Məhkəmə qərarları › İş №e-2(060)-2054/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-2054/2022

27.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-2054/2022 27.05.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X1 oğlunun katibliyi, iddiaçının nümayəndəsi, Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehdən 10000 manat məbləğində pul, borcun gecikdirilməsinə görə 417 manat, vəkil xidmətinə görə ödənmiş 110 manat olmaqla, ümumilikdə 10527 manat pulun və 125 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh 09 yanvar 2021-ci il tarixdə iddiaçıdan 10000 manat borc pul götürmüş və buna dair cavabdehlə iddiaçı arasında 09.01.2021-ci il tarixdə notarial qaydada eyni məzmunlu kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 3-cü bəndinə əsasən cavabdeh iddiaçıya müqavilə üzrə borcunu 01.05.2021-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Lakin bugünədək cavabdeh yuxarıda qeyd olunan borcunu iddiaçıya qaytarmamışdır. Borcun qaytarılması ilə bağlı iddiaçı cavabdehlə dəfələrlə əlaqə saxlasa da, onun ünvanına pretenziya məktubu göndərilsə də, borc yenə də qaytarılmamışdır. Cavabdehin iddiaçıya olan borcunu ödəməməsi iddiaçının əmlak hüquqlarını kobudcasına pozmuş və buna görə də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını xahiş etdi. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə göndərilmiş məhkəmə bildirişi rabitə orqanı tərəfindən geri qaytarılmışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materialları ilə müəyyən olunur ki, iddiaçı xx.xx.1987-ci ildə, Bakı şəhərində anadan olmuş və ünvan 1 ünvanında qeydiyyatdadır. Cavabdeh isə xx.xx.1975-ci ildə, Quba rayonu, İkinci Nügədi kəndində anadan olmuş, hazırda ünvan 3 ünvanında qeydiyyatdadır. Tərəflər arasında ünvan 4rial qaydada təsdiq edilmiş 09.01.2021-ci il tarixli kredit müqaviləsinə əsasən iddiaçı cavabdehə 10000 manat məbləğində pul vermiş, cavabeh isə həmin pulu 01.05.2021-ci il tarixinə qədər qaytarmağı öhdəsinə götürmüşdür. İşdən göründüyü kimi iddiaçı iddia ərizəsinin verilməsi üçün 125 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən kredit müqaviləsinə görə iştirakçılardan biri (kredit verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (kredit alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (kredit alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində kredit verənə qaytarmağı öhdəsinə götürür (739.1). Kredit müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul kredit verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (739.2). Öhdəliyə əsasən bir şəxs (kreditlu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə kreditludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (442). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi kreditlunun icranı gecikdirməsi sayılır (445.2.1). İşdən göründüyü kimi iddiaçı notarial qaydada təsdiq edilmiş kredit müqaviləsinə əsasən cavabdehə 10000 manat kredit vermişdir. Cavabdeh müqavilənin üçüncü bəndinə görə aldığı borcu 01.05.2021-ci il tarixinə qədər qaytarmağı öhdəsinə götürsə də, bu günə qədər aldığı borcu qaytarmamışdır. Buna görə də iddia təmin edilməli, 10000 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Mülki Məcəllədə həmçinin göstərilir ki, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir (445.7.). İddiaçı eyni zamanda borcun gecikdirilməsinə görə 417 manat məbləğində pul tələb etsə də, 01.05.2021-ci ildən məhkəməyə müraciət olunduğu 18.02.2022-ci tarixədək illik 5 faizlə gecikməyə görə borc məbləğinin 400 manat təşkil etdiyi müəyyən olunur. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 125 manat dövlət rüsumunun 100 manatı və vəkil xidmətinə görə ödənilmiş 110 manat məbləğində pul cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 10000 manat məbləğində əsas borc, borcun gecikdirilməsinə görə ödənilmiş 400 manat pul, vəkil xidmətinə görə ödənilmiş 110 manat pul və ödənilmiş 100 manat dövlət rüsumu olmaqla, ümumilikdə 10610 (on min altı yüz on) manat pul Cavabdeh tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar