Məhkəmə qərarları › İş №e-2(060)-2461/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-2461/2024

02.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-2461/2024 02.05.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə1, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:

1. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia qaldıraraq Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə kredit borcu üzrə banka ödənilməmiş borcu 4070,74 manat əsas borc, 3,85 manat faiz borcu olmaqla, cəmi 4074,59 manat məbləğində kredit borcunun və ödənilmiş 60,80 manat dövlət rüsumunun, habelə 0,40 manat bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar :

2. İddia onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə cavabdeh Ramazanov Eynulla Dövlət oğlu arasında bağlanmış xx.xx.2019-cu il tarixli, BPM**********66 nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən borcluya 60 ay müddətinə, illik 20 faiz dərəcəsi ilə hesablanmaqla 8400 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən borcalan müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. X3 Dövlət oğlu xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. 2 saylı Sumqayıt Regional “Asan Xidmət” mərkəzində Notariat Ofisi tərəfindən verilən məlumata əsasən mərhum Ramazanov Eynulla Dövlət oğlunun xx.xx.2022-ci il tarixdə vəfat etməsi ilə əlaqədar vərəsələrin dairəsinin müəyyənləşdirilməsi üçün xx.xx.2022-ci il tarixində vərəsəlik işi açılmış, xx.xx.2023-cü il tarixdə Cavabdeh tam hissədə pay almaqla vərəsəlik şəhadətnaməsi verilmişdir. Miras əmlakı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xx.xx.2022-ci il tarixli, 226843 nömrəli arayışına əsasən Ramazanov Eynulla Dövlət oğluna ödənilməmiş 3192,99 manat əmək haqqı və son haqq hesab məbləğindən ibarətdir. Maliyyə arayışına əsasən Ramazanov Eynulla Dövlət oğlundan kredit borcu üzrə banka ödənilməmiş borcu 4070,74 manat əsas borc, 3,85 manat faiz borcu olmaqla, cəmi 4074,59 manat borcu qalmışdır. Cavabdeh Ramazanov Eynulla Dövlət oğlunun vərəsəsi kimi müəyyən olunmasına baxmayaraq, "xxxx" ASC qarşısında olan öhdəliyi icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Cavabdeh borcun qaytarılması haqqında tərəflərindən xx.xx.2024-cü il tarixli bildiriş göndərilərək, xəbərdarlıq edilsə də, vəsait banka geri qaytarılmamışdır. Bundan başqa, hazırki mübahisə üzrə iddia qiyməti 4074,59 manat olduğundan, tərəflərindən 60,80 manat dövlət rüsumu və 0,40 manat bank xidməti haqqı ödənilmişdir.

Tərəflərin mövqeləri:

3. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirdi ki, borclu şəxs 2022-ci ildə vəfat etmişdir. Vərəsəlik işinin açıldığını öyrənmişdirlər. Cavabdehə bildiriş göndərilmiş və borc barədə məlumat verilmişdir. Cavabdeh tərəfindən borc ödənilmədiyi üçün məhkəməyə müraciət olunmuşdur. Sonda iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh izahatında bildirdi ki, kredit atasının adınadır. O, atası öləndən 6 ay sonra vərəsə olmuşdur. Tələb olunan məbləği ödəyəcəkdir. Lakin aylıq ödənişin məbləği çox yüksəkdir. Özünün də başqa borcları vardır. 273 manat məbləğində hər ay lombarda ödənişlər edir. Aylıq əmək haqqı 407 manat məbləğindədir. Həyat yoldaşı işləmir, körpə uşağı vardır. Aylıq 50-60 manat məbləğində ödənişlər etməyə hazırdır. Bankla əlaqə saxlamış və ona bildirmişdirlər ki, hər ay ödənişlər edəcəyi təqdirdə heç bir problem olmayacaqdır.

Tədqiq olunan sübutlar:

5. "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Ramazanov Eynulla Dövlət oğlu arasında bağlanmış xx.xx.2019-cu il tarixli, BPM**********66 nömrəli kredit müqaviləsindən görünür ki, borcverən borcalana 60 ay müddətində (xx.xx.2024-cü il tarixədək) 8400 manat məbləğində kreditdən istifadəyə görə illik 20 faiz ödəmək şərtilə kredit verməyi, borcalan isə müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti qaytarmağı və ona hesablanmış faizləri borcverənə ödəməyi, habelə kreditinin 1.2-ci bənddə göstərilmiş təyinatı üzrə istifadə etməyi öhdəsinə götürmüşdür.

6. xx.xx.2019-cu il tarixli, BPM**********66 nömrəli kredit müqaviləsinə 1 saylı Əlavədən görünür ki, tərəflər 25 iyul 2019-cu il tarixdən 25 fevral 2021-ci il tarixədək hər ay 222,6 manat, 25 iyun 2024-cü il tarixdə isə 217,33 manat məbləğində pul vəsaitinin ödənilməsi barədə razılığa gəlmişlər.

7. AZ-İİ 295137 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, Ramazanov Eynulla Dövlət oğlu xx.xx.2022-ci ildə vəfat etmiş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 01 sentyabr 2022-ci ildə 756 nömrə ilə qeyd edilmişdir.

8. xx.xx.2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş Ramazanov Eynulla Dövlət oğlunun vərəsəsi ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdehdur, o, miras əmlakdan tam pay almalıdır, şəhadətnamə əsasında verilən miras əmlak "xxxx" QSC-nin xx.xx.2022-ci il tarixli 226843 nömrəli arayışına əsasən X2 ödənilməmiş 3192,99 manat əmək haqqı və son haqq hesab məbləğindən ibarətdir.

9. xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, cavabdehdən kredit müqaviləsi üzrə yaranmış öhdəliyin 3 gün müddətində tam yerinə yetirilməsi xahiş olunmuş, əks halda borcun qaytarılması üçün məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir.

10. İddiaçı "xxxx" ASC tərəfindən tərtib edilmiş 13 fevral 2024-cü il tarixli maliyyə arayışında qeyd olunmuşdur ki, Ramazanov Eynulla Dövlət oğlunun xx.xx.2019-cu il tarixli, BPM**********66 nömrəli kredit müqaviləsi üzrə 4070,74 manat əsas borc, vəfat etdiyi tarixə faiz borcu 3,85 manat olmaqla, cəmi 4074,59 manat borcu vardır.

Məhkəmə baxışının hədləri:

11. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Tətbiq edilən hüquq:

12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

- 739-cu maddəsinə əsasən (əvvəlki redaksiya) borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. -1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. -1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. -1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. -1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. -1309-cu maddəsinə əsasən vərəsələr, əgər ölənin borcları onlara məlumdursa, mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməyə borcludurlar.

13. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 4 iyun 2018-ci il tarixli Qərarı:

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar.

Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

14. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edərək, tərəfləri dinləyərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi qismən təmin edilməlidir.

15. Belə ki, mülki qanunvericiliyə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, Mülki Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.

16. İş materialarına əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, borcverən borcalana 60 ay müddətində (xx.xx.2024-cü il tarixədək) illik 20 faiz ödəmək şərtilə 8400 manat kredit verməyi, borcalan isə müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti qaytarmağı və ona hesablanmış faizləri borcverənə ödəməyi öhdəsinə götürmüşdür. X3 Dövlət oğlu xx.xx.2022-ci ildə vəfat etmişdir. Cavabdeh Ramazanov Eynulla Dövlət oğlunun qanun üzrə vərəsəsi təyin edilmiş və "xxxx" QSC-nin xx.xx.2022-ci il tarixli, 226843 nömrəli arayışına əsasən X2 ödənilməmiş 3192,99 manat əmək haqqı və son haqq hesab məbləğindən ibarət miras əmlakdan tam hissədə pay almışdır.

17. Sözügedən müqavilə üzrə borcun ödənilməsi tam təmin edilmədiyindən iddiaçı tərəfindən Ramazanov Eynulla Dövlət oğlunun vərəsəsi Cavabdeh bildiriş göndərilərək borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir.

18. Göründüyü kimi kredit götürən vəfat etdiyindən müqavilə üzrə öhdəliyini lazımi qaydada icra etməmiş və bunun nəticəsində iddiaçıya borcu yaranmışdır. Cavabdeh borclunun vərəsəsi olaraq mirası qəbul etməsinə baxmayaraq miras qoyanın bank qarşısında əsas və faiz borcunu vaxtında ödəməmiş, bununla da iddiaçının müqavilənin şərtlərinə uyğun olaraq əsas və faiz borcunu tələb etmək hüququ yaranmışdır.

19. Cavabdeh tərəfindən sözügedən kredit müqaviləsi üzrə iddiaçı banka ödənilməli olan pulun məbləğinə gəlincə məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 4 iyun 2018-ci il tarixli Qərarındakı mövqedən çıxış edərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar.

20. Hazırki işdə iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, Cavabdeh vərəsə olaraq 3192,99 manat məbləğində miras payı çatmışdır.

21. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, X1 "xxxx" ASC-yə xx.xx.2019-cu il tarixli, BPM**********66 nömrəli kredit müqaviləsi üzrə borclu olduğu 4070,74 manat əsas, 3,85 manat faiz borcu olmaqla, ümumilikdə 4074,59 manat pul vəsaitindən 3192,99 manat pul vəsaiti onun mirasını qəbul etmiş vərəsəsindən tutulmalıdır.

22. Belə ki, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Miras, miras aktivindən və passivindən ibarət olmaqla mirası qəbul etmiş vərəsəyə mirasın aktivindən pay əldə etmək hüququ verdiyi kimi eyni zamanda mirasın passivi üzrə mirasqoyanın öhdəliklərini icra etmək vəzifəsini də yaradır.

23. Buna görə də iddia tələbi qismən təmin edilməli, Cavabdeh xx.xx.2019-cu il tarixli, BPM**********66 nömrəli kredit müqaviləsi üzrə 3192 (üç min yüz doxsan iki) manat, 99 (doxsan doqquz) qəpik pul vəsaiti və ödənilmiş 61,20 manat dövlət rüsumunun 48 (qırx səkkiz) manat hissəsi tutularaq "xxxx" ASC-yə verilməlidir.

Nəticə:

24. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli, BPM**********66 nömrəli kredit müqaviləsi üzrə 3192 (üç min yüz doxsan iki) manat, 99 (doxsan doqquz) qəpik pul vəsaiti və ödənilmiş 61,20 manat dövlət rüsumunun 48 (qırx səkkiz) manat hissəsi tutularaq "xxxx" ASC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vəfa Şirəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar