Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-2287/2024 08.08.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi, İlkin İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair ilkin iddiası, iddiaçı Cavabdeh İddiaçı qarşı maddi və mənəvi ziyan tələbinə dair qarşılıqlı iddiası barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun xeyrinə maddi ziyan olaraq 30 000 (otuz min) manat və mənəvi ziyan olaraq 20 000 (iyirmi min) manat, ümumilikdə 50 000 (əlli min) manat məbləğində pul vəsaitinin, eləcə də ödənilmiş 240 manat məbləğində dövlət rüsumunun tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin İddiaçı ilkin iddia tələbini onunla əsaslandırmışdır ki, təsisçisi və direktoru olduğu "xxxx" MMC ilə "xxxx" MMC (indiki "xxxx" MMC) arasında bağlanmış xx.xx.2020-ci il tarixli, PDL – 21/20 saylı, xx.xx.2021-ci il tarixli, PDL – 30/20 saylı və xx.xx.2020-ci il tarixli, PDL – 51/20 saylı Tikintidə Subpodrat müqaviləsinə əsasən ardıcıllığa uyğun olaraq "xxxx" MMC Astara rayonunun Xiçəsu və Şəvqo kəndlərində, Lerik rayonun Loda kəndində modul tipli ibtidai məktəb binalarının tikinti-təmir işlərini həyata keçirməlidir, "xxxx" MMC (indiki "xxxx" MMC) isə həmin məktəblərə görə ödənişləri etməlidir (bundan sonra Modenco MMC). Qeyd olunan məktəblərin tikintisi və tam təmiri icra edilməsinə baxmayaraq "xxxx" MMC tərəfindən müqavilə üzrə nəzərdə tutulmuş ödənişlər və əlavə çəkilmiş xərclərin məbləği ödənilməmişdir. Hal-hazırda qeyd olunan mübahisə Bakı Kommersiya Məhkəməsinin icraatında baxılmaqdadır. "xxxx" MMC-nin hüquqşünası kimi özünü təqdim edən cavabdeh qanunsuz və əsassız olaraq məktəbi zorla təhvil almağa çalışarkən (məktəbin giriş qapısı, şüşəsi sındırılmış) tərəfindən bunun qarşısı alınmışdır. Lakin, cavabdeh şəxs məktəbin ərazisində təxribat törədərək onu əsassız olaraq zor və güc tətbiq etməkdə və xuliqanlıq törətməkdə ittiham etmiş və nəticədə polis orqanlarına şikayət etmişdir. Polis orqanı isə heç bir əsas olmadan cavabdehin sözlərinə əsasən cinayət işi başlamış və iş baxılması üçün aidiyyatı üzrə Lerik rayon Məhkəməsinə göndərilmişdir. Lerik rayon Məhkəməsi cinayət işi üzrə araşdırma apararaq onun təqsirsiz olduğunu təsdiqləyərək barəsində bəraət hökmü çıxarmışdır. Daha sonra, cavabdeh apellyasiya və kassasiya instansiyaları məhkəmələrinə şikayət etmiş və barəsində verilmiş bəraət hökmü qüvvədə qalmışdır. Eyni zamanda, qeyd edilməlidir ki, cavabdeh istər məktəbə zorla daxil olarkən, istərsə də sonrakı vaxtlarda, barəsində yalan məlumatlar yayaraq guya ona bütün ödənişlərin edildiyini və o pulların tərəfindən mənimsənildiyini qeyd etmişdir. Bu yalan məlumatlarla onu cəmiyyət və xüsusən də, işçilərin yanında yalançı və insanların haqqını yeyən bir obraza salmışdır. Cavabdeh Xəzər Tv-yə və digər xəbər portallarında vermiş olduğu müsahibələrdə yalan məlumatlar verərək guya "xxxx" MMC-nin "xxxx" MMC-yə heç bir borcun olmadığını, ödənişlərin edildiyini bildirmişdir. Cavabdeh onun əsassız olaraq polis orqanlarına şikayət etməsi, işin məhkəməyə ötürülməsi və məhkəmədə baxılan müddətdə məruz qaldığı vaxt itkisi və bunun nəticəsi olaraq məruz qaldığı maliyyə itkiləri ona xeyli miqdarda ziyan vurmuşdur. Eyni zamanda, qeyd edilməlidir ki, Cavabdeh qanunsuz və əsassız şikayəti nəticəsində o, bir ilə yaxın müddətdə işləyə bilməyib və cinayət təqibi orqanlarının təsiri altında olub. Belə ki, istintaq orqanı onun barəsində 03 fevral 2023-cü ildə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçmiş və bu qətimkan tədbiri 21 sentyabr 2023-cü ilə kimi, yəni 7 ay 18 gün qüvvədə olmuşdur. Bu müddət ərzində o, 6 dəfə Lerik rayon polis şöbəsinə, 12 dəfə Lerik rayon Məhkəməsinə, 6 dəfə isə Şirvan Apellyasiya Məhkəməsinə gedib-gəlib, hər dəfə dövlət ittihamçısı və zərərçəkmiş tərəfindən həbs olunmağı barədə vəsatətlər verilərək, ona mənəvi əzab və əziyyət verilmişdir. Həmçinin 18 dəfə Lerik rayonuna gedibgələrkən hər dəfə 2 və ya 3 gün Lerik rayonunda qalmaq və yollarda olmaqla maddi xərclər çəkib və eyni zamanda 8 ay ərzində başqa işlə məşğul olub qazanc əldə edə bilməyib. Məhkəmə koridorlarında keçirdiyi stress, gərginlik mənəvi iztiraba məruz qalmağına səbəb olmuşdur və bunun nəticəsində ona mənəvi ziyan dəymişdir. Qeyd edilənlərə əsasən ilkin iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra Cavabdeh İddiaçı qarşı maddi və mənəvi ziyan tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı maddi və mənəvi zərərin vurulması əvəzi 10 000 (on min) manatın tutularaq ona ödənilməsi barədə məhkəmə aktı qəbul edilməsini, əsassız tələblə hazırda barəsində məhkəməyə müraciət etdiyi üçün ondan rəsmi üzr istəməsini xahiş etmişdir. Qarşılıqlı iddiaçı Cavabdeh qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı xx.xx.2022-ci il tarixdə Lerik Rayonu Loda kəndində məktəbin qarşısında ona əlində küt alət olan çəkiclə hücum edərək, zor tətbiq etməsi və təhqir etməsi faktı Lerik Rayon məhkəməsinin 1(048)-16/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə təsdiq edilmiş, həmçinin AR Ali məhkəməsinin 1(102)-473/2024 saylı xx.xx.2024 tarixli qərarı ilə təsdiqini tapmışdır. Ali Məhkəmənin hökmündən məhkəmənin mövqeyi “Şahid ifadələri və video çəkilişdən də açıq-aşkar görünür ki, aralarında yaranmış mübahisə zamanı İddiaçı çəkiclə onun üzərinə hücum edir, lakin kənarda olan şəxslərin araya girməsi nəticəsində həmin mübahisə qısa çəkir və sadəcə qısa müddətli çəkişmələrdən ibarət olur”. Bir daha bildirmək istəyir ki, İddiaçı əməlləri yəni ictimai qaydanı pozan, fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsinin real hədəsi ilə ilə həyata keçirlməsi hərəkətlərində cinayət tərkibi olmaqla yanaşı, ona özünün də hər prosesdə etiraf etdiyi kimi təhqir və real hədələrlə dolu hərəkətləri mənəvi zərər vurmuş, emosional pozğunluğuna səbəb olmuşdur ki, bu da Konstitusiya ilə qorunun hüquqlarının zədələnməsidir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər fərdin hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, həm də əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 41-ci maddəsinə, habelə digər normalarına əsaslanaraq mənəvi zərərin müəyyən edilməsinə dair müvafiq təcrübə formalaşdırmışdır. Avropa Məhkəməsi mənəvi zərəri “nigarançılıq, ruhi sarsıntı və iztirab”, “həyəcan, acizlik və sarsıntı”, “məyusluq, ədalətsizlik hissi və uzunmüddətli qeyri-müəyyənlik” kimi səciyyələndirmişdir (Luluyev və digərləri Rusiyaya qarşı iş üzrə 2006-cı il 9 noyabr tarixli, Pelipenko Rusiyaya qarşı iş üzrə 2014-cü il 16 yanvar tarixli, Şiborş və Kuzmina Rusiyaya qarşı iş üzrə 2014-cü il 16 yanvar tarixli Qərarlar). Avropa Məhkəməsi Varnava və digərləri Türkiyəyə qarşı iş üzrə 2009-cu il 18 sentyabr tarixli Qərarında mənəvi zərəri şəxsin fiziki və ya psixoloji ağrı və əzabı, sıxıntı, narahatlıq, məyusluq, ədalətsizlik və ya alçalma hissi, uzun müddət davam edən qeyri-müəyyənlik, həyatın pozulması və ya real imkansızlıqdan əziyyət çəkən vəziyyəti kimi müəyyən etmiş və qeyd etmişdir ki, maddi zərərin müəyyən edilməsi zamanı məhkəmənin əsaslandığı obyektiv hallardan fərqli olaraq, mənəvi zərərin müəyyən edilməsində subyektiv və hissi ünsürlərə əsaslanaraq qərar qəbul edildiyindən məhkəmə təcrübəsi baxımından nəzərə alınmalı olan ümumi qiymətləndirmə meyarlarının müəyyən edilməsi vacibdir. Mənəvi zərər müəyyən edildikdə məhkəmələr tərəfindən hüquqa zidd əməlin növü, dərəcəsi, şiddəti, davam etdiyi müddət nəzərə alınmalıdır. Bu zaman hüquqa zidd hərəkətin hansı şəraitdə, mühitdə baş verməsinin müəyyən edilməsi də zəruridir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2008-ci il 3 noyabr tarixli qərarının 8-ci bəndinə əsasən, məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Hesab edir ki, İddiaçı yuxarıda sadalanan hərəkətləri ilə və həmin hərəkətlərinin KİV-də və sosial mediada yayaraq təhqiredici hərəkətlərinə görə onun nüfuzuna ciddi zərər vurub, işgüzar nüfuzunun zədələnməsinə səbəb olaraq mənəvi və psixoloji sarsıntı keçirməyinə səbəb olmaqla müxtəlif vasitələrlə törətdiyi əməlinə görə cavabdehilikdən yayınması onun fiziki və ya psixoloji ağrı və əzabı, sıxıntı, narahatlıq, məyusluq, ədalətsizlik qarşısında sağlamlığına ciddi zərər vurmuşdur. Bu səbəbdən İddiaçı, maddi və mənəvi zərərin vurulması üçün təzminat olaraq 10 000 (on min) manat ödəməlidir. Yuxarıda qeyd edilənlərə və Azərbaycan Respublikasının Mülki və Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən İddiaçı maddi və mənəvi zərərin vurulması əvəzi 10 000 (on min) manat tutularaq ona ödənilməsi barədə məhkəmə aktı qəbul edilməsini və əsassız tələblə hazırda barəsində məhkəməyə müraciət etdiyi üçün ondan rəsmi üzr istəməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilkin İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil ilkin iddia ərizəsinin məzmununa uyğun izahat verərək, ilkin iddia tələbini müdafiə etdiyini, qarşılıqlı iddia tələbini qəbul etmədiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, qarşı tərəfin provokativ hərəkətləri nəticəsində iddiaçı gəlirlərindən məhrum olmuşdur. Məhkəməyə təqdim etdikləri sənədlərdə iddiaçının müxtəlif illərdə qazanmış olduğu mənfəət göstərilmişdir. İlkin iddiaçının istintaq orqanına təqsirləndirilən şəxs kimi təqdim olunması, həmçinin sözügedən halın mediada yayılması onun əməkdaşlıq etdiyi şirkətlərlə olan münasibətlərinə mənfi təsirini göstərmişdir. Belə ki, həmin şirkətlər ilkin iddiaçı ilə sözügedən hallarla bağlı məhkəmə prosesləri yekunlaşana qədər əməkdaşlıq etməkdən imtina etmişdirlər. Mənfəət bəyənnamələrində olan pul məbləğləri toplanaraq 1 ilə bölündükdə ilkin iddiaçının illik gəlirinin 60000-70000 manat civarında olduğu görünür. Əmək haqqı itkisi isə hesablandıqda təqribən illik 20000 manat miqdarında olduğu görünür. İlkin iddiaçıya qarşı irəli sürülmüş əsassız ittiham ona dəymiş maddi zərərin səbəbidir. Tərəflər arasında hadisə 2022-ci ildə, istintaq hərəkətləri isə 2023-cü ildə baş verib. 2023-cü ildə ilkin iddiaçının ümumi gəliri sıfırdır. Göründüyü kimi tərəfi 2023-cü ildə və qeyd edilən məhkəmə prosesləri zamanı mümkün ola biləcək bütün gəlirlərindən məhrum olmuşdur. Əmək haqqının alına bilinməmə səbəbi isə bütün bu proseslər dövründə müəssisələrin işləməməsidir. Qarşılıqlı iddia tələbi ilə bağlı bildirir ki, qarşı tərəfin iddiası sadəcə formal izahatdan ibarətdir və heç bir hüquqi əsası yoxdur. Cavabdehin qeyd etdiyi əməllərdə cinayət tərkibi aşkar edilməmiş, həmin mübahisəyə dair işə Ali Məhkəmədə də baxılmış və İddiaçı barəsində bəraət hökmü çıxarılmışdır. Nümayəndə qeyd edilənlərə əsasən ilkin iddia tələbinin təmin edilməsini, qarşılıqlı iddia tələbinin isə rədd edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada (məhkəmə bildirişinə imza etməklə) xəbərdar edilməsinə baxmayaraq qarşılıqlı iddiaçı Cavabdeh məhkəmə baxış iclasına gəlməmiş, lakin məhkəməyə ərizə ünvanlayaraq səhhəti ilə əlaqədar iclasın onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə işə qarşılıqlı iddiaçı Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən ilkin İddiaçı iddia tələblərinə dair izahat verərək bildirmişdir ki, onun direktoru olduğu "xxxx" MMC ilə "xxxx" MMC arasında bağlanmış müqavilələrə əsasən ümumilikdə 3 məktəb olmaqla, Astara rayonunda 2, Lerik rayonunda 1 modul tipli ibtidai məktəb binalarının tikinti-təmir işləri həyata keçirilmişdir. Qeyd olunan məktəblərin tikintisi və tam təmiri icra edilməsinə baxmayaraq "xxxx" MMC tərəfindən müqavilə üzrə nəzərdə tutulmuş ödənişlər və əlavə çəkilmiş xərclərin məbləği ödənilməmişdir. Hal-hazırda qeyd olunan mübahisə Bakı Kommersiya Məhkəməsinin icraatında baxılmaqdadır. "xxxx" MMC-nin hüquqşünası kimi özünü təqdim edən cavabdeh məktəbi zorla təhvil almağa çalışmış, məktəbin giriş qapısı, şüşəsi sındırılmış və bunun qarşısı onun tərəfindən alınmışdır. Lakin, cavabdeh şəxs məktəbin ərazisində təxribat törədərək onu əsassız olaraq zor və güc tətbiq etməkdə və xuliqanlıq törətməkdə ittiham etmiş və nəticədə polis orqanlarına şikayət etmişdir. Nəticədə cinayət işi başlamış və iş baxılması üçün aidiyyatı üzrə Lerik rayon Məhkəməsinə göndərilmişdir. Lerik rayon Məhkəməsi cinayət işi üzrə araşdırma apararaq onun təqsirsiz olduğunu təsdiqləyərək barəsində bəraət hökmü çıxarmışdır. Daha sonra, cavabdeh apellyasiya və kassasiya instansiyaları məhkəmələrinə şikayət etmiş və barəsində verilmiş bəraət hökmü qüvvədə qalmışdır. Cavabdeh yalan məlumatlarla onun cəmiyyət və xüsusən də, işçilərin yanında nüfuzdan salmışdır. Cavabdeh onu əsassız olaraq hüquq mühafizə orqanlarına şikayət etməsi və bunun nəticəsində məruz qaldığı vaxt itkisi və maliyyə itkiləri ona xeyli miqdarda maddi və həmçinin mənəvi ziyan vurmuşdur. Bu müddət ərzində o, 18 dəfə Sabunçudan Lerik rayon Məhkəməsinə gedib-gəlmişdir. Məhkəmənin nəzərinə çatdırır ki, cavabdeh "xxxx" MMC-nin hüquqşünasıdır və heç bir əsas olmadan gəlib məktəbin qıfılını qıraraq məktəbə daxil olmuşdur. Bundan başqa cavabdehin qeyd etdiyi kimi küt alət və s. ilə ona hücum olunması yalandır. Onlar arasında mübahisə onun tərəfindən məsələnin nə olduğunu öyrənmək istədikdə yaranmışdır. Məhkəmə hazırlıq iclaslarında iştirak edən qarşılıqlı iddiaçı Cavabdeh iddia tələblərinə dair izahat verərək bildirmişdir ki, hüquqşünası olduğu "xxxx" MMC məktəb tikintisi ilə bağlı müsabiqənin qalibi olmuşdur. Lerik rayonunda məktəb tikintisi ilə bağlı qarşı tərəflə podrat müqaviləsi bağlanmışdır. Daha sonralar bağlanmış podrat müqaviləsinin şərtləri pozulmuşdur. Məktəb qıfıllanmışdı, onlar isə dərslərin başlaması səbəbi ilə qarşı tərəfdən açarları istəmişdirlər. Qarşı tərəf isə açarları verməkdən imtina etmişdir. Həmin əraziyə getmişlər və hadisə ilə bağlı polisə də müraciət etmişdirlər. Qarşı tərəfin əllərində müxtəlif silahlar var idi. Bu vaxt ona çəkiclə xəsarət yetirilmişdi ki, bununla bağlı ekspert rəyi var. Hadisə yerində polis də var idi. İddiaçıya törətdiyi əməllə bağlı xuliqanlıq maddəsi ilə iş açılmışdı. Lakin Lerik rayon məhkəməsində ona bəraət verildi. O, həmin qərardan narazı qalaraq Şirvan Apellyasiya məhkəməsinə şikayət vermiş və bəraət hökmü yenə də qüvvədə qalmışdır. Bundan başqa iddiaçı bu müddətdə onunla bağlı təhqir xarakterli videolar paylaşmışdır. Ona hadisə ilə bağlı müxtəlif yerlərdən zənglər gəlmiş və ona qarşı təyziqlər olmuşdur. O, sadəcə olaraq konstitusion hüquqlarından istifadə edib. Qarşı tərəfin heç bir hüququnu pozmayıb. Hesab edir ki, iddiaçının əsaslandırdığı faktlar əsassız və yetərsizdir. Onu da qeyd edir ki, şəxslə bağlı polis və prokurorluq orqanlarında xeyli şikayətlər vardır. Onu da məhkəmənin nəzərinə çatdırır ki, iddiaçının direktoru olduğu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti fəaliyyətini dayandırıb və onun indiyə qədər əmək müqaviləsi olduğu işçisi olmayıb. Hesab edir ki, MMC-nin işçisinin olub-olmaması, olduğu halda işçilərinin sayı və gəlirləri araşdırılmalıdır. Çünki, qarşı tərəf ondan təzminat olaraq istədiyi 30000 (otuz min) manat pulu bu məlumatlarla əsaslandırmalıdır. Hesab edir ki, ilkin iddiaçının ona qarşı etdiyi hərəkətlərə tam hüquqi qiymət verilməmişdir. Belə ki, ilkin iddiaçının onu təhqir etməsi xüsusi ittiham qaydasında araşdırılmalıdır. İlkin iddiaçıya müxtəlif instansiya məhkəmələrində bəraət verilib. Halbuki ilkin iddiaçının hərəkətləri ilə bağlı video və foto çəkilişlər var. Hesab edir ki, kimisə döyüb sonra bəraət almaq düzgün deyil. Onun qarşılıqlı iddiası ilkin ərizə ilə birbaşa əlaqəlidir. İlkin iddiaçı onu döydüyü və söydüyü halda bəraət almamalıdır. Qarşı tərəf ona alətlə hücum edib, bununla bağı faktlar olsa da, ilkin iddiaçının əməllərinə bəraət verilir, lakin onun qanuni tələbləri nəzərə alınmır. Hadisə vaxtı qarşı tərəf onun şərəf və ləyaqətini alçaltmış, həmçinin ona xəsarət yetirmişdir. Lakin, heç bir üzrxahlıq etmədən onu məhkəməyə vermişdir. Hadisə nəticəsində onun ictimai nüfuzu olduqca aşağı düşmüşdür. Onun barəsində bu tip məlumatlar qəzet manşetlərində də öz əksini tapıb. İstintaq orqanı cinayət işinin başlanması haqqında qərar qəbul etsə də, məhkəmə şəxsə bəraət verib. Hesab edir ki, bu bəraət əsassızdır. Lakin, o, öz ictimai nüfuzuna daha da zərər dəyməməsi səbəbilə beynəlxalq məhkəmələrə bu halla əlaqədar şikayət etməyib. Hesab edir ki, İddiaçı törətmiş olduğu təhqiredici hərəkətlərinə görə onun nüfuzuna ciddi zərər vurub, işgüzar nüfuzunun zədələnməsinə səbəb olub. Buna görə də İddiaçı tərəfindən ona maddi və mənəvi zərər vurulduğu üçün təzminat olaraq 10 000 (on min) manat ödənilməsi barədə qətnamə qəbul edilməlidir. Qarşılıqlı iddiaçı Cavabdeh xx.xx.2024-cü il tarixli ərizəsində həmçinin qeyd etmişdir ki, İddiaçı iddiası əsassız olduğu üçün nəinki təmin edilə bilməz, heç icraata belə qəbul edilməsi qanunauyğun deyildir. Qanunsuz hərəkətləri ilə əlaqədar onun hüquq mühafizə orqanlarına müracət etmək konstitusion hüququdur. İstintaq və məhkəmə ilə əlaqədar maddi və mənəvi tələblər DİN, Prokurorluq və məhkəmə orqanlarına qarşı ola bilər. Çəkilmiş xərclər məhkəmə tərəfindən ödənilməlidir. İddiaçının 4 ayrı müəssisədə əmək müqaviləsi bu günədək olması və iş axtaran kimi heç yerə o cümlədən məşqulluq xidmətinə müraciət etməməsi və uçota alınmaması bu günədək əsassız varlanma istiqamətində atdığı addımlardan biri kimi ona qarşı şantaj xarakterli hərəkət kimi nəzərə alınmalıdır. Yuxarıda sadalananlara əsasən İddiaçı iddiası rədd edilməlidir. Tərəfindən verilmiş qarşılıqlı iddia tam əsaslıdır, ona vurduğu maddi, mənəvi zərər aşkardır və görüntüləri əks edilmiş şəkillər, ekspert rəyi ilə təsdiqini tapır. Zor tətbiq etməklə xəsarət yetirilməsi, təhqirlə davam edən qanunsuz hərəkətləri və sosial şəbəkələrdə əlavə olaraq görüntülərin altına təhqir dolu ifadələr yazması mənəvi psixoloji pozuntu yaratmaqla aşkar işgüzar nüfuzuna zərər vurmuş, şəxsiyyətini sarsıtmışdır. Qeyd edilənləri nəzərə alaraq qarşılıqlı iddiaçı iddiasının təmin edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur. İşdə olan xx.xx.2020-ci il tarixli, PDL-51/20 saylı, xx.xx.2020-ci il tarixli, PDL-21/20 saylı və xx.xx.2020-ci il tarixli, PDL-30/20 saylı tikintidə subpodrat müqaviləsindən görünür ki, həmin müqavilələr “subpodratçı” "xxxx" MMC ilə podratçı Porvidence Doytch Limited MMC arasında bağlanılmışdır. İşdə olan Lerik Rayon Məhkəməsinin 22 iyun 2023-cü il tarixli, 1(048)-16/2023 saylı hökmündən görünür ki, İddiaçı Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən ona həmin maddə ilə bəraət verilmiş, İddiaçı barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilmişdir. İşdə olan Şirvan Apellyasiya Məhkəməsinimn Cinayət Kollegiyasının xx.xx.20233-cü il tarixli, 1(0106)-569/2023 saylı qərarından görünür ki, Lerik Rayon Məhkəməsinin 22 iyun 2023-cü il tarixli, 1(048)-16/2023 saylı hökmü dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemindən çıxarılmış iş yerinə dair arayışlardan görünür ki, İddiaçı "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC-nin direktoru vəzifəsində işləyir. İşdə olan "xxxx" MMC-nin 2020, 2022 və 2023-cü il üçün mənfəət vergisi bəyannamələrinin surətindən görünür ki, malların təqdim edilməsindən gələn gəlir 2020-ci ildə 143887,70 manat, 2022-ci ildə 16356 manat təşkil etmiş, 2023-cü ildə isə hər hansı gəlir məbləği olmamışdır. İşdə olan "xxxx" MMC-nin 2021 və 2023-ci illər üçün mənfəət vergisi bəyannamələrinin surətindən görünür ki, malların təqdim edilməsindən gələn gəlir 2021-ci ildə 30000 manat təşkil etmiş, 2023-cü ildə isə hər hansı gəlir məbləği olmamışdır. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ilkin və qarşılıqlı iddia tələbləri təmin edilməməlidir. Belə ki, delikt öhdəliyi qanundan əmələ gəlməsi, həm əmlak, həm də şəxsi qeyriəmlak münasibətləri sahəsində tətbiq edilməsi, zərərçəkənə vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi və s. xüsusiyyətlər ilə səciyyələnir. Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün dörd şərtin mövcud olması tələb olunur: 1) törədilmiş əməlin hüquqa zidd olması - ilk növbədə hüquqazidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; 2) əməlin təqsirli olaraq törədilməsi - təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; 3) törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; 4) zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması - zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır. Mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır. Digər məsuliyyət növlərində olduğu kimi, mülki məsuliyyətin yaranması üçün qanunazidd hərəkətlə (hərəkətsizliklə) zərər arasında səbəbli əlaqə olmalıdır. Əgər şəxs öz davranışı ilə zərər vurmamışdırsa və ya vurulmuş zərər bu davranışın nəticəsi deyildirsə, şəxsin məsuliyyəti istisna edilir. Səbəbli əlaqə hadisələr arasında elə əlaqədir ki, konkret şəraitdə onlardan biri (səbəb) digərindən (nəticədən) əvvəl gəlir və onun yaranmasına səbəb olur. Səbəbli əlaqə hüquq pozuntusu törədən şəxsin hərəkətində təqsirin olub-olmamasından asılı deyil. Belə ki, səbəbli əlaqə hüquq pozuntusu iştirakçılarının şüurundan asılı olmayaraq obyektiv, təqsir isə konkret şəxsin öz davranışına və onun nəticələrinə münasibətində ifadə olunan subyektiv cəhətlərdir. Mülki Məcəllənin 1096.1 və 1097.1-ci maddələri zərərçəkənin üzərində zərərin vurulmasını, onun həcmini, həmçinin zərərin məhz cavabdeh tərəfindən vurulduğunu (onun hərəkətləri ilə vurulmuş zərər arasındakı səbəbli əlaqəni) sübut etmək öhdəliyinin olduğunu ehtiva edir. Bu zaman qeyd edilən maddələrdə nəzərdə tutulmuş məsuliyyət zərərin mövcudluğunu, zərərvuranın hərəkətlərinin hüquqa zidd olmasını və onun təqsirini, vurulan zərərin həcminin təsdiqini, həmçinin hüquqa zidd davranışla arzuolunmaz nəticə arasında səbəbli əlaqəni ehtiva edən şərtlərin məcmusu zamanı yaranır. Mülki qanunvericiliyin normalarını pozan əməl (delikt) nəticəsində zərərin əvəzinin ödənilməsi ilə bağlı tələb yalnız işin hallarına uyğun olaraq müvafiq qiymətləndirmə nəticəsində bu şərtlər mövcud olduğu təqdirdə təmin edilə bilər. Hazırki iş üzrə ilkin iddiaçı cavabdeh tərəfindən ona maddi və mənəvi ziyan vurulmasını cavabdeh tərəfindən ondan şikayət edilməsi, nəticədə barəsində cinayət işi açılması, cinayət işinə ibtidai istintaqı həyata keçirən orqanda və məhkəmədə baxılması ilə əlaqədar uzun müddət həmin orqanlara gedib-gəlməli olması ilə əsaslandırmışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Repsublikasının Konstitusiyasının 26-cı maddəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Eyni zamanda Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. MPM-nin 4-cü maddəsinin 4.1-ci hissəsində isə deyilir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə, qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə hesab edir ki, tərəflər arasında yaşanmış hadisə isə bağlı cavabdehin müvafiq orqanlara müraciət etməsi, nəticədə cinayət işi açılması və işə məhkəmədə baxılması cavabdehin hər hansı təqsirli, hüquqazidd hərəkətləri nəticəsində baş verməmiş, bu cavabdehin milli və beynəlxalq qanunvericilik aktlarında nəzərdə tutulan hüquq və azadlıqlarının müdafiəsi, o cümlədən məhkəmə müdafiəsi hüququndan irəli gəlmişdir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçıya maddi ziyan vurulması ilə cavabdehin hərəkətləri arasında hər hansı səbəbli əlaqə də yoxdur. Məhkəmə hesab edir ki, ilkin iddiaçıya iddia etdiyi qaydada maddi zərər dəyməsi cavabdehin hər hansı təqsirli, hüquqazidd hərəkətlərindən irəli gəlmədiyindən və onlar arasında səbəbli-əlaqə olmadığından iddiaçı tərəfindən cavabdehdən tutulması xahiş edilən maddi ziyanın məbləğinin araşdırılmasına da zərurət yoxdur. Məhkəmə onu da qeyd edir ki, İddiaçı barəsində cinayət işi açılması, ittiham aktı tərtib edilərək məhkəməyə ünvanlanmasının əsassız və qanunazidd olduğunu güman edirsə, bununla əlaqədar Azərbaycan Repsublikası Mülki Məcəlləsinin 1101-ci maddəsinin və “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi” haqqında Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq müvafiq qaydada məhkəməyə müraciət edə bilər. Məhkəmə ilkin iddia tələbinin mənəvi ziyanın ödənilməsi hissəsi ilə bağlı qeyd edir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarına əsasən “məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Mənəvi zərərin ödənilməsi barədə işlərə baxıldıqda mülki və mülki prosessual qanunvericiliyin ümumi müddəaları ilə bərabər xüsusi qanunvericilikdə müəyyən olunmuş müddəalar, habelə adətlər, əxlaq normaları da nəzərə alınmalıdır.” “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü məddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər şəxsi qeyri-əmlak ziyanı olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər)” hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak ziyanı ilə birlikdə, yaxud əmlak ziyanı vurulmadığı hallarda kompensasiya edilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 24 aprel 2020-ci il tarixli Qərarında qeyd edilir ki, mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyrimümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər. ... Mənəvi zərərin əvəzinin ödənilməsi tələbi maddi zərərin ödənilməsi tələbindən fərqləndirilməlidir. Maddi zərərin həcmi vurulmuş ziyanın həcmi ilə şərtlənsə də, mənəvi zərərin həcmi zərərçəkmiş şəxsin mülahizəsinə əsasən iddiada müəyyən edilir və məhkəmələr tərəfindən mənəvi zərərin həcmi (miqdarı) ədalətlilik və mütənasiblik meyarları baxımından qiymətləndirilməlidir. ... Beləliklə, mənəvi zərərin vurulmasının sübut edilməsinin kifayət qədər mürəkkəb olması mübahisəsizdir. Bu növ iddialarda şəxs maddi deyil, mənəvi aləmində, şüurunda baş vermiş mənfi halları, sarsıntını, yaşamaq eşqinin azalmasını və s. məhkəmə qarşısında sübut etməlidir. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, məhkəmədə mənəvi zərərlə bağlı işə baxılarkən zərərçəkmiş şəxsin mənəvi və fiziki iztirablar keçirməsi ilə əlaqədar zərərin hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində vurulması, zərər vuranın təqsirinin dərəcəsi və mübahisənin həlli üçün əhəmiyyət kəsb edən digər hallar ətraflı araşdırılaraq müəyyən edilməlidir.” İlkin iddiaçı ona cavabdeh tərəfindən mənəvi ziyan vurulduğunu cavabdehin onun barəsində yalan məlumatlar yayaraq guya ona bütün ödənişlərin edildiyi və o pulların tərəfindən mənimsənildiyi, Cavabdeh Xəzər Tv-yə və digər xəbər portallarında vermiş olduğu müsahibələrdə yalan məlumatlar verərək guya "xxxx" MMC-nin "xxxx" MMC-yə heç bir borcunun olmadığını və ödənişlərin edildiyini bildirməsi, eyni zamanda 6 dəfə Lerik rayon polis şöbəsinə, 12 dəfə Lerik rayon Məhkəməsinə, 6 dəfə isə Şirvan Apellyasiya Məhkəməsinə gedib-gəlib, hər dəfə dövlət ittihamçısı və zərərçəkmiş tərəfindən həbs olunmağı barədə vəsatətlər verilərək, ona mənəvi əzab və əziyyət verilməsi ilə əsaslandırmışdır. Məhkəmə ilkin iddiaçının istinad etdiyi hallarla əlaqədar ilk növbədə qeyd edir ki, tərəflərin nümayəndələri olduğu şirkətlər arasında bağlanmış müqavilə üzrə ödənişlərin tam ödənilib-ödənilməməsi hal-hazırda başqa bir məhkəmə mübahisəsinin predmetidir və bu məsələyə həmin icraat çərçivəsində qəbul edilmiş müvafiq məhkəmə aktı ilə hüquqi qiymət veriləcəkdir. Digər tərəfdən məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, barəsində qaldırılan cinayət işinə baxılması ilə əlaqədar iddiaçının cinayət prosesini həyata keçirən orqanlara gedib-gəlməli olması, həmin icraat çərçivəsində bir sıra vəsatətlər verilməsi ona Cavabdeh tərəfindən mənəvi ziyan vurulması nəticəsinə gəlməyə əsas vermir. Bu səbəbdən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair ilkin iddiası təmin edilməməlidir. Məhkəmə iddiaçı Cavabdeh İddiaçı qarşı maddi və mənəvi ziyan tələbinə dair qarşılıqlı iddiası ilə bağlı isə ilk öncə qeyd edir ki, iddiaçı tələbində maddi və mənəvi zərərin vurulmasının əvəzi olaraq cavabdehdən 10 000 manat məbləğində pulun tutulmasını xahiş etsə də, bu ziyanın hansı məbləğdə maddi ziyan, hansı məbləğdə isə mənəvi ziyan olduğunu göstərməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci mаddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (21.1). Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (21.2). Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Məcəllənin 1097.2-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə hesab edir ki, qarşılıqlı iddiaçının maddi ziyan tələbinə dair hissədə iddiasının təmin edilməsi üçün hər hansı əsas yoxdur. Belə ki, qarşılıqlı iddiaçı bu hallara dair, yəni ilkin iddiaçının hərəkətləri nəticəsində ona maddi ziyan dəyməsi, maddi ziyanın məbləği və s. barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Qarşılıqlı iddiaçı Cavabdeh mənəvi ziyan tələbini isə İddiaçı aralarında yaşanan hadisə vaxtı ona qarşı təhqiredici hərəkətlərə yol verməsi, şərəf və ləyaqətini alçaltması, onun işgüzar nüfuzuna ciddi zərər vurması, müxtəlif vasitələrlə törətdiyi əməlinə görə cavabdehlikdən yayınması ilə əsaslandırmışdır. Məhkəmə ilk növbədə qeyd edir ki, tərəflər arasında yaşanan mübahisə ilə bağlı cinayət işi açılmış, sonda Lerik Rayon Məhkəməsinin 22 iyun 2023-cü il tarixli, 1(048)- 16/2023 saylı hökmü ilə İddiaçı Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən ona həmin maddə ilə bəraət verilmişdir. Həmin hökmdən qarşılıqlı iddiaçı tərəfindən verilən şikayətlər təmin edilməmiş, hökm qanuni qüvvəsini almışdır. Azərbaycan Respublikası MPM-nin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarı). Məhkəmə hesab edir ki, məhkəməyə təqdim edilmiş sübutlar əsasında tərəflər arasında baş vermiş mübahisə zamanı İddiaçı Cavabdeh qarşı təhqiredici, o cümlədən işgüzar nüfuzunu zədələyən hərəkətlərə yol verməsi öz təsdiqini tapmır. Bu səbəbdən məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi mənəvi ziyan tələbinə dair hissədə də təmin edilməməlidir. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Məhkəmə onu da qeyd edir ki, qarşılıqlı iddia tələbi maddi və mənəvi zərər hissəsində təmin edilmədiyindən, iddia tələbi əsassız tələblə hazırda barəsində məhkəməyə müraciət etdiyi üçün cavabdehin iddiaçıdan rəsmi üzr istəməsi hissəsində də təmin ediməməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair ilkin iddiası və iddiaçı Cavabdeh İddiaçı qarşı maddi və mənəvi ziyan tələbinə dair qarşılıqlı iddiası təmin edilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, ilkin iddia və qarşılıqlı iddia tələbləri təmin edilmədiyindən ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair ilkin iddiası təmin edilməsin. İddiaçı Cavabdeh İddiaçı qarşı maddi və mənəvi ziyan tələbinə dair qarşılıqlı iddiası təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №e-2(060)-2287/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-2287/2024
08.08.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver