Məhkəmə qərarları › İş №e-2(060)-2510/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-2510/2022

19.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-2510/2022 19.09.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ümumilikdə 3314.58 ABŞ dolları (əsas borcu- 1181.29 ABŞ dolları, faiz borcu -2133.29 ABŞ dolları) məbləğin və ödənilmiş 77 (yetmiş yeddi) manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə X6 arasında xx.xx.2015-ci il tarixli 08-xx-xx-021212 saylı Kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, X4 48 (qırx səkkiz) ay müddətinə, illik 29 (iyirmi doqquz) % olmaqla 2263 (iki min iki yüz altmış üç) ABŞ dolları məbləğində kredit verilmişdir. xx.xx.2015-ci il tarixli 08-xx-xx- 021212 saylı Kredit müqaviləsi üzrə İddiaçı ASC-yə əsas borcu - 1181.29 (bir min bir yüz səksən bir.29) ABŞ dolları, faiz borcu - 2133.29 (iki min bir yüz otuz üç.29) ABŞ dolları, ümumilikdə 3314.58 (üç min üç yüz on dörd.58) ABŞ dolları məbləğində borc təşkil edir. xx.xx.2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən, X3 vərəsələri – Cavabdeh2 və Cavabdeh1dır. Yuxarıda qeyd etdiklərinə əsasən, iddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq (SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsi barədə bildirişə əsasən) iş üzrə İddiaçı ASC-nin nümayəndəsi və cavabdehlər Cavabdeh1 məhkəmə iclasına gəlməmiş, iddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək iddia tələbini müdafiə etdiklərini və işə nümayəndələrinin iştirakı olmadan baxılmasın xahiş etmiş, cavabdehlər isə gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Azərbaycan Respublikası MPM-in 185.5 və 185.6-ci maddələrinə əsasən məhkəmə işə iddiaçının nümayəndəsinin və cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İş materiallarında olan xx.xx.2015-ci il tarixli 08-xx-xx-021212 saylı Kredit müqaviləsindən görünür ki, X4 Muğanbank” ASC tərəfindən illik 29 faiz ödənilməsi şərti ilə 48 ay müddətinə 2263 (iki min iki yüz altmış üç) ABŞ dolları məbləğində kredit verilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2022-ci il tarixə X3 İddiaçı ASC-yə 1181.29 (bir min bir yüz səksən bir.29) ABŞ dolları əsas borcu, 2133.29 (iki min bir yüz otuz üç.29) ABŞ dolları faiz borcu, ümumilikdə 3314.58 (üç min üç yüz on dörd.58) ABŞ dolları məbləğində borcu mövcuddur. İşdə olan xx.xx.2022-ci il tarixli, M\11-1542 nömrəli xəbərdarlıq məktubundan görünür ki, yaranmış borcunu ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə cavabdehlər X1 və Cavabdeh2 yazılı bildiriş ünvanlanmışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/4294 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, maliyyə arayışı məlumatları, hesabdan çıxarış, xx.xx.2015-ci il tarixdə bağlanmış 08-xx-xx-021212 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla X3 "xxxx" ASC-yə olan borcu aşağıdakı kimi müəyyən edilir: 12 may 2019-cu il tarixə - əsas kredit borcu - 1082,26 ABŞ dolları, faiz borcu- 643,45 ABŞ dolları. Məhkəmə iş materiallarını araşdıraraq, belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2015-ci il tarixli 08-xx-xx-021212 saylı Kredit müqaviləsi bağlanmışdır. İddiaçı Bank sözügedən müqavilə üzrə üzərinə düşən öhdəliyini yerinə yetirsə də, borclu öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş, nəticədə banka borcu yaranmışdır. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Borc müqaviləsinin anlayışına aydınlıq gətirən Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Mülki Məcəllənin öhdəliklərin icra edilməməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyən normalarına görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (442). Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (443.1). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır (445.2.1). İş materiallarında olan qanun üzrə vərəslik hüququ haqqında xx.xx.2019-cu il tarixli şəhadətnamənin surətindən görünür ki, xx.xx.2019-cu il tarixdə ölmüş X3 vərəsləri Cavabdeh1 və Cavabdeh2dur və onlar miras əmlakdan bərabər hissədə pay almalıdırlar. Şəhadətnamə verilən miras əmlak ünvan 1 ünvanında yerləşən paylı mülkiyyət üzrə ümumi sahəsi 77 kv/m olan mənzilin 1/3 hissəsindən ibarətdir. Borclunun ölümü ilə onun öhdəliklərinin aradan qalxmasının və bununla da bağlanmış müqavilələrin hüquqi təminatdan məhrum olmasının qarşısının alınmasına xidmət edən institutlardan biri vərəsəlik institutudur. Vərəsəlik hüququ ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə vərəsələrə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Mülki Məcəllənin 1151-ci maddəsinə müvafiq olaraq, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Yəni mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Mülki Məcəllənin 558-ci maddəsinə əsasən, əgər borclunun şəxsi iştirakı olmadan icra mümkün deyilsə, onun ölümü öhdəliyin xitamına səbəb olur. Həmin Məcəllənin 1153-cü maddəsinə görə, şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquq və vəzifələr mirasın tərkibinə daxil deyildir. Beləliklə, şəxsi xarakterli hüquq və vəzifələr vərəsəlik qaydasında ölmüş şəxsin vərəsələrinə keçmir. Borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri isə şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 04 iyun 2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Cavabdeh1 və Cavabdeh2 X2 miras qalmış ünvan 1 ünvanında yerləşən paylı mülkiyyət üzrə ümumi sahəsi 77 kv/m olan mənzilin 1/3 hissəsini miras əmlak kimi qəbul etdiyindən İddiaçı ASC ilə X6 arasında xx.xx.2015-ci il tarixli 08-xxxx-021212 saylı Kredit müqaviləsi üzrə yaranmış borcun borclunun hüquqi varisləri Cavabdeh1 və Cavabdeh2 iddiaçının xeyrinə tutulması barədə iddia tələbi əsaslıdır. Məhkəmə onu da qeyd edir ki, iddiaçı iddia ərizəsində cavabdehdən 1181.29 ABŞ dolları əsas borc və 2133.29 ABŞ dolları faiz borcunun tutulmasını xahiş etsə də, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/4294 saylı ekspert rəyi ilə tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə cavabdehin 1082,26 ABŞ dolları əsas, 643,45 ABŞ dolları faiz borcunun olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası MPM-nin 206-cı maddəsinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. Həmin Məcəllənin 103-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir (103.1). Məhkəmə qeyd edir ki, ekspert rəyi məhkəmə üçün məcburi və qabaqcadan heç bir qüvvəsi olmamaqla onun mötəbərliyinə inam kifayət qədər yüksəkdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə 1082.26 ABŞ dolları əsas borc və 643.45 ABŞ dolları faiz borcu cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Eyni zamanda məhkəmə onu da qeyd edir ki, iddiaçı ekspert rəyinin əsassız olması və ya onunla razılaşmaması barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə dövlət rüsumu ilə bağlı hesab edir ki, iddia qismən (təxminən 52% həcmində) təmin edildiyindən iddiaçı tərəfindən ödənilən 77 manat dövlət rusumunun 40 manatı cavabdehdən tutulmalı, 37 manatı isə iddiaçıya aid edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza xərci təmin edilmiş tələbin məbləğinə münasib olaraq həmin hissədə cavabdehə, qalan hissədə iddiaçıya aid edilməlidir. İş materiallarında olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, hazırki iş üzrə ekspertiza xərci 50 manat təşkil etmişdir. Ona görə də məhkəmə hesab edir ki, 50 manat ekspertiza xərcinin 26 manatı cavabdehlərə, 24 manatı isə iddiaçıya aid olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 1082,26 (bir min səksən iki dollar iyirmi altı sent) ABŞ dolları, 643,45 (altı yüz qırx üç dollar qırx beş sent) ABŞ dolları faiz borcu olmaqla, ümumilikdə 1725,71 (bir min yeddi yüz iyirmi beş dollar yetmiş bir sent) ABŞ dolları borc və 40 (qırx) manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilsin. İş üzrə təyin edilmiş məhkəmə mühasibatlıq ekspertizasının xərci olaraq İddiaçı ASCdən 24 (iyirmi dörd) manat, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 isə 26 (iyirmi altı) manat məbləğində pul vəsaiti tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin AZ41NABZ**********0000003944 saylı bank hesabına köçürülsün. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar