Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-2613/2024 13.05.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi, İddiaçı ASC "xxxx" Bankın etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı ASC "xxxx" Bankın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı xx.xx.2022-ci il tarixli DKM/015N05A00911422№-li Kredit müqaviləsi üzrə borc məbləğinin birgə qaydada borc alandan və zaminlərdən tutulması tələbinə dair mülki işə 13 may 2024-cü il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı ASC "xxxx" Bank cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı xx.xx.2022-ci il tarixli DKM/015N05A00911422№-li Kredit müqaviləsi üzrə borc məbləğinin birgə qaydada Borc alandan və Zaminlərdən tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli DKM/015N05A00911422№-li Kredit müqaviləsi üzrə Cavabdeh1 iddiaçı ASC "xxxx" Bankı qarşısında 5483,34 (beş min dörd yüz səksən üç manat 34 qəpik) manat məbləğində vaxtı keçmiş əsas borcu, xx.xx.2024-cü il tarixə qədər kreditdən istifadəyə görə hesablanmış 372,76 (üç yüz yetmiş iki manat 76 qəpik) manat məbləğində adi faizlər üzrə borc məbləği, xx.xx.2024-cü il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanmış 58,59 (əlli səkkiz manat 59 qəpik) manat məbləğində penya, cəmi 5914,96 (beş min doqquz yüz on dörd manat 96 qəpik) manat və xx.xx.2024-cü il tarixindən (iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən) qətnamənin qəbul edildiyi tarixə qədər əsas borc məbləğinə illik 13 % (on üç faiz) dərəcəsi ilə hesablanan adi faizlər və illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanan penyanın birgə qaydada cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçı ASC "xxxx" Bankının xeyrinə tutulması, iddia ərizəsinin verilməsinə görə 79,15 (yetmiş doqquz manat 94 qəpik) manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclərin cavabdehlərdən birgə qaydada iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC "xxxx" Bank iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı (kreditor) ASC "xxxx" Bankı ilə Cavabdeh1 (Borc alan) arasında bağlanmış xx.xx.2022-ci il tarixli DKM/015N05A00911422 №-li Kredit müqaviləsinə müvafiq olaraq Bank tərəfindən Borc alana 36 (otuz altı) ay müddətinə, illik 13 % (on üç faiz) ödənilməsi şərtilə, 10 000 (on min) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə Borc alanın öhdəliklərinin lazımi qaydada yerinə yetirilməsini təmin etmək məqsədilə iddiaçı ilə digər Cavabdeh2 arasında xx.xx.2022-ci il tarixli DKM/015N05A00911422 №-li Zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Zamin Borc alanın Kredit müqaviləsi üzrə Bank qarşısında öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti daşımaq öhdəliyi götürmüşdür. Kredit müqaviləsinin 2.4-cü bəndinə və onun 1 saylı Əlavəsi olan Annuitet Ödəniş cədvəlinə əsasən Cavabdeh1 hər ay bərabər məbləğdə müvafiq ödənişlər aparmaqla əsas borc məbləğinin qaytarılmasını və ona hesablanmış faizlərin ödənilməsini öhdəsinə götürmüşdür. Lakin Cavabdeh1 bu öhdəliklərini kobud şəkildə pozmuş və bu günə qədər kredit üzrə əsas borc məbləğinin mühüm hissəsini Banka qaytarmamış və əsas borc məbləğinə hesablanmış faizlərin müəyyən hissəsini ödəməmişdir. Belə ki, xx.xx.2024-cü il tarixinə Cavabdeh1 Bank qarşısında gecikdirilmiş borcu 5856,10 (beş min səkkiz yüz əllialtı manat 10 qəpik) manat təşkiledir ki, bunun da 5483,34 (beş min dörd yüz səksən üç manat 34 qəpik) manatı vaxtı keçmiş əsas borcdan, 372,76 (üç yüz yetmiş iki manat 76 qəpik) manatı isə hesablanmış və ödənilməmiş adi faizlər üzrə borc məbləğindən ibarətdir. Bundan əlavə, Cavabdeh1 kredit üzrə əsas borc məbləğinin ödənilməsinin gecikdirilməsi ilə əlaqədar olaraq Banka Kredit müqaviləsinin 5.2-ci bəndinə əsasən vaxtı keçmiş əsas borc məbləğinə hesablanan adi faizlərlə yanaşı illik 15% (on beş faiz) dərəcəsi penya da ödəməlidir ki, xx.xx.2024-cü il tarixinə bu məbləğ 58,59 (əllisəkkiz manat 59 qəpik) manat təşkil edir. Kredit müqaviləsi üzrə Cavabdeh1 tərəfindən üzərinə götürdüyü öhdəliklərin kobud şəkildə pozulması ilə əlaqədar olaraq İddiaçının Kredit müqaviləsinin 3.1.3-cü yarımbəndinə əsasən hesablanmış faizlərlə birlikdə əsas borc məbləğinin qaytarılmasını vaxtından əvvəl tələb etmək hüququ yaranmışdır. Kredit müqaviləsi üzrə cavabdehlərin üzərlərinə götürdükləri öhdəliklərin könüllü qaydada yerinə yetirilməsinə nail olmaq məqsədilə İddiaçı tərəfindən cavabdehlər ilə bir neçə dəfə əlaqə saxlanılmasına və onlardan borcun ödənilməsinin tələb edilməsinə dair xəbərdarlıqların göndərilməsinə baxmayaraq, cavabdehlər tərəfindən borcun ödənilməsi üçün bu günə qədər heç bir əməliaddım atılmamışdır. Qeyd edilənlərə əsasən iddiaçı, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı ASC "xxxx" Bankın etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, bugünkü günə cavabdehlərin əsas, faiz və cərimə borcunun məbləği barədə bankın sistemindən çıxarılmış məlumatları məhkəməyə təqdim etmişdir. Nümayəndə qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada (məhkəmə bildirişinə imza etməklə və SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsi barədə bildirişə əsasən) xəbərdar edilməsinə baxmayaraq cavabdehlər məhkəmə iclasına gəlməmiş və məhkəməyə gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak etmiş Cavabdeh1 iddia tələbinə dair izahat verərək bildirmişdir ki, iddia tələbini qəbul edir. Bankdan götürdüyü Kredit borcundan cəmi 1100 manat ödəniş edib. 7 il hərbi qulluqçu kimi xidmət edib, daha sonra isə bəzi səbəblərdən ordudan təxris olunub. İşləmədiyi üçün, həmçinin ailədaxili bəzi səbəblərlə əlaqədar kredit ödənişlərini edə bilməyib. Hazırda borcunu ödəmək niyyətindədir. Lakin aylıq 337 manat ödəniş etməyə gücü çatmır və məbləğ azaldıldığı halda aylıq ödənişlərini edə bilər. Son 2-3 ayda ödəniş etməyib. Onu da bildirir ki, iş üzrə digər cavabdeh Vüqar iş yoldaşı olub, hazırda Qubadlıda xidmət etməsi ilə əlaqədar məhkəmə iclasına gəlməyib. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İş materiallarında olan xx.xx.2022-ci il tarixli DKM/015N05A00911422 saylı Kredit müqaviləsindən görünür ki, ASC "xxxx" Bank tərəfindən Cavabdeh1 13 faiz dərəcəsi ilə 36 ay müddətinə 10000 manat məbləğində kredit verilmişdir. İşdə xx.xx.2022-ci il tarixli DKM/015N05A00911422 saylı zaminlik müqaviləsinə əsasən, Cavabdeh2 kreditor qarşısında borclu Cavabdeh1 xx.xx.2022-ci il tarixli DKM/015N05A0091142 saylı kredit müqaviləsi üzrə öhdəliklərini tamamilə icra etməsi üçün məsuliyyəti tam olaraq üzərinə götürmüşdür. İşdə olan maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2024-cü il tarixə ASC "xxxx" Banka xx.xx.2022-ci il tarixli DKM/015N05A00911422 saylı kredit müqaviləsinə əsasən 5483.34 manat vaxtı keçmiş əsas bor, 372,76 manat adi faiz borcu, 58.59 manat cərimə borcu olmaqla, cəmi 5914,69 manat borcu vardır. İşdə olan maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2024-cü il tarixə ASC "xxxx" Banka xx.xx.2022-ci il tarixli DKM/015N05A00911422 saylı kredit müqaviləsinə əsasən 5483.34 manat vaxtı keçmiş əsas bor, 503.44 manat adi faiz borcu, 209.39 manat cərimə borcu olmaqla cəmi 6196.17 manat borcu vardır. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər xx.xx.2022-ci il tarixli DKM/015N05A00911422 saylı kredit müqaviləsi bağlanmış, iddiaçı tərəf müqavilə üzrə üzərinə düşən öhdəliklərini yerinə yetirsə də, cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş, nəticədə iddiaçıya borcu yaranmışdır. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Borc müqaviləsinin anlayışına aydınlıq gətirən Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 743-cü maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər (743.1). Bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir (743.2). Məcəllənin 746.1-ci maddəsinə əsasən istehlak krediti müqaviləsinə görə borcverən sahibkarlıq və ya peşə fəaliyyəti ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxs olan borcalana (bundan sonra – istehlakçı) pul vəsaitini borc verməyi, istehlakçı isə aldığı borcu faizlər və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin öhdəliklərin icra edilməməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyən normalarına görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (442). Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (443.1). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır (445.2.1). Mülki Məcəllənin 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Hazırki iş üzrə zaminlik müqaviləsində borclunun kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zaminin Bank qarşısında məsuliyyəti tam olaraq öz üzərinə götürdüyü və Borclu ilə birlikdə Bank qarşısında məsuliyyət daşıdığı nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən cavabdehin müqavilə öhdəliklərini yerinə yetirməməsinə 5483.34 manat əsas borc, xx.xx.2024-ci il tarixə kimi 372.76 manat, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi 130.68 manat olmaqla, ümumilikdə 503.44 manat faiz borcu hesablanmışdır. Məhkəmə hesab edir ki, iddia tələbi tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə yaranmış 5483.34 manat əsas borc, xx.xx.2024-ci il tarixə kimi 372.76 manat faiz borcu və xx.xx.2024-cü il tarixdən məhkəmə qətnaməsinin qəbul edildiyi - xx.xx.2024-cü il tarixə kimi 130.68 manat faiz borcu olmaqla, ümumilikdə 503.44 manat faiz borcunun cavabdehlərdən tutulması hissəsində əsaslıdır və həmin hissədə iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası MM-in 399.3-cü maddəsinə əsasən müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Göründüyü kimi, bu normanın birinci cümləsi müqavilənin qüvvədə olma müddətinin bitməsini, ikinci cümləsi isə müqavilədən yaranan öhdəliklərin qüvvədə olma müddətini tənzimləyir. Həmin norma müqavilədən yaranan öhdəliklərin icra olunma anına qədər müqavilənin qüvvədə olması prezumpsiyasına əsaslanır. Bu prezumpsiya isə “öhdəliklər vicdanla yerinə yetirilməlidir” (pacta sunt servanda) hüquqi prinsipindən yaranır. Belə ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması və bununla əlaqədar müqavilə üzrə öhdəliklərin də xitamı şərtləri müqavilədə dəqiq göstərilməlidir. Əks təqdirdə, MM-in 399.3cü maddəsində qeyd olunduğu kimi, belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Kreditor (borcverən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır. Həmin qərara əsasən bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsinin ləğv anınadək pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 09 iyul 2009-cu il tarixli qərarında hüquqi mövqeyinə görə borcun, faizin və maliyyə sanksiyasının tutulmasına dair məhkəmə qərarının çıxarılması kreditorla borclu arasında müqavilə münasibətlərinə xitam verilməsinə səbəb olmur. Konstitusiya məhkəməsinin həmin qərarda gəldiyi nəticəyə görə məhkəmə qətnaməsi qəbul olunmasına qədər əsas borc məbləği ödənilmədikdə, həmin məhkəmə qətnaməsində onun qəbul olunduğu günədək faizlərin və penyanın hesablanmalı olduğunun göstərilməsi hüquqi müəyyənliyin təmin olunmasında xüsusi əhəmiyyətə malikdir. Beləliklə hazırki halda kreditor olan iddiaçı bank müqavilənin qüvvədə olduğu müddət üçün məhkəmə qətnaməsi qəbul edildiyi tarixədək faiz borcunu tələb etməkdə haqlı olduğundan iddia tələbi həmin hissədə təmin edilməli, kredit müqaviləsi üzrə yaranmış xx.xx.2024-ci il tarixə kimi 372.76 manat faiz borcu və xx.xx.2024-cü il tarixdən xx.xx.2024cü il tarixə kimi (qətnamə qəbul edilən günə) yaranmış 130.68 manat faiz borcu olmaqla, ümumilikdə 503,44 manat faiz borcu borclu və zamin olan cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən cavabdehin müqavilə öhdəliklərini yerinə yetirməməsinə xx.xx.2024-ci il tarixə kimi 58.59 manat, xx.xx.2024-cü il tarixdən xx.xx.2024cü il tarixə kimi 150.8 manat olmaqla, ümumilikdə 209.39 manat penya hesablanmışdır. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixədək hesablanmış 209.39 manat penya tənasübsüz surətdə yüksəkdir. Bu səbəbdən iddia həmin hissədə qismən təmin edilməli, iddiaçının xeyrinə penya qismində ümumilikdə 50 manat pul tutulmalıdır. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddia tələbi əsas hissədə təmin edildiyi üçün iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 79.15 manat da cavabdehlərdən alınmalı və iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada xx.xx.2022-ci il tarixli DKM/015N05A00911422№-li Kredit müqaviləsi üzrə hesablanmış 5483,34 (beş min dörd yüz səksən üç manat otuz dörd qəpik) manat məbləğində vaxtı keçmiş əsas borc, 503,44 (beş yüz üç manat qırx dörd qəpik) manat faiz borcu, 50 (əlli) manat penya olmaqla, cəmi 6036,78 (altı min otuz altı manat yetmiş səkkiz qəpik) manat borc və ödənilmiş 79,15 (yetmiş doqquz manat on beş qəpik) manat dövlət rüsumu tutularaq iddiaçı ASC "xxxx" bankına ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №e-2(060)-2613/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-2613/2024
13.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver