Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-2589/2025 16.04.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Sumqayıt Şəhər Məhkəməsinin hakimi Həxiyeva Şəbnəm Səlim qızı, iddiaçı "xxxx" BOKT MMC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı «pul tələbi»nə dair iddia ərizəsi ilə bağlı mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı "xxxx" BOKT MMC cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı «pul tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" BOKT MMC ilə Cavabdeh1 arasında bağlanmış 01 noyabr 2023-cü il tarixli, ACAM2-15925-2467 saylı kredit müqaviləsinə əsasən ikinciyə illik 39% faizlə 24 ay müddətinə 1500 manat kredit verilmişdir. Yuxarıda qeyd olunan “Kredit müqaviləsi”-ndən irəli gələn öhdəliklərin lazımı qaydada icrasını təmin etmək məqsədi ilə "xxxx" BOKT MMC, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 birgə məsuliyyətini müəyyən edən 01 noyabr 2023-cü il tarixli, ACAM2-15925- 2467+GARA-16924 saylı zaminlik müqaviləsi bağlanmışdır. Lakin, borclu kreditor qarşısında ödəniş qrafikində nəzərdə tutulmuş ödəniş müddətlərini və məbləğlərini pozmuşdur. Həmçinin tərəflər arasında bağlanmış kredit müqaviləsinin 3.1.4.1 və 3.1.4.2ci maddələrinə əsasən müqavilə üzrə öhdəliklərin pozulması hallarında “Kredit verən” birtərəfli qaydada müqaviləyə vaxtından əvvəl xitam verərək hesablanmış faizi ilə birlikdə geri ödənilməsini tələb edə bilər. Cavabdeh1 28 fevral 2025-ci il tarixinədək verilmiş kredit üzrə 1009,26 manat əsas borc, 101,82 manat faiz borcu və 18 manat dəbbə borcu olmaqla, cəmi 1295,97 manat məbləğində borcu yaranmış və ödənilməmişdir. Göstərilənlərə əsasən cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçının xeyrinə ümumlikdə 1009,26 manat əsas borc, 101,82 manat faiz borcu və 10 manat cari dəbbə borcu olmaqla, cəmi 1121,08 manat kredit borcunun və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
3. Məhkəmə iddia ərizəsinə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən Mülki-Prosessual qanunvericiliyə əsasən cavabdehlərə rəsmi qaydada bildiriş göndərilsə də, cavabdehlər iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərməmişlər.
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir.
5. Eyni Məcəllənin 284-5.2-ci maddəsinin tələblərinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər.
6. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir.
Əsaslandırıcı hissə:
7. Belə ki, iş materiallarında olan "xxxx" BOKT MMC ilə Cavabdeh1 arasında bağlanmış 01 noyabr 2023-cü il tarixli, ACAM2-15925-2467 saylı kredit müqaviləsindən görünür ki, bu müqaviləyə əsasən "xxxx" BOKT MMC tərəfindən Cavabdeh1 24 ay müddətinə, illik 39% faiz dərəcəsi ilə 1500 manat məbləğində kredit verilmişdir.
8. İş materiallarında olan "xxxx" BOKT MMC ilə Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış 01 noyabr 2023-cü il tarixli, ACAM2-15925-2467+GARA- 16924 saylı zaminlik müqaviləsinə əsasən zaminlər Cavabdeh3, Cavabdeh2 borclu Cavabdeh1 bank qarşısında kredit müqaviləsi üzrə öz öhdəliklərini vaxtında və lazımınca icra etmədikdə öhdəliklərin icrası üçün borclu ilə birgə məsuliyyət daşımaları barədə öz üzərlərinə öhdəlik götürmüşlər.
9. İş materiallarında olan "xxxx" BOKT MMC tərəfindən verilmiş maliyyə arayışdan görünür ki, Cavabdeh1 01 noyabr 2023-cü il tarixli kredit müqaviləsi üzrə 1009,26 manat əsas borc, 101,82 manat faiz borcu, 184,89 manat cərimə borcu, cəmi 1295,97 manat borcu vardır.
10. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
11. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
12. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.
13. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
14. Eyni Məcəllənin 449.1-ci maddəsinin tələbinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər.
15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər.
16. Həmin Məcəllənin 746.1-ci maddəsinə əsasən istehlak krediti müqaviləsinə görə borcverən sahibkarlıq və ya peşə fəaliyyəti ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxs olan borcalana (bundan sonra – istehlakçı) pul vəsaitini borc verməyi, istehlakçı isə aldığı borcu faizlər və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmağı öhdəsinə götürür.
17. Eyni Məcəllənin 746.5.2-ci maddəsinə əsasən, istehlak krediti müqaviləsində ödənişlərin gecikdirilməsinə görə faizlər (gecikdirilmə faizləri) nəzərdə tutulduqda, həmin faizlərin məbləği istehlak krediti müqaviləsində nəzərdə tutulan illik faiz dərəcəsinə beş faiz bəndi əlavə edilməklə hesablanan məbləğdən çox ola bilməz. Bu halda əlavə dəbbə pulu (cərimə, penya), komissiya və ya digər formada hər hansı ödəniş tələb edilə bilməz. Gecikdirilmə faizlərinin hesablanması 180 gündən çox davam edə bilməz. Əgər borcverənə dəyən zərər gecikdirilmə faizlərinin məbləğindən çoxdursa, borcverən istehlakçıdan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər.
18. Azərbaycan Respublikası Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
19. Qeyd olunan Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
20. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1009,26 (bir min doqquz manat, iyirmi altı qəpik) manat əsas, 101,82 (bir yüz bir manat, səksən iki qəpik) manat faiz, 10 (on) manat cərimə borcu olmaqla, cəmi 1121,08 (bir min yüz iyirmi bir manat, səkkiz qəpik) manat məbləğində pul və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq iddiaçı "xxxx" BOKT MMCyə ödənilməlidir.
21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
22. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
23. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
25. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
26. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
27. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
Nəticə hissəsi:
28. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1009,26 (bir min doqquz manat, iyirmi altı qəpik) manat əsas, 101,82 (bir yüz bir manat, səksən iki qəpik) manat faiz, 10 (on) manat cərimə borcu olmaqla, cəmi 1121,08 (bir min yüz iyirmi bir manat, səkkiz qəpik) manat məbləğində pul və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq iddiaçı "xxxx" BOKT MMC-yə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Şəbnəm Həxiyeva