Məhkəmə qərarları › İş №e-2(060)-2274/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-2274/2024

09.07.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-2274/2024 09.07.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, Hüseynzadə Gülçöhrə Kamal qızının katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı subroqasiya qaydasında zərərin ödənilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:

1. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia qaldıraraq cavabdеh Cavabdeh zərər çəkmiş nəqliyyat vasitəsinin bərpası üçün həyata keçirilmiş sığorta ödənişi əvəzində 636,74 manat məbləğində vəsaitin, 30 manat dövlət rüsumunun, 0,40 manat bank xidməti xərcinin iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar :

2. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh tərəfindən idarə olunan **-CT-*** dövlət qeydiyyat nişanlı, «Mercedes Benz C200» markalı avtonəqliyyat vasitəsi ilə "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin tam sığortası” növü üzrə sığortalanmış **-JS- *** dövlət qeydiyyat nişanlı, «Fiat Doblo» markalı avtonəqliyyat vasitəsinə xx.xx.2022-ci il tarixində yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurulmuşdur. Hadisə ilə bağlı tərtib olunmuş TP ******* saylı inzibati tənbeh vermə haqqında Qərara əsasən Cavabdeh təqsirli bilinmişdir. Sığortalı **-JS-*** dövlət qeydiyyat nişanlı, «Fiat Doblo» markalı avtonəqliyyat vasitəsinə vurulan zərərin əvəzində sığorta ödənişi verilməsi ilə bağlı "xxxx" ASC-yə zərərçəkən müraciət etmişdir. **-JS-*** dövlət qeydiyyat nişanlı, «Fiat Doblo» markalı avtonəqliyyat vasitəsinə dəymiş zərər qiymətləndirilmiş, “Zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabat”a əsasən 5636,74 manat məbləğində müəyyən edilmişdir. "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli “Sığorta aktı”na əsasən sığortalı nəqliyyat vasitəsi təmirə yönəldilmiş və 5636,74 manat məbləğində sığorta ödənişi (4776,90 manat nəqliyyat vasitəsinin ehtiyyat hissələri və təmir xərcləri, 59,84 manat ƏDV olmaqla) nəqliyyat vasitəsinin təmiri ilə bağlı "xxxx" MMC-nin hesabına köçürülmüşdür. Təqsirli tərəfin icbari sığortası "xxxx" ASC tərəfindən sığortalandığından 5000 manat məbləğində sığorta ödənişinin ödənildiyini nəzərə alaraq, subroqasiya hüququ əsasında qalıq məbləğ 636,74 manat geri qaytarılması barədə cavabdehə məktub göndərilmiş, lakin cavabdeh həmin məbləği ödəməmişdir. Göründüyü kimi "xxxx" ASC tərəfindən nəqliyyat vasitəsinin bərpası üçün ödənilmiş 636,74 manat məbləğində vəsait Cavabdeh tərəfindən geri qaytarılmalıdır.

Tərəflərin mövqeləri:

3. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilib iddianın tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi cavabdehin qeydiyyatda oduğu ünvana göndərilsə də, həmin ünvanda yaşamaması səbəbi ilə geri qaytarılmışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tədqiq olunan sübutlar:

5. “Yol hərəkət qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında 17 dekabr 2022-ci il tarixli, TP ******* saylı qərardan görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixində, saat 07:50-də N.Nərimanov küçəsi ərazisində **-CT-*** dövlət qeydiyyat nişanlı, «Mercedes Benz C200» markalı nəqliyyat vasitəsini idarə edərkən yol nişanlarının tələblərinə riayət edilməməsi nəticəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və ona 40 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir.

6. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 16 noyabr 2022-ci il tarixli Qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, qərarın surəti “Mercedes Benz” markalı, **-CT-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh barəsində Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsinə əsasən inzibati qaydada tədbir görülməsi məqsədilə Sumqayıt şəhər Pİ-nin DYPŞ-yə göndərilməsi qərara alınmışdır.

7. "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli sığorta aktından görünür ki, xx.xx.2022-ci il tarixində Sumqayıt şəhəri, Azərbaycan prospektində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində sığortalanmış **-JS-*** dövlət qeydiyyat nişanlı, «Fiat Doblo» markalı avtomobilə dəymiş zərərin məbləği 5636,74 manat müəyyən edilmiş və 5636,74 manat zərər məbləği avtomobilin təmiri üçün "xxxx" MMC-nin hesabına köçürülmüşdür.

8. 22.12.2022-ci il tarixli təhvil-təslim aktından görünür ki, xx.xx.2022-ci il tarixində baş vermiş sığorta hadisəsi nəticəsində zərərə məruz qalmış **-JS-*** dövlət qeydiyyat nişanlı, «Fiat Doblo» markalı avtonəqliyyat vasitəsi "xxxx" ASC tərəfindən 5636,74 manat zərər məbləği müqabilində təmin olunaraq səlahiyyətli şəxsə təhvil verilmiş və əvəzində həmin şəxs öz növbəsində onu heç bir qüsur və çatışmamazlıqlar müəyyən olunmadan saz vəziyyətdə təhvil almışdır.

9. 4222 saylı hesab fakturadan görünür ki, "xxxx" ASC tərəfindən 5636,74 manat zərər məbləği avtomobilin təmiri üçün "xxxx" MMC-nin hesabına köçürülmüşdür.

10. “Zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabat”a əsasən **-JS-*** dövlət qeydiyyat nişanlı, «Fiat Doblo» markalı avtonəqliyyat vasitəsinə dəymiş zərər qiymətləndirilmiş, 5636,74 manat məbləğində müəyyən edilmişdir.

11. "xxxx" ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2023-cü il tarixli pretenziya məktubunun surətindən görünür ki, mülki məsuliyyəti "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalandığı üçün ödənilmiş məbləğdən 5000 manat məbləğin sığortaçı tərəfindən ödənildiyindən 636,74 manat məbləğində vəsaitin 15 təqvim günü ərzində ödənilməsi xahiş edilmişdir.

Məhkəmə baxışının hədləri:

12. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Tətbiq edilən hüquq:

13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin :

- 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. - 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. - 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. - 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır.

14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

-936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. -936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. -936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. -1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). -1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. -21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

15. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun:

- 56.1.2-ci maddəsinə əsasən üçüncü şəxsə dəyə bilən zərərə görə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına dair standart və sərhəd sığorta müqavilələri üzrə sığorta məbləği üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5000 manatdır.

Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

16. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi təmin edilməlidir.

17. Belə ki, məhkəmə tərəfindən işin müəyyən edilmiş hallarından görünür ki, "xxxx" ASC tərəfindən sığortalanmış **-JS-*** dövlət qeydiyyat nişanlı, «Fiat Doblo» markalı avtomobil **-CT-*** dövlət qeydiyyat nişanlı, «Mercedes Benz C200» markalı avtomobillə toqquşmuş və bunun nəticəsində **-JS-*** dövlət qeydiyyat nişanlı, «Fiat Doblo» markalı avtomobilə 5636,74 manat məbləğində ziyan dəymişdir.

18. Cavabdeh xx.xx.2022-ci il tarixində, saat 07:50-də N.Nərimanov küçəsi ərazisində **-CT-*** dövlət qeydiyyat nişanlı, «Mercedes Benz C200» markalı nəqliyyat vasitəsini idarə edərkən yol nişanlarının tələblərinə riayət edilməməsi nəticəsində Cavabdeh tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmiş və 40 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir.

19. "xxxx" ASC dəymiş zərəri aradan qaldırmış və 5636,74 manat zərər məbləği avtomobilin təmiri üçün "xxxx" MMC-nin hesabına köçürülmüşdür. **-CT-*** dövlət qeydiyyat nişanlı, «Mercedes Benz C200» markalı avtomobil "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalandığı üçün ödənilmiş məbləğdən 5000 manat məbləğ sığortaçı tərəfindən ödənilmişdir. Hal-hazırda iddiaçı "xxxx" ASC Cavabdeh zərər çəkmiş nəqliyyat vasitəsinin bərpası üçün həyata keçirilmiş sığorta ödənişi əvəzində qalan 636,74 manat məbləğində vəsaitin iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmasını xahiş edir.

20. "xxxx" ASC tərəfindən Cavabdeh xx.xx.2023-cü il tarixli pretenziya məktubu göndərilərək sığorta ödənişinin ödənilməsi tələb edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər.

21. İş materiallarından görünür ki, **-CT-*** dövlət qeydiyyat nişanlı, «Mercedes Benz C200» markalı avtomobil "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalandığı üçün ödənilmiş məbləğdən 5000 manat məbləğ sığortaçı tərəfindən ödənilmişdir. Zərər çəkmiş nəqliyyat vasitəsinin bərpası üçün həyata keçirilmiş sığorta ödənişi əvəzində 636,74 manat məbləğində vəsait isə ödənilməmişdir. Belə olan halda məhkəmə qeyd edir ki, iddiaçı "xxxx" ASC-nin cavabdehə qarşı 636,74 manat məbləğində subroqasiya hüququ yaranmışdır.

22. Beləliklə, məhkəmə hesab edir ki, **-JS-*** dövlət qeydiyyat nişanlı, «Fiat Doblo» markalı nəqliyyat vasitəsinə görə ödənilmiş 636 (altı yüz otuz altı) manat, 74 (yetmiş dörd) qəpik məbləğində sığorta ödənişi, 30 (otuz) manat dövlət rüsumu və 0,40 manat bank xidməti xərci Cavabdeh tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir.

Nəticə:

23. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddia tələbi təmin edilsin. Cavabdeh **-JS-*** dövlət qeydiyyat nişanlı, «Fiat Doblo» markalı nəqliyyat vasitəsinə görə ödənilmiş 636 (altı yüz otuz altı) manat, 74 (yetmiş dörd) qəpik məbləğində sığorta ödənişi, 30 (otuz) manat dövlət rüsumu və 0,40 manat bank xidməti xərci tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vəfa Şirəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar