Məhkəmə qərarları › İş №e-2(060)-2663/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-2663/2025

18.06.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-2663/2025 18.06.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, Vəlixanova Pəri Murtuza qızının katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh2 qardaşı X2 əsgər yoldaşı kimi Tovuz rayonunun Bayramlı kəndinə qonaq gələrkən tanımışdır. Cavabdeh2la daha sonra dost kimi telefon danışıqları olmuş, bir neçə dəfə görüşüb çay içmişlər. Sonrakı vaxtlarda Cavabdeh2 arvadı digər Cavabdeh1 da, Eminin vasitəsi ilə tanımışdır. 2023-cü ilin yanvar ayında Emin və Pərvanə maddi imkanlarının yaxşı olmadığını, müvəqqəti pul problemlərinin olduğunu, rəsmi iş yerlərinin olmadığı üçün heç bir bankdan kredit götürə bilmədiklərini, iddiaçının İİ qrup əlil olduğu üçün iddiaçıya bankların kredit verə biləcəyini, ona görə də, iddiaçının adına kredit götürüb onlara verməyini, onların isə həmin krediti aybaay ödəyəcəklərini bildirərək kredit götürməyini xahiş etmişlər. Emin və Pərvanənin yalan vədlərinə inanıb 30 yanvar 2023-cü il tarixdə "xxxx" Kommersiya Bankı ASC-yə məxsus “Ucard” kartı götürərək cavabdehlərə vermişdir. 31 yanvar 2023-cü il tarixdə bank kartının balansına 2700 manat məbləğində vəsait köçmüşdür. Cavabdehlər dəfələrlə “Ucard”dan pul vəsaiti çıxararaq istifadə etmiş, hərdən isə karta vəsait əlavə etmişlər. Bir müddətdən sonra cavabdehlər kartda olan bütün pulları çıxarmış və ümumiyyətlə ödəniş etməmişlər. Ödəniş etmədikləri üçün bankın əməkdaşları iddiaçıya telefon vasitəsilə zəng edərək pulu ödəməyini tələb etdikdə iddiaçıya məlum olmuşdur ki, cavabdehlər iddiaçını aldadıblar. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək onlardan müştərək qaydada 2700 manat məbləğində pulun və ödənilmiş 47 manat dövlət rüsumunun tutularaq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 4976/2024 saylı, 28 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə iddia ərizəsi təmin edilmiş, 2700 manat pulun və ödənilmiş 47 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən alınıb iddiaçıya ödənilməsi qət edilmişdir. Cavabdehlər məhkəmə iclasında iştirak edərək iddianı etiraf etmişlər. Lakin, iddia ərizəsi ilə məhkəməyə müraciət etdikdən sonra bank tərəfindən əlavə faiz və dəbbə borcu hesablanmışdır. Məhkəmə isə iddia tələbindən kənara çıxmayaraq, 2700 manatın tutulub ödənilməsini qət etmişdir. Bundan başqa, "xxxx" KB ASC məhkəməyə iddia ərizəsi ilə müraciət edərək iddiaçıdan 2699,46 manat əsas, 522,15 manat faiz, 127,53 manat cərimə borcu olmaqla, cəmi 3349,14 manat borcun və ödənilmiş dövlət rüsumu əvəzi olaraq 53,90 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tovuz Rayon Məhkəməsinin 2(062)- 289/2025 saylı 15 yanvar 2025-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş və iddiaçıdan kredit müqaviləsi üzrə 2699,46 manat əsas, 522,15 manat faiz, 127,53 manat cərimə borcu olmaqla, cəmi 3349,14 manat borcun və ödənilmiş dövlət rüsumu əvəzi olaraq 53,90 manat pulun tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Cavabdehlərin banka olan borclarını hələ də ödəməmələri səbəbi ilə məhkəmə iddiaçıdan 703 manat məbləğində artıq pulun (faiz və dəbbə borcu) ödəməsini qət etmişdir. Həmçinin, Tovuz Rayon Məhkəməsinin 2(062)-289/2025 saylı, 15 yanvar 2025-ci il tarixli qətnaməsi artıq icra olunması üçün icra şöbəsinə göndərildiyi və cavabdehlər tərəfindən 2700 manat hələdə ödənilmədiyi üçün iddiaçı da könüllü icra hərəkətləri üçün verilmiş müddətdə həmin pulu ödəyə bilməmişdir. Hazırda məcburi icra hərəkətləri üçün 244 (3349,14*7%) manat məbləğində pulun əlavə olaraq icra şöbəsinə pul ödəmək məcburiyyətində qalacaqdır. Göstərilənlərə əsasən ünvan 1 ünvanında qeydiyyatda olan cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 703 manat (faiz və dəbbə pulunun) pulun, 244 manat məcburi icra hərəkətləri üçün ödəniləcək pul olmaqla, cəmi 947 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X3 iddia tələbini müdafiə edərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh1 iddia tələbinə etiraz edərək bildirmişdir ki, cavabdehlər həqiqətən xx.xx.2023-cü il tarixdə 2500 manat pulu video çəkilişlə almışlar. İddiaçı ilə 3100 manat qaytaracaqlarına dair razılaşmışlar. Hər ay 162 manat ödəməli idilər. Lakin hər ay müxtəlif məbləğlərin ödənilməsi tələb olunurdu. Cavabdehlərin iddiaçıya təxminən 1300 manat borcları qalmışdır. Qızı xəstə olduğuna görə cavabdehlər iddiaçıdan borc almışlar. Onun cavabdehlərə atdığı linklərə əsasən ödəniş etmişlər. Hər dəfə müxtəlif məbləğlər ödəmişlər. O, öz telefonunda olan proqramla cavabdehlərin karta vurduqları pulları çıxarmışdır. Buna görə də ödənişləri dayandırmışlar. Cavabdehlər həmin məbləği 2 ilə ödəməli idilər. Onlar ümumi olaraq 13 ay ödəniş etmişlər. Onun əlavə ödəniş etməyə imkanı yoxdur. Hazırda məhkəmə qətnaməsi ilə müəyyən edilmiş məbləği hissə-hissə ödəyirlər.

5. Sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh1 və Cavabdeh2 qeydiyyatda olduğu ünvan üzrə bildiriş göndərilmiş (həmçinin məhkəmə elektron SMS vasitəsi ilə məlumatlandırılmış), lakin cavabdehlər məhkəmə iclasında iştirak etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.

6. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.

7. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

8. Belə ki, iş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4976/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən, iddia təmin edilərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 2700 manat borc məbləğinin, dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 47 manat, cəmi 2747 manatın tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

9. İş materiallarında olan Tovuz rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(062)- 289/2025 saylı qətnaməsinə əsasən, iddia tələbi təmin edilərək, cavabdeh İddiaçı kredit müqaviləsi üzrə yaranmış 2699,46 manat əsas, 522,15 manat faiz, 127,53 manat cərimə, 0 manat komisyon haqqı borcu olmaqla, cəmi 3349,14 manat borc, iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu olaraq ödənilmiş 53,90 manat məbləğində vəsaitin əvəzinin tutularaq iddiaçı "xxxx" KB ASC-yə verilməsi qət edilmişdir. b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

10. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı 30 yanvar 2023-cü il tarixdə "xxxx" Kommersiya Bankı ASC-yə məxsus “Ucard” kartı götürərək cavabdehlərə vermişdir. 31 yanvar 2023-cü il tarixdə bank kartının balansına 2700 manat məbləğində vəsait köçmüşdür. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4976/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 2700 manat borc məbləğinin, dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 47 manat, cəmi 2747 manatın tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Tovuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(062)-289/2025 saylı qətnaməsinə əsasən, iddia tələbi təmin edilərək, cavabdeh İddiaçı kredit müqaviləsi üzrə yaranmış 2699,46 manat əsas, 522,15 manat faiz, 127,53 manat cərimə, 0 manat komisyon haqqı borcu olmaqla, cəmi 3349,14 manat borc, iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu olaraq ödənilmiş 53,90 manat məbləğində vəsaitin əvəzinin tutularaq iddiaçı "xxxx" KB ASC-yə verilməsi qət edilmişdir. Hazırda iddiaçı Tovuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(062)-289/2025 saylı qətnaməsinə əsasən ondan tələb edilən 703 manat (522,15 manat faiz borcunun, 127,53 manat cərimə borcunun, 53,90 manat dövlət rüsumunun), habelə 244 manat məcburi icra hərəkətlərinə görə xərcin cavabdehlərdən müştərək qaydada tutulmasını tələb edir.

b) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

11. Hazırki iddia tələbləri ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

13. Eyni Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

14. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

16. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur.

17. Eyni Məcəllənin 1092.1-ci maddəsinə əsasən isə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

18. Məhkəmə qeyd edir ki, hər bir tərəf tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir, bu halda iddiaçının tələb etdikləri sübut olunur, lakin cavabdehin borcu tam qaytarması barədə bildirdikləri sübut olunmur. Halbuki, sübutetmə yükü cavabdehin iddiaçının bildirdiklərini təsdiq etdiyi andan cavabdehə keçib və borcu qaytarmağını, ona borcunun olmadığını iddiaçı deyil, cavabdeh sübut etməlidir. Yekun nəticə olaraq iddiaçının cavabdehə pul verdiyi təsdiq olunur, lakin cavabdehin iddiaçıya pulu tam qaytarmağı sübut olunmur.

19. Hazırki işdə cavabdehlərin iddiaçıya 703 manat borcunun olduğu qanuni qüvvəsini almış Tovuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(062)-289/2025 saylı qətnaməsinə əsasən öz təsdiqini tapmışdır.

20. Məhkəmə iddia tələbinin “244 manat məcburi icra hərəkətləri üçün ödəniləcək pulun tutulması” hissəsi ilə bağlı qeyd edir ki, iddiaçı tələbinin həmin hissəsinin əsaslı olmasını təsdiq edə biləcək sübutları məhkəməyə təqdim etmədiyindən, iddia tələbi həmin hissədə təmin edilə bilməz.

21. Belə ki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi).

22. Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz.

23. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).

24. Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).

25. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür.

26. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir.

27. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir.

28. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 703 (yeddi yüz üç) manat məbləğində pul, habelə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi alınaraq İddiaçı verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

29. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

30. Həmin Məcəllənin 76.1-ci və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

31. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

32. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

33. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

Nəticə hissəsi:

34. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 703 (yeddi yüz üç) manat məbləğində pul, habelə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Şəbnəm Həxiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar