlədən yaşayış sahəsi 32.5 kv.m və köməkçi sahəsi 18.04 kv.m olan 12 saylı mənzilin ipotekaya qoyulması barədə bank ilə Cavabdeh arasında xx.xx.2011-ci il tarixli, 292/ZB /1 saylı alqı-satqı və ipoteka müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin 2.1-ci bəndinə əsasən cavabdeh müqavilədə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi yerinə yetirməmiş və Banka olan kredit üzrə borcunu ödəməmişdir. Kredit müqaviləsinin 4.2-ci bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə bankın hüququ vardır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki cavabdeh onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Cavabdeh xx.xx.2023-cü il tarixə cəmi borcu 41045,55 manat təşkil edir. Bundan 28540,32 manat əsas, 12505,23 manat faiz borcu təşkil edir.
Tərəflərin mövqeləri:
3. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirdi ki, ekspert rəyində qeyd olunan məbləğin deyil, iddia ərizəsində tələb etdikləri məbləğdə pul vəsaitinin tutulması və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi.
4. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tədqiq olunan sübutlar:
5. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2011-ci il tarixli, 292/ZB saylı kredit müqaviləsindən görünür ki, kreditor bu müqavilənin şərtlərinə uyğun olaraq borcalana məqsədli istifadə, qaytarılmaq, müəyyən müddətə, faizlər ödənilmək və təminatlılıq əsasında 33000 manat məbləğində 300 ay müddətinə kredit verməyi, borcalan kredit üzrə əsas borcun və hesablanmış faizlərin ödənilməsini bu müqavilədə göstərilmiş qaydada həyata keçirməyi öhdəsinə götürmüş, bu müqavilə üzrə borcalanın öhdəliklərinin icrasının təminatı olaraq ünvan 1 qanunvericiliklə müəyyən olunmuş qaydada ipoteka ilə yüklü edilmişdir.
6. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli yaşayış sahəsinin alqı-satqı və ipoteka müqaviləsindən görünür ki, alıcı-ipoteka qoyan ünvan 1 ünvanında yerləşən 4 mərtəbəli, 2 bloklu binanın 1-ci blokunda, 4-cü mərtəbəsində, 2 otaqlı, ümumi sahəsi 50.54 kv.m, o cümlədən yaşayış sahəsi 32.5 kv.m və köməkçi sahəsi 18.04 kv.m olan 12 saylı mənzili bu müqavilə üzrə yaranmış hüquqa əsasən onunla kreditor-ipoteka saxlayan arasında bağlanmış xx.xx.2011-ci il tarixli, 292/ZB nömrəli kredit müqaviləsi üzrə yaranmış öhdəliyin təminatı kimi kreditor-ipoteka saxlayana ipotekaya verməyi öhdəsinə götürmüşdür.
7. xx.xx.2011-ci il tarixli, 292/ZB nömrəli kredit müqaviləsinə Əlavədən görünür ki, müqavilə üzrə ödənişlərin icra edilməsi müddəti xx.xx.2021-ci il tarixdən xx.xx.2036-cı il tarixədək müəyyən edilmişdir.
8. MA seriyalı, ******* saylı “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”dan görünür ki, ünvan 1 tam mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 15 iyul 2011-ci ildə qeydiyyata alınmışdır.
9. 29.08.2023-cü il tarixli bildirişdən görünür ki, İddiaçı ASC tərəfindən cavabdehə 41045,55 manat məbləğində borcun ödənilməsinin 3 gün ərzində ödənilməsi təklif olunmuş, əks təqdirdə müqaviləyə vaxtından əvvəl xitam verilməsi, ümumi kredit borcun və hesablanmış faizlərin ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir.
10. xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, İddiaçı ASC tərəfindən cavabdehə məhkəməyə müraciət edilmədən ipoteka predmetinə (girova) tutmanın yönəldilməsi üçün notariat qaydasında razılaşmanı təsdiq edilməsi təklif olunmuş, əks təqdirdə ipoteka predmetinə tutmanın yönəldilməsi üçün bank tərəfindən məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir.
11. İddiaçı ASC tərəfindən tərtib edilmiş 29 avqust 2023-cü il tarixli maliyyə arayışında qeyd olunmuşdur ki, Cavabdeh 22 iyun 2021-ci il tarixli kredit müqaviləsi üzrə 23 avqust 2023-cü il tarixinə yaranmış 28540 manat əsas borc, 12505,23 manat faiz borcu olmaqla, cəmi 41045,55 manat borcu vardır.
12. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 dekabr 2023-cü il tarixli, 9/8884 nömrəli ekspert rəyindən görünür ki, iş materiallarında olan hesabdan çıxarış məlumatları və tərəflər arasında bağlanmış 22 iyun 2011-ci il tarixli, 292/ZB saylı müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh İddiaçı ASC-yə olan borcu aşağıdakı kimi müəyyən edilir, o cümlədən: iddia ərizəsinin tarixinə, yəni xx.xx.2023-cü il tarixinə əsas borc üzrə 29613,60 manat, faiz borcu üzrə 13191,98 manat, qərardadın tarixinə, yəni xx.xx.2023-cü il tarixinə əsas borc üzrə 29613,60 manat, faiz borcu üzrə 13363,08 manat.
13. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20 may 2024-cü il tarixli, 9/13xx-xx/1370 nömrəli ekspert rəyindən görünür ki, tədqiq olunan Sumqayıt şəhəri, 3-cü məhəllə, ev 7/10 ünvanında yerləşən, ümumi sahəsi 50,54 kv.m olan 12 saylı mənzilə yaxın ərazilərdə yerləşən analoji mənzillərin mövcud orta bazar dəyəri təqribən 84900 manat, likvid qiyməti 76410 manat müəyyən edilir.
Tətbiq edilən hüquq:
14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 421-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2-ci maddəsinə əsasən tərəflərin birinin tələbi ilə müqavilə yalnız digər tərəfin müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barədə girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. 296.1-ci maddəsinə əsasən girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. 319.6-cı maddəsinə əsasən bu Məcəllənin 319.1-319.5-ci maddələrinə müvafiq olaraq ipoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır.
15. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanunu:
33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. 34-cü maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutuma yönəltmək hüququ verən şərtin yerinə yetirilməməsi və bu Qanunda nəzərdə tutulmuş digər hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu yaradır. 39.1-ci maddəsinə əsasən ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. 39.3-cü və 39.3.3-cü maddəsinə əsasən ipoteka predmetinin ilkin satış qiyməti ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında məhkəmə qərarında göstərilməlidir.
Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
16. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi təmin edilməlidir.
17. Beləliklə, məhkəmə tərəfindən işin müəyyən edilən halları bundan ibarətdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında 22 iyun 2011-ci il tarixli 292/ZB saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən Cavabdeh illik 8% tətbiq edilməklə, 300 ay müddətinə 33000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh mülkiyyətində olan ünvan 1 ipoteka ilə yüklü edilmişdir. Cavabdeh tərəfindən müqavilə üzrə borcun ödənilməsi tam təmin edilmədiyindən iddiaçı tərəfindən ona xəbərdarlıq göndərilərək borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Bundan sonra iddiaçı müvafiq iddia ilə məhkəməyə müraciət etmişdir.
18. Məhkəmə icraatı zamanı məhkəmə məhkəmə mühasibatlıq və məhkəmə əmtəəşünaslıq ekspertizaları keçirilmişdir.
19. Məhkəmə mühasibatlıq ekspertizasının nəticəsi olaraq iş materiallarında olan hesabdan çıxarış məlumatları və tərəflər arasında bağlanmış 22 iyun 2011-ci il tarixli, 292/ZB saylı müqavilədə qeyd olunan şərtlər nəzərə alınmaqla Cavabdeh İddiaçı ASC-yə iddia ərizəsinin tarixinə, yəni xx.xx.2023-cü il tarixinə 29613,60 manat, 13191,98 manat faiz borcu, qərardadın tarixinə, yəni xx.xx.2023-cü il tarixinə 29613,60 manat əsas borc, 13363,08 manat faiz borcunun olduğu müəyyən edilmişdir.
20. Məhkəmə əmtəəşünaslıq ekspertizasının nəticəsi olaraq tədqiq olunan Sumqayıt şəhəri, 3-cü məhəllə, ev 7/10 ünvanında yerləşən, ümumi sahəsi 50,54 kv.m olan 12 saylı mənzilə yaxın ərazilərdə yerləşən analoji mənzillərin mövcud orta bazar dəyəri təqribən 84900 manat, likvid qiyməti 76410 (84900-10%) manat müəyyən edilmişdir.
21. Məhkəmə qeyd edir ki, kredit müqaviləsi bağlanma anına görə real əqddir, konsensual əqdlərdən fərqli olaraq real əqdlərin bağlanmış hesab olunması üçün yalnız razılaşma kifayət deyil, bunu üçün əqdin məzmununa daxil olan müəyyən hərəkətin icra edilməsi tələb olunur. Kredit müqaviləsində belə hərəkət müqavilənin predmetini təşkil edən pulun borcverən tərəfindən borcalana verilməsidir. Odur ki, pulun verildiyi andan kredit müqaviləsi bağlanmış sayılır, pulun verildiyi şəxs isə borcalan hesab olunur. Əgər Bank (iddiaçı) kreditin ona qaytarılmasını tələb edirsə, ilk növbədə həmin kreditin onun tərəfindən verilməsini sübut etməlidir.
22. Tərəflər arasında kredit münasibətlərinin baş verməsi, yəni müqavilələr üzrə göstərilən məbləğlərin cavabdehə verilməsi faktı işin mübahisəsiz halıdır. Mübahisəli hal cavabdehin müqavilələr əsasında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi ilə bağlıdır.
23. Hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan və iddia tələbinin qanuni əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739 və 741-ci maddələrinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.
24. Hazırkı işdə qeyd olunan maddənin dispozitiv şərtləri mövcuddur. Belə ki, iddiaçı qeyd olunan müqavilə üzrə üzərinə düşən vəzifəni yerinə yetirərək müqavilədə qeyd olunan məbləği cavabdehə Cavabdeh vermiş və onlar ödənişlərin müddəti və məbləği barədə razılığa gəlmişlər. Lakin sonuncu müqavilədə və ödəniş cədvəlində nəzərdə tutulmuş məbləğləri müəyyənləşdirilmiş şərtlərlə və müddətlərdə ödəməyərək müqavilə öhdəliklərini pozmuşdur. Bu səbəbdən o, Mülki Məcəllənin 448-ci maddəsinə müvafiq olaraq, risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit müqaviləsi üzrə yaranmış borcu iddiaçıya ödəməlidir. İddiaçı həmin müqavilə üzrə ödənilməmiş əsas və faiz borcunun geri qaytarılmasını tələb etməkdə haqlıdır.
25. Məhkəmə ekspert rəylərinə işin digər sübutları ilə birlikdə qiymət verərək hesab edir ki, iddia borc vəsaitinin tutulmasına dair hissədə əsaslıdır. Hətta iddiaçının kredit müqaviləsi üzrə tələb etdiyi məbləğ (həm əsas borc, həm də faiz borcu), məhkəmə mühasibatlıq ekspertizasının rəyi əsasında müəyyən edilmiş məbləğdən azdır. İddiaçının nümayəndəsi məhkəmə iclasında cavabdehdən iddia tələbində qeyd edilmiş məbləğdə borcun tutulmasını məhkəmədən xahiş etmişdir. Beləliklə məhkəmə hesab edir ki, iddia həmin hissədə əsaslı olduğundan təmin edilməlidir.
26. Məhkəmə iddia tələbinin tutmanın ipoteka ilə yüklü edilmiş, cavabdehin sərəncamında olan ünvan 1 ünvanında yerləşən 4 mərtəbəli, 2 bloklu binanın 1-ci blokunda, 4-cü mərtəbəsində, 2 otaqlı, ümumi sahəsi 50,54 kv.m, o cümlədən yaşayış sahəsi 32,5 kv.m və köməkçi sahəsi 18,04 kv.m olan 12 saylı mənzilə yönəlməsinə dair hissəs ilə bağlı qeyd edir ki, iddia həmin hissədə də əsaslı olduğundan təmin edilməlidir. Belə ki, tərəflər arasında bağlanmış yuxarıda adı qeyd edilən alqı-satqı və ipoteka müqaviləsinə görə alıcı-ipoteka qoyan Cavabdeh Sumqayıt şəhəri, 3-cü məhəllə, ev 7/10, 12 saylı mənzili həmin müqavilə üzrə yaranmış hüquqa əsasən, onunla kreditor-ipoteka saxlayan arasında bağlanmış 22 iyun 2011-ci il tarixli 292/ZB saylı kredit müqaviləsi üzrə yaranmış öhdəliyin təminatı kimi kreditor-ipoteka saxlayana ipotekaya vermişdir.
27. Məhkəmə hesab edir ki, cavabdeh əsas öhdəliyini lazımınca icra etmədiyindən, iddiaçının ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ yaranmışdır. Belə ki, İpoteka haqqında Qanunun 34.1.1-ci və 34.1.2-ci maddələrində əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı kimi təsbit edilmişdir. Qanunla müəyyən olunmuş ipoteka predmetinə tutmanın yönəldilməsi qaydalarına əməl olunmuş, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında xx.xx.2023-cü il tarixli bildiriş cavabdehə göndərilmiş və eyni tarixli tarixli məktubla ipotekanın dövlət qeydiyyatı orqanına müraciət olunmuş və bildiriş qeydə alınmışdır.Belə olan halda məhkəmə hesab edir ki, iddia həmin hissədə də əsaslıdır.
28. İddianın əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi hissəsi ilə bağlı məhkəmə edir ki, yuxarıda da qeyd edildiyi kimi məhkəmə tərəfindən təyin edilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının tədqiqatının nəticəsi olaraq ipoteka predmetinin likvid qiyməti 76410 (84900-10%) manat müəyyən edilmişdir. Ekspert rəyinin sübut kimi qəbul edilməsinə mane olan hər hansı əsas müəyyən edilməmişdir. Odur ki, məhkəmə ipoteka predmeti olan əmlakın likvid dəyərinin ekspert rəyində qeyd edilən məbləğdə götürülməsini ədalətli hesab edir. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Ekspert rəyinin qiymətləndirilməsinə aşağıdakılar daxildir: 1) ekspertizanın hazırlanması, təyini, keçirilməsinin prosessual qaydasına riayət edilməsi; 2) qoyulmuş suallara cavabın uyğunluğunun yoxlanılması; 3) rəyin tamlığının müəyyən edilməsi; 4) rəyin elmi əsaslandırılmasının elmi qiymətləndirilməsi. Beləliklə də məhkəmə araşdırılmış halları və qeyd edilən prosesssual normaların tələbləri baxımından hesab edir ki, ekspertizaların qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun şəkildə aparılmasını və məhkəməyə təqdim edildiyini, nəzərə alaraq onu mötəbər sübut növü kimi qiymətləndirilir.
29. Məhkəmə iddia tələbinin əmlak satıldıqdan sonra həmin yaşayış sahəsinin boşaldılaraq alıcıya təhvil verilməsi hissəsinə münasibətdə qeyd edir ki, bu halda Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya və Mülki kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.4-cü maddəsinə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə xx.xx.2023-cü il tarixli 02/2023 saylı qərardadı nəzərə alınmalıdır. Belə ki, həmin qərardadla kollegiyalar qərara almışlar ki, tərəflər arasında ipoteka müqaviləsi 2018-ci il 28 dekabr tarixinədək bağlanmışdırsa, ipoteka qoyulmuş fərdi yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda “ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvlərinin və digər şəxslərin tutduqları yaşayış sahəsindən ən geci bir ay ərzində çıxarılmalarına dair” iddia tələblərinə mahiyyəti üzrə baxılmalıdır. Tərəflər arasında ipoteka müqaviləsi 2018-ci il 28 dekabr tarixindən sonra bağlanmışdırsa, ipoteka qoyulmuş fərdi yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda “ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvlərinin və digər şəxslərin tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmələrinə və qeydiyyatdan çıxarılmalarına dair” iddia tələbləri hissəsində iddia ərizəsinin icraata qəbulundan Mülki Prosessual Məcəllənin 153.1 və 153.2.1-ci maddələrinə əsasən imtina olunmalı, əgər iddia artıq icraata qəbul edilmişdirsə, Mülki Prosessual Məcəllənin 261.0 və 261.0.1-ci maddələrinə uyğun olaraq iş üzrə icraata həmin hissədə xitam verilməlidir.
30. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış 22 iyun 2011-ci il tarixli kredit müqaviləsi və eyni tarixli alqı-satqı və ipoteka müqaviləsi qeyd edilən qərardadın təsir dairəsinə düşmür. Belə ki, Azərbaycan Respublikasının Ali Məhkəməsinin qeyd edilən qərardadı konkret olaraq tərəflər arasında ipoteka müqaviləsinin 2018-ci il 28 dekabr tarixindən sonra bağlanmaqla ipoteka qoyulmuş fərdi yaşayış evinə və ya mənzilə tutma yönəldilmə olduğu hallarda iş üzrə icraata həmin hissədə xitam verilməli olmasını nəzərdə tutur. Hazırki iş üzrə tərəflər arasında müqavilələr həmin tarixdən əvvəl bağlanmışdır ki, həmin tələbə də məhkəmə tərəfindən mahiyyəti üzrə baxılıb qiymət verilməlidir.
31. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 28540,32 manat əsas borc və 12505,23 manat faiz borcu olmaqla, ümumilikdə 41045 (qırx bir min qırx beş) manat, 55 (əlli beş) qəpik məbləğində borc, iddia ərizəsinin verillməsi üçün ödənilmiş 214 (iki yüz on dörd) manat dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilməli, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2011-ci il tarixli, 292/ZB saylı kredit müqaviləsi üzrə tutulmalı olan pul vəsaiti həmin müqavilə üzrə ipoteka predmeti olan Sumqayıt şəhəri, 3-cü məhəllə, ev 7/10 ünvanında yerləşən 4 mərtəbəli, 2 bloklu binanın 1-ci blokunda, 4-cü mərtəbəsində, 2 otaqlı, ümumi sahəsi 50,54 kv.m, o cümlədən yaşayış sahəsi 32,5 kv.m və köməkçi sahəsi 18,04 kv.m olan 12 saylı mənzilə yönəldilməli, ipoteka predmeti olan Sumqayıt şəhəri, 3-cü məhəllə, ev 7/10 ünvanında yerləşən 12 saylı mənzilin hərracda satılması üçün ilkin satış qiyməti 76410 manat müəyyən edilməli, həmin mənzil açıq hərracda satılmalı və satışdan əldə olunacaq vəsait cavabdehin borcunun ödənilməsinə yönəldilməli, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləği cavabdehdən tutulmalı, ipoteka predmeti olan Sumqayıt şəhəri, 3-cü məhəllə, ev 7/10ünvanında yerləşən 12 saylı mənzil hərracda satıldıqda həmin yaşayış sahəsi boşaldılaraq alıcıya təhvil verilməlidir.
Nəticə:
32. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddia tələbi təmin edilsin. Cavabdeh 28540,32 manat əsas borc və 12505,23 manat faiz borcu olmaqla, ümumilikdə 41045 (qırx bir min qırx beş) manat, 55 (əlli beş) qəpik məbləğində borc, iddia ərizəsinin verillməsi üçün ödənilmiş 214 (iki yüz on dörd) manat dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilsin. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2011-ci il tarixli, 292/ZB saylı kredit müqaviləsi üzrə tutulmalı olan pul vəsaiti həmin müqavilə üzrə ipoteka predmeti olan Sumqayıt şəhəri, 3-cü məhəllə, ev 7/10 ünvanında yerləşən 4 mərtəbəli, 2 bloklu binanın 1-ci blokunda, 4-cü mərtəbəsində, 2 otaqlı, ümumi sahəsi 50,54 kv.m, o cümlədən yaşayış sahəsi 32,5 kv.m və köməkçi sahəsi 18,04 kv.m olan 12 saylı mənzilə yönəldilsin. İpoteka predmeti olan Sumqayıt şəhəri, 3-cü məhəllə, ev 7/10 ünvanında yerləşən 12 saylı mənzilin hərracda satılması üçün ilkin satış qiyməti 76410 manat müəyyən edilsin, həmin mənzil açıq hərracda satılsın və satışdan əldə olunacaq vəsait cavabdehin borcunun ödənilməsinə yönəldilsin. Satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləği cavabdehdən tutulsun. İpoteka predmeti olan Sumqayıt şəhəri, 3-cü məhəllə, ev 7/10 ünvanında yerləşən 12 saylı mənzil hərracda satıldıqdan sonra həmin yaşayış sahəsi boşaldılaraq alıcıya təhvil verilsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vəfa Şirəliyeva