Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-270/2024 07.11.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Bəhramlı Ümid Fəxri oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı qeyri-yaşayış sahəsinin bərpa edilməsi və ya bərpa edilməsi üçün çəkiləcək xərcin, dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında, baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlər Sumqayıt Şəhər İcra Hakimiyyəti və Cavabdeh Mənzil Tikinti Kooperativindən müştərək qaydada mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan Sumqayıt şəhəri 2-ci Məhəllədə yerləşən qeyri-yaşayış sahəsinin bərpa edilməsi, və ya bərpa edilməsi üçün 2000 manat çəkiləcək xərcin, həmin qeyri-yaşayış sahəsində 1000 manat məbləğində dağıntılar altında qalaraq yararsız vəziyyətə düşmüş tikinti alətlərininə və ev əşyalarına dəymiş zərər üçün 1000 manat xərcin və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 50 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan sonra İddiaçı İsgəndər oğlunun nümayəndəsi və vəkili Nümayəndə1 dəqiqləşmə ilə müraciət edərək, cavabdehlər Sumqayıt Şəhər İcra Hakimiyyəti və Cavabdeh Mənzil Tikinti Kooperativindən müştərək qaydada mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan Sumqayıt şəhəri 2-ci Məhəllədə yerləşən qeyri-yaşayış sahəsinin bərpa edilməsi, və ya bərpa edilmədiyi təqdirdə 6000 manat qeyri-yaşayış sahəsinin bərpasına çəkiləcək xərcin, həmin qeyri-yaşayış sahəsində 1000 manat məbləğində dağıntılar altında qalaraq yararsız vəziyyətə düşmüş tikinti alətlərininə və ev əşyalarına dəymiş zərər üçün 1000 manat konpensasiyanın və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 90 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh Mənzil Tikinti Kooperativindən mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan Sumqayıt şəhəri, 2-ci Məhəllədə yerləşən qeyri-yaşayış sahəsinin bərpa edilməsi, və ya bərpa edilmədiyi təqdirdə 6000 manat qeyri-yaşayış sahəsinin bərpasına çəkiləcək xərcin, həmin qeyri-yaşayış sahəsində 1000 manat məbləğində dağıntılar altında qalaraq yararsız vəziyyətə düşmüş tikinti alətlərinə və ev əşyalarına dəymiş zərər üçün 1000 manat kompensasiyanın və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 90 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-270/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı dəymiş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-270/2024 saylı xx.xx.2024-cü il tarixli qiyabi qətnaməsi ilə, iddia tələbi təmin edilmiş Cavabdeh Mənzil Tikinti Kooperativi tərəfindən iddiaçıya məxsus olan Sumqayıt şəhəri, 2-ci Məhəllədə yerləşən qeyri-yaşayış sahəsi bərpa edilməsi, bərpa edilmədiyi təqdirdə 6000 manat qeyri-yaşayış sahəsinin bərpasına çəkiləcək xərc, həmin qeyri-yaşayış sahəsində dağıntılar altında qalaraq yararsız vəziyyətə düşmüş tikinti alətlərinə görə 1000 manat və ev əşyalarına dəymiş zərər üçün 1000 manat kompensasiya və 90 manat ödənilmiş dövlət rüsumunun əvəzi Cavabdeh Mənzil Tikinti Kooperativi tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh MTK-nın nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e- 2(060)-270/2024 saylı qiyabi qətnaməsinin ləğv edilərək işin təzələnərək mahiyyəti üzrə baxılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-270/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı Cavabdeh MTK-ya qarşı qeyri-yaşayış sahəsinin bərpa edilməsi və ya bərpa edilməsi üçün çəkiləcək xərcin, dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(060)-270/2024 saylı qiyabi qətnaməsi ləğv edilərək mülki iş üzrə icraat təzələnmişdir. İddia tələbi onun əsaslandırılmışdır ki, İddiaçı İsgəndər oğlu 10 iyun 2008-ci ildə X2 ilə Daşınmaz Əmlakın Alqı-satqı (müqavilə :№ AN -İ №0167214) müqaviləsini bağlayaraq Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Sumqayıt Şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2008-ci il tarixdə verilmiş 14/2257 nömrəli arayışa əsasən, Sumqayıt şəhəri 2-ci məhəllədə yerləşən , ümumi sahəsi 32,5 kv.m olan qeyri-yaşayış binasını öz mülkiyyətinə keçirmişdir. Həmin qeyri-yaşayış sahəsinə Sumqayıt Şəhər Texniki İnventarlaşdırma Bürosu tərəfindən 1998-ci ilin dekabr ayında texniki pasport tərtib verilmiş, 2008-ci ilin 10 iyulunda isə Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Sumqayıt Şəhər Ərazi İdarəsi tərəfindən İddiaçı İsgəndər oğlunun adına Daşınmaz Əmlakın Texniki Pasportu tərtib edilmişdir. 2008-ci il tarixdən həmin qarajda iddiaçı avtomobili ilə yanaşı müxtəlif ev əşyaları, tikinti alətləri saxlamışdır. 2022-ci ilin fevral ayının 1-də mülkiyyət hüququ ilə Sumqayıt şəhəri, 2-ci məhəllədə yerləşən iddiaçıya məxsus olan qarajın küçəyə baxan hissəsinin Sumqayıt Şəhər İcra hakimiyyəti və Cavabdeh Mənzil Tikinti kooperativ tərəfindən söküldüyü xəbərini eşitmişdir. Təcili Qaraja yaxın gəlmiş və söküntü aparan 39-T-116 nömrəli ekskovatorun sürücüsündən niyə qarajını uçurduğunu, kimin göstərişi ilə hərəkət etdiyini soruşduqda iddiaçıya Sumqayət Şəhər İcra hakimiyyətinin göstərişi əsasında hərəkət etdiyini, Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti üçün mehmanxana kompleksi tikdiklərini bildirmişdir. Həmin vaxt həmin ərazi üzrə Mənzil İstismar Sahəsinin rəisi, Sumqayıt Şəhər İcra Hakimiyyətinin Memarlıq və Tikinti Şöbəsinin əməkdaşlarına yaxınlaşıb niyə onun qeyriyaşayış sahəsinin icazəsi olmadan, xəbərdarlıq edilmədən söküldüyünü soruşduqda bunun Başçının göstərişi olduğunu və iddiaçıya kompensasiya ödəyəcəklərini bildirmişlər. 2022-ci ilin fevral ayından dəfələrlə Sumqayıt Şəhər İcra Hakimiyyətinə gedib ödəniləcək kompensasiyanın verilməsini tələb etmiş, orda baş memar və digər şəxslər ilə görüşmüş, Cavabdeh Mənzil -Tikinti Kooperativindən qarajını tikib əvvəlki vəziyyətə gətirilməsini tələb etmişdir. Bu müddət ərzində cavabdehlər ancaq iddiaçıya sözdə kompensasiyanı ödəyəcəklərini deyib, əməldə heç bir ödəniş etməmişlər. Məcburiyyət qarşısında qalıb məhkəmə vasitəsi ilə iddiaçıya dəymiş zərərin ödənilməsini, mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan qeyri-yaşayış sahəsinin əvvəlki vəziyyətinin bərba edilməsi tələb etmək məcburiyyətində qalmışdır. Ustalar ilə həmin qarajın bərpa edilməsi ilə danışdıqda 2000 manat tikinti materiallarına və işçi heyəti üçün vəsait lazım olduğunu bildirmişlər. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi. İddia tələbinin təmin edilməsi barədə qətnamə qət edilməsini xahiş etdi. Cavabdeh Mənzil Tikinti Kooperativin nümayəndəsi və vəkili Nümayəndə2 iddia tələbini qəbul etməyərək, qeyd edilən söküntü işlərinin məhz "xxxx" MTK-nın işçiləri tərəfindən aparılması, söküntü aparan 39-T-116 dövlət qeydiyyat nişanlı ekskovatorun həqiqətən də MTK-nın balansında olması barədə hər hansı bir sübut təqdim edilmədiyini və yalnız sahid ifadələrinin iddianın əsaslı olması üçün kifayət etmədiyini bildirmişdir. Bu səbəbdən də o, iddia tələbinin rədd edilməsini barədə qətnamə qət edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilən X1 ifadə verərək bildirdi ki, İddiaçı onun həm qohumu, həm də müdiridir. Onlar işdə olan zaman iddiaçıya məxsus qeyri-yaşayış sahəsində söküntü işlərinin aparılması ilə bağlı məlumat əldə etmişlər. Həmin yerə gələndə qarajın artıq söküldüyünü, betonun, qapıların, hər şeyin yerdə olduğunu, qarajın içindəkilərinin – bankalar, ləvazimatlar, evdə olan artıq əşyaların da yerə yığıldığını görmüşlər. Söküntü işlərinin aparıldığı yerdə Mənzil Kommunal İstismar Sahəsinin işçiləri də, “icra”dan nümayəndələr də olmuşdur. Onlar sözügedən yerə gedəndə orada traktor olduğunu, qarajın sökülərək qapıların yerdə olduğunu görmüşlər. Ərazidə olan polislər həmin ərazidə olan mehmanxananın söküldüyünü, söküntünün “icra”nın sifarişi olduğunu bildirmişlər. Traktoru idarə edən şəxsdən söküntü ilə bağlı göstərişi kimdən aldığını soruşduqda söküntünün həmin ərazidə tikinti işləri aparacaq şəxsin göstərişi olduğu bildirilmişdir. Tikinti işləri aparacaq şəxsin adını bilmir. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilən X3 ifadə verərək bildirdi ki, İddiaçı ilə bir yerdə işləmişlər. İddiaçı ilə bir yerdə işlədikləri zaman iddiaçıya məxsus qarajın sökülməsi ilə bağlı məlumat əldə etmişlər. Həmin əraziyə gedəndə də traktorun qarajı artıq söküb dağıtdığını görmüşlər. Belə ki, sökülən Mehmanxananı sökən işçilər traktorla qarajı da sökmüşlər. Qarajı sökənin hansı şirkət olduğunu bilməmişlər. İddiaçı qarajı niyə sökdüklərini soruşduqda bunun göstəriş olduğunu söyləmişlər. Məhkəmə, tərəflərin izahatını dinləyib,şahidlərin ifadəsini, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan: - Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Sumqayıt şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 10.07.008-ci il tarixli, 212 invertar nömrəli daşınmaz əmlakın texniki pasportundan görünür ki, Sumqayıt şəhəri, 2-ci məhəllədə yerləşən qarajın hüquqi subyekti İddiaçıdur. - xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 4348,8 kv.m olan qeyri-yaşayış binası xüsusi mülkiyyət hüququ ilə Cavabdeh MTK-ya məxsusdur. - AN-İ № 0167214, xx.xx.2008-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, Hüseynov Cabir Firdovsi oğlu Sumqayıt şəhəri, 2-ci məhəllədə yerləşən, ümumi sahəsi 32,5 kv.m olan qeyri-yaşayış sahəsini İddiaçı mülkiyyətinə vermişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1096.2-ci maddəsinə əsasən - Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən - Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarına əsasən - Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Qeyd edilən Qərarda göstərilir ki, hüquqi həqiqət prinsipi, bir növ, əvvəllər mövcud olmuş obyektiv həqiqət prinsipi ilə anqlo-sakson hüquq sisteminə xas olan xalis çəkişmə əsasında qurulan formal həqiqət prinsipi arasında kompromisdir. Çünki iş üzrə ədalətli qərar qəbul etmək üçün məhkəmə tərəflərin çəkişməsini, sübutların araşdırılmasında real iştirakını təmin etməli və digər prosessual hüquqlarını həyata keçirmələrinə köməklik göstərməlidir. Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Sumqayıt şəhəri, 2-ci məhəllədə yerləşən iddiaçıya məxsus olan qarajın küçəyə baxan hissəsi uçurulmuşdur. İddiaçı “Azərstone" MTK-ya qarşı qeyri-yaşayış sahəsinin bərpa edilməsi və ya bərpa edilməsi üçün çəkiləcək xərcin, dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı ona ziyan dəydiyini bildirsə də, həmin ziyanın "xxxx" MTK-nın işçiləri tərəfindən aparılan söküntü işləri nəticəsində baş verdiyini, söküntü aparan 39-T-116 dövlət qeydiyyat nişanlı ekskovatorun həqiqətən də MTK-nın balansında olması barədə heç bir sübut təqdim edilməmişdir. Məhkəmə qeyd edir ki, "xxxx" MTK-nın hüququ qeydiyyat ünvanı Sumqayıt şəhəri olduğu halda, onun mülkiyyətində olan texnikanın qeydiyyat nişanı “50” seriyası ilə qeydə alınmalıdr, lakin söküntü aparan texnikanın seriyası “39”-dur. Bununla yanaşı iddiaçın əmlkaın yerləşdiyi ünvanla, iddiaçın sübut kimi təqdim etdiyi cavabdehə məxsus əmlakın çıxarışından göründüyü kimi, iddiaçının əmlakı ilə cavabdehin əmlakı fərqli ünvanlarda yerləşir. Şahid ifadələrindəndə göründüyü kimi, söküntü işlərinin məhz cavabdeh tərəfindən aparılması müəyyən deyil. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, Cavabdeh Mənzil Tikinti Kooperativindən mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan Sumqayıt şəhəri, 2-ci Məhəllədə yerləşən qeyri-yaşayış sahəsinin bərpa edilməsi, və ya bərpa edilmədiyi təqdirdə 6000 manat qeyri-yaşayış sahəsinin bərpasına çəkiləcək xərcin, həmin qeyriyaşayış sahəsində 1000 manat məbləğində dağıntılar altında qalaraq yararsız vəziyyətə düşmüş tikinti alətlərinə və ev əşyalarına dəymiş zərər üçün 1000 manat kompensasiyanın və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 90 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsinə barədə iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativindən mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan Sumqayıt şəhəri, 2-ci Məhəllədə yerləşən qeyri-yaşayış sahəsinin bərpa edilməsi, və ya bərpa edilmədiyi təqdirdə 6000 manat qeyri-yaşayış sahəsinin bərpasına çəkiləcək xərcin, həmin qeyri-yaşayış sahəsində 1000 manat məbləğində dağıntılar altında qalaraq yararsız vəziyyətə düşmüş tikinti alətlərinə və ev əşyalarına dəymiş zərər üçün 1000 manat kompensasiyanın və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 90 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsinə barədə iddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov
Məhkəmə qərarları › İş №e-2(060)-270/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-270/2024
07.11.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver