Məhkəmə qərarları › İş №e-2(060)-2355/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-2355/2024

22.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-2355/2024 22.04.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi, İddiaçı Servet oğlunun etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil iştirakı ilə İddiaçı Servet oğlunun Cavabdeh qarşı pul tələbinə dair mülki işə 22 aprel 2024-cü il tarixdə Sumqayıt şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Servet oğlu Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 01/11/23 nömrəli borc müqaviləsi üzrə 22.000 (iyirmi iki min) manat məbləğində pulun və xx.xx.2024-cü il tarixli, 26/01 nömrəli borc müqaviləsi üzrə 17.000 (on yeddi min) manat məbləğində pulun, eyni zamanda 210 (iki yüz on) manat ödənilmiş dövlət rüsumunun, ümumillikdə 39.210 AZN (otuz doqquz min iki yüz on) manat pul məbləğinin cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Servet oğlu iddia tələbini onunla əsaslandırmışdır ki, o Cavabdeh bir neçə ildir ki Bakı şəhərində inşaat layihələrinə dair işlərdən tanıyır. Cavabdeh işi ilə əlaqədar pula ehtiyacı olduğunu iddiaçıya bildirərək 22.000 (iyirmi iki min) manat məbləğində borc istəmişdir. O da ortaq tanışların xahişi ilə onunla razılaşaraq həmin məbləğdə pulu borc verəcəyini bildirmişdir. Bununla bağlı onunla cavabdeh arasında 01/11/23 nömrəli, xx.xx.2023-cü il tarixli borc müqaviləsi imzalanmışdır. Həmin müqavilənin 1.1 və 1.2-ci bəndlərinə əsasən, İddiaçı Servet oğlu (Borc verən) 22.000 (iyirmi iki) manat məbləğində pul vəsaitini cavabdehə, yəni Cavabdeh (Borc alan) verməyi, əvəzində isə cavabdeh ona verilmiş sözügedən pul məbləğini həmin müqavilə bağlandıqdan sonra 3 (üç) ay müddətinə iddiaçıya tam qaytarmağı öz öhdəsinə götürmüşdür. Daha sonra, Cavabdeh İddiaçı yenidən müraciət edərək, bir inşaat işi ilə əlaqədar 17.000 (on yeddi min) manat məbləğində pul lazım olduğunu bildirmişdir. Bununla bağlı iddiaçı ilə cavabdeh arasında 26/01 nömrəli, xx.xx.2024-cü il tarixli daha bir borc müqaviləsi imzalanmışdır. Həmin müqavilənin 1.1 və 1.2-ci bəndlərinə əsasən, İddiaçı Servet oğlu (Borc verən) 17.000 (on yeddi min) manat məbləğində pul vəsaitini cavabdehə, yəni Cavabdeh (Borc alan) verməyi, əvəzində isə cavabdeh ona verilmiş sözügedən pul məbləğini həmin müqavilə bağlandıqdan sonra 3 (üç) gün müddətinə iddiaçıya tam qaytarmağı öz öhdəsinə götürmüşdür. Eyni zamanda qeyd olunmalıdır ki, cavabdeh yuxarıda qeyd olunan hər iki borc müqaviləsində göstərilən məbləğləri tam şəkildə iddiaçıya geri qaytarmağı şifahi şəkildə bildirmişdir. Qeyd edir ki, o, iş adamı olduğu üçün notariat kontoruna gedib borc müqavilələrini bağlamağa imkanı və vaxtı olmamışdır. Beləliklə, cavabdeh hər iki müqavilənin şərtlərini pozmuş, üzərinə götürdüyü öhdəlikləri tam və vaxtında icra etməmiş, borc müqavilələri üzrə borclu olduğu məbləğlərdən heç bir ödəniş etməmişdir. Bununla əlaqədar, cavabdeh borclu qaldığı məbləğin yaxın vaxtlarda ona qaytarılması barədə dəfələrlə vədlər versə də, borcun qaytarılmasından yayınmışdır. Həmçinin, sözügedən borc pul məbləğinin qaytarılması tələbi ilə iddiaçı tərəfindən cavabdehin qeydiyyatda olduğu ünvana xx.xx.2024-ci il tarixli xəbərdarlıq məktubu da göndərilmişdir. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı Servet etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, hüquqlarını müdafiə etdiyi şəxslə cavabdeh arasında əməkdaşlıq olmuşdur. Onlar bir-birilərini Bakı şəhərində olan inşaat layihələrindən tanıyırlar. Cavabdeh müəyyən bir iş qurmaq məqsədilə pula ehtiyacı olduğunu bildirmiş, iddiaçıdan 22000 (iyirmi iki min) manat borc istəmişdir və 3 ay müddətində həmin borcu qaytaracağını bildirmişdir. Tərəflər arasında borc müqaviləsi imzalanmışdır. Həmin borcun ödənilmə müddəti çatdıqda cavabdeh növbəti dəfə iddiaçıdan borc istəmiş və bütün borcunu qısa zamanda qaytaracağını bildirmişdir. Bundan sonra iddiaçı tərəfindən daha 17000 (on yeddi min) manat borc iddiaçıya verilmiş və ikinci borc müqaviləsi imzalanmışdır. Bu müqavilədə isə cavabdeh məbləği 3 gün ərzində qaytaracağını öhdəsinə götürmüşdür. Cavabdeh hər iki müqavilələrin şərtlərini pozmuşdur. İddiaçının vaxtı olmadığından notariat kontoruna gedə bilməmiş, tərəflər arasında sadə yazılı müqavilə bağlanmamışdır. Hesab edir ki, burada qeyri-adi bir hal yoxdur. Belə ki, mülki qanunvericilikdə borc müqaviləsinin mütləq qaydada notarial qaydada bağlanmalı olması barədə hər hansı müddəa yoxdur. Qeyd edilənlərə əsasən nümayəndə hər iki müqavilədə nəzərdə tutulan ümumilikdə 39000 (otuz doqquz min) manat olmaqla borc məbləğinin və 210 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada (sənədin elektron kabinetə yerləşdirilməsinə dair çıxarışa və SMS xəbərdarlığın AZEMİS vasitəsi ilə göndərilməsinə dair bildirişə əsasən) xəbərdar edilməsinə baxmayaraq, iş üzrə cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-cı maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İşdə olan xx.xx.2023-cü il tarixli borc müqaviləsindən görünür ki, Cavabdeh İddiaçı Servet oğlundan 22000 manat borc almış və həmin borcu 3 ay müddətinə qaytaracağını öhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2024-cü il tarixli borc müqaviləsindən görünür ki, Cavabdeh İddiaçı Servet oğlundan 17000 manat borc almış və həmin borcu 3 ay müddətinə qaytaracağını öhdəsinə götürmüşdür. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında borc müqavilələri imzalanmış, iddiaçı tərəf müqavilələr üzrə üzərinə düşən öhdəliklərini yerinə yetirsə də, Cavabdeh müqavilələr üzrə öhdəliklərini yerinə yetirməmiş, nəticədə iddiaçıya borcu yaranmışdır. Məhkəmə qeyd edir ki, hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Borc müqaviləsinin anlayışına aydınlıq gətirən Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır (740.1). Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır (740.2). Mülki Məcəllənin öhdəliklərin icra edilməməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyən normalarına görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (442). Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (443.1). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır (445.2.1). Məhkəmə hesab edir ki, Cavabdeh borc müqavilələri üzrə üzərinə düşən öhdəlikləri icra etməməklə hər iki müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozmuşdur. Belə olan halda, iddia tələbi təmin edilməli, hər iki müqavilə üzrə ümumilikdə 39000 (22000+17000) manat məbləğində borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edilən maddəyə istinad edərək hesab edir ki, iddia tələbi təmin edildiyindən ödənilmiş 210 (209,60+0,40) manat dövlət rüsumu da Cavabdeh tutularaq İddiaçı Servet oğluna ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli, 01/11/23 nömrəli borc müqaviləsi üzrə 22000 (iyirmi iki min) manat və xx.xx.2024-cü il tarixli, 26/01 nömrəli borc müqaviləsi üzrə 17000 (on yeddi min) manat olmaqla, ümumilikdə 39000 (otuz doqquz min) manat məbləğində borc və ödənilmiş 210 (iki yüz on) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı Servet oğlunun xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar