Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-2361/2022 26.05.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X1 oğlunun katibliyi, iddiaçının nümayəndəsi, Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehdən 31 000 manat məbləğində borcun və 185 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında 03 dekabr 2020-ci il tarixində, Abşeron rayonu 2 saylı Notariat Ofisində kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1-ci bəndinə əsasən, iddiaçı cavabdehə 31000 manat məbləğində borc pul vermişdir. Qeyd edilən müqavilənin 2-ci bəndinə əsasən isə cavabdeh bu borcu 01.06.2021-ci il tarixə qədər qaytarmağı öhdəsinə götürmüşdür. Lakin həmin müddətdən 7 ay keçməsinə baxmayaraq cavabdeh həmin məbləği geri qaytarmamışdır. İddiaçı tərəfindən məsələ ilə bağlı 27.01.2022-ci il tarixində cavabdehin ünvanəna pretenziya məktubu göndərilsə də, indiyə qədər hələ də ödəniş həyata keçirilməmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və həmçinin bildirdi ki, tərəflər arasında kredit müqaviləsi notarial qaydada bağlansa da iddiaçı tərəfindən icra qeydinin verilməsi ilə bağlı notariat orqanına müraciət edilməyib. İddiaçı birbaşa məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərə əsasən nümayəndə iddianın təmin olunmasını xahiş etdi. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə göndərilmiş məhkəmə bildirişi rabitə orqanı tərəfindən geri qaytarılmışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materialları ilə müəyyən olunur ki, cavabdeh isə xx.xx.1968-ci ildə, İmişli rayonu, Bir May qəsəbəsində anadan olmuş, hazırda ünvan 1 ünvanında qeydiyyatdadır. Tərəflər arasında ünvan 2 notarial qaydada təsdiq edilmiş 03.12.2021-ci il tarixli kredit müqaviləsinə əsasən iddiaçı cavabdehə 31000 manat məbləğində pul vermiş, cavabeh isə həmin pulu 01.06.2021-ci il tarixinə qədər qaytarmağı öhdəsinə götürmüşdür. İşdən görünür ki, iddiaçı tərəfindən cavabdehə 27.01.2022-ci il tarixli pretenziya məktubu göndərilərək borcun ödənilməsi tələb edilmişdir. İşdən göründüyü kimi iddiaçı iddia ərizəsinin verilməsi üçün 185 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən kredit müqaviləsinə görə iştirakçılardan biri (kredit verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (kredit alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (kredit alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində kredit verənə qaytarmağı öhdəsinə götürür (739.1). Kredit müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul kredit verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (739.2). Öhdəliyə əsasən bir şəxs (kreditlu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə kreditludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (442). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi kreditlunun icranı gecikdirməsi sayılır (445.2.1). İşdən göründüyü kimi iddiaçı notarial qaydada təsdiq edilmiş kredit müqaviləsinə əsasən cavabdehə 31000 manat borc pul vermişdir. Cavabdeh müqavilənin ikinci bəndinə görə aldığı borcu 01.06.2021-ci il tarixinə qədər qaytarmağı öhdəsinə götürsə də, bu günə qədər aldığı borcu qaytarmamışdır. Cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş və iddiaçının dəlillərini təkzib edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Buna görə də iddia təmin edilməli, 31000 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddia təmin edildiyi üçün iddiaçının iddia ərizəsi verilməsi üçün ödədiyi 185 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 31000 (otuz bir min) manat məbləğində pul və ödənilmiş 185 (yüz səksən beş) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №e-2(060)-2361/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-2361/2022
26.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver