Məhkəmə qərarları › İş №e-2(060)-2244/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-2244/2025

08.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-2244/2025 08.04.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Sumqayıt Şəhər Məhkəməsinin hakimi Həxiyeva Şəbnəm Səlim qızı, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı "subroqasiya qaydasında pulun tutulması tələbi"nə dair iddia ərizəsi ilə bağlı mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı "subroqasiya qaydasında pulun tutulması tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Kia Sorento” markalı, **-EP-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2023-cü il tarixində PME********** saylı müqavilə ilə "xxxx" ASC-də avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmışdır. xx.xx.2023-cü il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh idarə etdiyi “Kia Sorento” markalı, **-EP-*** qeydiyyat nişanlı avtomobil Sumqayıt şəhəri ərazisində hərəkət edən zaman yol nəqliyyat hadisəsi baş vermiş, nəticədə "xxxx" ASC-də avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanan “Volkswagen Touareg” markalı, **-MM-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. Yuxarıda qeyd olunan hadisə ilə bağlı Sumqayıt şəhər DYPŞ tərəfindən tərtib olunan qərara əsasən “Kia Sorento” markalı, **- EP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Cavabdeh yol-nəqliyyat hadisəsi zamanı avtomobili etibarnamə olmadan idarə etmişdir. Beləliklə, qeyd edilən yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkənə 950 manat məbləğində maddi zərər dəymişdir. 29 iyun 2022-ci il tarixli Azərbaycan Respublikası Mərkəzi X3 tərəfindən “Yol-nəqliyyat hadisəsində zərərçəkənin idarə etdiyi avtonəqliyyat vasitəsinə dəyən zərərin ödənilməsi ilə bağlı sığortaçılar arasında qarşılıqlı ödəmələrin tənzimlənməsinə dair Qayda”nın təsdiq edilməsi barədə Qərar qəbul edilmişdir. Bu Qaydalara əsasən hesablaşma zərərçəkənin sığortaçısı ilə zərərvuranın sığortaçısının arasında həyata keçirilir. Bu hesablaşmaların həyata keçirilməsi məqsədilə İcbari Sığorta Bürosu tərəfindən hesablaşma bankında açılan və iştirakçılar tərəfindən vəsaitlərin ödənildiyi bank hesabı - xüsusi hesab mövcuddur. Beləliklə, "xxxx" ASC qeyd edilən yol nəqliyyatı hadisəsində zərərvuran tərəfin sığortaçısı olduğu üçün zərərçəkən tərəfin sığortaçısı olan "xxxx" ASC-nin hesabına 950 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Göstərilənlərə əsasən Cavabdeh 950 manat yol-nəqliyyat hadisəsi nəticəsində verilmiş sığorta ödənişinin məbləğini, 30,40 manat dövlət rüsumu, ümumilikdə 980,40 manat tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

3. Məhkəmə iddia ərizəsinə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən Mülki-Prosessual qanunvericiliyə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilsə də, cavabdeh iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərməmişdir.

4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir.

5. Eyni Məcəllənin 284-5.2-ci maddəsinin tələblərinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər.

6. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

7. İşin materiallarında olan Sumqayıt DYPŞ tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolun və xx.xx.2023-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətlərindən görünür ki, “Kia Sorento” markalı, **-EP-*** qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci və 327.1-ci maddələri ilə təqsirli bilinərək, 40 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir.

8. İşin materiallarında olan “Auto Box automobile services” tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 1443 saylı qiymətləndirmə aktından görünür ki, “Volkswagen Touareg” markalı, **-MM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 950 manat məbləğində ziyan dəymişdir.

9. İş materiallarında olan “Yol-nəqliyyat hadisəsində zərərçəkənin idarə etdiyi avtonəqliyyat vasitəsinə dəyən zərərin ödənilməsi ilə bağlı” xx.xx.2023-cü il tarixli, ZBT141618/23 saylı ödəniş aktına əsasən xx.xx.2023-cü il tarixdə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığortası növü üzrə sığorta şəhadətnaməsi əsasında icbari qaydada sığortalanmış “Kia Sorento” markalı, **-EP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh tərəfindən idarə edilərkən yol-nəqliyyat hadisəsi törədilmiş və nəticədə "xxxx" ASC-də avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü sığortalanmış “Volkswagen Touareg” markalı, **-MM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə maddi zərər dəymişdir. Dəymiş ziyanın məbləği 950 manat, ödənilmiş sığorta ödənişinin məbləği 950 manat təşkil edir.

10. İşin materiallarında olan xx.xx.2023-cü il tarixli ödəniş tapşırığının surətindən görünür ki, "xxxx" ASC tərəfindən X1 hesabına 950 manat pul köçürülmüşdür.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

11. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh "xxxx" ASC tərəfindən sığortalanmış “Kia Sorento” markalı, **-EP-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək səlahiyyəti olmadan idarə edərkən yol hərəkəti qaydalarını pozaraq, yol-nəqliyyat hadisəsi törətmiş, “Volkswagen Touareg” markalı, **-MM-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, sığorta aktına əsasən sığorta şirkəti tərəfindən avtomobilə dəymiş zərər ödənilərək sığorta ödənişi həyata keçirilmiş, hazırda isə sığorta şirkəti ödədiyi 950 manat məbləğində pulun cavabdehdən tutulması barədə iddia ilə məhkəməyə müraciət etmişdir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

12. Azərbaycan Respublikası Mülki Məcəlləsi:

13. Maddə 163.1. Sahiblik əşyanın özünün verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi ilə əldə edən əşyaya faktik sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur.

14. Maddə 163.2. Əgər üçüncü şəxs və ya özgəninkiləşdirən özü xüsusi hüquq münasibətləri əsasında əşyaya sahibliyi davam etdirirsə, əşyaya sahiblik əşya verilmədən də əldə edilə bilər. Sahibliyin bu cür verilməsi üçüncü şəxs üçün yalnız özgəninkiləşdirən ona bu barədə bildiriş verdikdə etibarlı olur. Üçüncü şəxs əşyanı özgəninkiləşdirənə verməkdən imtina etmək üçün istinad etdiyi əsaslarla əldə edənə verməkdən də imtina edə bilər.

15. Maddə 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.

16. Maddə 936.5. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər.

17. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

18. Maddə 1108.2. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər.

“İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu:

19. Maddə 25.1.3. Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır.

20. Maddə 53.1. Mülkiyyətində avtonəqliyyat vasitəsi olan, yaxud avtonəqliyyat vasitəsinə faktiki sahibliyi həyata keçirən, yəni onu icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya etibarnamə əsasında idarə edən, yaxud digər qanuni əsaslarla istismar edən şəxslər bu Fəslin məqsədləri üçün avtonəqliyyat vasitəsinin sahibi hesab olunurlar.

21. Həmin Qanunun 25.1.3-cü maddəsindəki şərtləri Mülki Məcəllənin 1108.2-ci maddəsinin şərtləri ilə eyni kontekstdə qiymətləndirdikdə bu nəticə hasil olur ki, subroqasiya tələbinin təmin olunması üçün şəxsin əşyaya sahibliyi və istifadəsi qanunsuz (hüquqazidd) olmalı, habelə əşyanın sığortalının və ya sığorta olunanın sahibliyindən hüquqa zidd götürülməsində onların təqsiri olmalıdır.

22. Qeyd olunmalıdır ki, avtomobilin icbari sığortası ilə bağlı mübahisələr üzrə şəxsin əşyaya sahiblik və istifadəsinin qanuniliyi qiymətləndirilərkən maşını sürmək üçün notarial etibarnamənin və ya başqa sənədin olmaması meyar kimi qəbul edilə bilməz. Çünki, belə sənədin yoxluğu, mövcud qanunvericiliyə görə inzibati xəta münasibətlərində məsuliyyətə səbəb olsa da, sığorta münasibətləri baxımından bu hal şəxsin avtomobili istifadə etmək hüququ olmayan sayılmasına əsas vermir.

23. Nəzərə alınmalıdır ki, “İcbari sığortalar haqqında” Qanunun 25.1.3-cü maddəsi yazılı etibarnamənin deyil, əşyadan istifadə hüququnun olmamasını nəzərdə tutur. Şəxsin əşyaya sahiblik və istifadə hüququnun olub-olmaması mülki hüquq normaları ilə müəyyən olunur.

24. Mülki qanunvericilikdə isə əşyaya sahiblik və ya istifadənin qanunsuz sayılması üçün onun mülkiyyətçinin və ya digər sahibin əlindən iradəsi xaricində (iradəsinə zidd şəkildə) çıxması lazımdır. Başqa sözlə, əgər şəxs əşyanı iradəsinə uyğun digərinin sahibliyinə və ya istifadəsinə (əşya üzərindəki faktiki hakimiyyəti təmin edən əməli idarəçiliyinə) verirsə, sahiblik qanuni şəkildə verilmiş sayılır, istifadə hüququ da əmələ gəlir. Bu kimi hüquqi əməliyyatların etibarlı şəkildə baş tutması üçün yazılı (notarial) etibarnamə qanunda məcburi şərt kimi nəzərdə tutulmamışdır.

25. Mülki Məcəllənin 732-ci maddəsinə görə, əşyanı kirayəyə verənin onu kirayəçinin istifadəsinə verməsi üçün yazılı bir etibarnamə tərtib etməsi tələb olunmur.

26. Göründüyü kimi, əşya (o cümlədən avtomobil) sahibinin iradəsinə zidd şəkildə götürülmədikdə, belə sahiblik və istifadə mülki hüquqi baxımdan qanunsuz sayılmır, həmin şəxs əşyadan istifadə etmək hüququ olmayan hesab edilmir.

27. Başqa hüquq münasibətlərinə aid olan tələblər (məsələn, yol hərəkəti qaydalarını tənzimləyən normalara görə tələb edilən etibarnamə) mülki hüquq münasibətləri çərçivəsində şəxsin əşyaya sahibliyinin və ya ondan istifadəsinin qanuniliyinin müəyyənləşdirilməsi üçün meyar ola bilməz. Çünki, həmin qaydanın tənzimləmə məqsədi mülki hüquq münasibətlərinə aid olmayan (məsələn, yol hərəkəti iştirakçısı olan sürücü ilə yol polisi arasındakı) münasibətləri nizama salmaqdır.

28. Göründüyü kimi iddiaçı "xxxx" ASC yol-nəqliyyat hadisəsində təqsirli olan Cavabdeh avtomobili etibarnamə olmadan idarə edilməsini əsas gətirərək, sığorta ödənişinin əvəzini tələb edir. Halbuki, "xxxx" ASC-də sığortalanmış “Kia Sorento” markalı, **-EP-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh qanuni sahibliyində olmuşdur.

29. Məhkəmə onu da qeyd edir ki, sığorta olunan əmlakın başqa şəxsin istifadəsinə (etibarnamə olmadan) verilməsi sığorta riskinin dəyişməsi ilə bağlı olan və bu barədə sığortaçıya məlumat verilməsini gərəkdirən hal deyildir.

30. Qanunvericilikdə nəzərdə tutulmuş qeyd edilən normalar vasitəsilə əslində bütün haqların istifadə olunmasına bir əxlaqi hədd və məhdudiyyət qoyulmuşdur. Haqların istifadəsi baxımından tələb olunan vicdanlılıq meyarı obyektiv vicdanlılığı nəzərdə tutmaqla, dürüst, ədalətli bir insanın hərəkət tərzinə dair meyardır.

31. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı "subroqasiya qaydasında pulun tutulması tələbi"nə dair iddiası rədd edilməlidir.

32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

33. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

34. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

35. Eyni Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

36. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

37. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

38. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

Nəticə hissəsi:

39. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı "subroqasiya qaydasında pulun tutulması tələbi"nə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Şəbnəm Həxiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar