Məhkəmə qərarları › İş №e-2(060)-2205/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-2205/2023

13.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-2205/2023 13.06.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X2 oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, iddiaçı LPO "xxxx" Kommersiya Bankı QSC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 "xxxx" Kommersiya Bankı QSC (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, LM101900176 saylı restrukturizasiya müqaviləsi üzrə cavabdehdən 1040,85 manat məbləğində əsas borc, 0,47 manat məbləğində faiz borcu, gecikdirilmiş günlər üçün illik 5 faizlə 5,74 manat məbləğində faiz məbləği olmaqla, ümumilikdə 1047,06 manat məbləğində pulun və 30,47 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında “Azərbaycan Respublikası fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli fərmanına əsasən xx.xx.2019-cu il tarixli, LM101900176 saylı restrukturizasiya müqaviləsi bağlanmışdır. xx.xx.2015-ci il tarixli 1xx/xx/96007/15 saylı kredit müqaviləsinə əsasən cavabdehin 1926,95 manat borcu restruktrizasiya olunmuş və cavabdeh bu müqavilə ilə müəyyən olunan şərtlərə qalıq borcu qaytarmağı öhdəsinə götürmüşdür. Faizlər restruktrizasiya olunan tarixdən borc məbləği banka tam məbləğdə faktiki qaytarılan günədək restruktrizasiya müddəti ərzində illik 1% olmaqla hesablanır. Restruktrizasiya müqaviləsi 36 ay müddətinə bağlanmış, borcun ödənilməli olduğu son tarix xx.xx.2022-ci il müəyyən olunmuşdur. Lakin cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin xx.xx.2022-ci il tarixinə iddiaçıya 1040,85 manat məbləğində əsas borc, 0,47 manat məbləğində faiz borcu, gecikdirilmiş günlər üçün illik 5 faiz olmaqla 5,74 manat məbləğində faiz məbləği, ümumilikdə isə 1047,06 manat məbləğində borcu qalmışdır. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və həmçinin bildirdi ki, cavabdehlə bağlanmış kredit müqaviləsi “Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər görülməsinə dair” Azərbaycan Respublikasının Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının əhatə dairəsinə düşmüş və restrukturizasiya müqaviləsi bağlanmışdır. Cavabdeh sonradan əlavə ödənişlər etmiş və bu səbəbdən yeni maliyyə arayışında borc məbləği azaldılmışdır. Qeyd edilənlərə əsasən nümayəndə iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında bildirdi ki, yeni maliyyə arayışında göstərilən borc məbləği ilə razıdır. O, həmin məbləği mübahisələndirmir. Qeyd edilənlərə əsasən cavabdeh iddianın təmin edilib-edilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdı. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materialları ilə müəyyən edilir ki, cavabdeh xx.xx.1987-ci ildə, Sumqayıt şəhərində anadan olmuşdur. O, ünvan 1 ünvanında qeydiyyatdadır. 1 saylı ünvan 2 xx.xx.2016-cı il tarixli qərarı ilə "xxxx" KB ASC müflis elan edilmiş və iflas proseduruna başlanmış, Əmanətlərin Sığortalanması Fondu Bankın ləğvedicisi təyin edilmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli, LM101900176 saylı restrukturizasiya müqaviləsinə əsasən cavabdehin xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 1926,95 manat borcu restruktrizasiya olunmuş və cavabdeh bu müqavilə ilə müəyyən olunan şərtlərə qalıq borcu qaytarmağı öhdəsinə götürmüşdür. xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən cavabdehin xx.xx.2023-cü il tarixə 821,32 manat məbləğində əsas borc, 19,14 manat müqavilə müddəti bitdikdən sonra illik 5 faizlə hesablanan faiz borcu olmaqla, cəmi 840,46 manat borcu vardır. İş materiallarına kredit müqaviləsi üzrə ödənişləri özündə əks etdirən hesabdan çıxarış əlavə edilmişdir. İşdən göründüyü kimi cavabdehə borcun ödənilməsi ilə bağlı xəbərdarlıq göndərilmişdir. İşdə olan mədaxil qəbzindən görünür ki, iddiaçı iddia ərizəsinin verilməsi üçün 30,47 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra - Mülki Məcəllə) əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (739.1). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (739.2). Göründüyü kimi iddiaçı ilə cavabdeh arasında kredit müqaviləsi bağlanmışdır. Mülki Məcəllədə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (442). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (445.2.1). Cavabdeh kredit öhdəliklərini lazımınca icra etməmişdir. İddia ərizəsində iddiaçı cavabdehdən 1040,85 manat borcun tutulmasını xahiş etsə də, iddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışında müqavilə üzrə əsas borc 821,32 manat göstərilmişdir. Həmçinin həmin maliyyə arayışında cavabdehin müqavilə müddəti üçün faiz borcu olmadığı öz əksini tapmışdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarında göstərilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. xx.xx.2023-cü il tarixli maliyyə arayışında cavabdehin gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 19,14 manat faiz borcu olduğu qeyd edilmişdir. Bu səbəbdən iddia qismən təmin edilərək, 821,32 manat əsas borc və gecikdirilmiş vaxt üçün 19,14 manat faiz borcu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30,47 manat dövlət rüsumunun 30 manatı cavabdehə aid edilməlidir. Yuxarıdakılara əsasən və MPM-in 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Əsas borc üzrə 821 (səkkiz yüz iyirmi bir) manat 32 (otuz iki) qəpik, gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 19 (on doqquz) manat 14 (on dörd) qəpik faiz borcu olmaqla, ümumilikdə 840 (səkkiz yüz qırx) manat 46 (qırx altı) qəpik məbləğində pul və 30 (otuz) manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı X3 "xxxx" Kommersiya Bankı QSC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar