Məhkəmə qərarları › İş №e-2(060)-2252/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-2252/2023

03.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-2252/2023 03.08.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki işə 03 avqust 2023-cü il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərən müştərək qaydada İddiaçı ASCnin xeyrinə 2030.69 AZN əsas kredit borcu və 16.88 AZN kreditdən istifadəyə görə faiz borcu olmaqla, cəmi 2047.57 AZN və 40.48 AZN ödənilmiş dövlət rüsumunun tutulması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsini onunla əsaslandırmışdır ki, Rest№040CASA193500009 saylı xx.xx.2019-cu il tarixli Güzəşli Kredit müqaviləsinə əsasən İddiaçı ASC tərəfindən Cavabdeh2 bir il güzəşt müddəti olmaqla beş il müddətinə illik 1% kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 3655.69 AZN məbləğində kredit verilmişdir. Güzəşt müddəti ərzində borcalan tərəfindən əsas kredit borcunun ödənilməsi tələbi nəzərdə tutulmamışdır. Cavabdeh1 ilə iddiaçı arasında bağlanmış 040FİZAM16893302 saylı xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsinə əsasən o, Cavabdeh2 Rest№040CASA193500009 saylı xx.xx.2019-cu il tarixli Güzəştli kredit müqaviləsi üzrə öhdəliklərinin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Rest№040CASA193500009 saylı xx.xx.2019-cu il tarixli Güzəşli Kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh2 hər təqvim ayının müvafiq tarixində həm kredit məbləğini hissəhissə ödəməli, həm də kreditdən istifadəyə görə aylıq faiz məbləğini ödəməli idi. Lakin Rest№040CASA193500009 saylı xx.xx.2019-cu il tarixli Güzəşli Kredit müqaviləsi üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən Cavabdeh2 xx.xx.2023-cü il tarixinə 2030.69 AZN əsas kredit borcu və 16.88 AZN kreditdən istifadəyə görə faiz borcu olmaqla, cəmi 2047.57 AZN borclu qalmaqdadır. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbinə dair izahat verərək bildirdi ki, mübahisəli kredit müqaviləsi üzrə bütün borcu ödəmişdir. Hazırda onun banka heç bir borcu yoxdur. Bununla əlaqədar həmin kredit müqaviləsi üzrə hesabdan çıxarışı məhkəməyə təqdim edir. Cavabdeh məhkəmədən borcunun tam ödədiyi nəzərə alaraq iddia tələbinin rədd edilməsini xahiş etdi. İddiaçı ASC-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, lakin məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasının nümayəndələrinin iştirakları olmadan keçirilməsini, işə mahiyyəti üzrə baxıb tələblərinin tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada (SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsi barədə bildirişə əsasən) xəbərdar edilməsinə baxmayaraq iş üzrə digər Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə Cavabdeh2 iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İş materiallarında olan Rest№040CASA193500009 saylı xx.xx.2019-cu il tarixli Güzəşli Kredit müqaviləsindən görünür ki, Cavabdeh2 5 il müddətinə illik 1 % kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 3655.69 AZN məbləğində kredit verilmişdir. İş materiallarında olan 040FİZAM16893302 saylı xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsinə əsasən Cavabdeh1 kreditor qarşısında borclu Cavabdeh2 Rest№040CASA193500009 saylı xx.xx.2019-cu il tarixli Güzəşli Kredit müqaviləsi üzrə öhdəliklərini tamamilə icra etməsi üçün məsuliyyəti tam olaraq üzərinə götürmüşdür. İşdə olan xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 İddiaçı ASC-yə 2030.69 manat məbləğində əsas borcu və 16.88 faiz borcu olmaqla, ümumilikdə 2047.57 manat borcu mövcuddur. İşdə olan xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktublarından görünür ki, yaranmış borcunu ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 yazılı bildiriş ünvanlanmışdır. İşdə olan 040CASA193500009 saylı xx.xx.2019-cu il tarixli Güzəşli Kredit müqaviləsi üzrə hesabdan çıxarışdan görünür ki, həmin müqavilə üzrə borc xx.xx.2023-cü il tarixdə sıfırlanmışdır. Məhkəmə iş materiallarını araşdıraraq, belə nəticəyə gəlir ki, iddia təmin edilməməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında Rest№040CASA193500009 saylı xx.xx.2019-cu il tarixli Güzəşli Kredit müqaviləsi bağlanmışdır. İddiaçı Bank sözügedən müqavilə üzrə üzərinə düşən öhdəliyini yerinə yetirsə də, borclu Cavabdeh2 öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş, nəticədə banka borcu yaranmışdır. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Borc müqaviləsinin anlayışına aydınlıq gətirən Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Mülki Məcəllənin öhdəliklərin icra edilməməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyən normalarına görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (442). Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (443.1). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır (445.2.1). Mülki Məcəllənin 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Hazırki iş üzrə zaminlik müqaviləsində borclunun kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zaminlərin Bank qarşısında məsuliyyəti tam olaraq öz üzərinə götürdüyü və Borclu ilə birlikdə Bank qarşısında məsuliyyət daşıdığı nəzərdə tutulmuşdur. Lakin məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə yaranmış borc Cavabdeh1 tərəfindən tam şəkildə ödənilmişdir. Bunu iş materiallarında olan xx.xx.2023-cü il tarixli hesabdan çıxarış da təsdiq edir. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən sözügedən müqavilə üzrə öhdəlik tam yerinə yetirildiyindən və hazırda cavabdehlərin banka borcu qalmadığından iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit borcunun qaytarılması tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar