Məhkəmə qərarları › İş №e-2(060)-2136/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-2136/2023

11.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-2136/2023 11.05.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, İddiaçı ASC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki işə 11 may 2023-cü il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı ASC Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh cəmi 5475,49 (beş min dörd yüz yetmiş beş manat, qırx doqquz qəpik) manat -bundan 5470 (beş min dörd yüz yetmiş) manat əsas, 5,49 (beş manat, qırx doqquz qəpik) manat faiz və iş üzrə ödənilmiş 75,64 (yetmiş beş manat, altmış dörd qəpik) manat dövlət rüsumunun tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 21 may 2019-cu il tarixli, 106.LN.1675.210519.00004 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 60 (altmış) ay müddətinə illik 1 (bir) faiz dərəcəsi ilə 6801,52 (altı min səkkiz yüz bir manat, əlli iki qəpik) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 4.2ci bəndinə əsasən Cavabdeh müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, o, bu öhdəliyi yerinə yetirməmişdir. xx.xx.2022-ci il tarixinə Cavabdeh kredit üzrə cəmi borcu 5475,49 (beş min dörd yüz yetmiş beş manat, qırx doqquz qəpik) manat təşkil edir. Bundan 5470 (beş min dörd yüz yetmiş) manat əsas, 5,49 (beş manat, qırx doqquz qəpik) manat faiz borcu təşkil edir. Kredit müqaviləsinin 7.1.5-ci bəndinə əsasən, borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə, kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Kredit müqaviləsinin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar Bank tərəfindən Cavabdeh borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına və **********486 saylı, xx.xx.2022-ci il tarixli, **********806 saylı, xx.xx.2022-ci il tarixli bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdeh Banka heç bir cavab verməmiş və kredit borcunun Banka qaytarılmasını təmin etməmişdir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi Cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı ASC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, cavabdehin banka olan borcundan müəyyən azalma olub. Belə ki, sentyabr ayından etibarən cavabdeh tərəfindən 450 manat ödəniş edilib. İddiaçı Bank Ləğv prosesində olduğu üçün yeni maliyyə arayışının təqdim edilməsi üçün bir ay və ya qırx gün vaxt lazımdır. Bu səbəbdən yeni maliyyə arayışı təqdim edə bilmirlər. Lakin hazırda iddiaçının banka 5059,61 manat əsas, 1,61 manat faiz borcu olmaqla cəmi 5061,22 manat borcu qalıb. Nümayəndə qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinə dair izahat verərək bildirdi ki, bankla əməkdaşlığı olmuş və davamlı olaraq ödənişlərini etmiş və aralarında etibarlı bank münasibətləri yaranmışdır. Bankdan krediti şəxsi biznesi üçün götürmüşdür. Lakin baş vermiş devolvasiya ilə əlaqədar 2014-cü ildə müflis olmuş və nəticədə banka olan borcunu ödəyə bilməmişdir. Onu da qeyd edir ki, banka aralarında bağlanmış müqavilə Prezidentin məlum Fərmanının təsiri altıa düşdüyündən onunla yeni müqavilə bağlanmış və həmin müqavilənin qüvvəsi 2024-cü ilədək müəyyən edilib. Təxminən 1 ay olar ki, işə başlamışdır. Hər ay 100-150 manat ödəniş etmək fikrindədir. Müqavilə üzrə bocunu ödəməli olduğunu anlayır, lakin maddi vəziyyəti ilə əlaqədar borcunu ödəməkdə çətinlik çəkir. Cavabdeh qərar qəbul edilərkən qeyd edilənlərin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İş materiallarında olan 21 may 2019-cu il tarixli, 106.LN.1675.210519.00004 nömrəli kredit müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh 60 ay müddətinə illik 1 % ilə 6801.52 manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür, Cavabdeh 21 may 2019-cu il tarixli, 106.LN.1675.210519.00004 nömrəli kredit müqaviləsinə əsasən xx.xx.2022-ci il üçün əsas borcu 5470 manat, faiz borcu 5.49 manat, olmaqla, ümumi borc 5475.49 manat təşkil edir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli pretenziya məktubundan görünür ki, yaranmış borcunu ödəməyəcəyi təqdirdə, məhkəməyə müraciət olunacağı barədə Cavabdeh yazılı bildiriş ünvanlanmışdır. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq, belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında 21 may 2019-cu il tarixli, 106.LN.1675.210519.00004 nömrəli kredit müqaviləsi bağlanmışdır. İddiaçı bank sözügedən müqavilə üzrə üzərinə düşən öhdəliyini yerinə yetirsə də, borclu öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş, nəticədə banka borcu yaranmışdır. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. İşdən görünür ki, kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi barədə Bank tərəfindən cavabdehə xx.xx.2022-ci il tarixdə və xx.xx.2022-ci il tarixdə bildirişlər göndərilmiş, lakin qanunda müəyyən edilmiş müddətin keçməsinə baxmayaraq cavabdeh borcun ödənilməsini təmin etməmişdir. Borc müqaviləsinin anlayışına aydınlıq gətirən Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Mülki Məcəllənin öhdəliklərin icra edilməməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyən normalarına görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (442). Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (443.1). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır (445.2.1). Məhkəmə onu da qeyd edir ki, iddia ərizəsində cavabdehdən 5470 manat əsas borcun tutulması xahiş edilsə də, məhkəməyə təqdim edilmiş hesabdan çıxarışdan görünür ki, iddiaçı tərəfindən maliyyə arayışının verildiyi tarixdən (xx.xx.2022-ci il) sonra cavabdeh tərəfindən müxtəlif vaxtlarda ümumilikdə 450 manat ödəniş edilmişdir. İddiaçının nümayəndəsi məhkəmədə verdiyi izahatında cavabdehin hazırda 5059,61 manat əsas borcunun olduğunu bildirsə də, bu barədə məhkəməyə yeni maliyyə arayışı təqdim etməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdehin etdiyi 450 manat ödəniş onun əsas borcundan çıxılmaqla cavabdehdən iddiaçının xeyrinə 5020 manat (5470-450) əsas borc və 5.49 manat faiz borcu tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə dövlət rüsumu ilə bağlı hesab edir ki, iddia tələbi əsas hissədə (təxminən 92% həcmində) təmin edildiyindən iddiaçı tərəfindən ödənilən 75.64 manat dövlət rusumu da cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 5020 (beş min iyirmi) manat əsas, 5,49 (beş manat, qırx doqquz qəpik) manat faiz borcu olmaqla, cəmi 5025,49 (beş min iyirmi beş manat qırx doqquz qəpik) manat və iş üzrə ödənilmiş 75,64 (yetmiş beş manat, altmış dörd qəpik) manat dövlət rüsumu tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar