Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-2057/2022 25.04.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3 Nazim oğluna və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə yaranmış borc pul məbləğinin qaytarılması tələbinə dair mülki işə 25 aprel 2022-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh3 Nazim oğluna və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə yaranmış borc pul məbləğinin qaytarılması tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış 013CASA191410023 saylı 21 may 2019-cu il tarixli Kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh3 Nazim oğlundan və Cavabdeh2 müştərək qaydada 4612,45 AZN əsas kredit borcu, 501,50 AZN kreditdən istifadəyə görə faiz borcu olmaqla, cəmi 5113,95 AZN borcun, həmçinin 71,14 manat ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə bağlanmış 013CASA191410023saylı 21 may 2019-cu il tarixli Güzəştli kredit müqaviləsinə əsasən Cavabdeh1 36 ay müddətinə illik 25% faiz kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 8600 AZN məbləğində kredit verilmişdir. Digər cavabdehlər Cavabdeh3 Nazim oğlu ilə İddiaçı ASC arasında 21.05.2019-cu il tarixli 013FİZAM72457501 saylı və Cavabdeh2 ilə İddiaçı ASC arasında 21.05.2019-cu il tarixli 013FİZAM72457601 saylı Zaminlik müqavilələri imzalanmış və onlar həmin müqavilələr üzrə öhdəlikləri öz üzərilərinə götürmüşdürlər. Lakin kredit müqaviləsi üzrə öhdəliklərini bank qarşısında icra etməyən cavabdehlərin İddiaçı ASC-yə 01.02.2022-ci il tarixinə 4612,45 AZN əsas kredit borcu, 501,50 AZN kreditdən istifadəyə görə faiz borcu olmaqla, cəmi 5113,95 AZN borcu qalmaqdadır. Bu səbəbdən Bank məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Yuxarıda qeyd etdiklərinə əsasən, iddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. 28.03.2022-ci il tarixli məhkəmə hazırlıq iclasında iştirak edən Cavabdeh1 iddia tələbinini qəbul edərək bildirmişdir ki, digər cavabdehlər onun qohumlarıdır. Onlar müqavilə üzrə zamindirlər, əsas borclu isə özüdür. Bankdan 8600 manat məbləğində pul götürmüş, çox hissəsini ödəmişdir. Sonra maddi vəziyyəti pisləşmiş, atası rəhmətə getmiş, başqa borcları da yaranmışdır. Bu səbəbdən bank qarşısında olan öhdəliyini yerinə yetirə bilməmişdir. İddiaçı ASC-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, lakin məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasının nümayəndələrinin iştirakları olmadan keçirilməsini, işə mahiyyəti üzrə baxıb tələblərinin tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq (SS766504507AZ saylı poçt göndərişinin təqdim edilməsi barədə xəbərnamə və SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsi barədə bildirişə əsasən) iş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh3 Nazim oğlu və Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə heç bir məlumat verməmişdirlər. Azərbaycan Respublikası MPM-in 185.5 və 185.6-cı maddələrinə əsasən məhkəmə işə tərəflərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İş materiallarında olan 013CASA191410023saylı 21 may 2019-cu il tarixli Güzəştli kredit müqaviləsindən görünür ki, Cavabdeh1 36 ay müddətinə illik 25% kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 8600 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 21.05.2019-cu il tarixli 013FİZAM72457501 saylı və 21.05.2019cu il tarixli 013FİZAM72457601 saylı zaminlik müqavilələrinə əsasən, Cavabdeh3 Nazim oğlu və Cavabdeh2 kreditor qarşısında borclu Cavabdeh1 013CASA191410023saylı 21 may 2019-cu il tarixli Güzəştli kredit müqaviləsi üzrə öhdəliklərini tamamilə icra etməsi üçün məsuliyyəti tam olaraq üzərinə götürmüşdürlər. İş materiallarında olan 21.05.2019-cu il tarixli kassa məxaric orderinin surətindən görünür ki, Cavabdeh1 8600 manat məbləğində pulu İddiaçı ASC-dən qəbul etmişdir. İşdə olan 01.02.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 oğlunun İddiaçı ASC-yə 4612,45 manat məbləğində əsas borcu və 501,50 manat faiz borcu olmaqla, ümumilikdə 5113,95 manat borcu mövcuddur. İşdə olan 10.01.2022-ci il tarixli, 002 nömrəli xəbərdarlıq məktubundan görünür ki, yaranmış borcunu ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə cavabdehlər Cavabdeh1, Cavabdeh3 Nazim oğluna və Cavabdeh2 yazılı bildiriş ünvanlanmışdır. Məhkəmə iş materiallarını araşdıraraq, belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında 013CASA191410023saylı 21 may 2019-cu il tarixli Güzəştli kredit müqaviləsi bağlanmışdır. İddiaçı Bank sözügedən müqavilə üzrə üzərinə düşən öhdəliyini yerinə yetirsə də, borclu Cavabdeh1 öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş, nəticədə banka borcu yaranmışdır. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Borc müqaviləsinin anlayışına aydınlıq gətirən Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Mülki Məcəllənin öhdəliklərin icra edilməməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyən normalarına görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (442). Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (443.1). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır (445.2.1). Mülki Məcəllənin 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Hazırki iş üzrə zaminlik müqaviləsində borclunun kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zaminin Bank qarşısında məsuliyyəti tam olaraq öz üzərinə götürdüyü və Borclu ilə birlikdə Bank qarşısında məsuliyyət daşıdığı nəzərdə tutulmuşdur. Belə olan halda, məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinin ləğv edilməsi, müqavilə üzrə yaranmış 4612,45 manat əsas borc və 501,50 manat faiz borcunun əsas borclu və zamin olan cavabdehlərdən iddiaçının xeyrinə tutulması barədə iddia tələbi əsaslıdır. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 71,14 manat da cavabdehlərdən alınmalı və iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış 013CASA191410023saylı 21 may 2019-cu il tarixli Güzəştli kredit müqaviləsi ləğv edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 Nazim oğlundan və Cavabdeh2 müştərək qaydada 4612,45 (dörd min altı yüz on iki manat qırx beş qəpik) manat əsas kredit borcu, 501,50 (beş yüz bir manat əlli qəpik) manat kreditdən istifadəyə görə faiz borcu olmaqla, cəmi 5113,95 (beş min yüz on üç manat doxsan beş qəpik) manat borc və ödənilmiş 71,14 (yetmiş bir manat on dörd qəpik) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №e-2(060)-2057/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-2057/2022
25.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver