Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-2388/2022 14.06.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “mülkiyyətdə olan torpaq sahəsinin istifadəsinə maneələrin aradan qaldırılması və qanunsuz hərəkətlərə son qoyulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “mülkiyyətdə olan torpaq sahəsinin istifadəsinə maneələrin aradan qaldırılması və qanunsuz hərəkətlərə son qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Sumqayıt şəhəri, “Azərbaycan dəmir yolu yük həyəti” massivi ərazisində 0.03 hektar torpaq sahəsi və onun üzərində olan fərdi yaşayış evinin istifadəsi ilə bağlı cavabdehlər tərəfindən yaradılan maneələrinin aradan qaldırılması və onların qanunsuz hərəkətlərinə son qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 2015-ci il tarixdə Lerik rayon Xəlifəküçə kənd sakini X2 ilə ailə həyatı quraraq nikahlarını Lerik Rayon qeydiyyat Şöbəsində qeyd etdirmişlər. Birgə nikahlarından övladları olmamışdır. Yoldaşı şəhidlik zirvəsinə ucalanadək mehriban həyat sürməklə təsərrüfatı idarə etmişlər. Lakin həyat yoldaşı X2 Azərbaycan Respublikası Silahlı Qüvvələrinin tərkibində kapitan hərbi rütbəsində olmaqla İİ Qarabağ müharibəsində Xocavənd istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. Birgə nikah dövründə onlar Sumqayıt şəhəri, “Azərbaycan dəmir yolu yük həyəti” massivi ərazisində 0.03 hektar torpaq sahəsi almışlar və həmin torpaq sahəsi hazırda mükiyyətindədir. Həmin torpaq sahəsi üzərində mərhum əri ilə birgə yaşayış dövründə ikimərtəbəli fərdi yaşayış evi tikdirmişlər. Həmin fərdi yaşayış evində hazırda yaşamaq arzusunda olan iddiaçı cavabdehlərin qanunsuz hərəkətləri ucbatından yaşaya bilmir. Hətta iddiaçı evin təmiri ilə əlaqədar ustaları həmin evə göndərmiş olsa da, ustalar cavabdehlər tərəfindən təzyiqə məruz qalaraq qovulmuşlar. Bundan əlavə qeyd edir ki, iddiaçı hətta özünün cehiz əməlaklarını həmin evə sakit bir şəkildə yerləşdirə bilməmişdir. Belə ki, iddiaçı özünə məxsus cehiz əmlakını atası ilə birlikdə Sumqayıt şəhəri, “Azərbaycan dəmir yolu yük həyəti” massivi ərazisində 0.03 hektar torpaq sahəsinin üzərində yerləşən ikimərtəbəli fərdi yaşayış evinə apararkən cavabdehlərin təzyiqi ilə üzləşmişlər. Hətta cavabdehlər sözügedən fərdi yaşayış evinin kilidini qırmış və qapıya başqa kilid qoymuşlar. İddiaçı və atası məcbur olub Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidmətinə müraciət etmişlər. Bundan sonra polis əməkdaşları həmin kilidin açarını cavabdehlərdən almışdır. Bununla da hesab edir ki, iddiaçının mülkiyyət hüququ kobud şəkildə pozulmuşdur və bu pozuntu hazırda da davam edir. Çünki cavabdehlər bildirirlər ki, İddiaçı həmin evdə yaşamasına imkan verməyəcəklər. Ona görə də son zamanlar məcbur olub atasının Lerik rayonunda yerləşən evinə müvəqqəti sığınmışdır. Bu qanunsuz hədələrə və hərəkətlərə yalnız qanunvericilikdə nəzərdə tutulmuş qaydada son qoyula bilər. Bu cür iddialar isə mübahisənin mövcud olduğu ərazidə və tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. Məhkəmə iclasında iştirak edən iddiaçı oxşar məzmunda izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək iddiaçının göstərdiklərinə uyğun izahat verdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 öz izahatında bildirdi ki, iddia tələbini qəbul etmir. Mübahisə predmeti olan torpaq sahəsini mərhum Cəlil Cavadov qardaşı Cavadla birlikdə almışdır. Sözügedən torpaq sahəsində biri ikimərtəbə, digəri isə birmərtəbə olmaqla iki ədəd fərdi yaşayış evi yerləşir. Qeyd olunan ikimərtəbəli ev mərhumun qardaşı Cavada, digər birmərtəbə ev isə mərhuma məxsus olmuşdur. Bu səbəbdən də onlar həmin torpaq sahəsinin üzərindəki evlərlə birlikdə satılmasını və mütənasib qaydada tərəflər arasında bölünməsini istəyirlər. Həmin yaşayış evləri özbaşına tikilidir, heç bir sənədi yoxdur. Yalnız torpağın sənədi vardır. Buna görə də məhkəmədən iddianın rədd edilməsi barədə qəttnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh həmçinin bildirdi ki, iddiaçının həmin torpaq sahəsinə və evə daxil olmasına maneə törətmişlər, orada yaşamasına razı deyillər, hesab edirlər ki, həmin ərazi satılaraq əldə edilmiş vəsait bölünməlidir. Məhkəmədə şahid qismində dindirilmiş X3 öz ifadəsində bildirdi ki, iddiaçı qızıdır. Cavabdehlər qızının əri, mərhum Cavadov Cəlilin dayısı və qardaşlarıdır. Sözügedən ev və torpaq sahəsi hal-hazırda qızının adına rəsmiləşdirilmişdir. Buna baxmayaraq, cavabdehlərin qızına qarşı qərəzli mövqeyi vardır. Bunun da əsas səbəbi qızının övladının olmaması və onların sözügedən evi satmaq istəyidir. X5 yas mərasimində Cəlilin qardaşları ona evi satmaq istədiklərini bildirmişlər, o, isə bununla razılaşmamışdır. Hətta sözügedən məsələni eşidən Cavabdeh1 da ilk əvvəl digər cavabdehlərə qarşı çıxmış və evin Səidəyə məxsus olduğunu bildirmişdir. Amma sonradan o da Səidənin həmin evdə yaşamasına qarşı çıxmış və ona- “qızını orda yaşamağa qoymayacağıq”- demişdir. Bir müddət sonra qızına məxsus cehiz əşyalarını həmin evə yerləşdirmək istədikdə onlar buna mane olmuşdurlar. Hətta evin təmiri üçün ustalar dəvət etdikdə onlar ustaların işləməsinə maneə törətmişdilər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsin əsasən işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını, şahid ifadəsini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyat haqqında daşınmaz əmlakın RX seriyalı № ******* Dövlət reyestrindən çıxarışdan görünür ki, Sumqayıt şəhər, “Azərbaycan dəmir yolu yük həyəti” massivi ərazisində yerləşən, sahəsi 0.03 ha olan torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında X1 adına xx.xx.2013-cü il tarixdə 78 nömrəli reyestr kitabının 48 nömrəli vərəqində qeydə alınmışdır. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyat haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Sumqayıt şəhər, “Azərbaycan dəmir yolu yük həyəti” massivi ərazisində yerləşən, sahəsi 0.03 ha olan torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına xx.xx.2021-ci il tarixdə 78 nömrəli reyestr kitabının 48 nömrəli vərəqində qeydə alınmışdır. Beləliklə, işin müəyyən edilmiş hallarından göründüyü kimi mübahisə predmet olan torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. Həmin torpaq sahəsində yaşayış evləri mövcuddur. Yaşayış evləri özbaşına tikili olmaqla, mülkiyyət hüquqları qeydə alınmamışdır. Cavabdehlər iddiaçının mərhum ərinin qohumları olmaqla, iddiaçıya mülkiyyət hüquq ilə məxsus olan torpaq sahəsindən, eləcə də üzərindəki yaşayış evindən istifadə etməsinə maneə törədirlər. Bu baxımdan iddiaçı araşdırılan iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konistutisiyasının 13-cü maddəsinin tələblərinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konustitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1.-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5.-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Qanunvericiliyin göstərişlərindən göründüyü kimi mülkiyyətçinin mülkiyyətindən istifadə ilə bağlı yaranmış maneələrin aradan qaldırılması və həmin hərəkətlərə son qoyulmasını tələb etmək hüququ tanınmışdır. İnsan hüquqları üzrə Avropa məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı «Marks Belçikaya qarşı» işdə şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarı ilə mülkiyyət hüququna təminat verir. Mülki Məcəllənin 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2-ci maddəsinə əsasən, Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.3cü maddəyə əsasən özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» 30 mart 2006-cı il tarixli Ali Məhkəmənin Plenum qərarında isə göstərilir ki, insan və vətəndaş hüquq və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Avropa Məhkəməsinin Kopeçki Slovakiyaya qarşı Qərarında qeyd etmişdir ki, əmlak əldə edilməsi ilə bağlı “qanuni gözlənti” də 1 saylı protokolun 1-ci maddəsinin müdafiəsi altına düşə bilər. Belə ki, mülkiyyətçinin maraqlarının tələb formasında olduğu hallarda, marağın milli qanunvericilikdə kifayət qədər əsası olduğu təqdirdə (misal üçün, onun mövcud olmasını təsdiq edən milli məhkəmələrin təcrübəsi mövcuddursa) bunun verildiyi şəxsə “qanuni gözləntisi” olan şəxs kimi baxılması mümkündür. “Gözlənti” o halda qanunidir ki, o hər hansı qanunvericilik müddəasına və ya mübahisə obyektinə dair hüquqi sənədə əsaslansın (Saghinadze və başqaları Gürcüstana qarşı iş üzrə 2010-cu il 27 may tarixli Qərar). İşin faktiki hallarından göründüyü kimi mübahisə predmeti olan yaşayış evi özbaşına tikilidir. Bununla yanaşı, müəyyən edildiyi kimi yaşayış evinin yerləşdiyi torpaq sahəsi iddiaçının mülkiyyətindədir. Məhkəmə hesab edir ki, iddiaçının sözügedən yaşayış evinə olan hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa belə, həmin ev onun qanuni sahibliyində və istifadəsində olduğundan,onun bu hüququ həm milli qanunvericilik baxımından, eləcə də Avropa Məhkəməsinin presedent hüququ baxımından “qanuni gözləntiyə" malik hüquqdur. Avropa Məhkəməsi özünün bir çox qərarlarında, o cümlədən “Önəryıldız Türkiyəyə qarşı” işi üzrə xx.xx.2004-cü il tarixli Qərarında göstərmişdir ki, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil. Müvafiq olaraq, bu maddənin məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqular və maraqlar da “əmlak hüquqları” və beləliklə də “mülkiyyət” kimi qiymətləndirilə bilər. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyət”lə məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən də mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözlənti”yə malik olan tələblərini də əhatə edə bilər. Bu baxımdan məhkəmə hesab edir ki, həmin özbaşına tikiliyə iddiaçının əsaslı gözlənti hüququ vardır. Odur ki, iddiaçı həmin yaşayış evi ilə bağlı mülkiyyətçiyə aid hüquqlarla çıxış edə bilər. Qeyd olunanlara əsasən məhkəmə bu nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddia təmin edilsin. İddiaçı mülkiyyətində olan Sumqayıt şəhəri, “Azərbaycan dəmir yolu yük həyəti” massivi, 0.03 hektar torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinin istifadəsi ilə bağlı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən yaradılmış maneələr aradan qaldırılsın və qanunsuz hərəkətlərə son qoyulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Almaz Süleymanova
Məhkəmə qərarları › İş №e-2(060)-2388/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-2388/2022
14.06.2022 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver