Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-2351/2023 13.07.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X1 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehdən 1480 manat məbləğində borcun və dövlət rüsumu kimi ödədiyi 35 manat məbləğində pulun alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh xx.xx.2021-ci ildə iddiaçıya müraciət edərək təcili pul lazım olduğunu bildirmiş və ondan xx.xx.2021-ci ildə qaytarmaq şərti ilə 240 manat məbləğində pul almışdır. Daha sonra xx.xx.2021-ci ildə cavabdeh iddiaçıdan yenidən 1240 manat pul almış, bildirmişdir ki, pulların hamısını xx.xx.2021-ci il tarixə kimi qaytaracaqdır. Onun iddiaçıya borcu ümumilikdə 1480 manat təşkil edir. Pulu götürərkən o kartını girov qoymuş, lakin sonradan həmin kartı bağladaraq iddiaçıdan aldığı pulu ona qaytarmamışdır. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla oxşar məzmunlu izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materiallarından görünür ki, iddiaçı xx.xx.1954-cü ildə, Balakən şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır. Cavabdeh xx.xx.1980-ci ildə, ünvan 2 ünvanında qeydiyyatdadır. İş materiallarına cavabdeh tərəfindən yazılmış iltizamlar əlavə edilmişdir. xx.xx.2021-ci il tarixli iltizamda qeyd edilmişdir ki, “mən Cavabdeh xx.xx.2021-ci ildə İddiaçı borc olaraq 1240 manat pul aldım və söz verirəm bir ay müddətində qaytaracağam. Əvəzində özümə məxsus olan poşa bank kartımı girov qoyuram və bu pulu qaytarmayacağım anda ordan pulu çıxarmağına razılıq verirəm. Kartın nömrəsi 4182 4957 0149 5313 , kodu 1980. Mənim daim yaşadığım yer 6 mkr, ev 38, mənzil 19-da yaşayıram. İltizamı öz əlimlə yazıb, öz imzamla təsdiqləyirəm.” İltizamın Sonunda “Süleymanov” soyadı qeyd edilmiş və imzalanmışdır. xx.xx.2021-ci il tarixli iltizamda qeyd edilmişdi ki, “mən Cavabdeh xx.xx.2021-ci ildə İddiaçı borc olaraq 200+ 40 manat pulu alıram və söz verirəm ki, xx.xx.2021-ci ildə qaytaracağam. Əvəzində girov olaraq öz maaş kartımı qoyuram. Nömrə 5313. Mənim daim yaşadığım yer 6 mkr, ev 38, mənzil 19. Sumqayıt şəhərində yaşayıram. İltizamı öz əlimlə yazıb, öz qolumla təsdiqləyirəm” İltizamların aşağı hissəsində tarix, telefon nömrələri qeyd edilmiş və “Süleymanov” soyadı yazılaraq imzalanmışdır. "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli məktubunda göstərilmişdir ki, xx.xx.1980-cı ildə anadan olmuş, AZE******** seriya nömrəli xxxxxxx fin kodlu Cavabdeh adına olan Rabitəbank ASC-yə məxsus, 535464******7392 nömrəli plastik kart aşkar edilmişdir. 535464******7392 nömrəli plastik kart vasitəsi ilə xx.xx.2021-ci il tarixindən sonra əməliyyatlar aparılmayıb və plastik kart xx.xx.2021-ci ildə bağlanıb. İş materiallarına plastik kartın surəti əlavə edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (442). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (445.2.1). Mülki Məcəlləyə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (739.1.). Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır (740.1.). İddiaçı hazırda cavabdehə 1480 manat məbləğində borc pul verdiyini və cavabdehin həmin pulu qaytarmadığını bildirərək həmin pulu cavabdehdən tələb edir. İddiaçı öz tələbinin sübutu kimi cavabdeh tərəfindən yazılıb imzalanmış əlyazılarını məhkəməyə təqdim etmişdir. “C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 noyabr 2018-ci il tarixli Qərarındakı hüquqi mövqelərdən biri belə olmuşdur ki, sübutların əldə edilməsi zamanı qanunvericiliyin tələblərinin pozulması aşağıdakı formada baş verə bilər: - sübutların qanunla nəzərdə tutulmayan sübutetmə vasitələri ilə əldə edilməsi; - sübutların əldə edilməsinin prosessual qaydalarının pozulması; -qanunsuz yolla əldə edilmiş məlumatların sübut kimi işə cəlb edilməsi. Sübutların mötəbərliyini təmin etmək üçün onların əldə edilməsi, rəsmiləşdirilməsi və işə əlavə olunması ilə bağlı qanunvericiliyin tələblərinə riayət edilməlidir. Bununla yanaşı, Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Materiallar o zaman sübut kimi qəbul oluna bilər ki, onlar faktları təsdiq edən halları nəzərdə tutsun və yalnız obyektiv təsdiqini tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etsin. Mülki Məcəlləyə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir (882.1.). Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz (882.2.). Məhkəmə hesab edir ki, cavabdeh iddiaçıya iddia ərizəsində göstərilən məbləğdə borcu olduğunu yazılı şəkildə etiraf etmişdir. Bu səbəbdən cavabdehin iddiaçıya həmin borcun qaytarmaq öhdəliyi yaranmışdır. Cavabdeh məhkəmənin hazırlıq iclasında özünə məxsus olan əmək haqqı kartını iddiaçıya verdiyini və həmin karta köçən pul məbləğinin iddiaçı tərəfindən çıxarıldığını bildirmişdir. İddiaçı tərəfindən "xxxx" ASC-yə məxsus olan həmin plastik kart məhkəməyə təqdim edilmişdir. Məhkəmə sorğusu əsasında "xxxx" ASC-nin məktubunda həmin kartla bağlı xx.xx.2021-ci il tarixindən sonra əməliyyatlar aparılmadığı və plastik kartın xx.xx.2021-ci ildə bağlandığı bildirilmişdir. İddiaçı tərəfindən borc pulun cavabdehə ilk dəfə xx.xx.2021-ci il tarixində verildiyi nəzərə alınarsa, iddiaçının həmin kartdan pul məbləği çıxarması ilə bağlı cavabdehin bildirdiklərinin əsassız olduğu məlum olur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, 1480 manat pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddia təmin edildiyi üçün iddiaçının iddia ərizəsi verilməsi üçün ödədiyi 35 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 1480 (min dörd yüz səksən) manat pul və 35 (otuz beş) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №e-2(060)-2351/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-2351/2023
13.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver