Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-2716/2022 04.05.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Tanrıverdiyeva Günel Cəbrayıl qızı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair kiçik iddiasına sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 05.09.2019-cu il tarixli 258548-1-35002 №-li “Nağd pul krediti müqaviləsi”nə əsasən 18 yanvar 2022-ci il tarixə Banka borclu olduğu 2.193,15 (iki min bir yüz doxsan üç manat 15 qəpik) AZN məbləğində əsas borc, 233,13 (iki yüz otuz üç manat 13 qəpik) AZN məbləğində faiz borcu olmaqla, ümumilikdə 2.426,28 (iki min dörd yüz iyirmi altı manat 28 qəpik) AZN pul məbləğinin, məhkəməyə müraciət etmək üçün ödənilmiş 44,26 (qırx dörd manat 26 qəpik) AZN məbləğində dövlət rüsumunun və onun ödənilməsi üçün 0,40 (qırx qəpik) AZN məbləğində xidmət haqqının Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra mətndə Bank) ilə Cavabdeh (bundan sonra mətndə Cavabdeh) arasında bağlanmış 05.09.2019-cu il tarixli 258548-1-35002 №-li “Nağd pul krediti müqaviləsi”nə əsasən Cavabdeh daşınmaz əmlakın alınması üçün illik 24 (iyirmi dörd) faiz hesablanması şərti ilə 36 (otuz altı) ay müddətinə 5.000 (beş min) AZN məbləğində kredit verilmişdir. Yuxarıda qeyd olunan kredit müqaviləsinə əsasən verilmiş kredit vəsaitinin bir hissəsi cavabdehin 22.01.2019-cu il tarixli 258548-1-31846 №-li “Nağd pul krediti müqaviləsi” və 26.04.2019-cu il tarixli 258548-1-32177 №-li “Kredit xətti müqaviləsi” üzrə Banka olan borclarının bağlanılmasına yönəlmiş, digər hissəsi isə cavabdeh tərəfindən məxaric edilmişdir. Cavabdeh həmin kredit vəsaitindən istifadə etsə də, öz üzərinə götürdüyü kredit öhdəliklərini 06 sentyabr 2021-ci il tarixdən lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin Banka 18 yanvar 2022-ci il tarixə 2.193,15 (iki min bir yüz doxsan üç manat 15 qəpik) AZN məbləğində əsas borc, 233,13 (iki yüz otuz üç manat 13 qəpik) AZN məbləğində faiz borcu olmaqla, ümumilikdə 2.426,28 (iki min dörd yüz iyirmi altı manat 28 qəpik) AZN məbləğində borcu qalmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin tələbinə əsasən bu müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmək və onların pozulmasına yol verməmək “Kredit alan”ın vəzifəsidir. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə tərəflərindən Cavabdeh dəfələrlə xəbərdarlıq edilmiş, lakin bundan sonra da qeyd olunan müqavilənin və razılaşmanın şərtləri onun tərəfindən yerinə yetirilməmiş və öhdəliklər lazımınca icra edilməmişdir. Ona görə də iddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanılmış 05.09.2019-cu il tarixli 258548-1-35002 №-li “Nağd pul krediti müqaviləsi”ndən görünür ki, sonuncuya İddiaçı ASC-dən 36 ay müddətinə, illik 24 faiz olmaqla 5000 manat məbləğində kredit verilmişdir. İşdə olan 18.01.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh banka 18.01.2022-ci il tarixli 05.09.2019-cu il tarixli 258548-1-35002 №-li “Nağd pul krediti müqaviləsi”nə əsasən əsas məbləğ üzrə borcu 2193,15 manat, hesablanmış və ödənilməmiş faiz borcu 233,13 manat borcu olmaqla cəmi 2426.28 manat borcu vardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında 05.09.2019-cu il tarixli 258548-1-35002 №-li “Nağd pul krediti müqaviləsi”imzalanmışdır. İddiaçı Bank sözügedən müqavilə üzrə üzərinə düşən öhdəliyini yerinə yetirsə də, borclu Cavabdeh öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş, nəticədə banka borcu yaranmışdır. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. İşdən görünür ki, kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi barədə Bank tərəfindən cavabdehə 03.12.2021-ci il tarixdə bildiriş göndərilmiş, lakin qanunda müəyyən edilmiş müddətin keçməsinə baxmayaraq cavabdeh borcun ödənilməsini təmin etməmişdir. Borc müqaviləsinin anlayışına aydınlıq gətirən Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Mülki Məcəllənin öhdəliklərin icra edilməməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyən normalarına görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (442). Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (443.1). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır (445.2.1). Beləliklə, Cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri lazımi qaydada icra etməməklə kredit müqaviləsinin şərtlərini əhəmiyyətli dərəcədə pozmuşdur. Bu səbəbdən Cavabdeh kreditor İddiaçı ASC-nin xeyrinə 2193,15 manat əsas və 233,13 manat faiz borcunun tutulması barədə iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 44,26 manat və 0,40 manat məbləğində xidmət haqqı cavabdehdən alınmalı və iddiaçıya ödənilməlidir. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 05.09.2019-cu il tarixli 258548-1-35002 №-li “Nağd pul krediti müqaviləsi”nə əsasən 18 yanvar 2022-ci il tarixə Banka borclu olduğu 2193,15 (iki min yüz doxsan üç manat on beş qəpik) manat məbləğində əsas borc, 233,13 (iki yüz otuz üç manat on üç qəpik) manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 2426,28 (iki min dörd yüz iyirmi altı manat iyirmi səkkiz qəpik) manat borc, məhkəməyə müraciət etmək üçün ödənilmiş 44,26 (qırx dörd manat iyirmi altı qəpik) manat məbləğində dövlət rüsumu və onun ödənilməsi üçün 0,40 (qırx qəpik) manat məbləğində xidmət haqqı Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №e-2(060)-2716/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-2716/2022
04.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver