Məhkəmə qərarları › İş №e-2(060)-203/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-203/2024

20.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-203/2024 20.02.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə3 iştirakı ilə, İddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı kredit borcunun tutulması, tələbin ipoteka qoyulmuş əmlaka yönəldilməsi və sair tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 21195.99 manat əsas, 3957.96 manat faiz borcu və ödənilmiş 166 manat dövlət rüsumunun tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş cavabdehin sərəncamında olan ünvan 1 ünvanında yerləşən 4 mərtəbəli, 2 bloklu binanın 2-ci blokunda, 1-ci mərtəbəsində, 2 otaqlı ümumi sahəsi 40.18 kv.m, o cümlədən yaşayış sahəsi 27.33 kv.m və köməkçi sahəsi 12.85 kv.m olan 12 saylı mənzilə yönəlməsi, əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh tutulması və ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin yaşayış sahəsinin boşaldılaraq, alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, xx.xx.2011-ci il tarixli kredit müqaviləsinə əsasən borclu Cavabdeh götürdüyü kredit borcunu 300 ayadək ödəməyi öhdəsinə götürmüş, lakin nəzərdə tutulan öhdəliyin yerinə yetirilməsinə dair borcluya xəbərdarlıq məktubunun göndərilməsinə baxmayaraq, öhdəlik cavabdeh tərəfindən yerinə yetirilməmişdir. Həmin kredit müqaviləsi üzrə öhdəliklərin təminatı kimi Cavabdeh mülkiyyətində olan ünvan 1 (ümumi sahə 40.18 kv.m) xx.xx.2011-ci il tariхli alqı-satqı və ipotеka müqaviləsinə əsasən banka ipotеka qoyulmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddianı müdafiə etdiyini, borclunun ödənişlər etdiyini və 21195.79 manat əsas və 240.21 manat faiz borcu olduğunu bildirərək maliyyə arayışını təqdim etdi. Cavabdehə məhkəmə iclası barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - xx.xx.2011-ci il tarixli müqavilədən görünür ki, borclu Cavabdeh 300 ay müddətinə, illik 8% dərəcəsi ilə 25000 manat kredit verilmişdir. - xx.xx.2011-ci il tarixli alqı-satqı və ipoteka müqaviləsindən görünür ki, Cavabdeh xüsusi mülkiyyətində olan Sumqayıt şəhəri, 14-cü məhəllədə yerləşən 116 saylı evin 12 saylı mənzili Cavabdeh kredit öhdəliklərinin təminatı olaraq İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka predmetinin ilkin satış (likvid) qiyməti 33000 manat müəyyən edilmişdir. - Daşınmaz əmlakın dövlət reyestrinin verdiyi çıxarışın surətindən görünür ki, Cavabdeh xüsusi mülkiyyətində olan Sumqayıt şəhəri, 14-cü məhəllədə yerləşən 116 saylı evin 12 saylı mənzili İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. - "xxxx" MMC-nin məktubundan görünür ki, Sumqayıt şəhəri, 14-cü məhəllədə yerləşən 116 saylı evin 12 saylı mənzilinin hazırki likvid (satış) dəyəri 57000 manat təşkil edir. İş üzrə mütəxəssis rəyinə əlavə edilmiş hesab fakturadan iş üzrə mütəxəssis rəyinin dəyərinin 300 manat təşkil etdiyi göstərilmişdir. - xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 21195.79 manat əsas və 240.21 manat faiz borcu olmaqla, cəmi 21436 manat borcu vardır. - Bildiriş məktubundan görünür ki, cavabdeh öhdəliklərini yerinə yetirmədiyi təqdirdə, məhkəmə qaydasında ondan pul tələb olunması barədə xəbardar edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında xx.xx.2011-ci il tarixli kredit müqaviləsi bağlanmışdır. İddiaçı sözügedən müqavilə üzrə üzərinə düşən öhdəliyini yerinə yetirsə də, borclu öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş, nəticədə 21195.79 manat əsas və 240.21 manat faiz borcu yaranmışdır. xx.xx.2011-ci il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təminat üsulu kimi xx.xx.2011-ci il tarixli alqı-satqı və ipoteka müqaviləsi bağlanmış və Sumqayıt şəhəri, 14-cü məhəllədə yerləşən 116 saylı evin 12 saylı mənzili bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının MM-nin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, cavabdeh iddiaçıdan aldığı kredit üzrə əsas borcu və müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh xx.xx.2011-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərini icra etməyərək və müqavilənin tələblərini pozaraq iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Ona görə də iddiaçının xx.xx.2011-ci il tarixli kredit müqaviləsi üzrə əsas və faiz borcunun cavabdehdən tutulması hissədə iddia qismən təmin edilməlidir. Belə ki, cavabdehə məxsus bank hesabından çıxarışdan görünür ki, cavabdeh müxtəlif tarixlərdə ödənişlər etmiş, nəticədə cavabdehin 21195.79 manat əsas və 240.21 manat faiz borcu yaranmışdır. Odur ki, cavabdehdən 21195.79 manat əsas və 240.21 manat faiz borcu tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Kredit müqaviləsi üzrə cavabdehin üzərinə düşən öhdəliklərin icrasının təmini məqsədilə iddiaçı ilə onun arasında xx.xx.2011-ci ildə Sumqayıt şəhəri, 14-cü məhəllədə yerləşən 116 saylı evin 12 saylı mənzili ipoteka ilə yüklü edilmişdir. Tutmanın ipoteka ilə yüklü edilmiş mənzilə yönəldilməsi barədə tələb MM-in 317 və 319-cu maddələrinin və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğundur. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 39.3.3-cü bəndinə görə məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir, ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Tərəflər arasında bağlanmış alqı-satqı və ipoteka müqaviləsinin 1.4-cü bəndindən görünür ki, yüklü edilmiş əmlakın qiyməti 33000 manat müəyyən edilmişdir. Məhkəmə, iş üzrə keçirilmiş mütəxəssis tədqiqatın nəticəsi olaraq verilmiş rəyi nəzərə alaraq hesab edir ki, ipotekaya qoyulmuş əmlakın ilkin satış (likvid) qiyməti 57000 manat göstərilməlidir. Həmin Qanunun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Məhkəmə hesab edir ki, ipoteka predmeti açıq hərracda satıldıqdan sonra ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər yaşayış sahəsindən çıxarılmalı və yaşayış sahəsi alıcıya təhvil verilməlidir. Məhkəmə iddianın məhkəmə xərclərinin tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia qismən təmin edildiyindən dövlət rüsumu ilə bağlı tələb də qismən təmin edilməli, ödənilmiş 154.31 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Eyni zamanda mütəxəssis rəyinin dəyərinin əvəzi olaraq iddiaçıdan 44.40 manat, cavabdehdən isə 255.6 manat tutularaq "xxxx" MMC-nin hesabına ödənilməlidir. Belə ki, AR MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yenə də həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 21195.79 manat əsas və 240.21 manat faiz borcu olmaqla, cəmi 21436 manat borc və ödənilmiş 154.31 manat dövlət rüsumu alınaraq LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilsin. Tələb Sumqayıt şəhəri, 14-cü məhəllədə yerləşən 116 saylı evin 12 saylı mənzilinə yönəldilsin. Sumqayıt şəhəri, 14-cü məhəllədə yerləşən 116 saylı evin 12 saylı mənzilinin ilkin satış qiyməti 57000 manat müəyyən edilsin. Sumqayıt şəhəri, 14-cü məhəllədə yerləşən 116 saylı evin 12 saylı mənzili açıq hərracda satılsın, satışdan əldə olunan vəsaitdən hərracın keçirilməsi xərcləri çıxıldıqdan sonra 21195.79 manat əsas və 240.21 manat faiz borcu olmaqla, cəmi 21436 manat borc və ödənilmiş 154.31 manat dövlət rüsumu LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilsin, hərracda satışdan əldə edilən vəsaitin borcun ödənilməsinə kifayət etmədiyi təqdirdə qalan məbləğ Cavabdeh tutulsun. Vəsaitin artıq qalan hissəsi isə Cavabdeh qaytarılsın. İpoteka predmeti açıq hərracda satıldıqdan sonra ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər yaşayış sahəsindən çıxarılsınlar və yaşayış sahəsi alıcıya təhvil verilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə mütəxəssis rəyinin dəyəri olaraq iddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan 44.40 manat, Cavabdeh isə 255.6 manat tutularaq "xxxx" MMC-nin müxbir hesabına köçürülsün. (Kod:200093, VÖEN: **********, Müxbir hesab: AZ37NABZ********************) Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar