Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-2036/2025 09.07.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, Vəlixanova Pəri Murtuza qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pul tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pul tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı kirayədə yaşayır. 2023-cü ilin oktyabr ayında qızı və kürəkəni olan cavabdehlər Beynəlxalq Bankda pulunun olduğunu bilib iddiaçıya özlərinin də üstünü düzəldib ev alıb iddiaçını kirayələrdən qurtara biləcəklərinə inandırmışlar. İddiaçı xx.xx.2023-cü il tarixdə Cavabdeh2 ilə Sumqayıt şəhəri, 14-cü məhəllədə yerləşən Beynəlxalq Bankın bankomatından 12,885 manat pul çıxarıb ona vermiş, oradan birbaşa evə gələrək evdə saxladığı 2115 manatı da kürəkəni Namiqə vermişdir. İddiaçı onlara həmin gün cəmi 15000 manat pul vermişdir. Əvvəllər də saxlamaq üçün 8000 manat pul və qızıl-zinət əşyalarını cavabdehə vermiş, lakin cavabdeh nə pulunu, nə də qızıllarını iddiaçıya qaytarmamışdır. Cavabdehlərin Tuk Zavod qəsəbəsində ev aldıqlarını, evi öz adlarına aldıqlarını və kirayə verdiklərini bildikdən sonra əvvəl özlərinə, sonra Sumqayıt şəhər Polis İdarəsinə müraciət etmişdir. Pulunu qaytarmadıqlarından məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Əvvələr ödündən, gözlərindən, qarnındakı yırtıqdan əməliyyat olunmuşdur. Şəkər və qan təzyiqindən əziyyət çəkir. İynə-dərmanla yaşayır. Cavabdehlərin pulu iddiaçıya qaytarmamaları təqsiri nəticəsində borc alaraq müalicə olunur. Cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində əsəb gərginliyi və mənəvi sarsıntı keçirmişdir. Göstərilənlərə əsasən Cavabdeh2 və Cavabdeh1 15000 manat pulun, 500 manat mənəvi zərərin və ödənilmiş 136 manat dövlət rüsumunun və hüquqi yardım üçün ödənilmiş 325 manat pulun alınıb İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Məhkəmə iclasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddia tələbinə etiraz edərək, tələbin təmin edilməməsini məhkəmədən xahiş etmişlər.
5. Məhkəmə proses iştirakçılarının izahatlarını, şahidin ifadəsini dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
6. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 öz ifadəsində göstərmişdir ki, iddiaçı onun anası, cavabdehlər isə bacısı və yeznəsidir. Onlar anasından cəmi 15.000 manat pul almışlar. Belə ki, anası bankdan 12.800 manat məbləğində pul götürmüşdür. Həmin faktları təsdiq edən səs yazısı vardır.
7. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi barədə” qərardan görünür ki, İddiaçı müraciəti əsasında toplanmış material üzrə Cavabdeh1 və Cavabdeh2 əməlində cinayət tərkibi olmadığından onların barələrində cinayət işinin başlanmasının rədd olunması qərara alınmışdır.
8. Həmin qərardan görünür ki, Cavabdeh1 izahatında bildirmişdir ki, həyat yoldaşı Cavabdeh2 xx.xx.2023-cü il tarixdə qaynanası ilə Sumqayıt şəhəri, 14-cü məhəllə ərazisində yerləşən Beynəlxalq Bankdan 12.885,17 manat pul çıxarışı etməsini bu yaxınlarda məlumatı olmuşdur. Yaşadığı və ona məxsus olan mənzilləri o, özü öz puluna almışdır. Bağdagüldən ev almaq üçün hər hansı bir pul ödənişi almamışdır. Bağdagülün iddiaları şər-böhtan xarakterlidir. O, tuqzavod adlanan ərazidə özünə ev almışdır. O, Bağdagülə orada yaşamasını təklif etmişdir. Lakin Bağdagül məsafə uzaq olduğundan orada yaşamaq istəmədi. Bağdagül bütün övladlarına qarşı bu tərzdə iddialar irəli sürmüşdür.
9. Həmin qərardan görünür ki, Cavabdeh2 izahatında bildirmişdir ki, İddiaçı onun doğma anasıdır. xx.xx.2023-cü il tarixdə anası ondan Sumqayıt 14-cü məhəllə ərazisində yerləşən Beynəlxalq Bankdan pulunu çıxarmaq istədiyini, həmin vaxt yanında olmağını istədi. Bildirir ki, bankdan 12.885,17 manat pul çıxarışı etdi. Həmin pulu nə edəcəyi barədə soruşmadı. Sumqayıt şəhəri, Karvan ticarət mərkəzinin yaxınlığından ayrılmışlar. O, anası ilə danışmır. Anası onun digər qardaş və bacılarına qarşı belə iddialar irəli sürmüşdür. O, anasından pul alıb ev almamışdır. Yaşadığı evi və həyat yoldaşı Cavabdeh1 almış olduğu evlər öz əziyyətləri sayəsində alınmışdır. Anası ev almaq üçün ona 15000 manat pul verməməmişdir. Anasının ona qarşı o cümlədən həyat yoldaşına qarşı irəli sürdüyü iddialar şər-böhtan xarakterlidir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
10. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı ona ev alınması məqsədilə cavabdehlərə 15000 manat pul verdiyini, cavabdehlərin isə iddiaçı qarşısında öz öhdəliklərini yerinə yetirmədiyini və cavabdehlərin ona maddi və mənəvi zərər vurduğunu iddia edir. Cavabdehlər isə iddia tələbinə etiraz edirlər.
b) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
11. Hazırki iddia tələbləri ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
13. Eyni Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
14. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
16. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur.
17. Eyni Məcəllənin 1092.1-ci maddəsinə əsasən isə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
18. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehlərin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir.
19. Məhkəmə qeyd edir ki, hər bir tərəf tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir, bu halda iddiaçının tələb etdikləri qismən sübut olunur. Yekun nəticə olaraq iddiaçının Cavabdeh2 12000 manat pul verdiyi təsdiq olunur.
20. Bununla əlaqədar məhkəməyə İddiaçı övladı X1 ilə cavabdehlərin səs yazısını əks etdirən disk təqdim etmişdir.
21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2021-ci il tarixli qərarında göstərmişdir ki, «Konstitusiya Məhkəməsinin Plenumu göstərir ki, mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur. Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması özözlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz».
22. Məhkəmə qeyd edir ki, qeyd olunan Konstitusiya Məhkəməsinin qərarında əsasən danışıqlar mübahisəli əqdin hər iki tərəfinin danışıqlarından söhbət gedir. Səs yazısında isə Cavabdeh2 əqdin bir tərəfi olsa da, digər tərəf isə başqa bir şəxs (iddiaçının oğlu) olmuşdur. Bu halda isə əldə edilmiş səs yazısı (qanuna zidd əldə edilmiş olmaqla Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsinin təsir dairəsinə düşür.
23. Buna baxmayaraq, məhkəmə şahid ifadəsinə qiymət verərək, habelə daxili inamını əsas götürərək hesab edir ki, Cavabdeh2 12000 (on iki min) manat məbləğində pul alınaraq İddiaçı verilməli, iddia tələbi Cavabdeh1 münasibətdə təmin edilməməlidir.
24. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Kraska İsveçreyə qarşı iş üzrə 19 aprel 1993-cü il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı (məhkəmə üçün) öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır (§ 30).
25. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 100-cu maddəsinə əsasən məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır.
26. Məhkəmə qeyd edir ki, işin hərtərəfli tədqiqi dedikdə, baxılan iş üzrə mövcud olan bütün məsələlərin, onlar daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəflərin hər birinin həm xeyrinə, həm də mənafeyinin ziddinə olan halların müəyyən edilməsi ilə araşdırılması başa düşülməlidir. Mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən və mübahisənin mahiyyətinə aid olan bütün materialların və faktların tədqiqi ilə təmin olunur. İşin obyekti və qanuni həlli üçün əhəmiyyət kəsb edən digər halların araşdırılması da əhatə olunmalıdır.
27. Qanunvericilik sübutetmə vəzifəsini tərəflərin üzərinə qoyduğu kimi, eyni zamanda tərəflərin tələb və etirazlarının əsası kimi istinad etdiyi halların sübut etmə vəzifəsini də onların üzərinə qoymuşdur. Bununla yanaşı məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır.
28. Azərbaycan Respublikası MPM-nin 76.1-ci madəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir(maddə 76.2). Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir (maddə 76.3).
29. Məhkəmə iddia tələbinin “500 manat mənəvi zərərin tutulması” hissəsi ilə bağlı qeyd edir ki, iddiaçı tələbinin həmin hissəsinin əsaslı olmasını təsdiq edə biləcək sübutları məhkəməyə təqdim etmədiyindən, iddia tələbi həmin hissədə təmin edilə bilməz.
30. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu 03 noyabr 2008-ci il tarixli 7 saylı Qərarının 8-ci bəndində izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkənin hansı mənəvi sarsıntı və istirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddı formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur.
31. İddiaçı isə ona məhz cavabdehlər tərəfindən mənəvi zərərin vurulduğunu bildirsə də, Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd olunan qərarının müddəalarına və Azərbaycan Respublikası MPM-in 89-cu maddəsinə uyğun qaydada bunu sübuta yetirə bilməmişdir.
32. İddianın hüquqi yardıma görə ödənilmiş 325 manat məbləğində pulun cavabdehlərdən alınması hissəsi ilə əlaqədar məhkəmə hesab edir ki, iddia bu hissədə qismən təmin olunmalı və hüquqi yardım xərci Cavabdeh2 alınaraq iddiaçıya verilməlidir.
33. Belə ki, Azərbaycan Respublikası MPM-in 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
34. Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsinin 1-ci hissəsində hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ təsbit edilmişdir
35. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
36. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia qismən təmin olunduğundan, dövlət rüsumu ilə bağlı tələb də qismən təmin edilməli, cavabdehdən ödənilmiş 126 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir.
37. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh2 12000 (on iki min) manat məbləğində pul, habelə ödənilmiş 126 (bir yüz iyirmi altı) manat dövlət rüsumunun və 325 (üç yüz iyirmi beş) manat məbləğində hüquqi yardımın əvəzi alınaraq İddiaçı verilməli, iddia tələbi qalan hissədə və Cavabdeh1 münasibətdə təmin edilməməlidir.
38. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
39. Həmin Məcəllənin 76.1-ci və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
40. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
41. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
42. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Nəticə hissəsi:
43. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia tələbi qismən təmin edilsin. Cavabdeh2 12000 (on iki min) manat məbləğində pul, habelə ödənilmiş 126 (bir yüz iyirmi altı) manat dövlət rüsumunun və 325 (üç yüz iyirmi beş) manat məbləğində hüquqi yardımın əvəzi alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə və Cavabdeh1 münasibətdə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Şəbnəm Həxiyeva