Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-2199/2024 19.03.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlu, İddiaçı LPO İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə Müəyyən etdi: LPO İddiaçı ASC ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçının xeyrinə 4404,16 manat əsas və 80,64 manat faiz borcu olmaqla, cəmi 4484,80 manat borcun və ödənilmiş 64,84 manat dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, LPO İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 106.LN.1675.100919.00001 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 60 (altmış) ay müddətinə illik 1 (bir) faiz dərəcəsi ilə 4798,10 (dörd min yeddi yüz doxsan səkkiz manat on qəpik ) manat kredit verilmişdir. Cavabdeh2 kredit verilərkən Cavabdeh1 ilə Bank arasında xx.xx.2019-cu il tarixli, 106.CL.100919.00001/a nömrəli Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilələrə əsasən zamin durmuş şəxslər kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyırlar. Kredit müqaviləsinin 4.2-ci bəndinə Cavabdeh2 müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, o, bu öhdəliyi yerinə yetirməmişdir. xx.xx.2023-cü il tarixinə Cavabdeh2 kredit üzrə cəmi borcu 4484,80 (dörd min dörd yüz səksən dörd manat səksən qəpik) manat təşkil edir. Bundan 4404,16 (dörd min dörd yüz dörd manat on altı qəpik) manat əsas, 80,64 (səksən manat altmış dörd qəpik) manat faiz borcu təşkil edir. Cavabdehlərə iddia barədə bildiriş göndərilmiş, lakin onlar tərəfindən həmin tələblə bağlı nəzərdə tutulmuş müddət ərzində etiraz daxil olmamışdır. Məhkəmə, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki,iş materiallarında olan: - xx.xx.2019-cu il tarixli, 106.LN.1675.100919.00001 saylı sazişdən görünür ki, Cavabdeh2 60 (altmış) ay müddətinə illik 1 (bir) faiz dərəcəsi ilə 4798,10 (dörd min yeddi yüz doxsan səkkiz manat on qəpik ) manat kredit verilmişdir. - xx.xx.2019-cu il tarixli, 106.CL.100919.00001/a saylı zaminlik müqaviləsindən görünür ki, zamin durmuş şəxslər (hazırda Cavabdeh1) kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyırlar. - xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 4404,16 manat əsas, 80,64 manat faiz borcu olmaqla, cəmi 4484,80 manat borcu vardır. - Pretenziya məktubundan görünür ki, cavabdehlər öhdəliklərini yerinə yetirmədiyi təqdirdə, məhkəmə qaydasında onlardan pul tələb olunması barədə xəbardar edilmişdirlər. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, xx.xx.2019-cu il tarixli kredit müqaviləsi bağlanmışdır. İddiaçı sözügedən müqavilə üzrə üzərinə düşən öhdəliyini yerinə yetirsə də, borclu öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş, nəticədə 4404,16 manat əsas və 80,64 manat faiz borcu yaranmışdır. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh1 ilə zaminlik müqaviləsi bağlanmışdır. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa,zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının MM-nin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, cavabdeh aldığı kredit üzrə əsas borcu və müqavilə ilə müəyyən edilmiş faizləri qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin borclu kredit müqaviləsi müqaviləsi üzrə öhdəliklərini icra etməyərək kredit müqaviləsinin tələblərini pozmuş və iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Ona görə də kredit müqaviləsi üzrə əsas və faiz borcunun tutulması hissədə iddia təmin edilməlidir. Göründüyü kimi Cavabdeh1 zaminlik müqaviləsinə əsasən Cavabdeh2 iddiaçı qarşısında kredit öhdəliyi üzrə zamin olmuşdur. Zaminlik müqaviləsinə əsasən o, iddiaçı qarşısında kredit müqaviləsi üzrə Cavabdeh2 ilə birgə məsuliyyət daşıyır. Bu səbəbdən Cavabdeh2 kredit müqaviləsinə əsasən yaranmış borcu onunla birlikdə Cavabdeh1 da müştərək qaydada tutulmalıdır. Məhkəmə, iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia tələbinin təmin edilən hissəsi 4484,80 olunduğundan, dövlət rüsumu ilə bağlı tələb təmin edilməli, cavabdehlərdən müştərək qaydada ödənilmiş 64,84 manat dövlət rüsumunun əvəzi tutularaq iddiaçıya ödənilməlidir. “Dövlər rüsumu” haqqında Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddianın qiyməti 1000 manatdan 10000 manatadək olduqda məhkəməyə ödənilməli olan dövlət rüsumunun qiyməti 30 manat + 1000 manatdan yuxarı iddia qiymətinin 1 faizi qədər olmalıdır. Belə ki, MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Bu Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Şərh olunanlara əsaslanaraq və MPM-nin 284-6.1, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 4404,16 manat əsas və 80,64 manat faiz borcu olmaqla, cəmi 4484,80 manat borc və ödənilmiş 64,84 manat dövlət rüsumunun əvəzi tutularaq iddiaçı LPO İddiaçı ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov
Məhkəmə qərarları › İş №e-2(060)-2199/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-2199/2024
19.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver