Məhkəmə qərarları › İş №e-2(060)-2026/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-2026/2025

21.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-2026/2025 21.04.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Sumqayıt şəhər məhkəməsi, hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi, İddiaçı "xxxx" ASC-nin etibarnamə üzrə səlahiyətli nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdeh X3 vərəsəsi Cavabdeh qarşı ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: 1.İddiaçı "xxxx" ASC cavabdeh X3 vərəsəsi Cavabdeh qarşı ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X3 vərəsəsi Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə nağd krediti üzrə 230.54 manat əsas borc və vəfat etdiyi tarixə qədər hesablanmış 0.21 manat faiz borcu olmaqla, cəmi 230.75 manat borcunun və ödənilmiş 30 manat dövlət rüsumunun və 0.40 manat xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı "xxxx" ASC iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC-nin Sumqayıt filialı ilə X7 arasında bağlanmış BPM**********87 nömrəli xx.xx.2019-cu il tarixli Kredit müqaviləsinə əsasən X5 illik 18 faizlə 9 ay müddətinə 500 manat məbləğində nağd krediti verilmişdir. Tərəflər arasında bağlanmış Kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. 048303 saylı ölüm haqqında şəhadətnaməyə əsasən X7 xx.xx.2019-cu il tarixində vəfat etmişdir. 1 saylı Sumqayıt regional “ASAN Xidmət” mərkəzində notariat ofisi tərəfindən təqdim edilmiş 2887 saylı, xx.xx.2024-cü il tarixli məktuba əsasən müəyyən edilmişdir ki, Cavabdeh X3 vərəsəsi kimi tanınmışdır və o miras əmlakdan tam hissədə pay almışdır. Bankın Sumqayıt filialı tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən, X3 xx.xx.2025-ci ilədək Banka ödənilməmiş nağd krediti üzrə 230.54 manat əsas borc və vəfat etdiyi tarixə qədər hesablanmış 0.21 manat faiz borcu olmaqla, cəmi 230.75 manat borcu qalmışdır. Eyni zamanda tərəfimizdən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu və 0.40 manat bank xidmət haqqı ödənilmişdir. Cavabdeh mərhum X2 qalmış mirası qəbul etməsinə baxmayaraqona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir.Mübahisənin məhkəmədən kənar həlli üçün cavabdehə xx.xx.2025-ci il tarixində 6-2-22/2-513/2025 nömrəli xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Ona görə də iddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 3.Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" ASC-nin etibarnamə üzrə səlahiyətli nümayəndəsi X6 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi.

4. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada (məhkəmə bildirişinə imza etməklə) xəbərdar edilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş və məhkəməyə gəlməməsinin səbəbləri bardə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

5. Məhkəmə hazırlıq iclasında iştirak etmiş Cavabdeh iddia tələbinə dair izahat verərək bildimişdir ki, mərhumdan miras əmlak kimi mənzil qalıb. İddia edilən pul sonradan hesablanmış borcdur. Belə ki, ona etdiyi ödənişin əsas borcdan çıxıldığı bildirilirdi. Bank ona 6 ildir ki, borcla əlaqədar məlumat verməyib.

6. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

7. İş materiallarında olan "xxxx" ASC-nin Sumqayıt filialı ilə X7 arasında bağlanmış BPM**********87 nömrəli xx.xx.2019-cu il tarixli Kredit müqaviləsindən görünü ki, Bank tərəfindən X5 illik 18 faizlə 9 ay müddətinə 500 manat kredit verilmişdir. 8.İşdə olan xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2025-ci il tarixə X3 "xxxx" ASC-yə BPM**********87 nömrəli xx.xx.2019-cu il tarixli Kredit müqaviləsinə əsasən 230.54 manat əsas borc və 0.21 manat faiz borcu olmaqla, cəmi 230.75 manat borcu mövcuddur. 9.İşdə olan xəbərdarlıq məktubundan görünür ki, yaranmış borcuödəməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə cavabdeh X3 vərəsəsi Cavabdeh yazılı bildiriş ünvanlanmışdır. 10.İşdə olan AZ-İİ 048303 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2019-cu ildə ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2019-cu il tarixdə 09 nömrə ilə qeyd edilmişdir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

11. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, mərhum X7 ilə "xxxx" ASC-nin Sumqayıt filialı arasında BPM**********87 nömrəli xx.xx.2019-cu il tarixli kredit müqaviləsi bağlanmışdır. İddiaçı Bank sözügedən müqavilə üzrə üzərinə düşən öhdəliyini yerinə yetirsə də, borclu xx.xx.2019-cu il tarixdə ölmüş, nəticədə müqavilə üzrə öhdəliklər icra edilməmiş qalmışdır.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

12. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir.

13. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir.

14. Borc müqaviləsinin anlayışına aydınlıq gətirən Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

15. Həmin Məcəllənin 743-cü maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər (743.1). Bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir (743.2).

16. Məcəllənin 746.1-ci maddəsinə əsasən istehlak krediti müqaviləsinə görə borcverən sahibkarlıq və ya peşə fəaliyyəti ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxs olan borcalana (bundan sonra – istehlakçı) pul vəsaitini borc verməyi, istehlakçı isə aldığı borcu faizlər və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmağı öhdəsinə götürür.

17. Mülki Məcəllənin öhdəliklərin icra edilməməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyən normalarına görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (442). Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (443.1). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsindəvurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır (445.2.1). 18.İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 1 saylı Sumqayıt Regional Asan Xidmət Mərkəzində Notariat Ofisinin xx.xx.2024-cü il tarixli, 2887 nömrəli məktubundan görünür ki, xx.xx.2019-cu ildə vəfat etmiş X2 miras qalmış əmlaka dair vərəsəsi Cavabdeh mirasın qəbul edilmısi barədə ərizə ilə müraciət etmişdir, lakin vərəsəlik hüququ haqqında şəhadətnamə verilməmişdir. 19.Mülki Məcəllənin 558-ci maddəsinə əsasən, əgər borclunun şəxsi iştirakı olmadan icra mümkün deyilsə, onun ölümü öhdəliyin xitamına səbəb olur. Həmin Məcəllənin 1153cü maddəsinə görə, şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquq və vəzifələr mirasın tərkibinə daxil deyildir. Beləliklə, şəxsi xarakterli hüquq və vəzifələr vərəsəlik qaydasında ölmüş şəxsin vərəsələrinə keçmir. Borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri isə şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir.

20. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 04 iyun 2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır.

21. Məhkəmə hesab edir ki, Cavabdeh X2 qızından miras qalmış mənzili qəbul etdiyindən iddiaçı "xxxx" ASC ilə X7 arasında bağlanmış BPM**********87 nömrəli xx.xx.2019-cu il tarixli Kredit müqaviləsi üzrə yaranmış borcun borclunun hüquqi varisi Cavabdeh iddiaçının xeyrinə tutulması barədə iddia tələbi əsaslıdır.

22. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh iddiaçı Azərbaycan Beynəlxalq Bankı» ASC-nin xeyrinə BPM**********87 nömrəli xx.xx.2019-cu il tarixli Kredit müqaviləsinə əsasən 230.54 manat əsas borc və 0.21 manat faiz borcu olmaqla, cəmi 230.75 manat borc tutulmalıdır. 23.Məhkəmə, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddia tələbi təmin edildiyindən iddiaçının məhkəməyə müraciət etmək üçün ödədiyi 30 manat dövlət rüsumu (0.40 manat xidmət haqqı da daxil olmaqla) cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir.

24. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Nəticə hissəsi:

25. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi:

İddia təmin edilsin. Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə BPM**********87 nömrəli xx.xx.2019-cu il tarixli Kredit müqaviləsinə əsasən 230,54 (iki yüz otuz manat əlli dörd qəpik) manat əsas borc və 0,21 (iyirmi bir qəpik) manat faiz borcu olmaqla, cəmi 230,75 (iki yüz otuz manat yetmiş beş qəpik) manat borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və 0,40 (qırx qəpik) manat xidmət haqqı tutulsun. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” İnformasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar