Məhkəmə qərarları › İş №e-2(060)-2697/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №e-2(060)-2697/2021

19.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2(060)-2697/2021 19.03.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Novruzova Nailə Xəlfəqulu qızının katibliyi, Tərəflərin iştiakı olmadan, İddiaçı “X1 Azərbaycan” QSC-nin Cavabdeh qarşı pul tələbi barədə iddiasına dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx” QSC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 282,14 manat əsas, 35,10 manat məbləğində hesablanmış və ödənilməmiş faiz, 110,65 manat cərimə, 2 manat məbləğində müqavilədə nəzərdə tutulmuş xərclər və komissiya borcu, 4,80 manat məbləğində cavabdehə bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xidməti xərclərinin, məhkəməyə ərizəsinin verilməsi üçün ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun, cəmi 454,69 manat məbləğində borcun cavabdehdən tutularaq iddiaçı "xxxx” QSC -yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə iddiaçı "xxxx” QSC arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən borcluya 300 manat məbləğində kredit kart limit ayrılmışdır. Cavabdeh həmin məbləği ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilə üzrə öhdəliklərini vaxtlı vaxtında yerinə yetirməmiş,ona edilən xəbərdarlıqlara baxmayaraq borcunu gecikdirmiş, ödəniş etməmiş və beləliklə, müqavilənin şərtlərini pozmuşdur. Hazırda cavabdehin banka 282,14 manat əsas, 35,10 manat məbləğində hesablanmış və ödənilməmiş faiz, 110,65 manat cərimə borcu vardır. Odur ki, iddiaçı "xxxx” QSC məhkəmədən iddia tələbinin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş edir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbini müdafiə etdiyini və mülki işə onların iştirakı olmadan baxılmasını xahiş etnişdir. Məhkəmə iclası barədə lazımi qaydada xəbərdar edilmiş cavabddeh məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə heç bir məlumat verməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.0.1-150.0.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır; 150.0.5-ci maddəsinə əsasən iddiaçının öz tələblərini əsaslandırdığı hallara dair sənədlər, əgər bu sənədlərin surətləri cavabdehlər və üçüncü şəxslərdə yoxdursa, onlara verilmək üçün bu sənədlərin surətləri iddia ərizəsinə əlavə edilir. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2011-ci il tarixli 3 nömrəli Qərarının: 1.1-ci bəndinə əsasən məhkəmələrin diqqətinə çatdırılmışdır ki, ərizənin baxılmamış saxlanılması Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində müəyyən edilmiş elə prosessual qaydadır ki, həmin qaydaya görə mülki işlər üzrə məhkəmə müdafiəsi hüququ həyata keçirildikdə hüquqi şərait imkan vermədiyi üçün qətnamə qəbul edilmədən məhkəmə baxışı başa çatdırılır. İddianın baxılmamış saxlanılmasına səbəb olan maneə aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququna malik olur; 13-cü bəndinə əsasən məhkəmələrə xatırladılmışdır ki, iddia ərizəsində (ərizədə, şikayətdə) MPM-nin 149-cu maddəsində müəyyən olunmuş məlumatlar dəqiq göstərilməli və ərizəyə 150-ci maddədə göstərilən sənədlər əlavə edilməlidir. Azərbaycan Respublikası MPM-nin 259.0.12-ci maddəsinə müvafiq olaraq hakim iddia ərizəsində yol verilmiş nöqsanın aradan qaldırılması və yaxud zəruri sənədin ərizəyə əlavə edilməsi üçün ərizəçiyə vaxt verə bilər. Ərizəçi ona təyin olunan müddətdə işin mahiyyəti üzrə həll edilməsinə maneçilik törədən nöqsanları aradan qaldırmadıqda ərizə baxılmamış saxlanılır. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.15-ci maddəsinə əsasən elektron sənəd - informasiya sistemində istifadə üçün elektron formada təqdim edilən və elektron imza ilə təsdiq olunmuş sənəddir. Həmin Qanunun 21-ci maddəsi elektron sənədə dair tələbləri müəyyən edir, lakin mülki işin materiallarından görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş sənədlər pdf formatda skan edilərək məhkəməyə göndərilmiş, qeyd edilən sənədlər qanunvericiliyi mövcud normalarına görə elektron sənəd hesab olunmur. Həmin sənədlərin qanunvericilikdə müəyyən olunmuş qaydada təsdiqlənmiş surətlərinin məhkəməyə göndərilməsi barədə iddiaçıya məlumat verilməsinə baxmayaraq, sənədlər təqdim edilməmişdir. Qeyd edilənlər isə, məhkəmənin iş üzrə yekun nəticəyə gəlməsinə, borcun məbləğini müəyyən etməsinə, məhkəmə aktı formasında qətnamə qəbul etməsinə mane olur, eləcə də ümumiyyətlə həmin tələbə hazırkı vəziyyətdə məhkəmə qaydasında baxılmasını müəyyən etmək mümkün olmur, ona görə məhkəmə hesab edir ki, sözügedən iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.12, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı “X1 Azərbaycan” QSC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar