Məhkəmə qərarları › İş №e-2(060)-2587/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-2587/2025

12.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-2587/2025 12.08.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, Quliyeva Günay Tahir qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyəti «Xalq» Bankının nümayəndəsi Nümayəndə, Cavabdehlər Cavabdeh1, Cavabdeh2, nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyəti «Xalq» Bankının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:

1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti «Xalq» Bank Cavabdeh1 və Cavabdeh2 qarşı iddia qaldıraraq mərhum Hacıyev Elman Qazı oğlunun mirası cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən qəbul edildiyi üçün xx.xx.2023-cü il tarixli DKM/023N05A02460623 nömrəli kredit müqaviləsi üzrə borc alan Hacıyev Elman Qazı oğlunun iddiaçı ASC “Xalq” Bankı qarşısında 6263,26 manat məbləğində əsas borc və xx.xx.2024-cü il tarixinə qədər kreditdən istifadəyə görə hesablanmış 32,46 manat məbləğində adi faizlər üzrə borc olmaqla, cəmi 6295,72 manat məbləğində pul vəsaiti Cavabdeh2 və Cavabdeh1 iddiaçı ASC “Xalq” Bankının xeyrinə tutulması, iddia ərizəsinin verilməsinə görə 83 manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclərin cavabdehlərdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar :

2. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı ASC “Xalq” Bankı (kreditor) ilə Hacıyev Elman Qazı oğlu (borc alan) arasında bağlanmış xx.xx.2023-cü il tarixli DKM/023N05A02460623 nömrəli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən borc alana 36 ay müddətinə, illik 12 faiz ödənilməsi şərtilə 10000 manat məbləğində kredit verilmişdir. Borc alan E.Q.Hacıyev kredit müqaviləsinin 2.3-cü və 2.4-cü bəndlərinə və həmin müqavilənin 1 nömrəli əlavəsi olan annuitet ödəniş cədvəlinə əsasən hər ay bərabər məbləğdə ödəniş cədvəlində nəzərdə tutulmuş müddətlərdə kredit üzrə annuitet ödənişlərin ödənilməsini öhdəsinə götürmüşdür. Lakin borc alan Hacıyev Elman Qazı oğlu xx.xx.2024cü il tarixində vəfat etmişdir. E.Q.Hacıyevin vəfatından sonra onun bank qarşısında kredit müqaviləsi üzrə öhdəlikləri yerinə yetirilməmiş qalmış, kredit üzrə əsas borc məbləğinin mühüm hissəsi banka qaytarılmamış və əsas borc məbləğinə hesablanmış faizlərin müəyyən hissəsi ödənilməmişdir. Belə ki, xx.xx.2025-ci il tarixinə mərhum borcalan E.Q.Hacıyevin kreditor qarşısındakı ümumi borcu 6295,72 manat təşkil edir ki, bunun da 6263,26 manatı vaxtı keçmiş əsas borcdan, 32,46 manatı isə hesablanmış və ödənilməmiş adi faizlər üzrə borc məbləğindən ibarətdir. Bundan əlavə borc alan kredit üzrə əsas borc məbləğinin ödənilməsinin gecikdirilməsi ilə əlaqədar olaraq banka kredit müqaviləsinin 5.2ci bəndinə əsasən vaxtı keçmiş əsas borc məbləğinə hesablanan adi faizlərlə yanaşı illik 15 faiz dərəcəsi ilə penya da ödəməli idi. Lakin borc alan Hacıyev Elman Qazı oğlu vəfat etdikdən sonra cavabdehin xeyrinə bank tərəfindən kredit müqaviləsi üzrə adi faizlərin və penyanın hesablanması xx.xx.2024-cü il tarixindən xx.xx.2025-ci il tarixinə qədər 6 ay müddətinə dayandırılmışdır. E.Q.Hacıyevin vəfatından sonra kredit müqaviləsi üzrə borc alan tərəfindən üzərinə götürdüyü öhdəliklər yerinə yetirilməmiş qaldığına görə iddiaçının kredit müqaviləsinin 3.1.3-cü yarımbəndinə əsasən hesablanmış faizlərlə birlikdə əsas borc məbləğinin qaytarılmasını vaxtından əvvəl tələb etmək hüququ yaranmışdır. Mərhum borc alan E.Q.Hacıyevin mümkün vərəsələrinin dairəsinin müəyyən edilməsi istiqamətində müvafiq orqanlara rəsmi müraciətlər və sorğular edilmişdir. Belə ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 2 saylı Sumqayıt Regional“Asan Xidmət” mərkəzinin Notariat ofisinə vərəsəlik işinin açılıb-açılmaması ilə bağlı edilmiş sorğuya xx.xx.2025-ci il tarixli cavab olaraq bildirilmişdir ki, xx.xx.2024-cü il tarixində vəfat etmiş Hacıyev Elman Qazı oğlunun adına xx.xx.2024-cü il tarixində vərəsəlik işi açılmışdır. Mərhumun arvadı Cavabdeh2 və oğlu Cavabdeh1 mirası qəbul etmişlər. Miras əmlak nəqliyyat vasitəsi, mənzil və torpaq sahəsindən ibarət olmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Baş X6 İdarəsinə ünvanlanmış vəkil sorğusuna cavab olaraq isə bildirilmişdir ki, vəfat etmiş X5 Qazı oğlunun mülkiyyətində “Kia Cerato” markalı, **-KB-*** dövlət nömrə nişanlı minik avtomobili mövcud olmuşdur. Cavabdehlər S.Ö.Rüstəmovanın (arvadı) və Cavabdeh1 (oğlu) mərhum borc alan E.Q.Hacıyevin vərəsələri olduğunu və miras əmlakdan tam hissədə pay aldıqlarını nəzərə alaraq, iddiaçı tərəfindən kredit müqaviləsi üzrə iddiaçı qarşısında yaranmış borc məbləğinin ödənilməsi haqqında onlara xx.xx.2025-ci il tarixli 20Y-XO-15.1.2025-001 nömrəli xəbərdarlıq göndərilmiş və həmin borcun 3 gündən gec olmayaraq ödənilməsi tələb edilmişdir. İddiaçı tərəfindən cavabdehlərə borcun ödənilməsi üçün kifayət qədər vaxt verilməsinə baxmayaraq, bu günə kimi borcun ödənilməsi üçün cavabdehlər tərəfindən heç bir əməli addım atılmamışdır. İddiaçı ilə borc alan Hacıyev Elman Qazı oğlu arasında bağlanmış kredit müqaviləsinin 5.1-ci bəndinə əsasən həmin müqavilə tərəflərin öz üzərinə götürdükləri öhdəliklərin tam icra edilməsi anına qədər qüvvəsini saxlayır və bu şərt Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsində ifadə olunmuş normaya tam uyğundur.

Etiraz ərizəsinin əsaslandırıldığı hallar:

3. İddia tələbinə qarşı etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin icraatında iddiaçı xxxxnın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması” tələbinə dair mülki iş vardır. Həmin iddia tələblərini qanunsuz və ədalətsiz hesab etməklə onun aşağıdakılara əsasən məhkəmə tərəfindən rədd edilməsini zəruri hesab edir: Belə ki, 05 oktyabr 1990-cı ildə Hacıyev Elman Qazı oğlu ilə rəsmi nikaha daxil olaraq ailə qurmuşdurlar. Həyat yoldaşı Hacıyev Elman Qazı oğlu xx.xx.2024-cü il tarixdə baş bronxların bədxassəli yenitörəməsi xəstəliyindən vəfat etmişdir. Hal-hazırda həyat yoldaşının vərəsəlik işi ilə bağlı notariusa müraciət edərək ondan miras qalmış əmlaklarını qəbul etmək qərarına gəlmişdir. Lakin onun doğum haqqında şəhadətnaməsində və nikahın bağlanması haqqında şəhadətnamədə göstərilən atasının adı “Həzi”, onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən atasının adı “Qazı” ilə düz gəlmədiyi üçün həmin miras əmlaklarını adlarına rəsmilləşdirə bilməmişdirlər. Beləliklə də, hal-hazırda mərhum həyat yoldaşının adına olan əmlaklar rəsmilləşdrilməmiş və qəbul edilməmiş qalmışdır. Belə olan halda, hesab edir ki, nə qədər ki, həmin əmlak rəsmən tərəfindən qəbul olunmamışdır və bu barədə mirasın qəbulu və qanun üzrə vərəsəlik haqqında şəhadətnamə əldə edə bilməmişdirlər. Belə olan halda, qanuna əsasən, nə qədər ki, vərəsəlik haqqında şəhadətnamə əldə edə bilməmişdirlər, rəsmən vərəsə sayılmır və bu iş üzrə də cavabdeh, yəni prosessual şəxs kimi cəlb oluna bilməz və bu prosessual pozuntu olmaqla qanunsuzdur. Ona görə də, nə qədər ki, mirasın qəbulu barədə qanun üzrə vərəsəlik haqqında şəhadətnaməyə əsasən rəsmən vərəsə olmamışdır, ona görə də, bu iş üzrə cavabdeh şəxs kimi prosesə cəlb oluna bilməz. Beləliklə də, hesab edir ki, mərhum həyat yoldaşının ata adında olan düzəlişin edilməsi barədə məhkəmə qətnaməsi qanuni qüvvəyə minib, onun əsasında qeyd olunan miras əmlakının qəbul edilməsi barədə qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin əldə olunmasından sonra bu məsələyə baxıla bilər. Hal-hazırda, iş üzrə cavabdeh kimi cəlb olunmaqları hüquqi cəhətdən qanunsuz və əsassızdır. Hesab edir ki, İnsan Hüquqlarının və X2 X1 ( Roma, xx.xx.1950-ci il ) 1-ci maddəsinin şəxsi azadlıq hüququna hörmət tələbi prinsipinin pozulmasının qurbanı olmuşdur.

Tərəflərin mövqeləri:

4. Məhkəmə iclaslarında iştirak edən iddiaçı Açıq Səhmdar Cəmiyyəti «Xalq» Bankının nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.

5. Məhkəmə iclaslarında iştirak edən cavabdehlərin nümayəndəsi və vəkili Vəkil izahatında bildirdi ki, Hacıyev Elman Qazı oğlu vəfat etsə də, hüquqlarını müdafiə etdiyi cavabdehlər bu günə qədər mirası qəbul etməmişdirlər. Mirası qəbul etmək istəyərkən məlum olub ki, Hacıyev Elman Qazı oğlunun ata adı Həzi olaraq qeyd olunub və bu səbəbdən də, miras qəbul edilməmişdir. Bundan sonra məhkəməyə müraciət etmişlər. Miras qəbul edilərsə, iddiaçı tərəf borcu tələb edə bilər. Borcalan vəfat edəndən sonra tərəf razılaşma ilə məsələnin həll olunmasına çalışmışdır. Bank faizlərdə sadəcə 30 manat güzəşt olunacağını bildirmişdir. Cavbdehlər məbləğin yarısının ödənilməsini, qalan məbləğlə razılaşmağı təklif etmişlər. Hətta ay ərzində ödəniş edilməsi ilə bağlı cavabdehdən ərizə almışdırlar. 2 ay ərzində 330 manat ödəniş edilmişdir. Cavabdehlər ayda 50-100 manat ödəniş etməyi təklif etsələr də, bank razı olmamışdır. İddiaçı tərəf məhkəməyə müraciət etməkdə tələsmişdir. Cavabdehlər əmlakı qəbul etmək istəyirlər, sadəcə hazırda mümkün deyildir. Əmlakı qəbul ediblər, sadəcə şəhadətnamə ala bilməmişlər. Hacıyev Elman Qazı oğlunun ata adı sənədlərdə səhv qeyd olunduğundan bununla bağlı məhkəmə mübahisəsi vardır.

6. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh1 izahatında bildirdi ki, atası kredit götürəndə pensiya kartından götürmüşdür. Banka əmlak girov qoyulmamışdır. Hətta qəza sığortası da etdirmişdir. Bankla bağlanan müqavilədə sığorta ilə bağlı hissə var idi. Atası vəfat edəndən sonra banka yaxınlaşmışdır. Dedilər ki, keçərsizdir. Orada bankla bağlı məlumatlar qeyd olunmuşdur. Qəza zamanı bank 50 faizin qarşılayacaq. Atası keçmiş dövlət işçisi olub və onun pensiya kapitalı var. Onlar borcu pensiya kapitalından çəkə bilərlər. Bank tərəfindən ortaq məxrəcə gəlmək üçün görüş təklif olunmuş, lakin razılıq əldə edilməmişdir. Avtomobilinin hərraca çıxarılacağı bildirilmişdir. Maddi gücü aylıq 100 manat ödəməyə çatır.

7. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh2 izahatında bildirdi ki, maddi vəziyyəti yaxşı deyildir. Xəstədir. Ödəniş etmək imkanı yoxdur.

8. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tədqiq olunan sübutlar:

9. Açıq Səhmdar Cəmiyyəti «Xalq» Bank ilə Hacıyev Elman Qazı oğlu arasında bağlanmış xx.xx.2023-cü il tarixli, DKM/023N05A02460623 saylı kredit müqaviləsindən görünür ki, bank borcalana 36 ay müddətinə 10000 manat məbləğində kreditdən istifadəyə görə illik 12 faiz ödənilməsi şərtilə kredit verməyi, borcalan isə kreditdən 1.2-ci bənddə göstərilən məqsəd üçün istifadə etməyi, müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada krediti qaytarmağı və ona hesablanmış faizləri banka ödəməyi öhdəsinə götürmüşdür.

10. xx.xx.2023-cü il tarixli, DKM/023N05A02460623 kredit müqaviləsinə 1 saylı Əlavədən görünür ki, həmin kredit müqaviləsi üzrə ödənişlərin icra edilməsi müddəti 04 sentyabr 2023-cü il tarixdən 04 avqust 2026-cı il tarixədək müəyyənləşdirilmişdir.

11. AZ-İİ 453766 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, Hacıyev Elman Qazı oğlu xx.xx.2024-cü ildə vəfat etmiş və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2024-cü ildə 1117 nömrə ilə qeyd edilmişdir.

12. 2 saylı Sumqayıt Regional “Asan xidmət” mərkəzində notariat ofisinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, xx.xx.2024-cü ildə ölmüş Hacıyev Elman Qazı oğlunun adına xx.xx.2024-cü il tarixdə vərəsəlik işi açılmışdır. Arvadı Cavabdeh2 və oğlu Cavabdeh1 onun mirası qəbul etmiş vərəsələridir. Miras əmlak nəqliyyat vasitəsi, mənzil və torpaq sahəsindən ibarətdir. Vərəsələrə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməmişdir.

13. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, xx.xx.1957-ci il təvəllüdlü Hacıyev Elman Qazı oğlunun adında xx.xx.2010-cu il tarixdən “Kia Cerato” markalı, **-KB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi qeydiyyatdadır.

14. xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, cavabdehdən borc məbləğinin 3 gün ərzində ödənilməsi tələb edilmiş, əks təqdirdə vurulmuş zərərin ödənilməsi üçün məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir.

15. İddiaçı "xxxx" ASC tərəfindən tərtib maliyyə arayışında qeyd olunmuşdur ki, Hacıyev Elman Qazı oğlunun xx.xx.2023-cü il tarixli, DKM/023N05A02460623 nömrəli kredit müqaviləsi üzrə ASC “Xalq” Bankı qarşısında öhdəliklərini yerinə yetirmədiyinə görə xx.xx.2025-ci il tarixinə 6263,26 manat vaxtı keçmiş borcu, 32,46 manat faiz borcu, cəmi 6295,72 manat borcu vardır.

16. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və X4 Şəxsi tərəfindən verilmiş “Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış”dan görünür ki, Sumqayıt şəhəri, 11-ci mikrorayon, ev 1, mənzil 5 üzərində mülkiyyət hüququ Hacıyev Elman Qazı oğlunun adına xx.xx.2023-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

17. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və X4 Şəxsi tərəfindən verilmiş “Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış”dan görünür ki, Abşeron rayonu, Masazır kəndində yerləşən 0,08 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ Hacıyev Elman Qazı oğlunun adına xx.xx.2013-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

Məhkəmə baxışının hədləri:

18. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Tətbiq edilən hüquq:

19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

- 739-cu maddəsinə əsasən (əvvəlki redaksiya) borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. -1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. -1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. -1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. -1307-ci maddəsinə əsasən mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. -1309-cu maddəsinə əsasən vərəsələr, əgər ölənin borcları onlara məlumdursa, mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməyə borcludurlar.

20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 4 iyun 2018-ci il tarixli Qərarı:

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar.

Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

21. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edərək, tərəfləri dinləyərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi təmin edilməlidir.

22. Belə ki, mülki qanunvericiliyə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, Mülki Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.

23. İş materialarına əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, ASC “Xalq” Bankı tərəfindən Hacıyev Elman Qazı oğluna 36 ay müddətinə 10000 manat məbləğində kreditdən istifadəyə görə illik 12 faiz ödənilməsi şərtilə kredit verməyi, borcalan isə kreditdən 1.2-ci bənddə göstərilən məqsəd üçün istifadə etməyi, müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada krediti qaytarmağı və ona hesablanmış faizləri banka ödəməyi öhdəsinə götürmüşdür. X5 Qazı oğlu xx.xx.2024-cü ildə vəfat etmişdir. Cavabdeh1 və Cavabdeh2 Hacıyev Elman Qazı oğlunun mirası qəbul etmiş vərəsələridir. Miras əmlak nəqliyyat vasitəsi, mənzil və torpaq sahəsindən ibarətdir. Vərəsələrə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməmişdir.

24. Məhkəmə qeyd edir ki, sözügedən müqavilə üzrə borcun ödənilməsi tam təmin edilmədiyindən iddiaçı tərəfindən Hacıyev Elman Qazı oğlunun vərəsələri Cavabdeh1 və Cavabdeh2 bildiriş göndərilərək borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir.

25. Göründüyü kimi kredit götürən vəfat etdiyindən müqavilə üzrə öhdəliyini lazımi qaydada icra etməmiş və bunun nəticəsində iddiaçının qarşısında icra edilməmiş öhdəlik yaranmışdır. Cavabdehlər borclunun vərəsələri olaraq mirası qəbul etməsinə baxmayaraq miras qoyanın bank qarşısında əsas və faiz borcunu vaxtında ödəməmiş, bununla da iddiaçının müqavilənin şərtlərinə uyğun olaraq əsas və faiz borcunu tələb etmək hüququ yaranmışdır.

26. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, Hacıyev Elman Qazı oğlunun ASC “Xalq” Bankına xx.xx.2023-cü il tarixli, DKM/023N05A02460623 nömrəli kredit müqavilələri üzrə borcu onun mirasını qəbul etmiş vərəsələrindən tutulmalıdır.

27. Belə ki, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Miras, miras aktivindən və passivindən ibarət olmaqla mirası qəbul etmiş vərəsəyə mirasın aktivindən pay əldə etmək hüququ verdiyi kimi eyni zamanda mirasın passivi üzrə mirasqoyanın öhdəliklərini icra etmək vəzifəsini də yaradır.

28. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 4 iyun 2018-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar.

29. İşdə olan xx.xx.2024-cü il tarixli, **********504 saylı və **********502 saylı ərizələrdən görünür ki, Cavabdeh1 və Cavabdeh2 xx.xx.2024-cü ildə vəfat etmiş Hacıyev Elman Qazı oğlundan miras qalmış daşınar və daşınmaz əmlakı qəbul etdiklərini bildirmişdirlər.

30. Azərbaycan Respublikası Ali Məhkəməsinin vahid məhkəmə təcrübəsini müəyyən edən 2(102)-900/2024 saylı, 22 aprel 2024-cü il tarixli qərarında qeyd edilmişdir ki, miras açıldıqdan sonra vərəsə susmuşsa, yəni mirası qəbul və ya ondan imtina etməmişsə, qanunverici vərəsənin mirasdan imtina etmədiyini ehtimal etmiş və müvafiq olaraq mirasdan imtinanın nəticələrinin ona tətbiq edilməməsini nəzərdə tutmuşdur. Miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. Xüsusilə vurğulanmalıdır ki, mirasdan imtina şəxsin olduqca mühüm konstitusiya hüququndan imtina etməsilə əlaqədar iradə ifadəsi olduğundan, qanunverici bu iradə ifadəsinin məhz xüsusi formada, notariat ofisində rəsmiləşdirilməli olmasını imperativ qaydada müəyyən etmişdir.

31. Mirasın formal və qeyri-formal üsulla qəbul edilməsindən asılı olmayaraq, mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Bu isə onu göstərir ki, miras qoyanın kreditoru mənafelərinin təmin edilməsi məqsədi ilə tələb hüququnu mirası faktiki qəbul etmiş vərəsələrə qarşı da irəli sürə bilər.

32. Vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquq təsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir. Miras əmlaka sahiblik etməklə və ya əmlakı idarə etməklə mirası qəbul etdiyini şəksiz nümayiş etdirən vərəsənin vərəsəlik şəhadətnaməsinin olmaması onu mirasın qəbulu ilə bağlı yaranan öhdəliklərdən azad etmir.

33. Bu baxımdan kreditorun mirası faktiki qəbul etmiş vərəsələrə qarşı məhkəmədə öhdəliyin miras qalmış əmlak hesabına icrası barədə iddia icraatı qaydasında tələb irəli sürməsi yolveriləndir.

34. Hazırki halda cavabdehlər nəinki qanunvericilikdə müəyyən edilmiş müddətdə mərhum borcludan miras qalmış əmlakdan imtina etmiş, hətta həmin əmlakın qəbulu ilə bağlı ərizələrlə notariat orqanına müraciət etmişlər.

35. Cavabdehlərin borclunun kredit müqaviləsini bağlayarkən sığorta olunması ilə bağlı dəlillərinə münasibətdə məhkəmə qeyd edir ki, vəfat etmiş borclu sözügedən kredit müqaviləsi bağlanarkən hər hansı bir sığorta növü üzrə sığortalanmışdırsa, bununla bağlı sığorta ödənişinin edilməsi üçün müvafiq sığorta təşkilatına müracət edə bilər.

36. Beləliklə, məhkəmə hesab edir ki, Hacıyev Elman Qazı oğlu kredit müqavilələri üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən və bu fakt iş materialları ilə sübut olunduğundan, onun vəfat etməsi səbəbindən miras əmlakı faktiki qəbul etmiş vərəsələri olan Cavabdeh1 və Cavabdeh2 kreditor qarşısında öhdəliyini icra etməli olduğu üçün iddia tələbi təmin edilməli, Cavabdeh1 və Cavabdeh2 xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 6263,26 manat əsas borc, 32,46 manat faiz borcu olmaqla, ümumilikdə 6295 (altı min iki yüz doxsan beş) manat, 72 (yetmiş iki) qəpik pul vəsaiti və ödənilmiş 83 (səksən üç) manat pul vəsaiti tutularaq ASC “Xalq” Bankına verilməlidir.

Nəticə:

37. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddia tələbi təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 6263,26 manat əsas borc, 32,46 manat faiz borcu olmaqla, ümumilikdə 6295 (altı min iki yüz doxsan beş) manat, 72 (yetmiş iki) qəpik pul vəsaiti və ödənilmiş 83 (səksən üç) manat pul vəsaiti tutularaq ASC “Xalq” Bankına ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vəfa Şirəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar