Məhkəmə qərarları › İş №e-2(060)-2077/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-2077/2023

25.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-2077/2023 25.06.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X1 oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “kredit borcunun tutulması” tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: "xxxx" KB Açıq Səhmdar Cəmiyyəti (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 1483,81 manat əsas, 15,86 manat faiz olmaqla, cəmi 1499,67 manat vəsaitin və dövlət rüsumu olaraq ödənilmiş 35,40 manat məbləğində vəsaitin tutulmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Əbilov Valeh Saleh oğlu arasında bağlanmış xx.xx.2020-ci il tarixli kredit xətti müqaviləsinə əsasən borcluya istehlak məqsədləri üçün 48 ay müddətinə, illik 29,50% ödəmək şərtilə 1500 manat məbləğində kredit verilmişdir. X2 Saleh oğlunun vəfat etdiyi müəyyən olduğundan iddiaçı tərəfindən ondan miras qalmış əmlaka dair vərəsəlik işinin açılıb-açılmaması haqqında məlumatın verilməsi ilə bağlı Sumqayıt şəhəri 3 saylı notariat ofisinə məktubla müraciət olunmuşdur. Sumqayıt şəhəri 3 saylı notariat ofisinə məktubu ilə Əbilov Valeh Saleh oğlunun vəfat etməsi ilə əlaqədar cavabdehin vərəsənin ərizəsi əsasında ona vərəsəlik işi açılmış və ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi müəyyən edilmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə xx.xx.2023-ci il tarixinə iddiaçıya 1483,81 manat əsas, 15,86 manat faiz olmaqla, cəmi 1499,67 manat borcu yaranmışdır. İş üzrə əlavə araşdırma aparılması zərurəti yarandığından Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə iddia icraatına keçilmişdir. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh bildirdi ki, iddia tələbini qəbul etmir. 15 il öncəki borc indi tələb edilməməlidir. Sözügedən müqavilə üzrə zamin deyil. Tələb olunan borc məbləği ondan tutulmamalıdır. Qeyd edilənlərə əsasən cavabdeh iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, cavabdeh xx.xx.1980-ci ildə, Sumqayıt şəhərində anadan olmuş, hazırda ünvan 1 ünvanında qeydiyyatdadır. İddiaçı ilə Əbilov Valeh Saleh oğlu arasında bağlanmış xx.xx.2020-ci il tarixli kredit xətti müqaviləsinə əsasən borcluya istehlak məqsədləri üçün 48 ay müddətinə, illik 29,50% ödəmək şərtilə 1500 manat məbləğində kredit verilmişdir. Ölüm haqqında şəhadətnamədən görünür ki, Əbilov Valeh Saleh oğlu xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən Əbilov Valeh Saleh oğlunun xx.xx.2023-cü il tarixinə əsas borc üzrə 1483,81 manat, faiz borcu üzrə 15,86 manat borcu vardır. ünvan 2 ünvanladığı xx.xx.2023-cü il tarixli məktuba əsasən xx.xx.2020-ci il tarixdə vəfat etmiş Əbilov Valeh Saleh oğlundan miras qalmış pul məbləğinə dair xx.xx.2021-ci il tarixdə ünvan 3 ünvanında qeydiyyatda olan cavabdehə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə müəyyən edilir ki, cavabdeh xx.xx.2020-ci il tarixdə vəfat etmiş Əbilov Valeh Saleh oğlundan miras qalmış əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak Dövlət Sosial müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2021-ci il tarixli məktubuna əsasən Əbilov Valeh Saleh oğlunun adına olan 4493,44 manat pul məbləğindən ibarətdir. İddiaçı tərəfindən cavabdehə borcun ödənilməsi ilə bağlı xəbərdarlıq məktubu göndərilmişdir. İşdə olan mədaxil qəbzindən görünür ki, iddiaçı iddia ərizəsinin verilməsi üçün 35 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (739.1). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (739.2). Göründüyü kimi iddiaçı ilə Əbilov Valeh Saleh oğlu arasında kredit (borc) müqaviləsi bağlanmışdır. Mülki Məcəllədə göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (442). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (445.2.1). Göründüyü kimi cavabdeh Əbilov Valeh Saleh oğlu öz öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş və iddiaçıya 1483,81 manat əsas borcu, 15,86 manat faiz borcu qalmışdır. Mülki Məcəllənin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. İşin müəyyən edilmiş hallarına əsasən cavabdeh Əbilov Valeh Saleh oğlunun vərəsəsidir və onun mirasından tam hissədə pay almalıdır. Mniras əmlak isə 4493,44 manat pul məbləğindən ibarətdir. Belə olan halda o, Əbilov Valeh Saleh oğlunun kredit borcuna münasibətdə borclu kimi çıxış etməlidir. Bu səbəbdən Əbilov Valeh Saleh oğlunın iddiaçıya borclu olduğu 1483,81 manat əsas borcu, 15,86 manat faiz borcu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 35,40 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Yuxarıdakılara əsasən və MPM-in 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Əsas borc üzrə 1483 (min dörd yüz səksən üç) manat 81 (səksən bir) qəpik pul, faiz borcu üzrə 15 (on beş) manat 86 (səksən altı) qəpik olmaqla, cəmi 1499 (min dörd yüz doxsan doqquz) manat 67 (altmış yeddi) qəpik pul və ödənilmiş 35 (otuz beş) manat 40 (qırx) qəpik dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar