Məhkəmə qərarları › İş №e-2(060)-2132/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-2132/2025

18.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-2132/2025 18.07.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, Quliyeva Günay Tahir qızının katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:

1. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia qaldıraraq cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iddiaçı "xxxx" ASC-nin 8250,92 manat əsas borcu, vəfat etdiyi tarixə 0,01 faiz borcu olmaqla, cəmi 8250,93 manat borc borc, ödənilmiş 102,51 manat dövlət rüsumunun və 0,40 manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar :

2. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC-nin yeni Sumqayıt filialı ilə X5 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, BPM**********88 nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən X4 48 ay müddətinə, illik 23 faiz dərəcəsi ilə hesablanmaqla, 8500 manat məbləğində kredit verilmişdir. X1 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. 2 saylı Sumqayıt Regional “ASAN Xidmət” mərkəzində notariat ofisi tərəfindən verilən məlumata əsasən X3 adına xx.xx.2023-cü il tarixdə vərəsəlik işi açılmışdır. X3 vərəsələri Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müəyyən edilmişdir. xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən, X3 banka ödənilməmiş 8250,92 manat əsas borcu, vəfat etdiyi tarixə 0,01 faiz borcu olmaqla, cəmi 8250,93 manat borcu qalmışdır. Eyni zamanda iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün cəmi 102,51 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqı ödənilmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 vərəsə kimi müəyyən olunmasına baxmayaraq, "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir.

Tərəflərin mövqeləri:

3. Məhkəmə iclaslarında iştirak edən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.

4. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh3 iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş etdi.

5. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh2 izahatında bildirdi ki, anası xəstə idi. Müalicə məqsədi ilə bankdan kredit götürmüşdür. Kredit götürdükdən 2 ay sonra, 2023cü ilin may ayında vəfat etmişdir. Mərhum anasından onlara miras qalmamışdır. 4 uşağı var və gecəqonduda yaşayır. Dövlət tərəfindən ona köməklik göstərilir. Anası vəfat edəndən dərhal sonra ölüm haqqında şəhadətnaməni banka təqdim etmişdir. Anası sağ olan zaman 272 manat ödəniş edilmişdir. Sosial Müdafiə Fondundan onlarla əlaqə saxlanılaraq anasına məxsus olan alınmamış pensiya məbləği olduğunu bildirmişdirlər. Həmin məbləğ barədə məlumat verilməmişdir. Məbləği əldə etmək üçün “ASAN xidmət” mərkəzinə yaxınlaşmışdır. Orada pul vəsaitini əldə etmək üçün vərəsə olmadığını bildirmişdirlər. Bunun üçün vərəsəliyi qəbul etmişdirlər. İddiaçı tərəfindən şirnikləndirilmiş, mirası qəbul etməyə sövq edilmişdir. Mərhum anasının alınmamış pensiya vəsaiti və əmlakı yoxdur.

6. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh1 iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş etdi.

Tədqiq olunan sübutlar:

7. "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə X5 arasında bağlanmış BPM**********88 nömrəli, xx.xx.2023-cü il tarixli kredit müqaviləsindən görünür ki, borcverən borcalana 48 ay müddətində 8500 manat məbləğində kreditdən istifadəyə görə illik 23 faiz ödəmək şərtilə kredit verməyi öhdəsinə götürmüşdür.

8. BPM**********88 nömrəli, xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə 1 saylı Əlavədən görünür ki, həmin kredit müqaviləsi üzrə ödənişlərin icra edilməsi müddəti 29 aprel 2023-cü il tarixdən 29 mart 2027-ci il tarixədək müəyyənləşdirilmişdir.

9. AZ-İİ 318294 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X5 xx.xx.2023cü ildə vəfat etmiş və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2023-cü ildə 702 nömrə ilə qeyd edilmişdir.

10. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 2 saylı Sumqayıt Regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xx.xx.2024-cü il tarixli, 2460 saylı məktubundan görünür ki, xx.xx.2023-cü il tarixdə ölmüş X3 adına xx.xx.2023-cü il tarixdə vərəsəlik işi açılmışdır. Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 onun mirası qəbul etmiş vərəsələridir. Vərəsələrə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməmişdir.

11. 27.01.2025-ci il tarixli bildirişdən görünür ki, cavabdehlərə X1nın banka olan 8250,92 manat məbləğində əsas borcunu və bu borca görə müvafiq olaraq hesablanmış faiz məbləğini 3 gün müddətində banka ödənilməsi tələb edilmiş, əks halda tərəfindən borcun qaytarılması üçün məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir.

12. İddiaçı "xxxx" ASC tərəfindən tərtib maliyyə arayışında qeyd olunmuşdur ki, X3 xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 8250,92 manat əsas borc, 0,01 manat faiz borcu, cəmi 8250,93 manat borcu vardır.

13. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, mərhum X2 pensiya işi üzrə alınmamış məbləği aşkar edilməmişdir.

14. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş daşınmaz əmlakın dövlət reyestrindən arayışdan görünür ki, X3 adına Respublika ərazisi üzrə daşınmaz əmlakın mövcudluğuna dair xx.xx.2025-ci il tarixli ********** qeydiyyat nömrəli müraciətinə əsasən daşınmaz əmlak aşkar edilməmişdir.

Məhkəmə baxışının hədləri:

15. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Tətbiq edilən hüquq:

16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

- 739-cu maddəsinə əsasən (əvvəlki redaksiya) borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. -1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. -1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. -1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. -1307-ci maddəsinə əsasən mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. -1309-cu maddəsinə əsasən vərəsələr, əgər ölənin borcları onlara məlumdursa, mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməyə borcludurlar.

17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 4 iyun 2018-ci il tarixli Qərarı: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar.

Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

18. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edərək, tərəfləri dinləyərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi təmin edilməməlidir.

19. Belə ki, mülki qanunvericiliyə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, Mülki Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.

20. İş materialarına əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, "xxxx" ASC tərəfindən X4 48 ay müddətində 8500 manat məbləğində kreditdən istifadəyə görə illik 23 faiz ödəmək şərtilə kredit verilmişdir. X1 xx.xx.2023-cü ildə vəfat etmişdir. Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 X3 mirası qəbul etmiş vərəsələridir. Vərəsələrə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməmişdir.

21. Vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla,sadəcə hüquq təsdiqedici xarakter daşıyır və şəhadətnamədə mirasın kütləsinə daxil olan hər hansı əmlakın qeyd edilməməsi vərəsənin həmin əmlakı qəbul etməməsini ehtiva etmir.

22. Belə ki, Mülki Məcəllənin 1257-ci maddəsinə əsasən hər hansı şərtlə və ya hərhansı müddətə mirası qismən qəbul etməyə və ya ondan qismən imtina etməyə yol verilmir. Əgər vərəsə mirasın bir hissəsindən imtina edərsə və ya hər hansı şərt qoyarsa, hesab edilir ki, o, mirasdan imtina etmişdir.

23. Digər tərəfdən qeyd edilməlidir ki, “Notariat haqqında” Azərbaycan Respublikasının qanununun 58-ci maddəsinə müvafiq olaraq vərəsəlik hüququ haqqında şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş qaydada mirası qəbul etmiş vərəsələrin yazılı ərizəsi əsasında verilir və bu zaman qanunvericilik notariusun üzərinə mirasın kütləsinin dəqiq müəyyənləşdirilməsi ilə bağlı hər hansı bir öhdəlik qoymur. Bu isə onu deməyə əsas verir ki, vərəsə miras qoyanın kreditorları qarşısında olan öhdəliklərindən yayınmaq məqsədi ilə mirasın kütləsinə daxil olan əmlakları gizlədə və vərəsəlik şəhadətnaməsinin alınması zamanı verdiyi ərizəsində həmin əmlakları göstərməyə bilər. Məhz ona görə də qanunverici kreditorların hüquqlarının müdafiəsi üçün bu qəbildən olan işlər üzrə sübutetmə yükünü vərəsənin üzərinə qoymuşdur.

24. Belə ki, Mülki Məcəllənin “Vərəsələr tərəfindən kreditorların təmin edilməsizamanı sübutetmə yükü” adlanan 1307-ci maddəsində təsbit edilmişdir ki, mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir.

25. Hazırki işdə də cavabdeh tərəfindən məhkəməyə daşınmaz əmlakın dövlət reyestrindən arayış təqdim edilmişdir. Hansı ki, həmin arayışda mərhumun adına hər hansı bir əmlakın olmadığı öz əksini tapmışdır. Bundan başqa Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi filialının 16 avqust 2023-cü il tarixli məktubunda da P.Ə.Hüseynəliyevanın heç bir növ sosial müavinət, təqaüd və pensiya alan şəxs kimi qeydiyyatda olmadığı qeyd edilmişdir. Eyni zamanda iş materialları ilə müəyyən olunur ki, mərhumun adına hər hansı bir əmlak olmadığından onun vərəsələrinə vərəsəlik hüququ haqqında şəhadətnamə də verilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehlər mərhum analarının adına hər hansı bir əmlakın olmadığını sübuta yetirə bilmişlər.

26. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı cavabdehlərdən iddiaçı "xxxx" ASC-nin 8250,92 manat əsas borcu, vəfat etdiyi tarixə 0,01 faiz borcu olmaqla, cəmi 8250,93 manat borc borc, ödənilmiş 102,51 manat dövlət rüsumunun və 0,40 manat xidmət haqqının tutulması tələbinə dair iddiası təmin edilməməlidir.

Nəticə:

27. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı cavabdehlərdən iddiaçı "xxxx" ASC-nin 8250,92 manat əsas borcu, vəfat etdiyi tarixə 0,01 faiz borcu olmaqla, cəmi 8250,93 manat borc borc, ödənilmiş 102,51 manat dövlət rüsumunun və 0,40 manat xidmət haqqının tutulması tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vəfa Şirəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar