Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-2142/2025 04.06.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə və Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh və X2 qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh və X1 borca görə 60.000 ABŞ dolları məbləğində pulun, hüquqi yardıma görə ödənilmiş 320 manat pulun və dövlət rüsumuna görə ödənilmiş 393 manat pulun müştərək qaydada alınaraq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh və X1 borca görə 57.588 ABŞ dolları məbləğində pulun, hüquqi yardıma görə ödənilmiş 320 manat pulun və dövlət rüsumuna görə ödənilmiş 393 manat pulun müştərək qaydada alınaraq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, mənafelərini təmsil etdiyi İddiaçı Tayif oğlu cavabdehlərdən Cavabdeh uzun müddətdir ki, tanıyır. Əvvəllər Cavabdeh iddiaçının işçisi olmuşdur. Daha sonra iddiaçı görəndə ki, Cavabdeh təklifi ilə yatırım etdiyi bütün sahibkarlıq sahələrində itkiləri gəlirindən daha çox olur ondan aralanmışdır. Lakin bir müddət sonra Cavabdeh iddiaçı ilə görüşmüş və ona bildirmişdir ki, qardaşı Dubay şəhərindədir və orada safari turu açmaq istəyir. İddiaçı Cavabdeh onun sözü ilə artıq yatırım etməyəcəyini dedikdə, Cavabdeh qeyd etmişdir ki, iddiaçı yatırım etməsin, ona 60000 (altmış min) ABŞ dollar borca pul versin. Gəlir olsa da, olmasa da o sonra iddiaçının pulunu qaytaracaqdır. İddiaçı Cavabdeh uzun müddət tanıdığından və ona inandığından Cavabdehlə razılaşmışdır. Həmin pulun 40000 (qırx min) ABŞ dollarını Səbail rayonu, Azərbaycan prospektində yerləşən "MUM"-in qarşısında Cavabdeh vermişdir. Qalan 20000 (iyirmi min) ABŞ dollar pulu isə Səbail rayonu, İçərişəhər metrostansiyasının qarşısında Cavabdeh qardaşı X2 vermişdir. Həmin şəxslər dəfələrlə bildirsələr də ki, işi artıq qurmuşlar, hətta yüksək gəlirləri də var və tez bir zamanda borclarını qaytaracaqlar. Lakin sonradan cavabdehlər iddiaçıya bildirmişlər ki, ziyana düşmüşlər ona görə onlara vaxt versin onlar hissə hissə borclarını qaytaracaqdır. Valeh və Elşən qısa zamanda pulu qaytaracaqlarını desələr də, bu günə kimi cəmi 4100 manat pulu qaytarmışlar. Həmin pulu Elşən dollar şəklində ona hissə hissə 2023-cü ildən 2024-cü ilədək müddət ərzində qaytarmışdır. Qalan pulu isə bu günə kimi qaytarmamışlar. Bununla bağlı Orucov X8 RPİ-nin 9-cu PB-nə ərizə ilə müraciət edərək bildirmişdir ki, Cavabdeh və X2 60000 (altmış min) ABŞ dollar pulu versə də, adıçəkilən şəxslər vədlərinə əməl etməyərək onu aldatmışlar, pulu qaytarmaqdan imtina edirlər. Səbail RPİ-nin 9-cu PB-nin baş təhqiqatçısı, polis kapitanı X3 xx.xx.2024-cü il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmişdir. Lakin həmin qərarda vətəndaşa mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmə hüququ izah edilmişdir. Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbinin əsassız olduğundan təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, iddia ərizəsində yazılanların heç biri həqiqətə uyğun deyildir və aşağıdakı qaydada həmin iddiaya etiraz edir. Belə ki, iddiaçının da bildirdiyi kimi iddiaçı ilə cavabdehlər 2014-cü ildə Dubay şəhərində safari tur açmaq qərarına gəlmiş və bu məqsədlə iddiaçı cavabdehlərə elə həmin il 60.000 ABŞ dolları məbləğində pul vermişdir. Həmin pulun 40000 dollarını Elşən Haqverdiyə, 20.000 ABŞ dollarını isə Valeh Haqverdiyevə vermişdir. Elə həmin ilə tur fəaliyyətə başlamış, bir müddət işlər qaydasında getmiş və xeyir götürmüşlər. Lakin 1 ildən sonra işlər uğurlu olmadığı üçün tur şirkəti bağlanmışdır. İddiaçı 1 il ərzində artıqlaması ilə xeyir götürməsinə baxmayaraq pulunu istədiyi üçün onun pulu artıqlaması ilə qaytarılmışdır. Elə bu səbəbdən də 9 ilə yaxındır ki, iddiaçının hər hansı dövlət qurumuna şikayəti olmamışdır. Elə bunun nəticəsidir ki, iddiaçı iddia ərizəsində bilərəkdən pulun verilməsi tarixini belə göstərməmişdir. Lakin, sonradan iddiaçı ilə cavabdehlərin münasibətləri korlandığı üçün iddiaçı Cavabdeh və qardaşının şərləməyə başlamış əsassız olaraq polisə müraciət etmişdir. Bununla bağlı Bakı şəhəri Səbail RPİ-nin 9-cu PB-də ətraflı araşdırılma aparılmış və cavabdehlərin günahı olmadığı üçün cinayət işinin başlanması rədd edilmişdir. Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iddia müddətinin tətbiq olunması barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia müddətinin tətbiq edilərək iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, iddiaçı iddia müddətini ötürmüşdür. Belə ki, qeyd olunan pul münasibətləri 2014-cü ildə olmuş və həmin tarixdə 1 il sonra pul ödənilmişdir. Elə bu səbəbdən də iddiaçı 9 il ərzində indiyənə kimi məhkəməyə müraciət etməmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə izahatında iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, iddiaçı cavabdehlərə ümumillikdə 60 min ABŞ dolları məbləğində pul vermişdir. Elşən tərəfindən 4100 manat məbləğində vəsait qaytarılmışdır. Səs yazılarından da görünür ki, iddiaçı pulunu istədikdə Elşən Valehə dediyini, onun da qaytaracağını bildirmişdir. İzahatında da borcunun olduğunu bildirmişdir. Müştərək qaydada tələb olunmasına səbəb birgə fəaliyyət göstərmələridir. Tərəflər arasında olan münasibətlər 2014-cü il tarixdə olmuş, lakin pul 2017-ci il tarixdə verilmişdir. Səs yazısında da deyilir ki, 60 min dollar borc vardır və qaytarılan məbləğ çox cüzidir. Borc ödənilmiş və etiraf edilmişdirsə, müddətin tətbiqi dayanmalıdır. Tərəflər arasında 2014-cü il tarixdə maşın münasibətləri olmuş, 2015-ci il tarixdə ona görə baş etibarnamə verilmişdir. 2017-ci il tarixdə isə borc pul verilmişdir. Hesab edirlər ki, iddia müddəti tətbiq edilə bilməz. İddia tələbləri əsaslıdır. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 izahatında bildirdi ki, hüquqlarını müdafiə etdiyi şəxs həqiqətən bildirmişdir ki, 2013-2014-cü illərdə onlar arasında bu münasibətlər olmuşdur. Safari turu açmış və fəaliyyət göstərmişlər. Hər ay da pul ələ gəldikcə İddiaçı bank vasitəsi ilə pullar göndərilmişdir. Pulu da artıqlaması ilə qaytarmışdır. 60 min ABŞ dollarından çox vəsait qaytarılmışdır. Tərəf bildirir ki, onun izahatını polis orqanlarında təhrif etmişdirlər. Qarşı tərəf bildirir ki, pul 2017-ci il tarixdə verilmişdir. Onun tərəfi də bildirir ki, pul məbləği 2014-cü il tarixdə verilmişdir. Pulu aldıqlarını etiraf edirlər. Lakin qaytarmışlar. Onu da sorğu vasitəsi ilə təsdiq edə bilərlər. 2015-ci il tarixdə, pul qaytarıldıqdan sonra iddiaçı hüquqlarını müdafiə etdiyi şəxsə baş etibarnamə vermişdir. Əgər arada narazıçılıq var idisə, nə üçün etibarnamə verilmişdir. Məqsəd birgə iş görmək olmuş, iş görülmüş və pul gəldikcə qaytarılmışdır. Səs yazısının tarixi bəlli deyildir. Səs yazısında Cavabdeh birbaşa pulun istənilməsi eşidilmir. Tərəf iddia edir ki, 2017-ci il tarixdə pul verilmişdir. Digər cavabdehə məhkəmə iclası barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə mülki işə digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə və Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - **********62 nömrəli, xx.xx.2025-ci il tarixli dövlət rüsumunun qəbzindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün Sumqayıt Şəhər Məhkəməsinin hesabına 393 manat məbləğində dövlət rüsumu ödəmişdir. - xx.xx.2025-ci il tarixli çıxarışdan görünür ki, iddiaçı hüquqi yardıma görə 320 manat məbləğində ödəniş etmişdir. - xx.xx.2024-cü il tarixli Bakı şəhəri Səbail RPİ-nin 9-cu PB-nin təhqiqatçısı, polis kapitanı X3 qərarından görünür ki, qərarın təsviri hissəsində göstərilənləri nəzərə alaraq material üzrə cinayət işinin başlanılmasının rədd edilməsi, ərizəçi vətəndaşa mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun izah olunması, qəbul edilmiş qərarın surətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Səbail Rayon prokuroruna və maraqlı tərəfə göndərilməsi, materialın saxlanılmasından ötrü Səbail RPİ-nin 9-cu PB-nin arxivinə təhvil edilməsi qərara alınmışdır. - Məhkəmə tərəfindən tələb edilmiş cinayət işinin materialı və qərardan görünür ki, araşdırma zamanı izahatı alınmış Cavabdeh bildirmişdir ki, İddiaçı 2009-cu ildən etibarən tanıyır. O, həmin vaxtlar “Nissan” servisdə ehtiyyat hissələrinin satışı ilə məşğul olmuşdur. O, onunla əlaqə saxlayıb maşını təmir etmək istəmiş və bu vasitəsi ilə tanış olmuşdur. O, təxminən 2012-ci ildə ona Dubay şəhərindən “Land Rover” markalı avtomaşınlarının ehtiyyat hissələrini gətirib şəhəri ərazisində satışını həyata keçirməyi təklif etmişdir. O, onunla razılaşmış və o, 15000 (on beş min) manat, o isə 7000 (yeddi min) manat pul yatırımı etmişlər. Lakin, həmin işdə xeyr əldə etməmişlər və o, Raminə 15000 (on beş min) manat və əldə qalan ehtiyyat hissələrini vermişdir. Sonra Gürcüstan ərazisindən 1 ədəd avtomobil gətirib satışını həyata keçirmişlər. Lakin həmin biznes də uğurlu olmamışdır. Sonda 2014-cü ildə qardaşı X4 ilə Dubay şəhərində safari tur açıb bizneslə məşğul olmaq istəmişdir. Biznesin qurulması üçün maddi dəstək lazım idi. Həmin ərəfə də Raminin imkanı yaxşı olduğu üçün ondan pul götürmək qərarına gəlmişlər. Ramindən qardaşı və o, ümumillikdə 60000 (altmış min) dollar pul almışlar. Həmin pulun 40000 (qırx min) dollarını Səbail rayonu, Azərbaycan prospektində yerləşən “MUM”-ın qarşısında onunla görüşüb əlbəəl almış və karqo şirkəti vasitəsi ilə Dubayda yaşayan qardaşı Valehə göndərmişdir. Yerdə qalan 20000 (iyirmi min) dollar pulu isə Səbail rayonu, İçərişəhər metrostansiyasının qarşısında həmin şəxs qardaşı X2 vermişdir. Bir müddət işləmiş və sonra işlər uğurlu olmadığı üçün tur şirkəti bağlanmışdır. Sonra Ramin ondan və qardaşı Valehdən pulunu onun vasitəsi ilə tələb etmişdir. O, Raminə hissə-hissə 4100 manat pul vermişdir. Sonra aralarında razılıq əldə edib 35000 dollar pul ödəməli olduqlarına razılaşmışlar. O, qardaşı ilə danışdıqdan sonra ona hissə-hissə pul ödəyəcəyinə razılaşmışdır. Lakin, maddi imkanı aşağı olduğu üçün bunu edə bilməmişdir. Hazırda qardaşı X4 BƏƏ-nin Dubay şəhərindədir. Onunla aralarında yaranan müaqişələrə görə danışmır və əlaqəsi yoxdur. - 1 saylı Bakı “ASAN xidmət mərkəzi” qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 429341 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2024-cü ildə ölmüşdür. Məhkəmə araşdırması zamanı Cavabdeh cinayət işinin materialı və cinayət işinin başlanmasının rədd olunması ilə bağlı qərardan görünür ki,onun həmin material çərçivəsində verdiyi izahata əsasən müəyyən edilir ki, 2014-cü ildə qardaşı X4 ilə Dubay şəhərində safari tur açıb bizneslə məşğul olmaq istəmiş, biznesin qurulması üçün maddi dəstək lazım olduğundan, iddiaçı Raminin imkanının yaxşı olduğu üçün ondan pul götürmək qərarına gəlmişlər. Ramindən qardaşı və o, ümumillikdə 60000 (altmış min) dollar pul almışlar. Həmin pulun 40000 (qırx min) dollarını Səbail rayonu, Azərbaycan prospektində yerləşən “MUM”-ın qarşısında onunla görüşüb əlbəəl almış və karqo şirkəti vasitəsi ilə Dubayda yaşayan qardaşı Valehə göndərmişdir. Yerdə qalan 20000 (iyirmi min) dollar pulu isə Səbail rayonu, İçərişəhər metrostansiyasının qarşısında həmin şəxs qardaşı X2 vermişdir. Ramin ondan və qardaşı Valehdən pulunu onun vasitəsi ilə tələb etmişdir. O, Raminə hissə-hissə 4100 manat pul vermişdir. Sonra aralarında razılıq əldə edib 35000 dollar pul ödəməli olduqlarına razılaşmışlar. O, qardaşı ilə danışdıqdan sonra ona hissəhissə pul ödəyəcəyinə razılaşmışdır. Lakin, maddi imkanı aşağı olduğu üçün bunu edə bilməmişdir. Cavabdeh nümayəndəsi vəkil tərəfindən iddia tələbinin qəbul edilməməsi ilə bağlı etiraz etməsinə baxmayaraq, onun etiraz və mülahizələrinin əsası məhkəmə iclasında işin araşdırılan hallarına əsasən öz təsdiqini tapmamışdır.Yəni pul məbləğlərinin qaytarılması müəyyən edilməyərək, polis orqanında cavabdehin verdiyi izahatı hər hansı mötəbər sübut ilə təqzib olunmamışdır.Ona görə də cinayət işinin başlanmasının rədd olunması ilə bağlı qərar qüvvədə olduğundan “preyudisallıq” əhəmiyyəti olmaqla, məhkəmə tərəfindən mötəbər sübut növündə qiymətləndirilir. Nümayəndə vəkil etibarnamənin verilməsi və onun hansı məqsədlə verilməsi, hazırki mübahisəyə aidiyyəti müəyyən edilməmişdir. Bundan əlavə Cavabdeh nümayəndəsi vəkil tərəfindən iddia müddətinin tətbiqi ilə bağlı ərizə verilmişdir. Məhkəmə hesab edir ki, həmin ərizə əsassız olmaqla, pul məbləğinin hansı vaxtdan qaytarılması müəyyən edilməmiş və ən əsası polis orqanında pul məbləğinin müəyyən hissəsinin (4100 manat) qaytarılması, qalan hissəsinin qaytarılması ilə bağlı öhdəliklərinin olması ilə bağlı etirafı olduğundan müddətin ötürülməsi qanunvericiliyin tələbinə görə müəyyən edilməmiş, ona görə də müddətin ötürülməsi ilə bağlı ərizə təmin edilməməsi qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir.Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3.4-cü maddəsinə əsasən digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə hesab olunur. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1- ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qeyd olunan Məcəllənin 1092.2-ci maddəsinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. MM-nin 367.1 və 367.3-cü maddəsinə əsasən müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır. Müddət həmçinin hökmən baş verməli olan hadisənin göstərilməsi ilə müəyyənləşdirilə bilər. Azərbaycan Respublikası MPM-nin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarı). Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarında qeyd etmişdir ki, işin məhkəmə baxışına hazırlığı zamanı hakimin tərəflərdən hər hansı birindən iddia müddətinin keçməsi ilə bağlı sübutları təqdim etməyi və ya izahat verməyi tələb etməsi yolverilməzdir. Əgər maraqlı tərəf, yəni cavabdeh iddia ərizəsinə qarşı verdiyi etirazda iddia müddətinin keçməsinə istinad edərsə, hakim işin məhkəmə baxışına hazırlığı qaydasında işin düzgün və vaxtında həllini təmin etmək üçün tərəflərin hər birinə iddia müddəti ilə bağlı müvafiq sübutların təqdim olunmasını təklif edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X.Mirzəliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 sentyabr 2021-ci il tarixli Qərarında göstərilmişdir ki, dürüstlük əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva etməklə mülki hüququn təməl prinsiplərindən olan vicdanlılıq institutunun tərkib elementi hesab olunur. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, cavabdehlər hüquqi əsas olmadan iddiaçının hesabına əmlak əldə etmişdirlər. Belə ki, cavabdehlərin varlanmasına, yəni iddiaçının 57.588 ABŞ dolları pulunu əldə etməsinə haqq qazandıran qanuni əsas və ya müqavilə əsası mövcud deyildir. Odur ki, məhkəmə iddianı əsaslı sayır və belə qənaətə gəlir ki, əsassız varlanmış şəxslərcavabdehlər əldə etdiklərini məhrum olana-iddiaçıya qaytarmalıdırlar. Lakin məhkəmə qeyd edir ki, tələb hüququ müştərək qaydada deyil, 40000 dollar Cavabdeh, 20000 dollar isə Valeh Haqverdiyevə verildiyi üçün, iddiaçının bildirdiyi kimi 4100 manat (2,411.7646$) qaytarıldığı üçün, onun da Cavabdeh tərəfindən ödənildiyi üçün, hər birinə aid olan hissədə verilmiş məbləğlər qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən vəkilə hüquqi yardıma görə ödənilən xərcə görə 320 manatın 160 manatı iddiaçıya aid edilməli, 160 manat məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia qismən təmin olunduğundan, dövlət rüsumu ilə bağlı tələb də qismən təmin edilməli, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 383.1 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 37588 ABŞ dolları və cavabdeh X1 20000 ABŞ dolları məbləğində pul ödəniləcək günə olan manat məzənnəsi ilə tutularaq İddiaçı ödənilsin. İddiaçı tərəfindən ödənilmiş 383.1 (üç yüz səksən üç manat on qəpik) manat dövlət rüsumunun əvəzi və hüquqi xidmətə görə ödənilmiş 160 (yüz altmış) manat pul cavabdehlər Cavabdeh və X1 müştərək qaydada tutularaq İddiaçı ödənilsin. Hüquqi xidmətə görə ödənilmiş 160 (yüz altmış) manat pul iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №e-2(060)-2142/2025
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-2142/2025
04.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver