Məhkəmə qərarları › İş №e-2(060)-262/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-262/2025

17.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-262/2025 17.02.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Sumqayıt şəhər məhkəməsi, hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi, Cavabdeh1 və Cavabdeh3 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər X2 vərəsələri Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: 1.İddiaçı "xxxx" ASC cavabdeh X2 vərəsələri Cavabdeh1, Cavabdeh2 qarşı ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X2 mirası qəbul etmiş vərəsələri Cavabdeh1 və Cavabdeh2 "xxxx" ASC-nin xeyrinə xx.xx.2016-cı il tarixli, 08-xx-xx-066399 saylı Kredit müqaviləsi üzrə ödənilməmiş 1451.71 manat əsas və 22.23 manat faiz borcu olmaqla, cəmi 1473.94 manat məbləğində vəsaitin, ödənilmiş 34.74 manat dövlət rüsumunun və 0.40 manat xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı "xxxx" ASC iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ilə X5 arasında xx.xx.2016-cı il tarixli, 08-xx-xx-066399 saylı Kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən X3 60 ay müddətinə illik 29 faiz ödəmək şərtilə 2803 manat məbləğində kredit verilmişdir. "xxxx" ASC ilə "xxxx" ASC arasında imzalanmış “Kredit müqavilələri üzrə tələb hüququnun ötürülməsinə dair” müqaviləyə əsasən X2 "xxxx" ASC qarşısında olan kredit öhdəliyi mövcud olduğu həcmdə "xxxx" ASC-yə güzəşt edilmişdir. Tərəflər arasında bağlanmış Kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. AZ-İİ №058403 saylı ölüm haqqında şəhadətnaməyə əsasən X5 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. 2 saylı Sumqayıt regional “ASAN” xidmət mərkəzində notariat ofisinin məlumatına əsasən X2 mirası qəbul etmiş vərəsələrinin Cavabdeh1 və Cavabdeh2 olduğu müəyyən edilmişdir. Bankın Sumqayıt filialıtərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, X2 xx.xx.2024-cü ilədək Banka ödənilməmiş 1451.71 manat əsas və 22.23 manat faiz borcu qalmışdır. Cavabdehlər mərhum X1 qalmış mirası qəbul etməsinə baxmayaraq onlara çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişlər. Mübahisənin məhkəmədənkənar həlli üçün cavabdehlərə xx.xx.2024-cü il tarixində 6-2-22/2- 27486/2024 nömrəli xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq sonuncu öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Ona görə də iddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. 3.Daha sonra iddiaçı "xxxx" ASC məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh3 cavabdeh qismində işə cəlb edilməsini və X2 mirası qəbul etmiş vərəsələri Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 paylarına mütənasib qaydada "xxxx" ASC-nin xeyrinə xx.xx.2016-cı il tarixli, 08-xx-xx-066399 saylı Kredit müqaviləsi üzrə ödənilməmiş 1451.71 manat əsas və 22.23 manat faiz borcu olmaqla, cəmi 1473.94 manat məbləğində vəsaitin, ödənilmiş 34.74 manat dövlət rüsumunun və 0.40 manat xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 4.Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbinə dair izahat verərək bildirdi ki, iddia tələbini qəbul etmir. Əliyusif onun həyat yoldaşı olmuş və vəfat etmişdir. Vəfat etmiş ərindən ona ev qalmışdır. Oğlu miras əmlakın qəbul edilməsinə razı olmur. Belə ki, o, evin vəfat etmiş şəxsin adına qalmasını istəyir. Notariusda varis kimi oğlunun da olduğunu deyib. Hazırda ərindən mira qalmış evdə o və oğlu yaşayır, qızı isə sadəcə olaraq qeydiyyatdadır. Əri vəfat edəndən sonra, ərinin adına olan kreditlə bağlı heç bir ödəniş etməyib. Qeyd edir ki, bank ona kreditlə əlaqədar zəng etdikdə o, banka ərinin vəfat etdiyini bildirmişdir. Lakin bank ondan həmin vaxt heç bir ölüm kağızı haqqında sənəd tələb etməmişdir. O, isə sonradan banka ölüm haqqında kağızı təqdim etmişdir. Hesab edir ki, o, banka ölüm kağızını təqdim etdikdə bank ona ərinin borcu olmasını deməli idi. Onu da məhkəmənin nəzərinə çatdırır ki, 2014-cü il tarixdə də kredit götürmüşdülər və həmin kredit müqaviləsinin içində sığorta şəhadətnaməsi var idi. Hazırda tələb edilən pulu ödəməyə madid imkanı yoxdur. O, təqaüdçüdür və 360 manat pensiya alır. Bundan başqa qətnamədə hər bir vərəsənin ödəməli olduğu pulun məbləğinin qeyd edilməsini istəyir. 5.Məhkəmə iclasında iştirak edən Cavabdeh3 iddia tələbinə dair izahat verərək bildirdi ki, ona notariusdan hər hansı müraciət edilməyib və beləliklə də, o, miras əmlakın qəbul edilməsi üçün ərizə verməyib. Lakin atası öldüyü vaxtdan miras əmlak olan evdə yaşamağa davam edir. Bundan başqa atası vəfat edəndən bu yana bank tərəfindən ona ödənişlə bağlı hər hansı müraciət edilməmişdir. Atasının kreditlə bağlı həyat sığortası var idi. Belə ki, yaşlı şəxslər kredit götürərkən sığortalanırlar. Hazırda miras qalmış evdə o və anası yaşayır. Tələb edilən pulu ödəməyə onun imkanı yoxdur. Belə ki, heç yerdə işləmir, üçüncü qrup əlildir. Bundan başqa kredit verilməsindən 4 ildən çox vaxt keçmişdir, Bank isə pulunu indi tələb edir. Cavabdeh qərar qəbul edilərkən qeyd edilənlərin nəzərə alınmasını xahiş etdi.

6. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada (SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsi barədə bildirişə və sənədin elektron kabinetə yerləşdirilməsinə dair çıxarışa əsasən) xəbərdar edilməsinə baxmayaraq iddiaçının nümayəndəsi və Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək işə nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini xahiş etmiş, cavabdeh isə məhkəməyə gəlməməsinin səbəbləri bardə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185-ci maddəsinə əsasən məhkəmə işə iddiaçının nümayəndəsinin və Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

7. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

8. İş materiallarında olan "xxxx" ASC ilə X5 arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 08-xx-xx-066399 saylı Kredit müqaviləsinə əsasən Bank tərəfindən X3, 60 ay müddətinə illik 29 faiz ödəmək şərtilə 2803 manat məbləğində kredit verilmişdir. 9.İşdə olan "xxxx" ASC ilə "xxxx" ASC arasında imzalanmış “Kredit müqavilələri üzrə tələb hüququnun ötürülməsinə dair” xx.xx.2016-cı il tarixli müqavilədən görünür ki, həmin müqaviləyə əsasən X2 "xxxx" ASC qarşısında olan kredit öhdəliyi mövcud olduğu həcmdə "xxxx" ASC-yə güzəşt edilmişdir. 10.İşdə olan xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2024-ci il tarixə X2 "xxxx" ASC-yə xx.xx.2016-cı il tarixli, 08-xx-xx-066399 saylı Kredit müqaviləsinə əsasən 1451.71 manat əsas və 22.23 manat faiz borcu olmaqla, cəmi 1473.94 manat borcu mövcuddur. 11.İşdə olan xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, yaranmış borcu ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə cavabdehlər X2 vərəsələri Cavabdeh1, Cavabdeh2 yazılı bildiriş ünvanlanmışdır. 12.İşdə olan AZ-İİ 058403 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2020-ci ildə ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2020-ci il tarixdə 177 nömrə ilə qeyd edilmişdir.

13. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 2 saylı Sumqayıt Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, xx.xx.2020-ci ildə vəfat etmiş X2 adına vərəsəlik işi açılmışdır. Qızı Cavabdeh2 və arvadı Cavabdeh1 onun mirası qəbul etmiş vərəsələridir. Vərəsələrə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməmişdir. 14.İşdə olan xx.xx.2023-cü il tarixli, **********394 saylı və **********394 saylı ərizələrdən görünür ki, Cavabdeh2 və Cavabdeh1 xx.xx.2020-ci ildə vəfat etmiş X1 miras qalmış Sumqayıt şəhəri, 17-ci mkr, ev 8, 40 saylı mənzili qəbul etdiklərini bildirmişdirlər.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

15. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, mərhum X5 ilə "xxxx" ASC arasında xx.xx.2016-cı il tarixli, 08-xx-xx-066399 saylı Kredit kredit müqaviləsi bağlanmışdır. Daha "xxxx" ASC ilə "xxxx" ASC arasında imzalanmış müqaviləyə əsasən X2 "xxxx" ASC qarşısında olan kredit öhdəliyi mövcud olduğu həcmdə "xxxx" ASC-yə güzəşt edilmişdir. İddiaçı Bank sözügedən müqavilə üzrə üzərinə düşən öhdəliyini yerinə yetirsə də, borclu xx.xx.2020-ci il tarixdə ölmüş, nəticədə müqavilələr üzrə öhdəliklər icra edilməmiş qalmışdır. Mərhumun iki vərəsəsi Cavabdeh2 və Cavabdeh1 mirası qəbul etmək üçün notariat orqanına ərizə vermiş, digər vərəsə Cavabdeh3 isə mirası faktiki olaraq qəbul etmişdir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

16. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir.

17. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir.

18. Borc müqaviləsinin anlayışına aydınlıq gətirən Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

19. Həmin Məcəllənin 743-cü maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər (743.1). Bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir (743.2).

20. Məcəllənin 746.1-ci maddəsinə əsasən istehlak krediti müqaviləsinə görə borcverən sahibkarlıq və ya peşə fəaliyyəti ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxs olan borcalana (bundan sonra – istehlakçı) pul vəsaitini borc verməyi, istehlakçı isə aldığı borcu faizlər və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmağı öhdəsinə götürür.

21. Mülki Məcəllənin öhdəliklərin icra edilməməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyən normalarına görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (442). Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (443.1). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəs

22. İşdə olan xx.xx.2023-cü il tarixli, **********394 saylı və **********394 saylı ərizələrdən görünür ki, Cavabdeh2 və Cavabdeh1 xx.xx.2020-ci ildə vəfat etmiş X1 miras qalmış Sumqayıt şəhəri, 17-ci mkr, ev 8, 40 saylı mənzili qəbul etdiklərini bildirmişdirlər.

23. Məhkəmə qeyd edir ki, Cavabdeh3 X1 miras qalmış Sumqayıt şəhəri, 17-ci mkr, ev 8, 40 saylı mənzili qəbul etməsinə dair notariat orqanına ərizə verməsə də, məhkəmə iclasında verdiyi izahatında həmin mənzildə yaşadığını, yəni miras əmlakı faktiki olaraq qəbul etdiyini etiraf etmişdir. 24.Vərəsəlik haqqında mülki qanunvericiliyin müddəalarına görə miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıqaşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. 25.Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Bu hərəkətlər vərəsənin miras əmlaka özününkü kimi münasibət bəsləməsini ehtimal etməyə əsas verir. Bu hərəkətlərə miras qoyanın əmlakının lazımı vəziyyətdə saxlanılması, həmin əmlakın təmir olunması (əgər evdirsə), əmlakın saxlanılması üçün xərc çəkilməsi, vergi ödənilməsi və s. aid etmək olar. 26.Hazırki halda Sumqayıt şəhəri, 17-ci mkr, ev 8, 40 saylı mənzilin Cavabdeh3 istifadəsində olması məhkəmə iclasında iştirak edən cavabdehlərin izahatları ilə öz təsdiqini tapmış, cavabdehin özü tərəfindən də etiraf olunmuşdur. 27.Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarınm əsası kimi istinad etdiyi haları sübut etməlidir. 28.Göründüyü kimi, MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfındən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir.

29. Mülki Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 30.Borclunun ölümü ilə onun öhdəliklərinin aradan qalxmasının və bununla da bağlanmış müqavilələrin hüquqi təminatdan məhrum olmasının qarşısının alınmasına xidmət edən institutlardan biri vərəsəlik institutudur. Vərəsəlik hüququ ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə vərəsələrə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Mülki Məcəllənin 1151-ci maddəsinə müvafiq olaraq, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Yəni mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar.

31. Mülki Məcəllənin 558-ci maddəsinə əsasən, əgər borclunun şəxsi iştirakı olmadan icra mümkün deyilsə, onun ölümü öhdəliyin xitamına səbəb olur. Həmin Məcəllənin 1153cü maddəsinə görə, şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquq və vəzifələr mirasın tərkibinə daxil deyildir. Beləliklə, şəxsi xarakterli hüquq və vəzifələr vərəsəlik qaydasında ölmüş şəxsin vərəsələrinə keçmir. Borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri isə şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir.

32. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 04 iyun 2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır.

33. Beləliklə məhkəmə hesab edir ki, cavabdehlər mərhum X1 miras qalmış mənzili qəbul etdiklərindən kredit müqaviləsi üzrə yaranmış borcun borclunun hüquqi varisləri Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iddiaçının xeyrinə tutulması barədə iddia tələbi qismən əsaslıdır. 34.Məhkəmə onu da qeyd edir ki, iddiaçı cavabdehlərdən onların paylarına mütənasib şəkildə pul tutulmasını xahiş etsə də, məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməməli, tələb edilən pul məbləği cavabdehlərdən müştərək qaydada tutulmalıdır. 35.Belə ki, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli sorğusu əsasında məhkəmə daxil olmuş, notariat işinin materiallarından görünür ki, xx.xx.2020-ci ildə vəfat etmiş X2 adına vərəsəlik işi açılsa da, mərhumun vərəsələrinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməmiş, miras əmlak üzərində vərəsələrin payları müəyyən edilməmişdir.

36. Mülki Məcəllənin 1157-ci maddəsinə əsasən əgər bir neçə vərəsə vardırsa, miras vərəsələr arasında bölüşdürülənədək vahid əmlak şəklində bütün vərəsələrə mənsubdur. Bu əmlakdan sonuncu xəstəliyi zamanı miras qoyana qulluq və onun müalicəsi, dəfn, mirasın mühafizəsi və idarə edilməsi, əmək haqqı verilməsi və vəsiyyətin icrası üçün lazımi xərclər ödənilə bilər. Bu tələblər mirasın dəyərindən, həm də bütün başqa tələblərə, o cümlədən ipoteka və digər girovla təmin edilmiş tələblərə nisbətən üstün qaydada ödənilməlidir.

37. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlər X2 mirası qəbul etmiş vərəsələri Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada "xxxx" ASC-nin xeyrinə xx.xx.2016-cı il tarixli, 08-xx-xx-066399 saylı Kredit müqaviləsi üzrə ödənilməmiş 1451.71 manat əsas və 22.23 manat faiz borcu olmaqla, cəmi 1473.94 manat məbləğində borcu tutulmalıdır.

38. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddia tələbi əsas hissədə təmin edildiyindən iddiaçının məhkəməyə müraciət etmək üçün ödədiyi 34.74 manat dövlət rüsumu (0,4 manat xidmət haqqı da daxil olmaqla) cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir.

39. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Nəticə hissəsi:

40. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi:

İddia qismən təmin edilsin. Cavabdehlər X2 vərəsələri Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada "xxxx" ASC-nin xeyrinə xx.xx.2016-cı il tarixli, 08-xx-xx-066399 saylı Kredit müqaviləsi üzrə ödənilməmiş 1451,71 (bir min dörd yüz əlli bir manat yetmiş bir qəpik) manat əsas və 22,23 (iyirmi iki manat iyirmi üç qəpik) manat faiz borcu olmaqla, cəmi 1473,94 (bir min dörd yüz yetmiş üç manat doxsan dörd qəpik) manat məbləğində pul və ödənilmiş 34,74 (otuz dörd manat yetmiş dörd qəpik) manat dövlət rüsumu və 0,40 (qırx qəpik) manat xidmət haqqı tutulsun. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” İnformasiya sistemində yaradılan elektron kabinet vasitəsilə)apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar