Məhkəmə qərarları › İş №e-2(060)-2208/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-2208/2022

19.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-2208/2022 19.05.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, İbrahimova Nuranə Əjdər qızının katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 05.10.2020-ci il tarixli ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 23.12.2021-ci il tarixinə yaranmış 1777,7 manat əsas, 266,6 manat cərimə, ümumilikdə 2044,3 manat borcun və 40,50 manat ödənilmiş dövlət rüsumunun əvəzinin Cavabdeh tutularaq "xxxx"MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 05.10.2020-ci il tarixli ********* saylımüddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu, aldığı “Lenovo” markalı komputerə görə 3 ay ödəniş cədvəli üzrə hər ay 805 manat olmaqla, ümumilikdə 2414,78 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilələrin şərtlərini pozaraq, 05.10.2020-ci il tarixli müqavilə üzrə sonuncu dəfə 28.10.2021-ci il tarixdə 125 manat ödəniş etmiş və qalıq qalmış 1777,7 manat borcu qaytarmamışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borclu borcu ödəməkdən boyun qaçırır. Nisyə alqı-satqı müqaviləsinin №1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1(bir) % dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və Alıcı tərəfindən Satıcıya ödənilir. Bildirir ki,cavabdehin gecikdirdiyi günlərin faktik icərimə borcu 2666 manat təşkiledir. Cavabdehin müqavilə üzrə hər bir günə görə hesablanmış cərimə məbləğinin miqdarı 2666 manat təşkil etdiyi halda, humanizm prinsipinə əsaslanaraq həmin cərimə məbləğinin 90%-i tərəfimizdən güzəşt edilmişdir və cavabdeh tərəfindən cərimə məbləğinin 10%-i, yəni 266,6 manat "xxxx" MMC-yə ödənilməlidir. Beləliklə, cavabdeh 23.12.2021-ci il tarixədək "xxxx" MMC-nə olan borc1u 777,7 manat əsas, 266,6 manat cərimə, ümumilikdə 2044,3 manat təşkil etmişdir. İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X2 iddianı müdafiə edərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən məhkəmə hazırki, mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan (müddətli) nisyə alqı-satqı müqaviləsindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 05.10.2020-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu, aldığı “Lenovo” markalı komputerə görə 3 ay ödəniş cədvəli üzrə hər ay 805 manat olmaqla cəmi 2414,78 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 23.12.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh iddiaçı "xxxx" MMC-yə ********* saylı, 05.10.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 23.12.2021-ci il tarixinə yaranmış 1777,7 manat əsas borc, 266,6 manat cərimə borcu olmaqla, cəmi 2044,3 manat məbləğində ödənilməmiş borcu vardır. İş materiallarında olan "xxxx" MMC-nin cavabdehə ünvanlanan xəbərdarlıq məktubun surətindən görünür ki, cavabdeh borcun qaytarılmasına dair xəbərdar edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında alqısatqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, yəni müqavilədə nəzərdə tutulan avadanlığı cavabdehə vermiş, lakin cavabdeh hər ay ödəniş cədvəlinə uyğun olaraq pul ödəməli olduğu halda vaxtında ödəniş etməmiş, bununla da müqavilədə nəzərdə tutulmuş öhdəliklərini lazımi qaydada və vaxtında yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Bu Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi,alıcı isə əşyanı qəbul edib əvəzinə müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin məcəllənin 600.4-ci maddəsinə əsasən- Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti,ödənişlərin qaydası,müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, Cavabdeh iddiaçıdan nisyə alqı-satqı müqaviləsinə əsasən aldığı məhsul üzrə borcu iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin cavabdeh 05.10.2020-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən öhdəliklərini icra etməyərək 05.10.2020-ci il tarixli müqavilənin tələblərini pozmuş və iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Ona görə də iddiaçının 05.10.2020-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə borcunun cavabdehdən tutulması hissədə iddia tələbi təmin edilməlidir. İddia tələbindən göründüyü kimi cavabdehdən eyni zamanda hesablanmış 266,6 manat məbləğində dəbbə pulunun tutulması tələb olunur. Məhkəmə, işin hallarını nəzərə alaraq hesab edir ki, dəbbə pulu tənasübsüz surətdə yüksək miqdarda müəyyən edilmişdir və tərəflərin qarşılıqlı mənafeyinə uyğun gəlmir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanunun qeyd edilən tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən 26 manat məbləğində dəbbə pulunun tutulması tərəflərin maraqlarına uyğun hesab edilməlidir. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia bu hissədə qismən təmin edilməli, iddianın qiyməti 1000 manatdan 10000 manatadək olduqda məhkəməyə ödənilməli olan dövlət rüsumunun məbləği 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 %-i qədər olmalıdır.(“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsi) Hazırda iddia tələbinin təmin edilən hissəsi 1777,7 manat olduğundan iddiaçı tərəfindən ödənilmiş 40,50 manat dövlət rüsumunun 38 manat əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməli, ödənilmiş 2,50 manat iddiaçının özünə aid edilməlidir. MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh ********* saylı, 05.10.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 23.12.2021-ci il tarixinə yaranmış 1777,7 manat əsas borc, 26 manat cərimə borcu olmaqla, cəmi 1803,7 manat borc və 38 manat ödənilmiş dövlət rüsumunun əvəzi iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 77.1.-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2.-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Cavabdeh 05.10.2020-ci il tarixli ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 23.12.2021-ci il tarixinə yaranmış 1777,7 manat əsas, 26 manat cərimə, cəmi 1803,7 manat borc və 38 manat ödənilmiş dövlət rüsumunun əvəzi iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulsun. Ödənilmiş Dövlət rüsumunun 2,5 (iki manat, əlli qəpik) manatı iddiaçıya aid edilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar