Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-2025/2025 05.06.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi, İddiaçı, və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5000 (beş min) manat pulun və ödədiyi 70 manat dövlət rüsumunun alınaraq ona – İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh onun tanışıdır, o, 2023-cü ilin ay ayında ona müraciət edərək ona 5000 (beş min) manat məbləgində borc pul lazım olduğunu bildirmiş, o da ona xx.xx.2023-cü ildə ona 5000 manat məbləgində borc pul verməklə bu barədə yazılı iltizam da almışdır. Aralarında əldə edilmiş razılaşmaya əsasən o, həmin pulu ona 6 ay müddətində qaytaracağına söz vermiş, lakin vədinə əməl etməmiş və aldıgı pulu ona qaytarmamışdır. O, dəfələrlə cavabdehlə votsap vasitəsi ilə əlaqə saxlamış, danışmış, lakin o, borcunu qaytarmamışdır və bu səbəbdən də məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirdi ki, 2023-cü ilin 5 may tarixində 5000 manat pul vermişdir. Lakin bu vaxta kimi baxmayaraq, tərəf pulu ödəmir, ödəməkdən boyun qaçırır. Ümumillikdə təxminən 5600-, 5700 manat pul vermişdir. Tərəf ödədikdən sonra məbləğləri çıxmış və yerdə qalan məbləği tələb edir. Əlində olan sübut üzrə 5500 manat qarşı tərəfə pul vermişdir. Həmin məbləğdən 300 və yaxud 400 manat qaytarmışdır. Həmin məbləğləri də leobank vasitəsi ilə göndərmişdir. 5000 manat pulun qarşılığında cavabdeh ona 7000 manat pul verməli idi. Hələ 200 və yaxud 300 manatdan ödəməyi demişdir ki, aralarında problem yaranmasın. Lakin heç bir ödəniş etməmişdir. Hesab edir ki, sübutu yetərli qədər əsaslıdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirdi ki, bugünkü gündə onun iddiaçıya 900 manat borcu qalmışdır. Ümumillikdə ona 500 manat pul verilmişdir. 500 manatı faizə götürmüş, aylıq isə 75 manatdan ödəməli idi. 100 manata 15 manatdan pul düşmüşdür. Kağızı yazdıqdan sonra həmin gün 490 manat ona iddiaçı pul göndərmişdir. Sonra da 10 manat pul göndərmişdir. Bu haldan da başqa heç kim xəbərdar deyildir. Danışıqları 500 manatdan olmuşdur. İddiaçı bildirmişdir ki, 500 manatı qaytarsa qəbzi cıraraq tullayacaqdır. Gecikdiyi üçün üzərinə gəlmiş, bəzən 110, bəzən isə 150 manat məbləğlərində əlavə ödənişlər etmişdir. İndiyə kimi 2000 manatdan çox ödəniş etmişdir. Faizi ilə birlikdə təxminən 900 manat borc qalmışdır. 5000 manata aid borc götürməmişdir. 5000 manat yazılmalı olduğu deyilmiş, ona 500 manat pul atılmışdır. O pul da ona lazım olduğu üçün, məcbur imza çəkmişdir. O kağız cırılmalı idi, lakin bu gün o pul ondan tələb olunur. Məhkəmə, iddiaçının və cavabdehin izahatlarını, dinləyərək, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Tərəflər arasında bağlanmış 31 may 2023-cü il tarixli yazılı iltizamdan görünür ki, o, Cavabdeh 31 may 2023-cü il tarixində İddiaçı 5000 (beş min) manat pulu borca təhvil almışdır. Həmin pulu altı ay müddətinə hissə-hissə olmaqla qaytarmağı öhdəsinə götürmüşdür. - İddiaçı tərəfindən təqdim olunmuş sosial şəbəkə (Whatsapp) yazışmalarından görünür ki, cavabdeh iddiaçının “pul nə oldu ilə bağlı” sualını “vəziyyət çox pisdir, yalandan səni aldatmayım, bugün, sabah, ayın əvvəli inşallah atacam pul” cümlələri ilə cavablandırmışdır. - xx.xx.2025-ci il tarixli, **********23 nömrəli dövlət rüsumunun qəbzindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün Sumqayıt Şəhər Məhkəməsinin hesabına 70 manat məbləğində dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı cavabdehə xx.xx.2023-cü ildə 5000 manat borc pul vermiş, cavabdeh isə həmin pulları 6 ay müddətində qaytarmağa dair öhdəlik götürərək, sadə yazılı formada iltizam vermişdir. Lakin cavabdeh üzərinə götürdüyü öhdəliyi tam şəkildə yerinə yetirməmişdir. Məhkəmə, cavabdehin iddiaçıya 5000 manat qaytarmaq öhdəliyinin mövcudluğunu, onun sonuncu ilə yazışmasındaki “Whatsapp” etirafına və digər hallara əsaslanaraq işin mübahisəsiz halı kimi qiymətləndirir. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Məhkəmə qeyd edir ki, AR MPM-nin 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1- ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qeyd olunan Məcəllənin 1092.2-ci maddəsinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarında göstərilmişdir ki, şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı birbirlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, cavabdeh iddiaçı qarşısında borc pulu qaytarmaq öhdəliyi daşıyır və həmin öhdəliyin əmələ gəlməsi əsası onların bağladıqları sadə yazılı formada iltizamlardır. Odur ki, cavabdeh iddiaçıya ondan aldığı pulun borc verənə qaytarmaq öhdəliyinin daşıyıcısı olduğuna baxmayaraq, bunu yerinə yetirmədiyindən iddia qismən əsaslıdır. Belə ki, yazılı iltizamda qeyd olunan 5000 manat məbləğindən əlavə, leobank hesabında olan qəbzlərə əsasən müəyyən edilir ki, cavabdeh tərəfindən iddiaçıya 1180 manat pul vəsaiti qaytarılmış və 3820 manat ödənilməmiş borc qalmışdır. Məhkəmə cavabdehin 500 manat məbləğində borcu şifahi qaydada danışaraq faiz ödənilməsi ilə bağlı dəlilləri ilə razılaşmır. Çünki 500 manat məbləğində götürülən pulun 5000 manat kimi yazılması, üstəlik bundan əlavə 500 manatdan yuxarı olan məbləğində ödənişin cavabdeh tərəfindən iddiaçıya qaytarılması ağlabatan deyildir. Üstəlik bununla bağlı cavabdeh tərəfindən hər hansı mötəbər sübut da təqdim edilməmişdir. Buna baxmayaraq iş materiallarında olan yazılı iltizamın mövcud olması, üstəlik bunun da cavabdehin özününü bildirdiyinə əsasən imzalaması daha əsaslıdır. İddiaçı tərəfin iddia tələbindən kənar 500 manat cavabdehin kart hesabına ödənilməsi hazırki mübahisəyə aidiyyəti müəyyən edilmədiyindən və bununla bağlı iddia tələbi olmadığından məhkəmə bu qənaətə gəlir ki, iddia olunan məbləğədən cavabdeh tərəfindən iddiaçının kart hesabına ödənilən məbləğlər çıxılmaqla yerdə qalan məbləğ iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə, iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia qismən təmin olunduğundan dövlət rüsumu ilə bağlı tələb də qismən təmin edilməli, cavabdehdən ödənilmiş 58.20 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Belə ki, AR MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-76.3-cü maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 3820 manat borc və ödənilmiş 58.20 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №e-2(060)-2025/2025
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-2025/2025
05.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver