Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-2099/2025 19.03.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Sumqayıt Şəhər Məhkəməsinin hakimi Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı «ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması tələbi»nə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı "xxxx" ASC Cavabdeh qarşı «ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASCilə X5 arasında xx.xx.2022-ci il tarixli, CL-EE000557209 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən X4 elektron təsdiq vasitəsilə (OTP) 48 ay müddətinə, illik 18,9 faiz dərəcəsi ilə 1300 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. 391053 nömrəli ölüm haqqından şəhadətnaməyə əsasən X5 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Sumqayıt şəhər 1 saylı notariat ofisinin xx.xx.2024-cü il tarixli, 2770 saylı məktubuna əsasən X3 mirası qəbul etmiş vərəsəsi Cavabdeh Sumqayıt şəhər 1 saylı notariat ofisinə müraciət etmiş və notariat ofisi tərəfindən Cavabdeh xx.xx.2024-cü il tarixli, 2V-520 nömrəli vərəsəlik hüquq haqqında şəhadətnamə verilmişdir. Bankın Sumqayıt filialı tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, X3 xx.xx.2025-ci ilədək nağd krediti üzrə Banka ödənilməmiş 1004,67 manat əsas borcu və vəfat etdiyi tarixə 5,45 manat faiz borcu qalmışdır. Cavabdeh mərhum X2 qalmış mirası qəbul etməsinə baxmayaraq, onlara çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişlər. Mübahisənin məhkəmədənkənar həlli üçün cavabdehə xx.xx.2024-cü il tarixində 6-2-22/2-46498/2024 nömrəli xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq, sonuncu öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişlərdir. Göstərilənlərə əsasən X3 mirası qəbul etmiş vərəsəsi Cavabdeh "xxxx" ASC-ninxeyrinə xx.xx.2022-ci il tarixli, CL-EE000557209 saylı kredit müqaviləsi üzrə ödənilməmiş 1004,67 manat əsas borcu və vəfat etdiyi tarixə ödənilməmiş 5,45 manat faiz borcu olmaqla, cəmi 1010,12 manat məbləğində vəsaitin, ödənilmiş 30,11 manat dövlət rüsumunun və 0,40 manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
3. Məhkəmə iddia ərizəsinə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən Mülki-Prosessual qanunvericiliyə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilsə də, cavabdeh iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərməmişdir.
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir.
5. Eyni Məcəllənin 284-5.2-ci maddəsinin tələblərinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər.
6. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir.
Əsaslandırıcı hissə:
7. İş materiallarında olan iddiaçı "xxxx" ASC ilə cavabdeh X5 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, CL-EE000557209 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən X4 48 ay müddətinə, illik 18,9% ödəmək şərtilə 1300 manat məbləğində kredit verilmişdir.
8. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, X3 xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə banka 1004,67 manat əsas, vəfat etdiyi tarixə 5,45 manat faiz borcu olmaqla, cəmi 1010,12 manat məbləğində borcu mövcuddur.
9. İş materiallarında olan Sumqayıt şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, AZ-İİ № 391053 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2023-cü il tarixdə ürəyin xroniki işemik xəstəliyinin digər formaları xəstəliyindən ölmüşdür.
10. İş materiallarında olan “Elektron notariat” X1 Çıxarışın surətindən surətindən görünür ki, xx.xx.2023-cü ildə vəfat etmiş X3 vərəsəsi- Cavabdehdur. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin Sumqayıt Şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə X4 verilmiş **********78-05101-093083 reyestr nömrəli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Sumqayıt şəhəri, 17-ci mikrorayon, ev 2, mənzil 18 Yeni qaydalarla: AZ5009, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 59,3 kv.m olan mənzildən ibarətdir.
11. İş materiallarında olan xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh yaranmış borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir.
12. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, "xxxx" ASC ilə X5 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, CL-EE000557209 saylı kredit müqaviləsinə əsasən Bank tərəfindən X4 48 ay müddətinə, illik 18,9% ödəmək şərtilə 1300 manat məbləğində kredit verilmiş, X5 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Kreditor mülki qanunvericiliyin göstərişlərinə istinad edərək borclunun hüquqi varisi Cavabdeh borclunun miras passivinə görə mülki məsuliyyət daşıdığını iddia edir və borcun ödənilməsini tələb edir.
13. Təqdim edilmiş sənədlərdən göründüyü kimi iş üzrə Cavabdeh borclu X3 qanun üzrə vərəsəsidir.
14. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
16. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.
17. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
18. (köhnə redaksiya) Eyni Məcəllənin 449.1-ci maddəsinin tələbinə görə özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda, məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər.
19. (köhnə redaksiya) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
20. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306-cı maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Əgər miras qoyan vərəsələrə keçmiş borclar üzrə birgə borclu olmuşdursa, vərəsələr birgə məsuliyyət daşıyırlar.
21. Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır.
22. Eyni Məcəllənin 1255-maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır.
23. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər.
24. Məhkəmə işin faktiki hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 445, 448.1, 739, 1306-cı maddəsinin tələblərinə əsasən qiymət verərək hesab edir ki, iddiaçının iddia tələbi qismən əsaslıdır. Cavabdeh borclunun (miras qoyanın) kredit müqaviləsindən irəli gələn öhdəlikləri üzrə onun qanun üzrə vərəsəsi kimi məsuliyyət daşıyır.
25. Mülki qanunvericiliyin göstərişinə görə mirası qəbul etmiş vərəsə miras payı həcmində miras qoyanın kreditorları qarşısında məsuliyyət daşıyır.
26. Araşdırılan mübahisədən göründüyü kimi vərəsə tərəfindən qəbul edilən miras kütləsi – daşınmaz əmlak təşkil edir.
27. Belə olan halda, məhkəmə hesab edir ki, Cavabdeh miras qoyanın miras payı həcmində bank qarşısında məsuliyyət daşımalıdır.
28. Həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir
29. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun və xidmət haqqının tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia təmin olunduğundan, dövlət rüsumu və xidmət haqqı ilə bağlı tələb də təmin edilməli, cavabdehdən ödənilmiş 30,11 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı tutularaq iddiaçıya ödənilməlidir.
30. Belə olan halda, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 1004,67 (bir min dörd manat, altmış yeddi qəpik) manat əsas, 5,45 (beş manat, qırx beş qəpik) manat faiz borcu olmaqla, cəmi 1010,12 (bir min on manat, on iki qəpik) manat məbləğində pul, habelə 30,11 (otuz manat, on bir qəpik) manat ödənilmiş dövlət rüsumu və 0,40 (qırx qəpik) manat xidmət haqqının əvəzi alınaraq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir.
31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
32. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
33. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
34. Eyni Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
35. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
36. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
Nəticə hissəsi:
37. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 1004,67 (bir min dörd manat, altmış yeddi qəpik) manat əsas, 5,45 (beş manat, qırx beş qəpik) manat faiz borcu olmaqla, cəmi 1010,12 (bir min on manat, on iki qəpik) manat məbləğində pul, habelə 30,11 (otuz manat, on bir qəpik) manat ödənilmiş dövlət rüsumu və 0,40 (qırx qəpik) manat xidmət haqqının əvəzi alınaraq iddiaçı "xxxx" ASC-yə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Şəbnəm Həxiyeva