Məhkəmə qərarları › İş №e-2(060)-2409/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №e-2(060)-2409/2025

28.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2(060)-2409/2025 28.02.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Aynur Mirzalı qızı Behbudova İddiaçı cavabdehlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sumqayıt Şəhər 4 saylı Dövlət Notariat Kontoru və Cavabdeh2 ASC-nə, maraqlı tərəf Sumqayıt şəhəri İcra İdarəsinə qarşı ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında icra qeydinin ləğv edilməsi tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri məhkəmə icraatına götürülməsi mümkünlüyünə baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sumqayıt Şəhər 4 saylı Dövlət Notariat Kontoru və Cavabdeh2 ASC-nə qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmdən cavabdeh Sumqayıt Şəhəri, 4 saylı notariat ofisinin xüsusi notariusu X1 tərəfindən verilmiş 31 yanvar 2025-ci il tarixli, 8İ-1393 saylı icra qeydinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, iddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, cavabdeh Turanbank” ASC-nin ünvanı Bakı şəhəri olmasına baxmayaraq İddiaçı tərəfindən aidiyyət qaydalarına əməl olunmayaraq iddia ərizəsi Sumqayıt Şəhər Məhkəməsinə təqdim olunmuşdur. Bu isə aidiyyət qaydalarının pozulması ilə bərabər, qətnamənin gələcəkdə icrasını mümkünsüz edir. Məhkəmə hesab edir ki, iddiaçı ərizəsində tələbə cavab verən cavabdehlərə münasibətdə tələbinin nədən ibarət olması qeyd olunmamış, tələbə cavab verən şəxslərə münasibətdə, onların rəsmi qaydada qeydiyyatda olduqları ünvan Bakı şəhəri (Yasamal rayonu) olmasına baxmayaraq, yalnız sonuncu tələb üzrə “Sumqayıt Şəhər 4 saylı Dövlət Notariat Kontorunun yerləşdiyi yer” üzrə formal olaraq Sumqayıt Şəhər Məhkəməsinə müraciət olunması qanunvericiliyin tələbinə zidd olmaqla bərabər, əsassızdır. Məhkəmə hesab edir ki, iddia cavabdehin rəsmi qeydiyyatda olduğu yerin məhkəməsinə verilməli olmasını nəzərə alıb, işin ərazi üzrə aidiyyətinə əməl olunmasını iddiaçının diqqətinə çatdırmalıdır. Həmçinin bu hal gələcəkdə qətnamənin icrasının təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyaları “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” 14 iyun 2022-ci il qərardadında qeyd olunmuşdur ki, iddianın predmeti, barəsində qərar qəbul olunması xahiş edilən subyektiv hüquq olduğu üçün iddianın obyektinə aid olan konkret hərəkətlərin yerinə yetirilməsi, əşyaların alınıb verilməsi kimi tələblərlə eyniləşdirilməməlidir. Ayrı-ayrı iddia tələblərinin fərqli formada ifadə olunması və ya zahiri baxımdan fərqlənməsi iddianın predmetinin fərqli olması qənaətinə gəlmək üçün əsas ola bilməz. Odur ki, oxşar iddia tələblərinin eyni predmetli olub-olmamasının müəyyənləşdirilməsi üçün həmin tələblərə iddiaçının subyektiv hüququ, onun qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətləri baxımından kompleks şəkildə qiymət verilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 avqust 2012-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqelərə görə, mülki prosesdə iddianın predmeti dedikdə, iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüquq başa düşülür. İddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən, bütövlükdə hüquq münasibətlərini aid etmək olar... İddianın predmeti ilə iddianın obyekti fərqləndirilməlidir. İddianın obyekti – iddiaçının əldə etməyə çalışdığı maddi nemətdir: pul məbləği, qeyriyaşayış sahəsi, sair konkret əmlak. İddianın obyekti iddianın predmetinə daxildir və müstəqil əhəmiyyət kəsb etmir. Konstitusiya Məhkəməsinin qərarında, həmçinin qeyd olunmuşdur ki, iddianın əsasını irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir. Onlara əqdlər, xüsusi olaraq müqavilələr, müddətin bitməsi faktı, hüquqların pozulması, ziyanın vurulması və s. aid edilə bilər. İddianın əsası adətən bir faktdan deyil, iddianın faktiki tərkibi adlanan faktların məcmusundan ibarət olur. İddianın faktiki əsasını göstərməklə yanaşı, iddiaçı qanuna və digər normativ-hüquqi aktlara, cavabdeh tərəfindən pozulduğunu güman etdiyi hüquq normasına istinad etməyə də haqlıdır. Bu iddianın hüquqi əsasını təşkil edir. İddiaçı tələblərini tətbiq edilməli olmayan hüquq norması ilə əsaslandırdığı zaman məhkəmə qarşısında hansı hərəkətlərin edilməli olması məsələsi ortaya çıxa bilər. Burada ilk növbədə nəzərə almaq lazımdır ki, iddianın hüquqi əsaslandırılması onun faktiki əsası ilə eyniləşdirilməməlidir. İddianın hüquqi əsasının dəyişdirilməsi dedikdə, iddiaçının cavabdehə olan tələblərini əsaslandırdığı halların dəyişdirilməsi nəzərdə tutulur. 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.2-ci maddəsinə əsasən, ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə dövlət rüsumu geri qaytarılır. Məhkəmə hesab edir ki, idida ərizsiə geri qaytarıldığından İddiaçı xx.xx.2025-ci il tarixdə **********15 nömrəli qəbz vasitəsi ilə Sumqayıt Şəhər Məhkəməsinin hesabına ödəmiş olduğu 100 (bir yüz) manat məbləğində dövlət rüsumu dövlət büdcəsinin vəsaiti hesabından İddiaçı qaytarılmalı, qərardadın icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Sumqayıt şəhər Maliyyə İdarəsinə həvalə edilməlidir. Məhkəmə hesab edir ki, iddia ərizəsi məhkəməyə verilərkən MPM-nin tələbləri pozulduğundan iddia ərizəsi geri qaytarılmalı, İddiaçı aidiyyət qaydaları və yuxarıda qeyd olunan tələblərə əməl etməklə iddia tələbinə cavab verməli olan cavabdehlərə qarşı iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə müraciət etmək hüququ izah olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 152.4, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sumqayıt Şəhər 4 saylı Dövlət Notariat Kontoru və Cavabdeh2 ASC-nə, maraqlı tərəf Sumqayıt şəhəri İcra İdarəsinə qarşı ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında icra qeydinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçıya göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra məhkəməyə müraciət etmək hüququ izah olunsun. İddiaçı xx.xx.2025-ci il tarixdə **********15 nömrəli qəbz vasitəsi ilə Sumqayıt Şəhər Məhkəməsinin hesabına ödəmiş olduğu 100 (bir yüz) manat məbləğində dövlət rüsumu dövlət büdcəsinin vəsaiti hesabından İddiaçı qaytarılsın. Qərardadın bu hissədə icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Sumqayıt şəhər Maliyyə İdarəsinə həvalə edilsin. Qərardaddan şikayət qərardad tərəfə rəsmi qaydada təqdim edildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Şəhər Məhkəməsinə verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar