Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-2085/2022 20.06.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, İddiaçı ASC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X1 Cavabdeh1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə yaranmış borc pul məbləğinin qaytarılması tələbinə dair mülki işə 20 iyun 2022-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə yaranmış borc pul məbləğinin qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı ASCnin xeyrinə xx.xx.2021-ci il tarixli, 02CRED21000005 nömrəli Kredit müqaviləsi üzrə 6854,26 (altı min səkkiz yüz əlli dörd manat 26 qəpik) manat əsas borc, 521,76 (beş yüz iyirmi bir manat 76 qəpik) manat faiz borcu olmaqla, cəmi 7376,02 (yeddi min üç yüz yetmiş altı manat 02 qəpik) manat borcun və ödənilmiş 94 manat dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı ASC məhkəməyə iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə xx.xx.2021-ci il tarixli, 02CRED21000005 nömrəli Kredit müqaviləsi üzrə 6164.48 (altı min yüz altmış dörd manat 48 qəpik) manat əsas borc, 329.28 (üç yüz iyirmi doqquz manat 28 qəpik) manat faiz borcu olmaqla, cəmi 6493,76 (altı min dörd yüz doxsan üç manat 76 qəpik) manat borcun və ödənilmiş 94 manat dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh2 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 02CRED21000005 nömrəli Kredit müqaviləsi üzrə cavabdehə illik 24% dərəcəsi ilə, 36 ay müddətinə 7 759.85 (yeddi min yeddi yüz əlli doqquz manat 85 qəpik)) manat məbləğində kredit verilmişdir. Həmçinin verilmiş kreditin təminatı olaraq, Cavabdeh1 ilə İddiaçı ASC arasında 31 mart 2021-ci il tarixli, 002CRNT21000029 saylı Zaminlik müqaviləsi bağlanılmışdır. Cavabdeh 04 mart 2021-ci il tarixli, 02CRED21000005 saylı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi icra etməmiş və bununla da müqavilə şərtlərini pozmuşdur. Kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən Kreditor Borcalana məqsədli istifadə, qaytarmaq, müəyyən müddətə, faizlər ödənilmək və təminatlılıq əsasında kredit verməsinə, Borcalan isə həmin Müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada kreditdən istifadə etməsi, habelə krediti və kreditə hesablanmış faizləri Kreditora ödənilməsinə dair öhdəlik götürmüşdür. Həmin Müqavilənin 4.4.2-ci bəndinə görə Borcalan ödəniş qrafikində nəzərdə tutulmuş müddətlərdə kredit üzrə ödənişləri Kreditora vaxtında ödəməlidir. Həmin Müqavilənin 2.5-ci bəndinə görə gecikdirilən əsas məbləğə kreditin istifadəsinə görə ödənilən illik faizin ikiqatı qədər faiz hesablanır. Zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən Kreditordan kredit götürmüş Borcalan tərəfindən Kreditor qarşısında öz öhdəliklərini tamamilə və ya hissə-hissə icra etməsi üçün Zamin və ya Zaminlər öhdəlik daşıyırlar. Həmin müqavilənin 4.2-ci bəndinə görə faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və Borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, Zamin və ya Zaminlər Kreditor qarşısında Borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. Lakin zamin də müqavilə şərtlərini pozaraq, borc öhdəliyini icra etməmişdir. Cavabdehlərə xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər bugünədək borcu ödəməkdən boyun qaçırırlar. xx.xx.2022-ci il tarixinə cavabdehin xx.xx.2021-ci il tarixli, 02CRED21000005 nömrəli Kredit müqaviləsi üzrə Banka 6854,26 (altı min səkkiz yüz əlli dörd manat 26 qəpik) manat əsas borc, 521,76 (beş yüz iyirmi bir manat 76 qəpik) manat faiz borcu olmaqla, cəmi 7376,02 (yeddi min üç yüz yetmiş altı manat 02 qəpik) manat borcu vardır. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı ASC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X2 iddia ərizəsinə uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və iddia tələbinin həcminin azaldılması barədə ərizəni nəzərə alaraq iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbinə dair izahat verərək bildirdi ki, müəyyən səbəblərə görə banka olan borcunu ödəyə bilməmişdir. Məhkəmə bildirişi gəldikdən sonra müəyyən ödənişlər etmişdir. Hazırda maddi vəziyyəti o qədər də yaxşı deyil, 340 manat təqaüd alır. Müəyyən güzəştlərlə hər ay 100 manat olmaqla ödənişlər edə bilər. Cavabdeh qərar qəbul edilərkən qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada (SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsi barədə bildirişə əsasən) xəbərdar edilməsinə baxmayaraq Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə Cavabdeh2 iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanılmış xx.xx.2021-ci il tarixli, 02CRED21000005 nömrəli Kredit müqaviləsindən görünür ki, Cavabdeh2 İddiaçı ASC-dən 36 ay müddətinə, illik 24 faiz ödəmək şərti ilə 7759.85 (yeddi min yeddi yüz əlli doqquz manat 85 qəpik) manat məbləğində kredit götürmüşdür. İşdə olan İddiaçı ASC ilə Cavabdeh1 oğlu arasında bağlanılmış 31 mart 2021-ci il tarixli, 002CRNT21000029 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 kreditor qarşısında borclunun kredit müqaviləsi üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq üzərinə götürmüşdür. İşdə olan xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanılmış xx.xx.2021-ci il tarixli, 02CRED21000005 nömrəli Kredit müqaviləsi üzrə Cavabdeh2 xx.xx.2022-ci il tarixə 6164,48 manat əsas borc, 329,28 manat faiz borcu olmaqla, cəmi 6493,76 manat borcu yaranmışdır. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2021-ci il tarixli, 02CRED21000005 nömrəli Kredit müqaviləsi imzalanmışdır. İddiaçı Bank sözügedən müqavilə üzrə üzərinə düşən öhdəliyini yerinə yetirsə də, borclu Cavabdeh2 öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş, nəticədə banka borcu yaranmışdır. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. İşdən görünür ki, kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi barədə Bank tərəfindən cavabdehlərə xx.xx.2022-ci tarixli 003 və 004 nömrəli xəbərdarlıq məktubları göndərilmiş, lakin qanunda müəyyən edilmiş müddətin keçməsinə baxmayaraq cavabdehlər borcun ödənilməsini təmin etməmişdir. Borc müqaviləsinin anlayışına aydınlıq gətirən Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Mülki Məcəllənin öhdəliklərin icra edilməməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyən normalarına görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (442). Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (443.1). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır (445.2.1). Mülki Məcəllənin 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Hazırki iş üzrə zaminlik müqaviləsində borclunun kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zaminlərin Bank qarşısında məsuliyyəti tam olaraq öz üzərinə götürdüyü və Borclu ilə birlikdə Bank qarşısında məsuliyyət daşıdığı nəzərdə tutulmuşdur. Belə olan halda, məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış müqavilə üzrə yaranmış 6164,48 manat məbləğində kredit borcu və 329,28 manat məbləğində faiz borcunun əsas borclu və zamin olan cavabdehlərdən iddiaçının xeyrinə tutulması barədə iddia tələbi əsaslıdır. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 94 manat da cavabdehlərdən alınmalı və iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə xx.xx.2021-ci il tarixli, 02CRED21000005 nömrəli Kredit müqaviləsi üzrə 6164,48 (altı min yüz altmış dörd manat qırx səkkiz qəpik) manat əsas borc, 329,28 (üç yüz iyirmi doqquz manat iyirmi səkkiz qəpik) manat faiz borcu olmaqla, cəmi 6493,76 (altı min dörd yüz doxsan üç manat yetmiş altı qəpik) manat borc və 94 (doxsan dörd) manat ödənilmiş dövlət rüsumu tutulsun. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №e-2(060)-2085/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-2085/2022
20.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver