Məhkəmə qərarları › İş №e-2(060)-2611/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-2611/2023

18.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-2611/2023 18.05.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X2 oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehdən xx.xx.2023-cü il tarixinə iddiaçıya borclu olduğu 4756,92 manat məbləğində əsas borc, 576,71 manat məbləğində faiz borcu, 243,07 manat cərimə olmaqla, cəmi 5576,70 manat borcun və 75,77 manat ödənilmiş dövlət rüsumunun və 0,40 manat xidmət haqqının iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh xx.xx.2022-ci il tarixli “Bank Xidmətlərinin Göstərilməsi X1 Şərtləri” ilə tanış olub həmin şərtləri qəbul edərək, xx.xx.2022-ci il tarixli, 342343-1-33337 №-li yenidən maliyyələşdirilən kreditin əsas şərtlərinə dair müştəri ərizəsi ilə iddiaçıya müraciət etmiş və ona istehlak məqsədilə illik 28,9 % hesablanması şərti ilə 60 ay müddətinə 5 000 manat məbləğində kredit verilməsini xahiş etmiş, yəni təklif (oferta) vermiş, bank isə təklifi qəbul etmişdir. Bununla da, tərəflər arasında bağlanmış müqaviləyə əsasən cavabdehə ərizəsində qeyd edilən şərtlərlə və qeyd olunan məbləğdə kredit verilmişdir. Cavabdeh kredit vəsaitindən istifadə etmiş, lakin öz üzərinə götürdüyü kredit öhdəliklərini xx.xx.2022-ci il tarixdən lazımınca icra etməmiş və nəticədə cavabdehin iddiaçıya xx.xx.2023-cü il tarixə 4756,92 manat məbləğində əsas borc, 576,71 manat məbləğində faiz borcu və 243,07 manat məbləğində cərimə üzrə borc olmaqla, ümumilikdə 5576,70 manat məbləğində borcu qalmışdır. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, borcunu etiraf edir. Maddi imkanı aşağı olduğu üçün ödənişləri yerinə yetirə bilməmişdir. Qeyd edilənlərə əsasən cavabdeh iddianın təmin edilib-edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, cavabdeh xx.xx.1991-ci ildə, Sumqayıt şəhərində anadan olmuş, hazırda ünvan 1 ünvanında qeydiyyatdadır. İddiaçıya məxsus olan internet resurslarında yerləşdirilmiş xx.xx.2022-ci il tarixli bank xidmətlərinin göstərilməsi X1 şərtlərində iddiaçı tərəfindən müştərilərə kreditin verilməsi, bank hesabının açılması, ödəniş kartlarının təqdim olunması və bu kimi digər bank xidmətlərinin göstərilməsi qaydaları təsbit olunmuşdur. Cavabdeh xx.xx.2022-ci il tarixli “Bank Xidmətlərinin Göstərilməsi X1 Şərtləri” ilə tanış olub həmin şərtləri qəbul edərək, müştəri ərizəsi ilə iddiaçıya müraciət etmiş və ona istehlak məqsədilə illik 28,9 % hesablanması şərti ilə 60 ay müddətinə 5000 manat məbləğində kredit verilməsini xahiş etmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli kassa məxaric orderindən görünür ki, 4925 manat məbləğində kredit iddiaçı tərəfindən cavabdehə verilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli ödəniş cədvəlinə əsasən cavabdeh 60 ay müddətinə 158,60 manat, sonuncu ay isə 140,60 manat ödəməlidir. İşdə olan maliyyə arayışında göstərilmişdir ki, cavabdehin xx.xx.2023-cü il tarixinə banka 4756,92 manat məbləğində əsas borcu, 576,71 manat məbləğində faiz borcu, 243,07 manat cərimə olmaqla, cəmi 5576,70 manat borcu vardır. İş materiallarından görünür ki, iddiaçı iddia ərizəsinin verilməsi üçün 75,77 manat məbləğində dövlət rüsumu ödəmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli məhkəmə iclasında ərizə təqdim edərək 5576,70 manat borcun tutulması barədə iddia tələbini etiraf etdiyini bildirmiş, iddianın təmin edilibedilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən Müqavilə bağlanması haqqında təklif (oferta) o zaman verilmiş sayılır ki, bir və ya bir neçə şəxsə ünvanlanmış bu təklifdə onu vermiş şəxsin (oferentin) razılıq (aksept) olduqda, öz təklifinin icrasına hazır olduğu ifadə edilsin. Ofertada müqavilənin mühüm şərtləri əks olunmalıdır (408.1.). Əgər müqavilənin bütün mühüm şərtlərini əks etdirən təklifdən onu irəli sürmüş şəxsin təklifdə göstərilmiş şərtlər ilə müqaviləni cavab verən istənilən şəxslə bağlamaq iradəsi aydın görünürsə, belə təklif ümumi oferta sayılır (408.7.). Ofertanın ünvanlandığı şəxsin ofertanı qəbul etməsi haqqında cavabı aksept sayılır. Aksept tam və qeyd-şərtsiz olmalıdır (409.1). Əgər ofertada aksept üçün müddət müəyyənləşdirilibsə, ofertanı göndərmiş şəxs aksepti ofertada göstərilən müddət ərzində aldıqda müqavilə bağlanmış sayılır (409.7.). Göründüyü kimi cavabdeh iddiaçının kredit verilməsi haqqında şərtlərini ərizə əsasında qəbul etmiş və cavabdehə bunun əsasında kredit verilmişdir. Bu səbəbdən tərəflər arasındakı münasibətlərə kredit (borc) münasibətləri kimi yanaşılmalıdır. Mülki Məcəllyə əsasən Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (739.1). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (739.2). Göründüyü kimi iddiaçı tərəfindən 4925 manat məbləğində kredit iddiaçıya verilmişdir. Mülki Məcəllədə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (442). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (445.2.). Cavabdeh kredit öhdəliyini lazımınca yerinə yetirməmiş və iddiaçıya borcu yaranmışdır. Eyni zamanda qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir (52.2.). İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır (52.5.). Göründüyü kimi cavabdeh xx.xx.2023-cü il tarixli məhkəmə iclasında təqdim etdiyi ərizədə iddianı etiraf etdiyini bildirmişdir. İddianın etiraf edilməsi qanuna zidd deyil və hər hansı şəxsin hüquqlarını pozmur. Bu isə iddianın təmin edilməsi üçün əsasdır. İşdən göründüyü kimi cavabdeh kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmiş və kredit müqaviləsi üzrə borcunu müqaviləyə əsasən ödəməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia əsas və faiz borcunun tutulması hissəsində təmin edilməlidir. Məhkəmə dəbbə pulu ilə bağlı aşağıdakıları qeyd edir. Mülki Məcəlləyə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir (462.1.). Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir (467). Məhkəmə hesab edir ki, manat 4756,92 manat əsas borc məbləğinə 243,07 manat cərimənin hesablanaraq tələb edilməsi məqsədə müvafiqdir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 75,77 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Yuxarıdakılara əsasən və MPM-in 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 4756,92 manat əsas borc, 576,71 manat faiz borcu, 243,07 manat cərimə borcu olmaqla, cəmi 5576 (beş min beş yüz yetmiş altı) manat 70 (yetmiş) qəpik pul, ödənilmiş 75 (yetmiş beş) manat 77 (yetmiş yeddi) qəpik dövlət rüsumu və 0,40 (qırx) qəpik xidmət haqqı Cavabdeh tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar