Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-2045/2024 27.06.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, Hüseynzadə Gülçöhrə Kamal qızının katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:
1. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia qaldıraraq Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə BPM**********30 nömrəli, xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehin əsas borc üzrə 945,4 manat, faiz borcu üzrə 342,42 manat olmaqla, cəmi 1287,32 manat, həmçinin iddia ərizəsi üçün ödənilmiş 33,27 manat dövlət rüsumunun və 0,40 qəpik bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. "xxxx" Açıq Səhmdar Cəmiyyəti xx.xx.2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə BPM**********30 nömrəli, xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehin əsas borc üzrə 945,61 manat, faiz borcu üzrə 414,53 manat olmaqla, cəmi 1360,14 manat tutulması, həmçinin, iddia ərizəsi üçün ödənilmiş 33,27 manat dövlət rüsumunun və 0,40 qəpik bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
3. İddia onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış BPM**********30 nömrəli, xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh illik 24 faiz dərəcəsi ilə 36 ay müddətinə 1000 manat kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə əsasən müəyyən edilmişdir ki, borcalan müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. Cavabdehə kreditin vaxtında qaytarılması haqqında dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq borclu öz öhdəliklərini yerinə yetirmir və borcun ödənişini təmin etmir. Yuxarıda qeyd olunan BPM**********30 nömrəli, xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehin əsas borc üzrə 945,4 manat, faiz borcu üzrə 342,42 manat olmaqla, cəmi 1287,32 manat borcu mövcuddur.
Tərəflərin mövqeləri:
4. Məhkəmə hazırlıq iclasında iştirak edən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 izahatında bildirmişdir ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsinə əsasən Cavabdeh illik 24 faiz dərəcəsi ilə 36 ay müddətinə 1000 manat kredit verilmişdir. Cavabdehlər tərəfindən vaxtı-vaxtında ödənişlər həyata keçirilməmiş, gecikmələr olmuşdur. Buna görə də məhkəməyə müraciət etməli olmuşdurlar.
5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar:
6. İddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış BPM**********39 saylı, xx.xx.2021-ci il tarixli tam kart çərçivə müqaviləsindən görünür ki, bank müştərinin adına ikitərəfli ödəniş kartını buraxmağı, müştərinin adına bank hesablarını açmağı, müştəriya tam kartın qüvvədə olduğu müddətdə istifadə imkanı təqdim edilməklə 30000 manat məbləğinədək kreditdən istifadəyə görə illik 24 faizədək ödəməklə kredit limitini ayırmağı, müştəri isə tam kart, eləcə də hesablar vasitəsilə aparılmış əməliyyatlara, o cümlədən tam kartdan istifadəyə görə bank xidmətlərinin haqlarını ödəməyi, bank tərəfindən ayrılmış kreditdən 2.3-cü bənddə göstərilmiş təyinatı üzrə istifadə etməyi, bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti qaytarmağı və ona hesablanmış faizləri banka ödəməyi öz öhdəsinə götürmüşdür.
7. Bank kartına kredit limitinin təyin olunmasına dair razılaşmadan görünür ki, "xxxx" ASC ilə Cavabdeh sonuncuya 36 ay müddətinədək illik 24 faiz ödəmək şərtilə 1000 manat məbləğində kredit xətti ayırılması ilə bağlı razılaşmışlar.
8. xx.xx.2021-ci il tarixli balansdan kənar kassa məxaric orderindən görünür ki, 1 ədəd ödəniş kartı Cavabdeh tərəfindən qəbul edilmişdir.
9. 08.12.2023-cü il tarixli bildirişdən görünür ki, iddiaçı "xxxx" ASC tərəfindən cavabdehə 5 gün müddətində öhdəlik icra olunmadığı təqdirdə borcun tutulması və sair tələblərlə bağlı qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
10. İddiaçı "xxxx" ASC tərəfindən tərtib edilmiş 18 yanvar 2024-cü il tarixli maliyyə arayışında qeyd olunmuşdur ki, Cavabdeh xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə 945,4 manat əsas borc, 342,42 manat faiz borcu olmaqla, cəmi 1287,82 manat borcu vardır.
Məhkəmə baxışının hədləri:
11. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Tətbiq edilən hüquq:
12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
- 739-cu maddəsinə əsasən (əvvəlki redaksiya) borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. -462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. -467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Qərarı:
- Borcalana bildiriş verilməsi və ya məhkəmə qərarının (o cümlədən birbaşa borcalana qarşı iddia tələbi irəli sürülmədən müvafiq tarixə yaranmış borcun ipoteka predmetinin hərracdan satılması hesabına tutulması barədə məhkəmə aktının) qəbul edilməsi ilə tərəflər arasında bağlanmış kredit müqaviləsi ləğv edilmiş hesab edilərsə, bu halda həmin tarixdən sonrakı dövr üçün bank kredit müqaviləsi üzrə faiz və dəbbə pulunu borcalandan tələb etmək hüququnu itirməklə borcludan yalnız öhdəliyin icrasının gecikdirilməsi nəticəsində yaranmış zərəri (Mülki Məcəllənin 443-cü maddəsi) və (və ya) pul öhdəliyinin icra edilməməsindən irəli gələn məsuliyyət üzrə digər vəsaiti tələb edə bilər.
Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
14. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi qismən təmin edilməlidir.
15. Belə ki, mülki qanunvericiliyə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, Mülki Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.
16. İş materialarına əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, bank 36 ay müddətinə illik 24 faiz ödəmək şərtilə 1000 manat məbləğində krediti borcalanın mülkiyyətinə verməyi, borcalan isə tam kart, eləcə də hesablar vasitəsilə aparılmış əməliyyatlara, o cümlədən tam kartdan istifadəyə görə bank xidmətlərinin haqlarını ödəməyi, bank tərəfindən ayrılmış kreditdən 2.3-cü bənddə göstərilmiş təyinatı üzrə istifadə etməyi, bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti qaytarmağı və ona hesablanmış faizləri banka ödəməyi öz öhdəsinə götürmüşdür.
17. Cavabdeh tərəfindən müqavilə üzrə borcun ödənilməsi tam təmin edilmədiyindən iddiaçı tərəfindən ona bildiriş göndərilərək borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir.
18. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında kredit müqaviləsindən irəli gələn öhdəlik münasibətləri mövcud olmuşdur. İddiaçı qeyd olunan müqavilə üzrə üzərinə düşən vəzifəni yerinə yetirərək pul vəsaitini cavabdehin hesabına köçürmüş və onlar ödənişlərin müddəti və məbləği barədə razılığa gəlmişlər. Lakin Cavabdeh müqavilədən irəli gələn kreditin ödənilməsinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin iddiaçı qarşısında icra edilməmiş öhdəliyi yaranmışdır.
19. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, tələb 945,4 manat məbləğində əsas borcun tutulması hissəsində əsaslı olduğundan təmin edilməlidir.
20. Məhkəmə iddianın faiz borcunun tutulması hissəsinə münasibətdə qeyd edir ki, 18 yanvar 2024-cü il tarixli maliyyə arayışında cavabdehin 342,42 manat faiz borcunun olduğu göstərilsə də, sonradan dəqiqləşmə verilərək faiz borcunun 414,53 manat tutulması xahiş edilmişdir. Lakin faiz borcunun məbləğinin sonradan dəyişdirilməsi iddiaçı tərəfindən əsaslandırılmamış, bu borcun iddiaçı bank tərəfindən cavabdehə yuxarıda adı qeyd edilən müqavilə üzrə borcun tələb edilməsi barədə pretenziya məktubu ilə müraciət olunduğu dövrədək və ya ondan sonrakı dövrlərə görə hesablandığı müəyyən deyildir. Bu səbəbdən məhkəmə hesab edir ki, tələb faiz borcunun ödənilməsi hissəsində qismən təmin edilməli, cavabdehdən 342,42 manat faiz borcu alınaraq iddiaçıya verilməlidir.
21. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh 945,4 manat əsas borc, 342,42 manat faiz borcu olmaqla, cəmi 1287 (min iki yüz səksən yeddi) manat, 82 (səksən iki) qəpik məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 33 (otuz üç) manat, 17 (on yeddi) qəpik pul vəsaiti tutularaq "xxxx" ASC-yə ödənilməlidir.
Nəticə:
22. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddia tələbi qismən təmin edilsin. Cavabdeh 945,4 manat əsas borc, 342,42 manat faiz borcu olmaqla, cəmi 1287 (min iki yüz səksən yeddi) manat, 82 (səksən iki) qəpik məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 33 (otuz üç) manat, 17 (on yeddi) qəpik pul vəsaiti tutularaq "xxxx" ASC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vəfa Şirəliyeva